4NOV coin nədir?

Hələ uzaq 2013-cü ildə ilk dəfə Bitcoin və Blockchain haqqında eşidəndə, ağlıma ilk gələn fikir, o zaman işlədiyimiz MultiBon cashback sistemini blockchain-ə keçirib, cashback-i coin halına salmaq idi. Lakin, istər blockchaini tam anlamamağım, istərsə də cashback-i coin ilə necə əvəz edəcəyimi bilmədiyimdən, məsələ uzandı.

Cavabı isə 2015-ci ildə tapdım və o zamandan bu ideyanı beynimdə təkmilləşdirərək, nəhayət 2017-ci ilə gəlib çatdıq. Dostlarımızın #4noyabr adlı marketing tədbiri ilə əlaqədar, təklif etdim ki, uğurlu marketinq kampaniyasının şərəfinə bu tarixə bağlı coin yaradaq və yaratdım (necə yaratdığımı isə gələcək yazılarımda bölüşəcəyəm).

Yəqin ki, coin adının 4NOV olmasının haradan qaynaqlandığını artıq bilirsiniz. Təbii ki, 4 noyabr tarixinin ingilis dilli abreviaturasıdır. Digər maraqlı fakt isə ondan ibarətdir ki, 4NOV adlı tokenlərin toplam sayı 4.112.017 ədəddir (4 noyabr 2017). Tokenlər Waves platforması üzərində yaradılıb və hal-hazırda həmin platforma üzərindən əldə edərək, cüzdanda saxlamaq olar.

Dərhal onu qeyd edim ki, 4NOV coin nə hər hansı bir pul valyutasını əvəz etmək, nə də yeni virtual valyuta yaratmaq məqsədi güdmür. Hətta pul köçürtmələri məqsədi ilə də istifadəsi nəzərdə tutulmayıb. 4NOV coin blockchain əsaslı virtual kupon rolundan çıxış edir. Qısaca desək, siz bu coin ilə hər hansı bir məhsul və ya xidmət ala bilməzsiniz, ancaq həmin məhsul və xidmətə görə endirim, xüsusi təklif və ya bonus hədiyyə əldə etmək istəsəniz, 4NOV coin-i təqdim etməli olacaqsınız. Daha aydın olsun deyə, gəlin misallar üzərində izah edim;

  • Ananas store 30%-lik endirim kampaniyası keçirir. Lakin, endirimi əldə etmək üçün 4NOV coin təqdim edilməlidir. Endirimi əldə etmək üçün neçə coin təqdim olunması da şirkət tərəfindən təyin edilə bilinər. Təbii bu hal ilkin dövrdə tətbiq oluna bilinər. Əgər coin müəyyən dövrdən sonra hər hansı bir dəyərə minərsə və bu dəyər verilən endirimdən qat-qat yüksək olarsa, o zaman təbii fərqli mexanizmlər işə düşərək endirim aksiyasını tənzimləyəcək. Birinci halda isə gəlin misalı hal-hazırda mobil operatorların tətbiq etdikləri sms göndər, kod al, təqdim et endirim əldə et məntiqini əvəz edir.
  • Opera mebel şirkəti xüsusi aksiya keçirərək, xüsusi kredit şərtləri ilə mebel satışını təşkil edir. Lakin, bu imkandan yararalanmaq üçün 4NOV coin tələb edir. Aksiyada iştirak etmək istəyən token ödəyərək, aksiyadan yararlana bilər. Bu zaman 4NOV coin kredit qarşılığında deyil, həmin kreditdən yararlanmaq imkanı üçün istifadə oluna bilər.
  • SunShine coffee təklif edir ki, 10 əd 4NOV coin qarşılığında 1 ədəd hədiyyə kofe verir. Hal-hazırda eyni aksiyanı kofe və fast food müəssisələri xüsusi kartlar ilə edirlər. Hər dəfə onlardan nə isə alanda kartınızı təqdim etdikdə onu ya deşir, ya da möhür vururlar. 4NOV ilə isə buna ehtiyyac yoxdur. Kofe evi hər alış zamanı sizə bir əd. 4NOV coin verə, siz isə 10 əd coin təqdim etdikdə, sizin hədiyyə kofenizi təqdim edə bilər.

Yuxarıda qeyd olunanlar 4NOV coin-in sadə istifadə sahələri və metodlarıdır. Coindən həmçinin tədbirlərə bilet, kitab satışı, sosial şəbəkədə müsabiqələr və s. üçün istifadə oluna bilinər.

Hal-hazırda 4NOV coin ilkin versiyadadır və daha geniş imkanları haqqında məlumatı ardıcıl olaraq çatdıracağam. Növbədə isə saytın açılması və texniki dəstəyin verilməsidir. Onu da qeyd edim ki, artıq bir neçə partnyor ilə ilkin razılıq əldə olunub və siyahının genişləndirilməsi üzərində çalışılacaq.

Like what you read? Give Orkhan Ahmad a round of applause.

From a quick cheer to a standing ovation, clap to show how much you enjoyed this story.