Rus dillilər və rus sektoru haqqında

Rus sektorları bağlansın ya yox? Mövzu əsas da E. Qədirlinin söhbəti ortaya atmağı ilə gündəmdən az düşüb. Mənim mövqeyim nədi? Maraqlıdısa, uzatmadan deyərəm ki, bağlanmasın. Keçək niyəsinə.

Mən azərbaycanca orta məktəbdə təhsil almışam. Ailəmin bu seçimi Rəsulzadə irsi, Elçibəy hirsi, nə bilim Xətai sevgisinə sadiqliklə bağlı zad olmayıb. Məhəllədə hamı uşağın azsektorda oxudurmuş həm də yaxınlıqdakı (210) məktəbdəki rus sektorlar avara kimi bilindiylərinə Toğrul Novruzlunun valideynləri uşaqların rusca oxutmur. Məktəb illərində də rusdillilərə az rast gəlmişəm. Bir çox azsektorda olan rəqib sektor uşaqlarına qarşı ikrah, antipatiya, 5-ci kolon baxışı, şovinizm partlayışı məndə də olub. Artistliy eləməyin, hamınızda bu olub və bəzilərinizdə var. Universitetə girəndən sonra əsas rusdilliləri görə bildim. Uzun bir müddət əcayıb bir varlıq kimi baxdım.

Adamlara sosioloji, tarixi pəncərədən baxmağı sevdiyimdən onları da bir az müşahidə elədim. Müşahidələrimə görə: Onlar da biz azsektorlar kimi azərbaycanlılardılar, narahat olmayın. Rus dilli olduğuna görə ruspərəst olan birini görmədim. Ruslara, Rusiyaya sizdən çox nifrət edənləri də var hətta rusdilli olduğundan bu səbəbə görə utananı da. Tarixi məsələlərə baxışları bizimki kimidi — ya eyni şövq, ya da eyni səviyyəsizlik. Bir çoxlarınızın dediyinizin əksi olaraq onlar kefindən rusca danışmırlar. Ailələri rusdillidir və bu dildə təhsil alıblar. Bu dildə fikirləşirlər, xəyal qururlar. Sizlərə azərbaycanca danışmaq rahat olduğu kimi ona da o dildə danışmaq rahatdı — ana dilidi də, a balam day. Azərbaycanca hamısı bilir. Amma əksəriyyəti məktəb illərində rusca oxuyub, rusdillilərlə fırlanır deyə, azərbaycanca fərri ancaq universitet illərində öyrənir (Məktəbdən universitetə təzə daxil olan birinə azərbaycanca bir şey izah eləyəndə, məndən başa düşmədiyindən ingiliscə ya rusca danışmağımı xahiş eləməyi kimi epik xatirələrim var). Amma demək olar heç birisinin akademik azərbaycancası fərli olmur. Azərbaycanca danışmaqla problemləri olmur amma hər nədənsə həmişə sizdən onların dilinə hörmət edən tərəf olmağınızı gözləyirlər. Öz komfort zonalarından bu barədə çıxmağa çoxu can çəkir amma o qatı rus aksenti və Azərbaycan intonasiyası qarışıq ləhcələri ilə sizinlə çoxu danışacaq, təbii. Türkcələrin heç deməyək — o dili yerdə sürüyürlər. Bizim “Aşka Sürgün”, “Aliye”, Kemal Sunal, AKP-CHP ilə bağlı söhbətlərimiz çoxuna yaddı. Amma anti-türk deyillər hərgah biz qədər türklərə güclü bağlı olmasalar da. Belə bir çox aralarında savadlı, istedadlı insanlar görəcəksiz. Nisbətimiz 1:10-a olsa da onlar siyasi elita, biznes elitanın bəlkə 50%-i təşkil eləyirlər. Ümumi də, onlara xüsusi tərzdə baxıb, incitməyin onları. Azərbaycanın bəzi qaymaqları onların içindədi və əsas da kimisə dilinə görə qınamaq nə qabiliyyətin adıdı axı? Amma ən əsası onlardan bəziləri biz rusca bilmirik deyə bizi incitməsinlər, nolar. Bilməməyimiz bizim şəxsi seçimimiz deyil. Həyat belə gətirib. İşə zada müraciət eləyəndə də, bizi üzməyin — o qədər əziyyət çəkmişik. Ruscaya görə oyun açmayın başımıza. Sizlə öyrənmək üçün qırıq-qırıq rusca danışanda, lağa qoymayın, yardım eləyin, lütfən. Vallahi dədəmizin borcu yoxdu bu dili öyrənməyə amma eləməliyik də.

Gələk əsas məsələ təhsilə. Rusdillilərin ümumi olaraq azsektorlardan akademik performansının yuxarı olmağı danıla bilməz. Onların mütaliəsi daha yüksəkdi, bir və bir neçə xarici dil bilirlər. Musiqi, üzgüçülük kimi əlavə fəaliyyətlərlə məktəb vaxtı məşğul olublar. Burda amma bir məsələ var: Bunların nə qədəri onların rusca təhsili ilə bağlıdı? Onlar rusca oxuduqlarındanmı belə daha yüksək təhsillidilərmi? Və ya tədqiqatlarda məşhur dilemmadakı kimi, onlar elə əvvəldən düzgün tərbiyə edilib, doğru istiqamətləndirilən uşaqlar olaraq rus sektorunamı təhsilə yönəldilir? Yəni bunlar bir növ əvvəldən yaxşı uşaqlar kimi azsektora da yönəldilsəydilər effekt eyni olmayacaqdımı? Məncə fikirləşməyə dəyər. Onların fərqli fəaliyyətə yönəldilməklərinin, ailələrinin məcburi mütaliə edib, ingilis, alman, fransız dilini öyrənməyə göndərməklə onları daha düzgün tərbiyə etməyinin nə qədəri rusca təhsilləri ilə bağlıdı? Çox yox məncə. Həmçinin bənzər tərbiyə verən ailələr uşaqlarını rus sektorda oxutdurmaqla onlar üçün məktəbdə xüsusi mühitin yaranmağına da zəmin yaradır. Təbii, rusca tədris kitabları daha yaxşıdı. Təbii, onların bədii ədəbiyyat baxımından seçim imkanı daha böyük olur amma yuxarıdakı tip uşaqların yetişməsi sadəcə bu ikisi ilə bağlı deyil, yenə də məncə əsas onların tərbiyəsi ilə bağlıdı. Rusca oxutmaqları isə Sovet irsi kimi qalır. Onlar Sovet nomenklaturasında, sistemdə ümumi mənsəb sıçrayışının sirrini daha əvvəl açmış insanlardır. Bunun ana dillərindən imtina etməyə dəydiyinə qərar vermiş insanlardır. Uşaqlarının rusca oxuyacağına da onlar qərar veriblər, uşaqlar yox. İçlərində təbii bizim ana dilə ikrahla baxan əclafları da olub, şübhəsiz və var amma hamısına aid deyil. Rus dilinin belə asanca elitar dilə çevrilməyi də bizim etnogenezimizin erməni, gürcülərdən çox gec baş verməyi ilə bağlıdır, məncə. Ona görə qazax, qırğızlar kimi bizim də bu ruslaşmaya immunitetimiz olmadı. İndi də o dövrün irsi kimi rus dilinin elitar olduğu nostalgiyasında yaşayırlar. Onun Posternyak, Saxarov, Maqomayevin deyil, dünya üçün Rossiya 24, NTV kimi səviyyəsizlərdə Keselyov, Solovyov kimi gədələrin propoqanda dili səviyyəsinə endiyini həzm edə bilməzlər. Bir çoxları nomenklaturaya bağlı keçmiş sovet orta və ali sinifindən gəldiyinə görə, əsasən apolitikaldırlar və ya hökumət tərəfdarıdırlar. Onlardan çox az siyasi aktivist, öndər müxalifətçi görərsiz. Dissidentlikdən adətən qaçarlar, konformistdirlər. Bu baxımdan bu müstəqil ölkədə yaşamaqları, xətirlərinə dəyməsin amma əsas azərbaycan dillilərlə bağlı olub, onlarla çox yox. Bu da sosial-siyasi faktorlarla bağlıdır. Ona görə də rusdillilər savadlı qism olsa da, ən açıq siyasi görüşlülər, ictimaiyyəti silkələyən əsas mütərəqqi səslər, təməlli Qərbə inteqrasiya tələb edənlər liberal demokratlar əsasən azərbaycandillilərdir. Onlar isə yaxşı texnokrat yetişdirə bilirlər — bu danılmazdı. Özlərini daha açıq görüşlü sansalar da, bir çoxları gözlənilənin əksinə konservativdir — Gloria Jeans-də oturub Coldplay-ə qulaq asmaqları, daha açıq geyinmələri bu həqiqəti dəyişməz — zır azərbaycanlılardılar . Amma homofobiya, ailədə kişi dominantlığı, nisbətən erkən, təşkil edilmiş, endogenez evlilik savadlı azərbaycandillilərlə müqayisədə onlarda çox kəskin yayılıb və mühafizə edilir.

Mövzuya dönək, indi bunlara görə bu məktəbləri bağlayaqmı? Yox! Bu məktəblər oturuşmuş kadr bazasına malikdir. Onu dağıtmaq sizə nə verəcəy? 23, Zərifə Əliyeva, 134, 160-ı dağıdanda nə olacaq ki? O qədər kadrı, sistemi nə ilə əvəz edəcəksiz ki? Belə bir önəmli məsələni bir də bizim nazirliyə həvalə eləyəcək cəsarəti tapa bilmisizsə day heç nə, sözüm yoxdu — belissimo. 2006-da hay-harayla cumdular, rus dilinin tədrisini dağıtdılar məktəbdə, məni təhsilimdə şikəst qoydular. Erməni, gürcü, qazaxın yanında xaricdə layihələrdə pərt elətdirdilər. Nə qələt əldə elədilər ki? Turgenev, Dostoyevskini öz dilində oxuya bilməyimin mənə nə ziyanı olacaqdı ki? Dağıdıb yerinə ingiliscəmi gətirdilər? Təpələrinə dəysin o ingiliscə. Normal bir azərbaycan təhsil bazası olandan sonra mən də deyərəm gəlin rahat keçək azsektora. Amma yoxdu, olmayacaq da. Əgər qabiliyyətləri olsaydı, ermənilərdəki kimi normal ruscanı xarici dil kimi tədris edərdilər. Onların ruscalarının mükəmməliyini özüm çox görmüşəm və onlarda rus sektor yoxdur, məlumatınız üçün. Bir də adamlıqları olsa, ən önəmlisi azı bir pre-intermediate səviyyəsində normal ingiliscə keçərdilər ki, turistə salam yerinə I love Big Ben in London deməsinlər — amma tökülmüşdü.

Ona görə hazırkı vəziyyətdə bunu dəstəkləyən deyiləm. Büdcədən pul ayrılır, ayrılsın da. Mənim konstitusiyam başqa dildə təhsil hüququ verir. Niyə rusca da olmasın ki? Rusiyaya antipatiya məsələsində mənə irad tutmayın, əsas tapmayacaqsız, lovğalıq da çıxsa. Quru milliyətçiliyə görə planlaşdırılmamış, qəfil işlər görməyin. Məsələ sırf təhsildən, praqmatiklikdən keçir və təəssüf ya qeyri-təəssüf, vəziyyət belə tələb edir: Rus sektoru yaşamalıdır — azı hələlik.