Azərbaycanlı feministlərin “azadlıq məşəli”,

yaxud şirin su feministliyinin dözülməz yüngüllüyü

Lucky Strike adlı siqaret brendinin reklam fotosu. Müəllif: Nickolas Muray, 1936

Az qala bu ölkədə çap olunan pizza restoranlarının reklam broşüralarına da sevinən mən, feminizm təşviqatına iddialı risalələrə, yaxud da bu ad altında qol qoyulan fəaliyyətlərə sevinə bilmirəm. Ona görə yox ki, qrant şəklində pulları havaya sovrulan isveçrəli, alman, yaxud da holland vergi ödəyicilərinə ürəyim yanır… Yox! Məhz ona görə ki, biz yenə fürsəti fövtə veririk…

Səd əfus, Azərbaycanda feminizm adına qol qoyulan fəaliyyətlərin hüquqları pozulan, diskriminasiyaya məruz qalan, bir sözlə, əzilən qadınlara dəxli yoxdur. Acınacaqlıdır ki, azərbaycanlı feministlər “qadın” mövzusunun ikinci dərəcəli, “light” və əhəmiyyətsiz olduğu barədə hökumətin rəsmi mövqeyi ilə həmfikirdir. Patriarxal “dövlət”in diktə etdiyi bu mövqeyi yerli feministlər şüurlu, yaxud şüursuz şəkildə qəbul edir. Misal üçün, ölkədəki qadın probleminin kökündə sosial və siyasi problemlər olduğunu iddia etmək onların gözundə “qadın düşməni” olmaq üçün kifayətdir. İliklərinə qədər patriarxal iqtidarın səfasını sürən hökümət də qadın probleminin məhz bu kontekstdə müzakirə edilməsinin tərəfadırıdır. Məsələn, hökümət də istəyir ki, feministlər ölkədə tibbi sığorta tələbi ilə ortaya çıxmasın, bunun əvəzinə, ölkədəki qadın problemi hansısa özəl şirkətin reklam çarxındaki “seksist” ifadəyə müncər edilsin. Halbuki Azərbaycanda genderlə bağlı ən böyük problem sayılan qız uşaqları əleyhine selektiv abortun başlıca səbəblərindən biri seksist reklam çarxları yox, məhz ölkədə tibbi sığortanın olmamasıdır. Bəli, valideynlər düşünür ki, o, yaşlı və xəstə olanda ona qız övladı baxa bilməyəcək. Ona görə də oğlan uşağı istəyir. Oğlan uşağı onun sosial və tibbi sığortasıdır.*

Bu kontekstdə Azərbaycanda başqa bir populyar feminist fəaliyyət növü isə müxtəlif müsahibələr, kitabçalar və tədbirlər vasitəsi ilə cəmiyyətə qadın rol modelləri, başqa sözlə, cəsur qızlar təqdim etməkdir. Əslində bu fəaliyyətin də “qadın məsələsi”nə və ümumi olaraq feminizmə heç bir aidiyyəti yoxdur. Şirin su feministi təhtəlşüurunda patriarxal iqtidarı yıxmaq əvəzinə, ona şərik olmaq istəyir. Uzun kabluklarla biznes forumlarda qadının iş həyatındakı rolundan dəm vuran Aynur, həm cəmiyyəti çaşdırır, həm də Fatma xalanı! Bəli, yaxınlıqda uşaq bağçası olmadığı üçün səhər saat 7-dən evdən çıxıb uşağını baxçaya qoyan, bərbad ictimai nəqliyyatla özünü bir təhər şirkətə çatdıran və günboyu şirkətin tualetində Aynurun p.xunu təmizləyən Fatma xala başa düşmür ki, şirkətin CEO-su Həsən yox, Aynur xanım olsa bu hadisə ona nə kimi fayda verəcək? İş həyatında müvəffəq olmuş Aynur xanım kimi “cəsur qızlar” bir şirkətin CEO-su, yaxud da hansısa idarənin rəisi olduqdan sonra Fatma xalanın məhz qadın olduğu üçün yaşadığı hansı problem öz həllini tapacaq? Aynur xanım CEO olanda Fatma xalanın problemlərinə daha həssasmı yanaşacaq? Cəsur qızlar qərar verməlidir, patiarxal düzənləmi mübarizə aparırlar, yoxsa bu patriarxal düzəndə iqtidar sahibi olmaq uğrundamı? Fatma xala haqlı olaraq fikirləşir ki, Aynur xanım kimilər patriarxal düzəndə CEO olub öz popolarını xilas etməyi niyə feminizm adıyla sırayırlar ona? Aynur isə Starbucks’da qadınların cəsurluğuna apellyasiya edən reklamdan təsirlənib satın aldığı Gucci eynəyini çıxarıb caffè macchiatosundan (ötən axşam Google-dan neçə kalori olduğunu da yoxladığı üçün ürəyi rahatdı) bir qurtum içəndən sonra rəfiqəsinə belə deyir: “Vot, tam mansplainingdi bu! Bilirsən, Seva, bizə başqa düşmən lazım deyil. Bu Fatma xala kimi qadın düşmənlərini başa düşmürəm də!”

Bəli, təəssüf ki, Azərbaycanda feminist fəaliyyətin istinadgahı patriarxal münasibətləri özündə pərçimləyən kapitalist düzəndir. Cəsur qızların feminizm haqqında intellektual baqajını kapitalist nizamın divləri sayılan böyük şirkətlər və onların sevimli məşuqələri olan reklam agentlikləri formalaşdırır. Ona görə də bizdəki feminist fəaliyyət simvolika ilə məşğuldur, mahiyyətə nüfuz edə bilmir. Düşmən fallusdur!

Bir gün məni otağına çağırdı və soruşdu ki, necə edək qadınlar da siqaret çəksin? Lənət olsun! Siqaret çəkən qadınlar da siqareti evlərində çəkir. Günlərinin yarısını evdən kənarda keçirən qadınlar bayırda siqaret çəkə bilsələr, satışlarımızı ikiqat artıra bilərik. Bu məsələni həll etməlisən. Həm də təcili!**

Edward Beynars məşhur psixoanalitik Sigmund Freudun bacısı oğlu idi və deyilənə görə o vaxtlar dayısına bir qutu siqar hədiyyə edərək onun şüuraltı ilə bağlı dərs qeydlərini almışdı. Beynars ictimai yerdə qadınların siqaret çəkməsi ilə bağlı tabunu yıxmağın yolunu qadın azadlığına vurğu etməkdə görürdü. Beynars bu işdə siqaretin penisə bənzəyən fallik bir nəsnə olduğuna dair freydçi yanaşmaya arxayın idi və siqareti tətmin edici bir həyat yaşamağın əvəzedilməzi olaraq təqdim edirdi. Beynars New York Pasxa yürüyüşündə bir qrup cazibədar xanıma Lucky Strike siqaretlərini “azadlıq məşəli” olaraq əllərində gəzdirmələri üçün pul ödəmişdi. Beynarsın PR üçün gizlin pul ödədikləri sadəcə yürüyüşdə iştirak edən muzdlu xanımlarla məhdud deyildi. Yürüyüşə çağırış məktubuna imza atması üçün məşhur feminist hərəkat lideri Ruth Hale də pul alanlar sırasındaydı. Sözügedən çağırışda isə deyilirdi:

Bir azadlıq məşəli də sən yandır! Seksist bir tabuya qarşı müharibə elan edirik!***

Deyəsən tarix təkrar edir. 20-ci əsrin əvvəllərində Beynarsın oyunundan xəbərsiz New Yorklu qadınlar yürüyüşdə yandırdıqları siqareti azadlıq məşəli olaraq görürdülər. 21-ci əsrin əvvəllərində isə Bakılı feministlər simvollarla oynayıb yaman-yaxşı yaranmış mafarı bada verirlər. Təəssüf, bu qatarı da ötürürük…

— — — — — — — — — — — — — — — — — — — — — — — — — — — — — —

* Ilknur Yüksel-Kaptanoğlu, Mehmet Ali Eryurt et al., Mechanisms behind the Skewed Sex Ratio at Birth in Azerbaijan: Qualitative and Quantitative Analyses, Baku: UNFPA, 2014, p.62

** Allan M. Brandt, The Cigarette Century: The Rise, Fall, and Deadly Persistence of the Product That Defined America, New York: Basic Books, 2007, p. 83

*** ibid., 85

PhD in Law, Mostly read but sometimes also write on jurisprudence, human rights, and Internet regulations

PhD in Law, Mostly read but sometimes also write on jurisprudence, human rights, and Internet regulations