İnkluziv təhsildə hüquqi aspektlər

İnkluziv Təhsil Hub
2 min readJan 11, 2022

İnkluziv təhsil fiziki qabiliyyətindən, mental bacarıqlarından, etnik mənşəyindən və digər faktorlardan asılı olmayaraq bütün uşaqların təhsil almaq hüququna əsaslanır. Dünyada, o cümlədən, Azərbaycanda inkluziv təhsili təmin edən bəzi beynəlxalq konvensiyalar və milli qanunvericilik çərçivələri vardır.

· İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, 1948

· BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, 1989

· Azərbaycan Respublikasının Konstitusiyası, 1995

· BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, 2006

· “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, 2009

· “2018–2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı

Beynəlxalq konvensiyaların məqsədi bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər şəkildə həyata keçirilməsini müdafiə etməkdir. Əlilliyi olan uşaqların əsas insan hüquqlarından biri digər uşaqlarla birlikdə keyfiyyətli inkluziv təhsil almaqdır. (Dr Peter Grimes, 2009)

Təhsil sahəsi istisnasız olaraq bütün uşaqların və böyüklərin akademik və ictimai həyatda bərabərhüquqlu iştirakını təmin etməlidir. Təhsil mühitinə inklüziv yanaşma zamanı ümumilikdə məktəbin şagirdləri və onların valideynləri sağlamlıq imkanları məhdud uşaqları cəmiyyətin üzvü kimi qəbul etməyə başlayırlar. Inkluziv təhsildə xüsusi məktəblərdən fərqli olaraq sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətdən təcrid olunmurlar və hər bir uşaq bərabər təhsil alır. İnkluziv təhsil fərdlərin təhsildə müxtəlif ehtiyaclara malik olduqlarını qəbul edir və bu ehtiyacların təmin olunması üçün daha səmərəli yanaşmalar hazırlanır.

İnkluziv təhsilin prinsipləri

1.İnsanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyildir;

2.Hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir;

3.Hər kəs ünsiyyət hüququna malikdir və o dinlənilməlidir;

4.Bütün insanlar bir-birinə lazımdır;

5.Həqiqi təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər;

6.Bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır;

7.Bütün şagirdlərin inkişafı onların bilik və bacarıqlarından asılıdır;

8.İnsanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2 ci maddəsinə əsasən hər bir insan irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır.

--

--