Jurnalist kimi, feminist etikadan nə öyrənə bilərik?
“Coursera” kurslarından maksimum fayda almağa fokuslanan biri kimi, keçən illərdə Amsterdam Universiteti tərəfindən təşkil edilən “Media Ethics & Governance” kursuna dadandım. Dünyanın ən yaxşı kommunikasiya məktəblərindən birinə sahib bu universiteti magistr təhsilimin ikinci ili üçün seçməməyim ayrı bir fiaskodur, amma nəysə.
Kursun tərkibində çox önəmli epizodlardan biri “Care ethics & Feminist ethics”dir. Qayğı etikası və feminist etika bir-birinə çox bənzəyən iki anlayışdır.
San Antonio Texas Universitetinin Siyasi Elmlər və Coğrafiya Departamentinin dosenti Deniyel Engster bu anlayışları belə açıqlayır: “Qayğı etikası digərlərinin bəsit ehtiyaclarını qarşılamağa kömək etməyə, problemlərini hörmətli, anlayışlı şəkildə anlamağa fokuslanır”.
Ən əsas nöqtə, feminist etika araşdırmaçıları və alimləri iddia edirlər ki, hazırda mövcud olan etik qaydalar hər kəs üçün eyni mənaya gəlməyə və hamını əhatə etməyə bilir.
1982-ci ildə paylaşılan “Psychological Theory and Women’s Development” məqaləsi bu cərəyanın başlanğıcı hesab edilir. Təsəvvür edək: 41 ildir, feminist etikası eyni şeylərlə mübarizə aparır.
Bəs feminist etikasının toxunduğu ən önəmli nüanslar nələrdir?
- Qayğıya və digər individuallara dəstəyə fokuslanmaq;
- Fərqli gender, irq, millət, təhsil səviyyəsi yaxud sosial sinfə aid olan insanların perspektivlərini anlamaq və empatiya qurmağı bacarmaq;
- Özümüzə aid olan sosial kontekstdə mövcud ola biləcək daxili qərəzə və xətalara ehtimal vermək, onları düzəltmək;
- Empatik olmaq, başqalarının yanaşmalarına açıq olmaq;
- Aparılan kommunikasiyanın yeni stereotiplər yaratmağa, hədəfə çevirməyə, diskriminasiya etməyə təşviq edərək marjinallaşdırılmış qruplara zərər verməməyinə diqqət yetirmək.
Bu nüansları sadaladıqca dünya üzərində kişi dominant olan medianın nə qədər zərərli narrativlərə və nifrət nitqlərinə istiqamətlənmiş olmağı ağlıma gəlir. Feminist etikanın illərdir mübarizə apardığı məsələnin bu qədər bəsit və sadə olmağına nəzərən haradasa bir yerlərdə gözdən qaçmış olmağı, doğrudan, dəhşətdir.
Feminist & qayğı etikanın fokuslandığı ən önəmli məsələlərdən biri aktiv və diqqətli dinləyici olmaqdır. Empatiya məsələsi elə burada gözümüzə daha ciddi görünür. Digər insanları dinləmək, onları stereotipikləşdirməmək, hekayələrini aşağılamamaq, hədəfə çevirməmək çox önəmlidir. Feminist etika hər hansı güc bərabərsizliyi və təzyiq problemini anlamaq və düzəltmək istəməkdən ibarətdir.
Jurnalist kimi, feminist etikadan nə öyrənə bilərik?
“Intersectionality” / Kəsişmə: Feminist etika fərdlərin irq, sinif, cinsi kimlik, cinsi oriyentasiya və s. kimi amillərə əsaslanan çoxsaylı və kəsişən təzyiq formalarını yaşadıqlarını qəbul edir. Jurnalistlər bu kəsişən şəxsiyyətləri nəzərə almalı və bütün fərdlərin müxtəlif təcrübələrini təmsil etməyə çalışmalıdır.
Stereotiplərdən qaçmaq: Feminist etika jurnalistləri zərərli stereotipləri və qərəzləri davam etdirməkdən çəkinməyə təşviq edir. Bu, qeyri-bərabərliyi gücləndirə və ya ayrı-seçkiliyə töhfə verə bilən ənənəvi gender rollarına və təmsilçiliyinə qarşı mübarizəni əhatə edir.
İnklüziv dil: Jurnalistlər təcrübə və şəxsiyyətlərin müxtəlifliyini əks etdirən inklüziv dildən istifadə etməyə çalışmalıdırlar. Uyğun olduqda gender baxımından neytral terminlərdən istifadə etmək və dil seçimlərinin müxtəlif qruplara necə təsir göstərə biləcəyini bilmək özü də inklüziv dil seçimində diqqətli olmağa bəs edir.
Gücün tənqidi analizi: Jurnalistlər cəmiyyətdəki güc dinamikasını və strukturlarını tənqidi şəkildə araşdıra bilərlər. Bura imtiyaz və təzyiq sistemlərini sorğu-sual etmək və onlara meydan oxumaq, güclü şəxsləri və qurumlara məsuliyyətlərini xatırlatmaq da daxildir. Məsələn məişət zorakılığı ilə bağlı dataların əldə edilməsi çətindirsə, jurnalistlər bu mövzuda tələbkar olmalıdırlar. Məsələ əlbəttə, yalnız məişət zorakılığı ilə məhdud deyil.
Mədəni həssaslıq: Feminist etika mədəni həssaslığı və müxtəlif perspektivləri dərk etməyin vacibliyini vurğulayır. Jurnalistlər mədəni nüanslardan xəbərdar olmalı və cins və kimliklə bağlı xəbərlərə öz qərəzlərini tətbiq etməkdən çəkinməlidirlər.
Homofobsunuz, yaxşı, amma 2023-cü ildə homofob materiallar tirajlayaraq kimlərisə hədəf halına gətirmək etik, yaxud mədəni deyil. Şəxsi qərəzimiz insan həyatından önəmli olmamalıdır.
Zorakılığa dair etik reportaj: Gender əsaslı zorakılıq kimi mövzularda reportaj hazırlayarkən jurnalistlər sağ qalanların təcrübələrinə həssas yanaşmalı, qurbanları ittiham edən dildən qaçmalı və təsirə məruz qalanların rifahı və məxfiliyinə üstünlük verməlidirlər.
Bizə nə qədər də uzaq fikirlərdir. Qətlə yetirilən insanların toy şəkillərini tirajlamaq, qurban, yaxud zərərçəkmişi günahlandırmaq, cinayətkara bəraət qazandırmaq etik deyil. Birmənalı razılaşaq.
Davamlı öyrənmə prosesi: Feminist etika davamlı öyrənmək tərəfdarıdır. Jurnalistlər gender, identiklik və sosial ədalətlə bağlı inkişaf edən müzakirələrdən xəbərdar olmalı və yanaşmalarını yeni anlayışlara və perspektivlərə uyğunlaşdırmağa açıq olmalıdırlar.
2000-ci il narrativlərindən çıxaq, xahiş edirəm.