İki dost əlilliyi olan şəxslərin üfüqlərini genişləndirmək üçün hüdudlardan kənara çıxır

UNDP Azerbaijan
Oct 31, 2019 · 4 min read

Amid və Bəhlul yaxın dostdur və keçmişdə aldıqları xəsarətlər nəticəsində hər ikisi ömürlük əlil olmuşdur.

Bəhlul Dağlıq Qarabağ münaqişəsi zamanı yaralanmışdı, Amid isə avtomobil qəzasına düşüb.

O vaxtdan bəri, onların hər ikisi fiziki məhdudiyyətlərlə yaşamağın və paytaxt Bakı şəhərində əlil arabaları ilə dolaşmağın doğurduğu çoxsaylı fiziki və sosial çətinliklərlə üzləşiblər.

Lakin bu, onların ən önəmli ortaq xüsusiyyəti deyil. Onların ən vacib ortaq cəhəti fəal və müstəqil ömür sürmək üçün sarsılmaz əzmə sahib olmaları, habelə özlərinin qətiyyətinin və həyat eşqinin əlilliyi olan digər şəxslərə sirayət etməsi üçün şövqlə səy göstərmələridir.

“Biz hər gün məhdudiyyətlərə — həm öz içimizdə, həm də cəmiyyətdə olan fiziki və psixoloji məhdudiyyətlərə sinə gəririk”, — deyə Amid qeyd edir. “Biz kənarda qalmaqdan imtina edirik! Biz də cəmiyyətə qoşulmaqda təkid edirik”.

“Düzdür!”, — deyə Bəhlul əlavə edir. “Biz imkan vermərik ki, bizim vəziyyətimiz sağlam və müstəqil həyat tərzi sürməyimizə mane olsun. Bizim layihəmizin də mahiyyəti məhz budur — insanların həyatlarını tam yaşaması üçün onların imkanlarının artırılması”.

Onların “layihə”si birgə təsis etdikləri qeyri-kommersiya təşkilatı — “Handbike Azerbaijan”-dır (“Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyi). Bu təşkilat əlilliyi olan şəxslərə velosiped sürməyə başlamaqda kömək etməklə həyatları dəyişir.

Layihə iki il əvvəl Amid və Bəhlulun özləri üçün sıfırdan velosiped düzəltmək qərarını verməsi ilə başladı.

“Əlil arabasından istifadə edirsənsə, formada qalmaq çox çətin ola bilər”, — deyə Amid izah edir.”

“Hər ikimiz ümidsizliyə düşmüşdük və sonda hətta malik olduğumuz fiziki məhdudiyyətlərə rəğmən istifadə edə biləcəyimiz bir velosiped düzəltməklə bununla bağlı bir iş görmək qərarına gəldik.”

Onlar ilk velosipedlərini YouTube videolarından və tapa bildikləri hər hansı materiallardan istifadə edərək düzəltmişdi.

“Çəkisi 65 kiloqram idi və çox narahat idi!”, — deyə Bəhlul qeyd edir və gülür. “Lakin əlbəttə ki, bu, bizim üçün rəmzi məna daşıyırdı”.

Onlar tezliklə ikinci velosipedi düzəltməyə başladılar. Bu dəfə onlar birinci təcrübədən öyrəndikləri dərsləri nəzərə alaraq daha yüngül və daha rahat dizayna nail ola bildilər.

Velosiped sürmək yaşından və qabiliyyətlərindən asılı olmayaraq hər kəs üçün sağlam və ilhamverici bir fəaliyyət ola bilər. Onlar məhz bu mesajı daha geniş kütlələrə çatdırmaq məqsədilə, beynəlxalq velosiped yarışlarında iştirak edə bilmək üçün daha iki velosiped aldılar.

“Velosiped yarışı heyrətamiz bir təcrübə idi!”, — deyə Amid qeyd edir. “O qədər insan bizi ürəkləndirirdi ki! Bizim velosipedimiz Bakıda məşhurlaşdı!”

“Həmin gün biz cəmiyyətə mesaj verdik — əlilliyi olan şəxslər də velosiped sürə bilər”, — deyə Bəhlul əlavə etdi.

Onlar əlilliyi olan şəxslərə velosiped sürməyi öyrətmək məqsədilə qeyri-kommersiya təşkilatı yaratdılar. Onların planındakı növbəti addım kommersiya yönümlü istehsala başlamaq, daha çox insanı öyrətmək üçün daha 10 velosiped almaqdır.

“Handbike Azerbaijan” miqyasına görə kiçik ola bilər, lakin onun uzunmüddətli təsirləri geniş spektrli olmaqla, velosiped sürməyin yalnız fiziki və psixoloji sağlamlıq üçün faydalı olmasını təşviq etmir, həm də əlilliyi olan şəxslərin ehtiyacları və potensialları barədə ictimai məlumatlılığı və onların cəmiyyətə qoşulmasının əhəmiyyətini artırır.”

Son hesablamalara görə, Azərbaycanda 620 min nəfər əlilliyi olan şəxs var ki, bu da ümumi əhalinin 6%-ni təşkil edir.

Azərbaycan 2009-cu ilin yanvar ayında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanı ratifikasiya etməklə, regionda bunu edən ilk ölkələrdən biri oldu. Bununla belə, əlilliyi olan şəxslər hələ də daha geniş ictimaiyyətin görmədiyi çətinlik və maneələrlə üzləşirlər. Bu maneələrə infrastrukturun əlçatan olmaması, damğalanma, həyatın demək olar ki, bütün sahələrində müvafiq köməkçi qurğuların və xidmətlərin olmaması daxildir.

Amid və Bəhlulun layihəsi bu çətinliklər barədə məlumatlılığı artırmaqla yanaşı, daha sağlam həyat tərzi və hərəkətliliyin yaratdığı sərbəstliyin və daha yüksək özünəinamın doğurduğu sevinci, habelə velosiped sürmək həzzini başqaları ilə bölüşməyə səy göstərir.

Əlilliyi olan şəxslərin cəmiyyətə qoşulmasının təşviq edilməsi həm Azərbaycan Hökuməti, həm də BMTİP üçün yüksək prioritet təşkil edir.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP əlilliyi olan şəxslər üçün yeni özünüməşğulluq proqramına start verildiyini elan etdi. Bu layihə çərçivəsində 500-ə yaxın namizədin öz biznesini qurması və idarə etməsi üçün maliyyə yardımı və texniki dəstək verilir.

BMTİP həmçinin əlilliyi olan gənc qadın və kişilər üçün peşə təliminin əlçatanlığını artırmağa kömək etmək məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi ilə bağlı layihə çərçivəsində Təhsil Nazirliyi ilə yaxından əməkdaşlıq edir.

Bu yaxınlarda, Milli İnklüzivlik Kampaniyası çərçivəsində BMTİP ilk dəfə keçirilən inklüzivlik hakatonunun təşkilinə kömək edib. Bu hakaton müxtəlif sahələr üzrə ekspertləri, elmi dairələri və əlilliyi olan şəxsləri əlilliyi olan şəxslər üçün texnoloji və İKT həllərinin hazırlanmasında birgə çalışmaq məqsədilə bir araya gətirib.

BMTİP-in yeni yaradılmış Akselerator Laboratoriyası artıq tam gücü ilə fəaliyyət göstərir, əlilliyi olan şəxslər üçün iş yerlərinin yaradılmasına, yeni bacarıqların əldə olunmasına, onların həyat keyfiyyətinin yüksəlməsinə kömək edə biləcək “Handbike Azerbaijan” kimi innovativ həlləri və təşəbbüsləri müəyyən edir və ön plana çəkir.

Qarşıdakı aylar ərzində, biz milli və beynəlxalq tərəfdaşlarımızla birlikdə ən perspektivli təşəbbüsləri təşviq etmək və miqyasını genişləndirmək üçün ictimaiyyət və daha geniş resurslardan istifadəyə çalışacağıq.

Bizimlə tərəfdaşlıq etmək istəyirsiniz? Bizimlə əlaqə saxlayın: acclab.aze@undp.org

Welcome to a place where words matter. On Medium, smart voices and original ideas take center stage - with no ads in sight. Watch
Follow all the topics you care about, and we’ll deliver the best stories for you to your homepage and inbox. Explore
Get unlimited access to the best stories on Medium — and support writers while you’re at it. Just $5/month. Upgrade

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store