İnklusiv təhsil üzrə layihələr və dövlət strategiyası

İnkluziv Təhsil Hub
2 min readJan 10, 2022

--

İnklusiv təhsil strategiyasi ölkəmizdə inkişaf etməkdə olan və daima diqqət mərkəzində qalmağı bacaran müzakirə mövzularından biridir. Bu yönümdə çoxsaylı layihələr həyata keçirilməkdədir. Bu məqaləmizdə inkluziv təhsillə bağlı ölkəmizdə ən vacib və geniş yayılmış bir neçə layihələr barədə məlumat vermək və inklusiv təhsil üzrə mövcud dövlət strategiyasını nəzərinizə çatdırmaq istərdik.

Hal-hazırda ölkəmizdə sağlamlıq imkanlarında müəyyən məhdudiyyətlər olan uşaqların digər uşaqlarla birgə təhsilə cəlb olunması üçün “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” həyata keçirilməkdədir. Bu proqramının əsas vəzifələri sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün pillələri üzrə inklüziv təhsil hüququnu təmin etmək məqsədi ilə normativ hüquqi aktların təkmilləşdirilməsi; təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün tədbirlərin görülməsi; sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması; inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması; sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmə işinin aparılmasından ibarətdir.

Mövcud proqram çərçivəsində UNİCEF tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi əsasında Təhsil Nazirliyi ilə əməkdaşlıq şəklində “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inkluziv keyfiyyətli təhsilin genişləndirilməsi” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi sağlamlıq məhdudiyyəti olan uşaqların ümumtəhsil məktəblərində keyfiyyətli inklüziv təhsil alması üçün əlverişli mühitin yaradılması, o cümlədən kadr hazırlığı və əlilliyi olan uşaqların inkluziv təhsilə cəlb olunması üçün cəmiyyətdə müsbət münasibətlərin dəstəklənməsidir. Layihə 7 müxtəlif şəhərlərdə: Bakı, Sumqayıt, Şəki, Quba, Gəncə, Ağcabədi və Qazaxda icra edilir.

İnklusiv təhsil sahəsində həyata keçirilən və ən vacib hesab edilən layihələrdən digər bir layihə Təhsil Nazirliyi ilə UNİCEF-in birgə əməkdaşlığı çərçivəsində 2015–2016-cı tədris ilindən 18 yaşınadək uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə icrasına başlanılmış “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsidir. Layihə hazırda Bakı şəhərində yerləşən dörd eksperimental məktəbdə: 220 nömrəli məktəb-lisey, 138, 252 və 202 nömrəli tam orta məktəblərdə icra olunmaqdadır.

Ölkəmizdə inklusiv təhsilin inkişafına güclü şəkildə təsir etmiş layihələrdən biri Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsidir. Layihə müəllimlərin inkluziv təhsil sahəsində tədris imkanlarının və pedaqoji bacarıqlarının inkişafı məqsədilə 2018- 2020-ci illəri əhatə edərək Bakı şəhəri, Quba, Şəki, Cəlilabad, Ağcabədi və Şamaxı rayonlarında həyata keçirilib. Layihə çərçivəsində inklüziv təhsil üzrə tədris proqramı və materiallarının təkmilləşdirilməsi, müəllim inklusiv təhsil sahəsində bilik və bacarıqlarının artırılması, onlar üçün lazimi resursların yaradılması, inklüziv təhsil üzrə siyasətin təkmilləşdirilməsi və ictimai maarifləndirmə tədbirlərinin təşkili üzrə təlimlər keçirilib.

--

--