‘Gerçək İslam bu deyil!’ müzakirələrinə real bir qatqı

Fransadakı terror hücumları sonrasında bəzi müsəlman müəlliflərin yaşananlara verdiyi reaksiyalar məndə və bir çox dostumda çaşqınlıq və xəyal qırıqlığı yaratdı. Yaşananların təhlükəsini kiçik hesab etmək və Qurana istinad etmək yerinə qəzəbi bələdçi olaraq seçən bu kəslər “gerçək İslam bu deyil” iddiasını müdafiə edənləri də Qərbə özünü bəyəndirməyə çalışmaqla günahlandırdılar. Bu yazıda, bu qəzəbli reaksiyalara yönəlik tənqidlərimi paylaşmaq istəyirəm. Həm yaşanan hücumun dinə istinad edənlər tərəfindən dəstəklənmədiyini ifadə etmənin, həm də yalnız bu ayələri göstərməklə qalmayıb əsaslı bir özünütənqid etməmizin lazım olduğunu izah etmənin qayğısındayam.

Əvvəlcə bu hadisə qarşısındakı mövqeyimi paylaşım. Mən bir müsəlman olaraq, edilən hücumun hər şeydən əvvəl Qurana zidd olduğunu düşünürəm. Belə ki, Nisa surəsi 140-cı ayədə Peyğəmbər və inananlardan, dinləriylə lağ edildiyində o mühiti tərk etmələri istənir. “Allah, kitabda sizə bunu da endirmişdir: Allahın ayələrinin inkar edildiyini və onlara lağ edildiyini eşitdiyiniz zaman, bir başqa söhbətə dalıb getdikləri zamana qədər, onlarla bir yerdə oturmayın.” Göründüyü kimi, burada, intellektual bir müzakirədən deyil, bir ələ salma halından söz edilir. Ayə açıqdır. Müsəlmanlar bu cür gərəksiz və meyvə verməyəcək müzakirələrə girişmək yerinə oradan uzaqlaşmalıdırlar. Ali İmran surəsi 186-cı ayədə də inananların incidici ifadələrlə qarşılaşacağı ifadə edilir: “Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib təqvaya sarılsanız, bilin ki bu, əzmkarlıq tələb edən əməllərdəndir.” Göründüyü kimi, inananlardan müqəddəsləri ələ salındığı zaman şiddətə müraciət etmələri deyil, nə qədər çətin olursa olsun səbr etmələri tələb olunur. Mumtəhənə surəsi 8 ve 9-cu ayələr isə müsəlmanların bir insanla sırf dini ələ salır deyə savaşa bilməyəciyinə hətta ona ədalətsiz davrana bilməyəcəyinə işarət edir: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər.”

Bu ayələrin İslamın müqəddəslərini təhqir edən zarafatlara qarşı müsəlmanların mənimsəməsi lazım olan tutumla bağlı təyin edici olduğunu düşünürəm. Dini ilə lağ edilən, incidici sözlər eşidən bir müsəlmanın da Allahın özündən gözlədiyi tutumu “əzik” ya da “passiv” görüb rədd etmə şansı yoxdur. Müsəlmanlar dinlərinə təhqir edən kəslərin jurnallarını almaz, ortada bir arqument varsa ona məqbul cavablar verər, bacarırsa yumorla qarşılıq verər. Ancaq İslama yönəldilən hücumlara veriləcək cavablar da Quran ayələri ilə müəyyənləşdirilmiş və Müsəlmanları bağlayan sərhədlər aşılmadan edilməlidir. Bu səbəblərlə adam öldürmək bir yana dursun, başqalarının müqəddəslərinə söymək, insanlara böhtan atmaq kimi hərəkətlər də Quranın ümumi düsturlarına uyğun deyil. İndi bütün bunlardan sonra şişirtdiyimi düşünənlər, şiddətli intiqam istəyənlər olacaqdır. Bağışlayın, kimsə sizə müsəlman olmaq asandır demədi. Mühafizəkar seqmentin mürəkkəb yalamış isimlərindən biri ötən gün bloqunda, biz müsəlmanların müqəddəsləri təhqir edilərsə bizim də haqlı olaraq gözümüz dönər, kimi ifadələr işlətdi. Dönə bilməz, dönməməlidir. Dönsə Allaha, bu ayələrə zidd hərəkət etməmizin hesabını verərik. Eyni adam, dünyəvi sekulyarlara, sizin müqəddəsləriniz təhqir ediləndə sizin də ürəyiniz şiddətə müraciət istəmirmi, deyə sual verir. Deyək ki, onların da ürəyi istəsin və deyək ki, onlar da şiddətə baş vursunlar. Bu vəziyyət belə sənin hərəkətini İslami baxımdan haqlı çıxarmaz. İslam, Allaha təslim olmaq deyirik, bax o təslimiyyət bu cür anlarda ortaya çıxır. Allahın dediyinəmi qulaq asacağıq, öz qəzəbimizəmi? Qəzəbi yaradan şey, Peyğəmbərə duyulan sevgi olsa da vəziyyət dəyişməz. Bir müsəlman olaraq Allahın qaydalarını çiynəməməlisən. Çünki o çox sevdiyini söylədiyin Peyğəmbərin də Allahın dediyini etməyini istəyərdi. Əksi, İslami bir rəftar deyil, duyğusal və eqoistcə bir reaksiyadır.

Bu cür fikirləri müdafiə etdiyimiz zaman qarşımıza Peyğəmbərin onu ələ salanlara şiddət tətbiq etdiyinə dair hədislər çıxarılır. Hətta Müsəlmanlığın gərəyi olaraq bu hədisləri müdafiə edənlər də olur. Təməl hədis kitablarının Peyğəmbərdən bir neçə yüz il sonra həm də siyasi olaraq xeyli ağrılı dövrlərdə toplandığını bilirik. Bu reallıq meydandaykən kimsə Peyğəmbərin Qurana olan hərəkətlər etdiyini iddia edən bir hədisə inanmağımızı gözləməsin. Bundan əlavə, bu hədisləri rədd etməyən kəslərin də “gerçək İslam bu deyil” iddiaları əsassızdır.

Hadisələrin Müsəlmanlara bağlı yönünü bitirmədən əvvəl daha bir nöqtəni vurğulamaq istəyirəm. Bu cür fikirlərimiz səbəbiylə mən və dostlarım “şərqşünas”ların tərəfində olmaqla günahlandırılırıq. Qərbi az da olsa bilən, xarici mətbuatı əlimdən gəldiyincə təqib etməyə çalışan biriyəm. Bunu deyə bilərəm ki, Geert Vilders kimi İslam əleyhdarlarına əsl xidmət edənlər “İslam bu deyil” deyənlər deyil, bu cür terror hücumlarına sahib çıxanlardır. Bununla yanaşı hər mövzuda “Qərblilər”in istədiklərinin tərsini etmə səyinə girənlərə də anlam verə bilmirəm. Bu kəslər fərqində olmadan hər hərəkətlərinin “Qərblilər” tərəfindən müəyyənləşdirilməsinə imkan verirlər. Müsəlman üçün doğru olan davranış Quranda tövsiyə ediləndir. “Qərblilər”i maksimum əsəbiləşdirəcək olan deyil.

Medalın bir üzü belədir. Bununla bərabər, İslama yönəldilən təhqirlərin -diqqət edin arqument ehtiva edən tənqidlərdən bəhs etmirəm- fikir azadlığı ilə nə dərəcə uyğun gəldiyini sorğulamaq da qanunidir. Eyni yumor jurnalının 2008-ci ildə etdiyi bir zarafat səbəbiylə antisemitist olduğu iddiasıyla bir işçinin işinə son verdiyi bilinir. Yenə Fransadakı hadisələrlə eyni gün Yəməndə radikal terrorçuların 37 adamı öldürdüyünü və bu hadisənin Qərb mediasında kifayət qədər yer tapmadığını xatırladaq. Daha geniş mənada da ikili standartların mövcudluğu hamımızın məlumudur. Yəhudi soyqırımını qınayıb Guantanamo və ya Qəzza haqqında səssiz qalmaq, fərqli standartlar inkişaf etdirmək intellektual duruşla uyğun gəlməz. Qərb dünyasındakı bir çox ismin bu mənada ən yüngül ifadə ilə tutarsız olduğu doğrudur. Bununla birlikdə bütün Qərbi eyni zənn etmək də nə qədər xoşumuza gedirsə getsin gerçəkçi deyil. Məsələn PEW tərəfindən 2014-cü ildə edilən anketə görə Fransızların 72% -i Müsəlmanlarla bağlı müsbət fikir bildirmişdir. İngiltərədə də müsbət fikir bildirənlərin nisbəti, mənfi fikir bildirənlərdən təxminən iki dəfə çoxdur. Avropada müsəlmanlara və immiqrantlara qarşı insan hüquqları pozuntularını aradan qaldırmaq üçün səy göstərən bir çox Qərbli dərnək mövcuddur. Yenə keçən ay Avstraliyada İran əsilli bir adamın kafedə girov götürdüyü 2 adamı öldürməsi nəticəsində Müsəlmanlara qarşı gələ biləcək reaksiyanı əngəlləmək üçün Twitter’də təşkilatlanan Avtraliyalıları unutmamaq gərək. Charlie Hebdonu həm də hücumdan dərhal sonra bəzi irqçi karikaturaları səbəbiylə tənqid edən Jordan Weismann kimi Qərb müəlliflərinin varlığı da unudulmamalıdır. Qərbi doğru oxumaq yerinə eqomuzu və hətta çox vaxt alçaqlıq komplekslərimizi bəsləyən “bütün Qərblilər bizə düşməndir” ssenarilərinə inanmaq bizə bir şey qazandırmaz.

Müsəlmanlar olaraq ehtiyacımız olan şey, sakit bir şəkildə, duyğuların cazibəsinə qapılmadan düşünməkdir. Hər zaman fərqli şəxsiyyətləri sevməyən, hətta onlardan nifrət edən, onları alçaldan kəslər olacaqdır. Bu vəziyyət İslam üçün də eynidir. Bu kəslərə baxaraq Qərbi bütövlükdə İslamın qarşısında görməkdən imtina etmək, sonra da özümüzü və İslamı anlayış formamızı ciddi bir tənqidə tabe tutmaq məcburiyyətindəyik. Bunu “Qərb” istəyir deyə deyil, həqiqətən də bu an heç də yaxşı vəziyyətdə olmadığımız üçün etməliyik. Əks təqdirdə 17 ərəb ölkəsinin toplamda ancaq Harvard Universiteti qədər akademik məqalə yayımlamasını tərəf tutan hakimlərə bağlamağa davam edəcəyik.

Eltun Ismayılov tərəfindən tərcümə olunmuşdur.