Azərbaycan Startaplarının 9 problemi

Azərbaycanda son bir neçə ildə startap qurmaq trend olub, startap toplantılar, müsabiqələr, startapçılar və s. yaman moda miniblər. Ancaq, bu qədər hay-küy qarşılığında heç də istənilən nəticələr yoxdur. Düzdür, bu yeni bir biznes modelidir və özünü tutması üçün zamana ehtiyyac var. Lakin, bir var bu zamanı düzgü istifadə edib, nəticəni daha tez əldə etmək, bir də var daşa-divara dəyə-dəyə axırda nə isə bir nəticəyə gəlmək. Aşağıda, şəxsən mənə görə bizim startap ekosisteminin inkişafına maneçilik törədən və şəxsi təcrübəmlə yanaşı, demək olar ki, hər gün üzləşdiyim problemləri qeyd etmişəm. İnanıram ki, bu problemləri düzgün həll etməyi bacarsaq, inkişaf daha da sürətli olacaq.


  1. Hazırlanan məhsuldan istifadə etmək istəmirlər

Qəribə də olsa, istənilən yeni texnoloji startap quran iş adamından soruşsan ki, işlər necə gedir? Yaxşıdır deyib, ardından başlayacaqlar istifadəçilərin startapın məhsulundan istifadə etməməsindən şikayət etməyə. Razıyam ki, bir çox ideyalar ya bizim bazar üçün deyil, ya da hələ zamanı deyil. Bunu bilmək üçün isə gərək test edəsən, yoxlayasan, bu bazarın tələbatına uyğunlaşdırasan. Edə bilməsən təbii şirkət öləcək.

Digər tərəfdən bəlkə sən heç öz müştərini tanımırsan, bəlkə ona özünü düzgün tanıtmırsan, bəlkə müştərilərin səndən xəbərsizdilər???

Bircə onu bilirəm ki, bizim müştəri qəliz müştəridir və uzun müddətdən sonra bu qənaətə gəldim ki, Azərbaycan müştərisinə surrealistik, əl ilə toxuna bilməyəcəyi startap maraqlı deyil. Bizim müştəriyə onun gündəlik istifadə etdiyi, bir göz qırpımında tanıyacağı malı, daha sadə və rahat yol ilə əldə etmək imkanını vermək lazımdır.

Hə, birdə bizim müştərilər nədənsə internetdə hər hansı bir mal və ya xidmətə pul vermək istəmirlər. Çoxları elə bilir ki, internetdə pul xərcləmək qalsın bir yana, internet pul verməlidir. Çox güman ki, pulsuz MP3-lərə görədir.


2. Özüm edərəm

Min bir əziyyət çəkib, gecə-gündüz çalışıb, milyon sətirlərlə kod yazıb, ideyanı real məhsula çevirib, bəzəyib düzəyirsən və gedirsən şirkətlərə partnyorluq təklifi etməyə. Qulaq asırlar, asırlar, axırda da — özümüz edərik deyib imtina edirlər. Ən əsəbləşdiyim haldır, belə bir söz deyənə, isəyirəm stolun üstündə olan nəyisə götürüb … fuuu nə isə… öyrəşmişik. Buna görə də özümüz edərik, sözü deyirlərsə, başa düşün ki onlarla iş görməyə dəyməz. Möcüzə olsa və çaşıb birdən iş görsəniz, bilin ki sizin startapın axırına çıxacaqlar. Buna görə də başqa partnyor axarmaq lazımdır. Özləri eləyənlər isə gedib özləri etsinlər, eləsələr əgər.


3. İT mütəxəssis problemi

Bəli bu həqiqətən də problemdir. Üstəlik bir yox bir neçə səviyyəli problemdir. Birincisi, təhsil ocaqları bazara lazım olan İT mütəxəssis hazırlamır və yaxın bir neçə ildə də hazırlamayacaq. İkincisi, mütəxəssislərin qıtlığı, onların dəyərlərinin artamasına səbəb olur. Üçüncüsü də, çox az İT mütəxəssis pulsuz, yalnız ideyaya inanaraq sizin startapda olmaq istəyir. Mən şükürlüyəm deyə bilərəm, ancaq buna baxmayaraq hər həftə, mənimlə işləyən proqramçı və developerlərə motivasiya dərsləri keçirəm. Hələki, inandıra bilirəm.


4. İnvestor qıtlığı

Soruşsam ki, neçə Vençur şirkətini və ya Biznes mələk tanıyırsınız, maksimum 2–3 şirkət adı deyərsiniz. Bəli, qıtlıq var və hətta problemdir deyə bilərdim, ancaq digər tərəfdən gündə bir layihənin çıxaraq, hansısa day-daydan pul aldığını eşidirəm. Onda mən niyə həmin day-dayları görmürəm? Pul olan insanlar təbii var, ancaq onlar yeni texnoloji, internet bizneslərə inanmırlar, bəzən isə başa düşmürlər. Olan investorlar isə, şirkətlərə açıq maraq göstərmirlər və yaxud maraq dairələri geniş deyil, yatırımları kiçikdir, startapın böyüməsindən çox, dərhal pul qazanmasını istəyirlər. Təbii hamı belə deyil, ancaq ümumi götürəndə olanımız budur.


5. Satışın düzgün qurulmaması

Mən 100% olmasa da, 99% əminəm ki bir çox startapın satış və marketinqi ümumiyyətlə qurulmayıb. Çoxu elə bilir ki, saytı qurdum, facebookda reklam elədim vəssalam müştərilər özləri tökülüşüb gələcək. Amma gəlmirlər, nəticədə də startap sahibi 1-ci səbəbi irəli gətirərək küçədəki svetoforların işləməməsindən tutmuş, internetin sürətinin zəif olmasına qədər hər şeyi lənətləyirlər. Nə gizlədim, mən özüm də hərdən belə oluram.


6. Müştərini anlamamaq

Sözün düzü mən özüm belə bizim müştəriləri və ya istifadəçiləri anlamıram. Fikir vermisinizsə, bərbad, pis gündə dizaynı olan, hər yerdən nəsə “pırtdayıb” çıxan, flash bannerlərlə dolu saytlar, sadə və “minimalist” dizaynlı saytlara nisbətən daha populyardılar. Yəni sayt nə qədər qarmaqarışıq olsa, onun trafiki bir o qədər yüksəkdir. Şəxsən mənə görə, səbəb odur ki, bizim internet istifadəçiləri nə axtardıqlarını heç özləri də bilmirlər. Buna görə də bütün sistemi saytın mərkəzində bir cümlə ilə yazanda, onu oxuyub yenə nə isə axtarırlar amma tapmayanda müştəriniz olmadan çıxıb gedirlər. Ancaq, saytınız balaxanı zibilliyini xatırladırsa, orda bir o qədər çox oturacaqlar, çünki hər göz qırpımında istifadəçinin gözünə nə isə dəyəcək və maraqlı olmasa da, maraq xətrinə klik edib baxacaq görsün nədir.

Sizin startap istifadəçinin müştərinizə çevrilməsi nəticəsində qazanacaqsa, yuxarıdakı səbəbdən bir çox müştərinizi itirəcəksiniz. İkinci tip layihələr isə, pulu müştəridən deyil, yalnız reklamdan qazandıqlarından yanaşma da fərqlidir. Nəticədə, istifadəçi pul xərcləmək istəmir, sizin startap pul qazanmır, pul qazanmayan startap investora maraqlı olmur, investor marağı olmayan yerdə investisiya olmur və və və….


7. Nə iş gördüyünü bilməmək.

Yuxarıda verilmiş səbəbləri həll etmək mümkün olsa da, bu səbəbi həll etmək qəlizdir. Gündə o qədər adam mənə yazıb ideyası ilə paylaşır ki, ilk eşidəndə şoka düşürəm. Yəni necə oldu ki, sən ümumiyyətə bu fikrə gəldin? Bu yaxınlarda bir cavan dostumuz mənə şəxsi mesaj yazaraq Cloud xidmət qurmaq istədiyini bildirdi və hər hansı bir məsləhət istədi. Sonra məlum oldu ki, bu dostumuz hardansa Cloud eşidib, ancaq hardan başlıyıb, hardan bitdiyini də bilmir. Mən özüm də bulud texnologiyalar mövzusunda profi deyiləm, yalnız istifadəçi səviyyəsində məlumatım var. Ancaq tək bu olsa idi, dərd yarı. Dostumuz ümumiyyətlə heç İT mütəxəssisi də deyildi, özünə proqramçı axtarırdı ki, onlar bu ideyanı reallaşdırsınlar.

İnciməyin dostlar, ancaq elə hamı startap edir, gəlin bizdə edək deməklə iş qurmaq olmaz. Sizin startap hər hansı bir mövcud problem həll etməlidir. Hətta bu da yetmir. Birinci araşdırın görün, bu problem həll edən varmı, varsa necə həll edir?! Hə görsəniz ki, artıq həll edirlər və sizin təklif etdiyiniz metod mövcud olandan elə də fərqlənmir, onda başqa problem araşdırın. Yox daha yaxşısını edə biləcəyinizə inanır, edə biləcəyinizə əminsinizsə, onda buyurun.


8. Problemi həll etmək deyil, sadəcə ideyaya görə startup qurmaq istəyi

Yuxarıda dediyim kimi, bir çoxları mövcud olan problem deyil, sadəcə məndə palaza bürünüm, el ilə sürünüm məntiqilə startap qurmaq istəyirlər. Amma, deməklə deyil bu cür yanaşma hər zaman mövcud olacaq. Nəticədə isə uğursuz startaplar qat-qat çox olacaq, ciddi iş adamları isə startap sözü eşidəndə universitet tələbələrinin ev tapşırığı etdiyini düşünərək, geri çəkiləcəklər. Sonra da mənim kimi, birisi çıxıb deyəcək ki, investor qıtlığı var…


9. Startup quranların biznes anlayışı

Bəlkə də sizdə yuxarıda yazılan 8 səbəbdən heç birinin sizə aid olmadığını düşünürsünüz. Ancaq, bu səbəb demək olar ki, səbəblərin anasıdır. Mən özüm də bu cür düşünmüşəm, boynuma alıram. Ancaq, vaxtında ayıldım və başa düşdüm ki, bu səhv düşüncədir. Məsələ isə odur ki, bir çoxları startapa biznes gözü ilə baxmırlar. Yəni, biznes dedikdə klassik alqı-satqı, pul qazanmaq başa düşülürsə, startap dedikdə — bir sayt quracayıq, 100 min investisiya alacayıq, hamısını reklama buraxıb trafik yığacayıq. Ondan sonra da Facebook, ya da Google gəlib bizi alacaq. Biz də milyarder olmasaq da, milyoner olacayıq.

Sizi məyus edəcəyəm, ancaq bu məqsədlə startap quracaqsınızsa, facebook qalsın bir yana, heç məhlədəki tumsatan belə sizdən heç nə almayacaq. Startap ilk növbədə biznesdir və sizin məqsədiniz ən qısa zamanda onu gəlirli biznesə çevirməkdir. Klassik biznesdən fərqi odur ki, tutalım siz pizza bişirib satmaq qərarına gəlsəniz, sadəcə yer götürüb, ingrediyentləri alıb, bişirib, reklam edib, satmalısınız. Pizzanız dadlı olsa işiniz yaxşı gedəcək, heç kəsin xoşuna gəlməsə bağlayacaqsınız. Startap isə Pizza istehsalından tutmuş, satış modelinə kimi klassik yanaşmadan fərqli yanaşma tətbiq edərək, satışları minimum xərclərlə, ən qısa zamanda maksimuma qaldırmaq məqsədi güdür. Burada məqsəd pizza satmaq deyil, pizzanı ən rahat yolla satmağın, ən uyğun yolunu tapmaqdır. Nəhayət siz yeni yanaşmanı tapıb satışlarınızı qaydasına qoysanız, siz də startaplıqdan çıxıb, biznes quracaqsınız. Mark-da yolunu azıb, sizin pizza restoranın yanından keçəndə, yeyib bəyənsə bəlkə də sizi alar.

Bax belə, bu mənim şəxsi düşüncələrimdir. İnanıram ki, sizin də qarşılaşdığınız fərqli problemlər və səbəblər var. Uğurlar hər kəsə.