Xaricdə təhsil və dissidentlik

Bu məsələyə sadəcə şəxsi marağıma görə toxundum. İctimai aktuallığı, önəmi olduğun iddia etməyəcəm. Kefimdən yazmışam sadəcə.

Xaricdə təhsil Azərbaycanda xüsusi bir anlayışdır. Xarici təhsilli dedikdə təbii hansı ölkələrdə təhsil almışlardan söhbət gedir, bəllidir əlbət. Xaricdə təhsil fərd üçün yaxşı gələcək karyera imkanlarıdısa, cəmiyyət üçün nicata açardır. Azərbaycanlılar üçün xarici təhsilli yeniliyin (bu hər nə deməydisə) birbaşa təzahürüdür. O savadlıdır, açıq baxışlı liberaldır, demokrat düşüncəlidir. Təbii, siyasi düşüncədə dissident fikirlidir. Rasist, milliyətçi, seksist, homofob deyil, əksinə, ülvi, universal dəyərlərin daşıyıcısıdır. Xaricdə (əsasən Qərbdə) aldığı təhsil, onu ona verən ölkənin mühiti bu azərbaycanlını transformasiya edir, ruhunu sağlamlaşdırır və yeni fərd zühur edir. Bu fərd təhsilini bitirir və sonra vətənə dönür. Təhsilin verdiyi linzalar ona nələri göstərir, aman Tanrım. O bunlara inana bilmir! O şokdadır! Müqəddəs Məryəm! Bu olubmu onun illərdir dözdüyü məşəqqət?! Vəhy alan gəncimiz təhsil qılıncını qınından çıxarır, bütün bunlara cihadını əyan edir. Ovasiya, zəhmət olmasa!

Nəysə, bəsdir bu qədər artistlik. Ciddiləşəy bir az. Azərbaycandan xaricə minlərlə insan son 10 ildə əsasən təhsil üçün yollanıb. Aralarında kifayət qədər qürur duyduğum dostlarım, tanışlarım var. Onlar bu ölkəyə yeni nəfəs gətirməyə qabildirlərmi? Çox artığına qabil olanları var aralarında. Bəs ümumilikdə, bu böyük qrupdan bu Məsih gözləntisi nədir?

Bu gözləntinin kökü nədir? Bu barədə qısaca. Məncə, məsələnin kökü 19-cu əsrdə başlanan milli oyanış, maariflənmə, onun təməlindəki ziyalı kütləsinə gedir. Onlar Rusiya çarlığında yaşayan, fanatik dindar, cahil, ifrat kasıb cəmiyyətin zadəgan nümayəndələri idilər. Xaricdə, hətta Qoridəki sekulyar təhsil onları çox yeniliklərə açdı, önəmlisi, məmləkətin problemlərinin dərindən dərkini, vəziyyəti dəyişmənin önəmini anlatdı. Bu ziyalılar da dəyişiklik, intibah toxumlarını səpməyə başladılar.

Amma bunların üzərindən 1 əsr keçib. Bənzər problemlər var? N qədər. Ancaq azından indi hamı məktəbə gedir axı, sekulyar mühit var, əsas da internet var. Keyfiyyətcə fərqli bir dövrdür bizimki. Burda hansı problemlər var bilmək üçün indi xaricdə təhsil lazım deyil. Həll yolları üçün lazımdı deyə bilərik amma. Məhz bu dövrlərdəki fərq, başqa faktorlara görə, bizim xaricdə təhsil alanlarımızın, Çar dövrü təhsil alanlarla müqayisədə edə biləcəyi dəyişiklərin miqyası daha məhduddur çünki o dövrdə daha radikal dəyişikliklərə ehtiyac vardı.

Hazırki xaricdə təhsillilərin əksəriyyətindəsə mən və əminəm bir çoxunuzun müşahidə etdiyinə əsasən gözlənilən transformasiya baş vermir. Qayıdanların çoxu sadəcə təbii olaraq karyerasına atılan şəxslərdir. Onlar ya geniş siyasi-iqtisadi vəziyyətlə maraqlanmır ya da mövcud siyasi vəziyyətin ən sərt tərəfdarlarıdır. Çe Guevara deyillər qısacası. Olmaq kimi öhdəlikləri də yoxdu axı əslində. Onlar ümumi olaraq konservativ gedib, liberal da dönmür. Kim öncəsi necə idisə, elə də qayıdır. Əsas məsələ də burdadır. Təcrübə əksər hallarda onları kəskin dəyişmir. Getməzdən öncə çoxu hansı görüşlüdürsə, o cür qalır — liberalsa liberal, mühafizəkarsa mühafizəkar (mühafizəkarlıq neqativ anlayış deyil, siyasi-sosial baxışdır). Təhsil niyə onları gözlənilən istiqamətdə dəyişə bilmir? Fərqli səbəblərə görə. Onlar qısa müddətli təhsilə gedir. Əksəriyyəti cəmiyyətə qarışmır və ya qarışa bilmir. Sadəcə fiziki vətəndən ayrı olurlar. Bəziləri yaşadığı xarici ölkənin gündəlik reallıqlarına maraqsız ya bixəbər ya da vaxtsızlıqdan diqqət ayıra bilmir. Sadəcə təhsil alıb qayıdırlar. Həmçinin alınan təhsilin keyfiyyətindən keyfiyyətinə də fərq var. İndi sizcə sadəcə təhsil onlarda gözlənilən radikal dəyişməyə gətirib çıxarar ?— yox, əlbəttə (Bu sahədə ABŞ-ın Flex proqramı alternative ola bilər).

Ona görə də bəzi çevrələrdəki“xaricə getdi, demokrat qayıtdı” anlayışı da mifdi. Bəxtiyar Hacıyev ABŞ-a getməzdən öncə də aktivist idi, orda müxalifətçi olmadı ki. Nə də şəxsi təcrübəmdə belə dəyişmiş adamlara rast gəlmişəm.

Son nəticəm isə odur ki, əgər burada kəskin inkişafın agentləri axtarılırsa, bunları sırf xarici təhsillilərdən gözləmənin əsası yoxdu. Bunlarla yerli kadrlara olan aşağılayıcı baxışın yığışdırılmasına da zəmin yaradılmadı — bu da bir başqa müzakirə mövzusu. Məsələ yenə də fərdi əsaslara dönür. Statistika dili ilə desək, dissidentliyin əsas izahedici, müstəqil dəyişənləri fərdi keyfiyyətlərdir. Xaricdə təhsil isə bunlardan bir faktor ola bilər, day bütöv öz yox. Gözləntilərdi dəyişilməli olan. Ətraflı yazıb fikirlərimi ifadə eləyə bilmirəm çünki oxuyan olmur.

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.