Qərb fəlsəfəsinin banilərindən biri hesab edilən Sokrat yer üzündə ən müdrik insan adlandırıldığına baxmayaraq, Sokrat bu fikir ilə razılaşmamış və hamının çox yaxşı bildiyi aforizmi səsləndirmişdir :

“Onu bilirəm ki, heç nə bilmirəm”.

Lakin, yer üzündə ən ağıllı insanın heçnə bilməməsi nə dərəcədə mümkündür? Sokratın paradoksal sitatı mənə çox təsir etdiyindən bu hikməti öz həyat strategiyamda da tətbiq edəcəyimə qərar verdim.

Zənnimcə, Sokratın hikmətli kəlməsi insanın nə dərəcədə savadlı olmasından asılı olmayaraq, yenə də heç nə bilməməsi mənasını kəsb edir. Çünki insan həyatı boyu başqalarından öyrənir, ətrafdan biliklər əldə edir.

Düşünürəm ki, digərlərinin səhvləri üzərində öyrənmək hər birimiz üçün öz səhvlərimiz üzərində öyrənmək ilə müqayisədə üstünlük təşkil edir.

Bunları nəzərə alaraq, mən müxtəlif insanlardan və kitablardan öyrəndiyim ən mühüm qaydaları sizlərlə də bölüşmək istərdim. Bəzi qaydaları başqalarından öyrənmək mənim vaxtımı çox aparsa da, onları təkbaşına öyrənmək daha da çox zaman tələb edərdi.

Başqalarından öyrəndiyim həyat haqqında 25 qayda:

  1. Mübarizə aparın.
    “Mən bunu bacarmaram!” sözlərini “Mən hazıram!” sözləri ilə hər zaman əvəz edin.
  2. Şikayət etməyin
    Şikayət etmək ən böyük zaman itkisidir. Bir işin öhdəsindən gələ bilirsinizsə onu axıra gədər çatdırmaq, bacara bilmədiyiniz halda isə sadəcə susmaq yaxşıdır.
  3. Vaxtınızı sevdiyiniz insanlar ilə keçirin.
    Bunlar sizin ailəniz və ya yaxın dostlarınız ola bilər. Ailəniz yoxdursa, onu özünüz də qura bilərsiniz. İnsanların əksəriyyəti həyatınıza yalnız qonaq kimi gəlirlər. Ailə isə həmişəlikdir.
  4. Münasibətlərinizi məhəbbət hissi olmadan başlamayın.
    Mən dəfələrlə münasibətlərimi sevgi hissi olmadan başladığım üçün peşmanam. Təəssüf ki, bəzi insanlar münasibətlərini sadəcə simpatiya hissi üzərində qururlar. Lakin, bu sevgi deyil. İnsan ya dərhal aşiq olur, ya da yox. Aşiq olmadığınız halda münasibət qurursunuzsa, özünüzü və qarşı tərəfi aldatmış olursunuz. Bu isə hər ikinizə qarşı ədalətsizdir.
  5. Hər gün idman ilə məşğul olun.
    Bunu son zamanlar daha da yaxşı dərk etmişəm. Sağlam bədənə nail olmaq çox önəmlidir. Əgər siz sağlam və güclü bədənə nail ola bilmirsinizsə, hesab edin ki, heç nəyə nail ola bilmərsiniz.
  6. Gündəlik tutun.
    Gündəlik tutmaq yalnız uşaqların fəaliyyəti deyil. Gündəlik tutmaq sizin düşünmə və yazı qabiliyyətlərinizi daha da inkişaf etdirə bilər. “Amma mən yazıçı olmaq arzusunda deyiləm” deyə düşünə bilərsiniz. O zaman gün ərzində nə qədər məktub yazdığınızı və göndərdiyinizi yadınıza salın: fikrimcə gündəlik saxlamaqdan heç də fərqlənmir.
  7. Minnətdar olun.
    “Bu gözəl günə görə təşəkkürlər”, “Məktubunuza görə təşəkkür edirəm” və bu kimi ifadələr istifadə etməklə hər kəsə öz minnətdarlığınızı bildirin.
  8. Başqalarının sizin haqqınızda nə düşündüklərini unudun.
    Həyat əbədi deyil. Siz həqiqətən də başqalarının sizin haqqınızda düşündüklərindən narahatsınızmı?!
  9. Risk edin.
    Qorxaq olmayın!
  10. Peşə yox, sahə seçin.
    Hər hansı bir peşə üzrə mütəxəssis olmaq üçün illər boyu çalışmaq lazımdır. Tez-tez sahə dəyişmək isə buna maneçilik törədir. Ona görə də sevdiyiniz bir sahəni seçib əvvəldən başlamağınızı məsləhət görərdim. Sonunda seçdiyiniz sahə üzrə özünüzə uyğun bir peşə də tapacaqsınız.
  11. Lider olun
    Hər kəsin bir-birinə baxdığı xaotik bir vəziyyətdə özünüzü tapdığınız zaman dərhal liderliyi üzərinizə götürün. İnsan kiminsə təşəbbüsü nəticəsində yox, yalnız özü qərar verdiyi andan etibarən lider olur.
  12. Pul önəmli deyil
    İnanın ki, pul həqiqətən də vacib deyil. Çalışın pul barədə narahat olmayın. Hər hansı bir əşyadan özünüzü asılı etməyin, əks halda, siz əşya üzərində yox, əşya sizin üzərinizdə sahiblik edəcək.
  13. Mehriban olun
    Mehriban olmaq hər kəs ilə razılaşmaq demək deyil. İnsanları təhqir etməmək və ya özünüzü onlardan üstün hesab etməmək mehriban olmaq üçün kifayətdir.
  14. Hər gün yeni bir məlumat əldə edin.
    Beynin inkişafı üçün onun daimi təlimi lazımdır. Lakin şərt deyil ki siz hər gün yeni bir kitab oxuyasınız. İnsan yeni bir məlumatı öz səhvləri üzərində də əldə edə bilər. Ətrafdakılarınızın təcrübəsindən yeni bir məlumat əldə etməkdən çəkinməyin.
  15. İstirahət üçün vaxt ayırın
    Peşəniz və ya gördüyünüz işi nə dərəcədə sevdiyinizdən asılı olmayaraq dincəlmək üçün də vaxt ayırın. Unutmayın ki siz robot yox, insansınız.
  16. Heç vaxt tənqid etməyin.
    Başqalarının seçimi sizin seçiminiz ilə üst-üstə düşmədiyi halda sizin onları tənqid etmək hüququnuz yoxdur. Insanların həyat tərzi və seçimləri arxasında müxtəlif səbəblər ola bilər. Başqalarını tənqid etməkdənsə, onlara yardım edin.
  17. Başqaları haqqında da düşünün.
    Hər məsələyə eqoist düşüncəsi ilə yanaşmayın. Hər kəsin sizin kimi öz ailəsi, borcları və digər problemləri var. Daha düşüncəli olun.
  18. Əvəzində heçnə gözləmədən yaxşılıq edin.
    Yaxşılığı yalnız əvəzində nəsə əldə etmək səbəbinə edirsinizsə, getdikcə tamahkar bir insana çevrilə bilərsiniz. Köməyinizin qarşılığlı olub olmamasından asılı olmayaraq, digərlərinə yaxşılıq etmək sizə ancaq sevinc hissi bəxş etdirməlidir.
  19. Həyat sonu olmayan bir oyundur.
    Həyat haqqında çox düşünüb özünüzü yormağa ehtiyac yoxdur. Sadəcə həyat səyahətinizdən zövq alın.
  20. Kiçik şeylərdən zövq alın.
    Bu kəlmə nə qədər şablon səslənsə də, mən şablonları sevirəm. İnsanlar hər zaman daha da böyük məsələlərin dalınca qaçarkən, kiçik şeylərdən zövq almağı unudurlar.
  21. Özünüzü çox ciddiyə almayın.
    Bəli, bəli, başa düşürəm ki, siz bir şəxsiyyətsiniz və insanlar sizə qarşı ciddi olmalıdırlar. Lakin, sonunda hamımız oxşar məqsədlərin dalınca qaçan bir qarışqalara bənzəyirik.
  22. İnsanları günahlandırmayın
    Siz hansı nöqteyi-nəzərdən insanları nədəsə günahlandırırsınız? İnanmıram ki, günahlandırarkən məqsədiniz onları cəzalandırmaq olsun. Başqalarından əlavə, özünüzü də günahlandırmayın, hamımız insanıq.
  23. Yaradıcılıq ilə məşğul olun.
    Məsələn, siz musiqi bəstələyə, kitab yaza, və ya hansısa əşyanı inşa edə bilərsiniz. Belə növ yaradıcılıq fəaliyyətləri ilə məşğul olarkən özünüz ilə fəxr etməkdən əlavə, ətrafa da faydalı bir material təqdim edəcəyinizə əmin ola bilərsiniz.
  24. Keçmişinizi mümkün qədər unudun.
    Yalnız ibrət götürmək məqsədi ilə keçmişinizi yada sala bilərsiniz.
  25. Işsiz qalmayın.
    Asudə vaxtınızı səmərəsiz sərf etməyin. Hərəkət etməsəniz nəticə də əldə etmək olmaz. Atalar demiş, bir buğda əkməsən, min buğda biçməzsən.

Son olaraq qeyd etmək istərdim ki, siz, təbii ki, geniş biliklərə nail ola bilərsiniz. Lakin buna baxmayaraq nə siz, nə də mən Sokrat kimi yenə də heçnə bilməyəcəyik. Buna görə də hər zaman inkişaf etməyi unutmayaq.

Bu məqalə ilk dəfə Flip.az saytında nəşr olunmuşdur.