“Yeni pərakəndəçilik” nədir?

İnternet və mobil texnologiyalar həyatımızın ayrılmaz bir parçasına çevrilib. Onların həyatımıza təsiri artdıqça digər sahələrə də nüfuz etməyə, onları dəyişməyə vadar edir. Bu sahələrdən biri də gündəlik alış-veriş etdiyimiz pərakəndə satış nöqtələridir.

Digital dünyanın gətirdiyi ən böyük yeniliklərdən biri şübhəsiz ki, fikizi mağazalara birbaşa rəqib olan onlayn mağazalardır. Məsələn dünyanın ən böyük internet mağazası olan amazon.com ancaq ABŞ saytında 250 mln adda mal satır (kitabları saymadan). Bakıdakı ən böyük supermarket ilə müqayisə edin: təəccüblənməmək mümkün deyil.

Digital məkan və alətləri pərakəndə satış mağazalarının inkişafını da şərtləndirir və yeni imkanlar yaradır. Bu “yeni pərakəndəçilik” anlayışı özünü əsasən 3 cəhətdə biruzə verir:

  1. Pərakəndə mağazalar yer seçiminə daha böyük diqqət yetirir: əgər əvvəllər pərakəndə nöqtələr şəhərdən kənar daha böyük mağaza formatına meyl edirdilərsə, mal çeşidi və əyləncə hesabına müştərini cəlb etməyə çalışırdılarsa, hazırda müştəriyə fiziki olaraq daha yaxın olmağa çalışırlar. Araşdırmalar göstərir ki, əl çatılan mağaza şəbəkəsi mövcud olan yaşayış məntəqələrində onlayn satış zəif inkişaf edir. İnsanlara yaxınlıqdakı mağazadan alış-veriş etmək daha rahat gəlir. AVM-lərin çoxalması, brendlərin müstəqil mağaza əvəzinə AVM-ləri seçməsi məhz bununla bağlıdır.
  2. Alış ön araşdırma əsasında baş verir: onlayn mağazalar satdıqları mal haqqında daha ətraflı məlumat verir, istifadəçilər öz şərhlərini bölüşür, istifadə qaydaları videoları yerləşdirilir və s. Əgər əvvəllər insanlar ilk olaraq mağazada malı görüb daha sonra onlayn alırdılarsa (showroom effekti), indi isə əksinə: daha çox insan alacağı məhsul barədə onlayn məlumat əldə edərək, mağazaya gəlib malı alır (webrooming effekti).
  3. Digital və pərakəndə bir-birini tamamlayır: pərakəndəçilər onlayn satış imkanlarını genişləndirir və digital alətlərdən daha effektiv istifadə etməyə başlayır. Mağazalar daha çox servis, məhsulu sınaqdan keçirmək, son qərarı vermək yeri kimi təqdim olunur, onlaynda isə məhsul barədə daha ətraflı məlumat verilir, daha uyğun qiymətlər təklif olunur. Pərakəndə satışın effektivlik göstəricilərinə görə lider olan Apple mağazaları buna ən gözəl nümunədir.

“Yeni pərakəndəçilik” mağazalar üçün bir sınaqdır: digital aləminin gətirdiyi imkanları daha cəld və effektiv tədbiq edənlər bu imtahandan qalib çıxacaqlar.