Lənətlənmiş və Seçilmiş: Quran, Yəhudilər üçün nə deyir?

Alper Bilgili
8 min readJun 8, 2018

--

Ötən günlərdə 250 Fransız ziyalısı Le Parisiende yayımlanan bir manifest ilə Fransada artan antisemitizm ilə bağlı narahatlıqlarını dilə gətirdi. Manifest ictimaiyyətdə ciddi bir maraq oyandırdı. Bu, qismən manifest mətnini imzalayanların arasında köhnə prezident Nikola Sarkozi, köhnə Baş nazir Manuel Valls və Gérard Depardieu kimi sənətçilərin olması ilə açıqlana bilər. Ancaq manifesti gündəmə gətirən təməl faktor manifestin Fransadakı antisemitik hücumlardan Quranı məsul tutması idi. Manifestin altına imzasını atan isimlər, müsəlmanları, Quranda yer alan və antisemitik hücumlara səbəb olduğunu düşündükləri ayələri rədd etməyə, bu ayələrin etibarsız olduğunu qəbul etməyə dəvət etdilər. Bununla yanaşı dövlətlər, Fransız siyasətçilərdən və ictimaiyyətdən siyasi olaraq doğru olmağı buraxıb “Müsəlman antisemitizmin’’nin İslamofobiyadan daha ciddi bir təhdid olduğunu etiraf etmələrini istədilər.

Əlbəttə bu İslam ilə şiddət arasında əlaqə qurmağa çalışan ilk mətn deyil. Richard Dawkins və Sam Harris kimi yeni-ateistlər uzun müddətdir, Qərbdə meydana gələn terror hücumlarından Qurani təlimləri məsul tuturdular. Utrecht Universitetindən mədəniyyət antropoloqu Emanuel de Kadt da 2015-ci ildə Guardiana yazdığı mətndə, Quranı Qərbdə artan antisemitizmdən məsul tutmuşdu. Ötən həftə, manifestdən qısa bir müddət sonra İngilis jurnalist Melanie Phillips Timesda bənzər bir iddia etmiş, “Müsəlman antisemitizmin”nin əhəmiyyətinə diqqət çəkərək İslamofobiyanın bir illüziya, Müsəlmanların tənqidlərdən qurtulmaq üçün yaratdıqları bir anlayış olduğunu iddia etmişdi.

Bu manifest yalnız Fransada deyil bütün dünyada müsəlmanların reaksiyasına səbəb oldu. Bəzi müsəlmanlar manifestə imza atan Fransız intellektuallara İncildəki ayələri xatırlatdı. Ancaq, imzaçılar İncildə yer aldığı iddia edilən antisemitik ayələri də tənqid etməkdədir. Hətta nə qədər həqiqətləri yansıtmasa da, manifest, kilsənin müqəddəs mətnlərdə yer alan bu cür ayələri rədd etməsindən təriflə bəhs etməkdədir. (Bu iddia gerçəklərlə uyğun gəlmir çünki hər nə qədər Kilsə, İkinci Vatikan Konsilində antisemitizm ilə mübarizəyə girişsə də İncildən hər hansı bir ayəni rədd etməmişdi.) Türkiyə Avropa Birliyi Naziri Ömər Poladın da aralarında olduğu bir çox isim isə Fransız ziyalıları, Quranın ayələrini öz siyasi əməlləri üçün təhrif etməklə günahlandırdı. Yaxşı bəs bu reaksiya doğru idimi? Quran, Müsəlmanları antisemitizmə yönləndirirmi? Quran Yəhudilər üçün nə söyləyir?

Hər şeydən əvvəl qeyd edilməsi lazım olan xüsus, Müsəlmanların hərəkətlərinin hər zaman Qurandan ilham almadığıdır. Məsələn Fransada 2006-cı ildə bir Yəhudiyə hücum edən Youssouf Fofana və şəbəkəsi bu hərəkətlərini fidyə üçün reallaşdırdıqlarını ifadə etmişdirlər. Bundan əlavə bəzən müsəlmanların hərəkətləri Qurana zidd də ola bilməkdədir. Məsələn 2015-ci ildə reallaşan Charlie Hebdo hücumları bunun tipik bir nümunəsidir. Allah, Quranda Müsəlmanlardan dinləriylə lağ edildiyində bir etiraz olaraq oranı tərk etmələrini istəyir (4: 140). Ancaq ayəyə görə dinə lağ edən bu şəxslərə qarşı bir dünyəvi cəza tədbiq olunmamalıdır. Hücumu reallaşdıran terroristlər, din adına bir hərəkət etdiklərini zənn etsələr də, Charlie Hebdo işçilərini öldürərək Quranın bu hökmünü tapdalamış və haqsız yerə cana qıymışdırlar. Əsasən daha dərin bir araşdırma İslam adına terror aktı həyata keçirən bir çox terroristin Qurandan yola çıxaraq hərəkət etdiyi bir yana dursun, ən təməl İslami məlumatlardan belə məhrum olduğunu ortaya qoyacaq. Məsələn Mohammed Ahmed və Yusuf Sarwar adlı iki İngilis terrorist İslam haqqında o qədər bilgisizdir ki IŞİD’ə qatılmaq üzrə Suriyaya hərəkət etmədən əvvəl Amazondan, Türkcəyə “Yeni Başlayanlar üçün İslam” və “Yeni Başlayanlar üçün Quran” olaraq tərcümə edə biləcəyimiz iki kitab sifariş etmişdirlər. The Guardianda yayımlanan İngilis kəşfiyyat təşkilatı MI5in hesabatına görə bu iki İngilis terrorist bu mövzuda istisna deyil. Işid və bənzəri terror təşkilatlarına qatılan İngilis vətəndaşlarıyla edilən müsahibələr, bu kəslərin İslamın əsas təlimlərinə yad olduqlarını və İslami ritualları nizamlı olaraq yerinə yetirmədiklərini ortaya qoymuşdur. Tərsinə bu kəslərdən bəziləri narkotik və spirt içki istifadə etməkdə, fahişələrlə birlikdə olmaqda, donuz əti yeməkdədirlərr. Hesabat, bir çox adamın gözləntisinin əksinə dindarlığın radikallaşmağa yol açmadığını hətta radikallaşmağae və terrorizmə yönəlməyə əngəl olduğunu iddia edir. 11 Sentyabr hücümçularından, 2016 Orlando gecə klubu hücumunu təşkil edən Omar Mateenə qədər bu cür nümunələri çoxaltmaq mümkündür. Nəticə olaraq, Fransadakı antisemitik hücumların bəziləri Müsəlmanlar tərəfindən reallaşdırılmış olsa da bu onların Quran tərəfindən motivasiya edildikləri mənasını verməz.

Qurana Görə Yəhudilər

Bəzi müsəlmanlar manifesti tənqid edərkən problemin təməlində Quranın hərfi mənada oxunmasının yatdığını iddia etdilər. Bu fikirlə razı deyiləm; qənaətimcə problem, ayələri hərfi və ya simvolik bir şəkildə oxumaqla bağlı deyil, bütöv oxuya bilməmək və maqqaşlamaqla bağlıdır. Məsələn Yəhudilərin Quranda övüldüyü ayələrin göz ardı edilməsi və yalnız tənqid olunduqları ayələrin ön plana çıxarılması, Quranda Yəhudilərin sanki Yəhudi olduqları üçün tənqid olunduğu təəssüratını yaradır. Halbuki, Quranın bütöv olarq və doğru bir şəkildə oxumansı, bütün ayələrin məzmunları da göz önündə saxlanılaraq qiymətləndirilməsi Quranın antisemitik bir kitab olmadığını ortaya qoyacaq.

Quran, hərəkətləri tərifləyən və ya tənqid edən bir kitabdır, millətləri yaxud irqləri deyil. Qurana görə heç bir irq, millət, cinsiyyət, digərindən üstün deyil (49:13). Quran, inananlara başqa topluluqları kiçik hesab etməyi qadağan etmişdir (49:11). Yəhudilər də Quranda hərəkətləri göz önündə saxlanılaraq təriflənmiş və ya tənqid edilmişdir. Eynilə Müsəlmanların qeybət etdikləri zaman (24:12) və ya Quranı rəhbər olaraq seçməyib tərk etdikləri zaman (25:30) tənqid olunması kimi; hətta Hz. Məhəmmədin yanına gələn bir koru incitdiyi zaman tənqid olunması kimi, Yəhudilər də müəyyən hərəkətləri nəticəsində tənqid olunmuşdur. Yəhudilər, peyğəmbərlərini öldürdükləri (5:70); Allahdan başqa tanrılar qəbul etdikləri (9: 30–31); Allah ilə olan müqavilələrini tapdaladıqları (2:83); Cənnətin yalnız özlərinin olduğunu iddia etdikləri (2:94); Allaha böhtan atdıqları (4:50, 5:64); Müsəlmanları və İslamı ələ saldıqları (5:57); Allaha qarşı nankorluq etdikləri (45: 16–17) üçün təndiq edilmişlərdi. Köhnə və Yeni Əhddə də bunlara bənzər səbəblərlə Yəhudilərə tənqidlər yönəldilmişdir. Yeremyada (2; 19; 26–28), Yəhudilər Allahla olan müqavilələrini pozduqları, Allaha qarşı nankorluq etdikləri, Allah xaricində ilahlar seçdikləri və oğullarını öldürdükləri üçün tənqid edilmişdirlər. Romalılarda (11: 3) da İlyas Peyğəmbər, Yəhudilərin peyğəmbərlərini öldürdüklərindən şikayətlənir.

Bu nöqtəni vurğulamaq lazımdır ki Quranda yəhudilərin hərəkətləri məqsədsiz yerə tənqid edilməmişdir. Allah, Quranda bunlardan bəhs edərkən müsəlmanların köhnə qövmlərin səhvlərindən dərs almalarını gözləməkdədir. Bu məzmunda Quranda yalnız Yəhudilərin deyil bir çox qövmün bənzər şəkildə tənqid olunduğu unudulmamalıdır.

Quranda Yəhudilərlə əlaqədar ayələrə bağlı qeyd edilməsi lazım olan bir başqa nöqtə də Yəhudilərin hamısının qəti şəkildə tənqid edilmədiyidir. Quran, ərdəmli Yəhudi və Xristianlardan təriflə söz edər (3: 113–115; 3: 199; 7: 159; 7: 168). Yenə Quran, Yəhudilərin Allah ilə olan müqavilələrinə uyğun davrandıqları zaman nemətləndirildiklərini və aləmlərə üstün qılındıqlarını xatırladır (2:47). Bu, yalnız keçmişlə məhdud bir vəziyyət deyil, Yəhudilər ərdəmli davrandıqları müddətcə Allahın sevgisini və mərhəmətini qazanmağı davam etdirəcəklər. Quran bu mövzuda belə qeyd edir:

(2:62) Bu bir gerçək ki, iman edənlərdən, yəhudilərdən, Xristianlardan, sabiilərdən Allaha və Axirət gününə iman gətirib və iş görənlərin, öz Rəbbi yanında mükafatları olacaq. Korku yoxdur onlar üçün, və onlar kədərlənməyəcəklər.

Dahası Quranda (22:40) məscidlər kimi, Allahın adının çox zikr edildiyi sinaqoq, monastır və kilsələr də təriflənir. Xülasəylə bu ayələr, Quranda Yəhudilərin Yəhudi olduqları üçün deyil, pis hərəkətlər sərgilədikləri üçün tənqid olunduqları tezisini dəstəklər xüsusiyyətdədir. Yəhudilər lənətlənərkən də, seçilib aləmlərə üstün qılınarkən də eyni prinsip dövrədədir. Əsl olan kim olduqları deyil, nə etdikləridir.

Quran, Yəhudilərlə Dostluq Edilməsini Qadağan Edirmi?

Yaxşı bəs, Maidə surəsində yer alan, yəhudi və xristianları övliya (dost / müttəfiq / əfəndi) olaraq seçməməklə bağlı ayələr nə anlama gəlir? Bu nöqtədə “övliya” sözünə “dost” mənası verilmiş olsa da ayələrdən heç birindən Yəhudi və Xristianın dost seçilməməsi lazım olduğu mənası çıxmaz. Quran, hansı Yəhudi və Xristianların övliya olaraq seçilməməsi lazım olduğunu eyni surədə yalnız 6 ayə sonra açıqlayır:

(5:51) Ey iman gətirənlər! Yəhudiləri və Xristianları dost tutmayın. Onlar bir-birinin dostlarıdır. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı doğru yola yönəltməz.

(5: 57–58) Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə Allahdan çəkinin! Siz namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Belə etdilər; Çünki onlar ağıllarını işlətməyən bir topluluqdur.

Yenə eyni surədə yer alan bir başqa ayə, dost tutulmaması lazım olanların bütün Yəhudi və Xristianlar olmadığı tezisini dəstəklər xüsusiyyətdədir. Allah Quranda (5: 5) Yəhudi və Xristianlarla evlənilə bilinəcəyini bildirir. Bütün Xristian və Yəhudilər dost tutulmayacaq olsaydılar bu vəziyyətdə Allahın Müsəlmanlara Yəhudi və Xristianlarla evlənmə icazəsi verməməsi gözlənilərdi.

Allah başqa bir surədə, müsəlman olmayanlara qarşı yaxşı davranılması və ədalətli olunması lazım olduğunu xatırladır və dost tutulması lazım olan kəsləri belə açıqlayır:

(60:8) Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!

(60:9) Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər.

Yəhudilərin Xətaları Dünyəvi Bir Cəzanı Gərəkdirirmi?

Fransadakı manifesti imzalayan ziyalılar Avropada Yəhudilərə qarşı hücum edən müsəlmanların Quran tərəfindən motivasiya edildiklərini iddia etməkdədirlər. Yuxarıda Yəhudilərin eynilə Köhnə və Yeni Əhddə olduğu kimi Quranda da sırf yəhudi olduqları üçün deyil, hərəkətləri səbəbiylə tənqid edildiklərini göstərməyə çalışdım. İndi bir an üçün Müsəlmanlar tərəfindən Yəhudilərə qarşı həyata keçirilən hücumların hamısının dini motivasiyalarla edilmiş olduğunu fərz edək. Əsasən Quran ayələrinə baxıldığında bu cür hücumların Quranın təlimləri ilə uyğun olmadığı görüləcək. Quran, Yəhudiləri səhvləri üçün tənqid edərkən Müsəlmanlara və ya bir başqasına Yəhudiləri cəzalandırma səlahiyyəti / vəzifəsi verməz. Tərsinə, Quranda Hz. Məhəmməddən onların səhvlərini xoş görməsi istənilir:

(5:13) Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!

Yəhudilərin hərəkətləriylə bağlı hökm verəcək, onları mühakimə edəcək tək hakim Allahdır.

(45:16–17) And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət və peyğəmbərlik əta etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərə üstün etmişdik. Onlara din işində açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm edəcəkdir!

Dünyəvi cəza mövzusunda istisna olaraq görülə biləcək tək vəziyyət savaşdır. Ancaq burada diqqət yetirilməsi lazım olan xüsus Müsəlmanlara yalnız müdafiə savaşına icazə verildiyidir. Əgər Yəhudilər və ya başqa inancdan qruplar Müsəlmanlara hücum etsə Müsəlmanlar özlərini müdafiə etmə hüququna malikdirlər:

(22:39) Özlərinə qarşı savaş açılanlara savaş izni verilmişdir. Çünki onlar zülme uğradıldılar.

Bu ayə, Quranın ümumi bir prinsip olaraq insan öldürməyi qadağan etdiyi göz önündə saxlanıldığı zaman böyük əhəmiyyət daşıyır. Əgər Müsəlmanlara özlərini müdafiə etmə haqqı verilməsə və savaş mövzusunda bir istisna təmin edilməsəydi Müsəlmanlar varlıqlarını sürdürü bilməyəcək, özlərinə qarşı açılan ilk savaşda yox olacaqdılar. Bununla birlikdə Quranda yer alan savaş ilə bağlı ayələrin əksəriyyət tərəfindən maqqaşlandığını, mətnin məzmununda qoparıldığını və beləcə Quranın müdafiə savaşı xaricində savaşlara da icazə verdiyi təəssüratı yaradıldığını görürük. Bu meyl, bu gün yalnız İslamda səhv axtaran bəzi ateistlər arasında məşhur deyil. Tarix boyunca da güclərini artırmaq və savaş mövzusunda önlərini açmaq istəyən bəzi müsəlmanlar ayələri təhrif etməkdən çəkinməmişlərdir. Ancaq unudulmamalıdır ki, müsəlmanların etdikləri səhvlərə Quran məsul tutula bilməz. Nəticə olaraq müsəlmanlar yalnız özlərinə savaş açan Yəhudilərə qarşı özlərini müdafiə hüququna malikdirlər. Ancaq digər ayələrdə bildirildiyi kimi Müsəlmanlar özləriylə savaşmayanlara qarşı dünyəvi bir cəza verə bilməzlər.

Fransız siyasəti və Manifesti

Fransız politoloq Olivier Roy, Fransız siyasətçilərin və dövlət adamlarının İslama qarşı bu tutumlarını, məsələn Müsəlmanlara Quranda rədd etmələri lazım olan ayələri öyrətmələrinin, Fransız dünyəviliyi ilə uyğunlaşmadığına diqqət çəkir. Bu mənada bu manifest, Fransızların dövlət ilə din arasında çəkməyə çalışdıqları sərhəd ilə uyumsuzdur. Bundan əlavə, fikrimcə, bu manifest yalnız Fransız dünyəviliyini deyil, Fransanın daxili dincliyini də təhdid edən xüsusiyyətdədir. Belə ki; heç bir Müsəlman bu çağırış ilə Qurandakı hər hansı bir ayəni etibarsız elan etməyəcək. Bunu əlbəttə imza sahibləri də bilir. Bununla bərabər manifestin əsl həmsöhbəti Müsəlmanlar deyil Fransız ictimaiyyətidir. Bu manifest ilə Fransızlara, gələcəkdə yaşanacaq antisemitik hücumlardan Quranın məsul olduğu mesajı verilir. Bu vəziyyət, antisemitizm ilə mübarizəyə dəstək vermək bir yana, Fransada artım göstərən İslamofobiyanı bəsləyəcək. Müsəlmanlar inancları səbəbiylə cəmiyyətdən xariclənəcəkdir. İşin pisi yanı İŞİD kimi terror təşkilatlarının arzuladığı tam da bu cür bir reaksiyadır. Təxminən 6 milyon müsəlmanın yaşadığı Fransada müsəlmanların əzici çoxluğu terrora və ya antisemitik hücumlara qatılmamışdır. İŞİD liderləri daha əvvəl etdikləri şərhlərdə bu çoxluğa çatmaq istədiklərini və onları sıralarına qatmaq istədiklərini ifadə etmişdirlər. Artan İslamofobiya, Fransada və Avropada yaşayan müsəlmanlara Qərbdə sevilmedikleri və xoş qarşılanmadıqları mesajını verərək daha çox gənci İŞİD kimi təşkilatların qucağına itəcək. Nəticədə bu cür şərhlər və onların inşa etdiyi zehinlər, həm İslamofobiyanı həm terroru həm də antisemitizmi bəsləyəcəkdir.

Son olaraq, Fransanın köhnə Prezidenti Nicolas Sarkozi, köhnə baş nazirlərdən Manuel Valls və bir çox dövlət adamının bu provokativ mətnə imza atmaqdan çox daha təsirli addımlar ata biləcəklərini xatırlatmaq gərək. Məsələn bu isimlər Fransada antisemitizmə və ümumi olaraq irqçiliyə zəmin hazırlayan siyasi və ictimai şərtlər üzərində islahat keçirmək üçün daha çox çalışa bilərlərdi.Anti-Defamation Leaguenin 2012-ci ildə etdiyi əhatəli anket, Fransada antisemitik meyllərin yalnız Müsəlmanlar arasında görülmədiyini isbat etməyə kifayətdir. Fransız əhalisinin 45% -i Fransız Yəhudilərin İsrailə olan sədaqətinin Fransaya olandan daha çox olduğuna inanmaqdadır. Yenə 35% Yəhudilərin iş həyatında gərəyindən çox güclü olduğunu düşünməkdədir. Fransa əhalisinin 9%-dan azının Müsəlman olduğu düşünülsə antisemitizmin Fransız cəmiyyətinin ümumisinə yayılmış bir xəstəlik olduğu görüləcək. Şübhəsiz, İsrail-Fələstin problemini həll etmək üçün gerçəkçi politikalar ortaya qoymaq, Fransız cəmiyyəti içindəki ictimai bərabərsizliyi azaltmaq, xüsusilə şəhərətrafı həyat şəraitinin yaxşılaşdırılması və Fransız həbsxanalarında islahat keçirib buralarda yaşanan radikallaşmanın önünə keçmək, antisemitizmle mübarizədə, Müsəlmanlara Quranda rədd etmələri lazım olan ayələri öyrətməkdən daha təsirli olacaq.

Eltun İsmayılov tərəfindən tərcümə olunmuşdur.

--

--