Clubshop.az təcrübəmiz

Keçmişdə qurduğum layihələr haqqında öz təcrübəmi yəni, həm ideya, həm onun reallaşdırılması, həm də üzləşdiyimiz problemlər haqqında paylaşmaq istərdim. Ümid edirəm ki, təcrübəm kimlər üçünsə öz işlərində faydalı olar.

İlk olaraq özümün 2011–2012-ci illər arasında Vaqif Abbasov (Manads) ilə qurduğumuz ClubShop.az — onlayn supermarket layihəsi haqqında, səhvlər və təkliflər ilə paylaşacağam.

İdeya hardan yarandı?

Vaqif ilə tanış olduğumda Nərimanov metrosu yaxınlığında kiçik bir ərzaq dükanı var idi. O vaxtı onun şəriki olan Rizvan ilə məni görüşə dəvət edərək, ərzaq ilə bağlı e-ticarət və şəbəkəli marketinqin birləşməsindən ibarət bir sistem qurmağı təklif etdilər. Mən isə o zaman endirim kartları ilə bağlı bir layihə qurmağı təklif etsəm də, bu sahədə təcrübəmizin olmamasından və üstəlik də hazır ərzaq dükanı olduğundan ilk təklif üzərində işləməyə qərar verdik. Sonradan Rizvan başqa işlər ilə əlaqədar bizdən ayrıldı və yeni layihəni ikimiz davam etdik.

Adı üzərində çox fikirləşdik və ilk olaraq Vaqifin o zaman sahibi olduğu alisveris.az domaini ilə işləməyə qərar versək də, ürəyimizcə deyildi. Günlərin birində illik abunə haqqı ödəyərək, il boyu səyahətləri maya dəyərinə satan xarici bir şirkət ilə tanış olduqda, ağlımıza ideya gəldi. Müştərilərimiz aylıq abunə haqqı ödəməklə bütün ərzaq məhsullarını öz maya dəyərinə ala bilərlər və nəticədə bu onlara çox ucuz başa gələcək. Buradan da ClubShop adı ağlımıza gəldi və işə başladıq.

Bizə görə nə üçün layihə uğurlu olmalı idi?

Başlamaq üçün artıq adımız, kiçik ərzaq dükanımız və 2 kiçik yük maşınımız da var idi. Onlayn supermarket və ümumiyyətlə e-ticarət ilə məşğul olmaq istəyənlərin hamısının ağlına ilk öncə bunlar gəlir:

  • Adam evdə oturur, istədiyini sifariş edir, ayağına gətirirlər.
  • Böyük anbara ehtiyyac yoxdur.
  • İşçi sayı minimum, yer pulu az olacaq.
  • Göydən başımıza pul yağacaq və bir ildən sonra milyoner olacayıq.

Amma təəssüflər olsun ki, realda işlər heç də təsəvvür etdiyimiz kimi deyil.

Problemlər nədir?

Problemləri sıralamamışdan öncə onu qeyd edim ki, clubshop layihəsini öz gücümüzə maliyələşdirir və toplam 3 nəfər olaraq layihə üzərində işləyirdik. Buna görə də reklam xərclərimiz demək olar ki minimum, yayılmağımız isə birbaşa satış və tanışlıqlar hesabına olurdu. Bir çox insan dərhal deyəcək ki, pul buraxmayıbsınız ona görə iş getməyib, məndə bu saat 100 min olsa bazarı partladaram və s. Realda isə bu növ layihənin inkişaf etməsinin qarşısını alan səbəblərin demək olar ki, heç biri bir-başa pul və reklama bağlı deyildi.

  • Birinci problem odur ki, 3 il əvvəl olduğu kimi hal-hazırda da bizim müştərilər internetdən nə isə sifariş etməkdən hələ də çəkinir və ya çətinlik çəkirlər.
  • İkincisi odur ki, böyük seçim imkanı verən supermarketlərin özləri belə Azərbaycanda son bir neçə ildə əmələ gəldiyindən, insanlar burada gəzməyi, seçməyi, alacağı mallara toxunmağı, özünü göstərməyi və s.dən zövq alırlar. Buna görə də eyni malları onlayn sifariş etmək elə də cəlb edici görünmür.
  • Həm onlayn ödəmə sistemlərindəki boşluqlar, həm də insanların onlayn ödəmələrdən az istifadə etməsi digər bir faktordu. Düzdü GoldenPay, AzəriCard, Milliön, eManat kimi ödəmə sistemləri olduğu yerdə problemin olmamasını düşünürsünüzdə, yanılırsınız. Bu sistemlər ilə inteqrasiya ən azı 1 ay çəkir. Müqayisə üçün deyə bilərəm ki, PayPal sistemində qeydiyyatdan keçərək, ödəmələri qəbul etməyə başlamaq prosesi maksimum 1 saat vaxtınızı alacaq.
  • Kiçik anbarda bütün müştərilərin, tam istəklərinə uyğun malları toplamaq mümkün deyil. Buna görə də limitli assortimentlə işləməli olursan. Bundan əlavə hər zaman bütün mallar olmaya bilər.
  • Üst problemin qarşısını almaq üçün ya böyük anbara, ya da supermarketlər şəbəkəsinin biri ilə müqavilə bağlayaraq işləmək olar. Ən yaxşısı isə özünün supermarket şəbəkəsinə sahib olmaqdır. Çünki, anbar saxladıqda onlayn sifarişlərin miqdarı ilə o böyüklükdə anbarı saxlamaq çətin və hətta mümkünsüzdür. Supermarket şəbəkəsi ilə əməkdaşlıq etdikdə isə marja çox azdır. Buna görə də, özün supermarket açıb, ona əlavə olaraq onlayn sifarişi də əlavə etmək olar. Ancaq bu zaman məlum olacaq ki, supermarketdən gələn gəlir, onlayndan daha çoxdur və onlaynı bağlamalı olacaqsan.
  • Bunlardan əlavə istər şəxsi, istər əməkdaşlıq etdiyin mağaza varsa, onlayn malların bazası ilə oflayn baza arasında sinxronlaşdırılmış bağlantının olması mütləqdir. Hesab edin, sizin oflayn anbarda ağ yumurta bitib, onlaynda isə varmış kimi göstərir. Müştəri sifariş edir və sizə məlum olur ki, bu maldan yoxdur. Tutalım bir malın olmamasını müştəri sizə bağışlaya bilər, ancaq olmayan mal-sayı və ya növü birdən çox olarsa, onda işlər elə də yaxşı getməyəcək.
  • Hər bir müştərinin öz sevdiyi brendi var və əgər o brenddən sizdə yoxdursa, çox güman ki sifariş olmayacaq. Bəzən elə olur ki, bir brendi yalnız bir müştəri sifariş edir, bu isə biznes baxımından heç də sərfəli deyil.
  • Çatdırılma … oooo bu təmamilə yeni bir mövzudur. Şəhərimizin axşam 6-dan sonrakı yollarda olan vəziyyəti ilə hər kəs tanışdır. Bizə daxil olan sifarişlərin isə demək olar ki, 90%-i axşam 6-dan sonra çatdırılmasını istəyirdi. Çünki, hamı bu vaxtı işdən evə gedirdi. Yollardakı vəziyyət isə bəzən sifarişlərimizin ən azı 3–4 saat gec çatıdırlmasına səbəb olurdu. İllər keçməsinə baxmayaraq vəziyyət əvvəlki kimidir.
  • Nəyahət, nəzərdə tutduğumuz, aylıq abunə haqqı qarşılığında daha ucuz mal sifariş sistemi uğursuz oldu. Anladıq ki, bizim müştəri bu cür ekstravaqant yenilik üçün hələ yetişməyib.

İndi isə bu cür işə girişənlərin zərəri minimuma endirmək üçün nə edə biləcəkləri haqqında bəzi təkliflərimi qeyd edim:

  • İlk öncə onu qəbul edin ki, siz hamıya xidmət göstərə bilməyəcəksiniz. Buna səbəb həm çatdırılma arealının böyüklüyü, həm də vaxt qıtlığıdır.
  • Bir nöqtədən paylaşma gedirsə, çalışın yaxın radiusda xidmət göstərəsiniz. Yox əgər supermarketlər şəbəkəsi ilə bağlı işləyirsinizsə, çox saylı işçiyə ehtiyyacınız olacaq, bu isə öz növbəsində böyük xərclər deməkdir. Sinxronizasiyanı da unutmayın.
  • Hər kəsə eyni vaxtda xidmət etmək əvəzinə, müəyyən kateqoriya insanları seçərək, onlara xidmət etməyə çalışın. Bu günün çox hissəsini evdə keçirən və köməyə ehtiyyacı olan hamilə qadınlar, əlillər, yaşlı və xəstə insanlar ola bilər.
  • Bundan əlavə sırf şirkət və ofislərə xidmət göstərmək də, mümkündür. Düzdü bu bazarda artıq yerini tutmuş oyunçular var, ancaq siz startap olaraq daha çox imkanlar yarada bilərsiniz.
  • Saytınızı 10 minlərlə malla doldurmayın, hər növ maldan fikrimcə bir ucuz, bir orta və bir bahalı mal yerləşdirərək müştərilərə təklif edin. Qoyduğunuz brendlər uğursuz olsa dəyişin.

Məncə bu qədər kifayətdir. Ümid edirəm ki, yazdıqlarım heç kəsi qorxutmadı, əksinə başlamaq istəyəcəyiniz işdə bəri başdan müəyyən problemləri görərək, onları həll etmək imkanı verəcək. Təbii sonra yenə problemlər çıxacaq, ancaq onları həll etmək sizlikdir.

O ki, qaldı clubshop-a, biz layihəni davam etdirmək üçün investisiya tapmadığımızdan və MultiBon bonus sistemi üzərində işə başladığımızdan dayandırdıq. Minnətdaram.