Jurnalistlər üçün amerikan stil “vaxt keçirmək sənəti”

Pəri Abbaslı
3 min readDec 10, 2023

--

©Somewan

Səhv etmirəmsə, 2022-ci ilin payız aylarında Danimarka Media və Jurnalistika Məktəbində keçdiyimiz dərslərin birində professorumuz Gey Talizin bu frazasını işlətdi — “The Fine Art of Hanging Out”, yaxud bizim dildə desək, “vaxt keçirmək sənəti”.

“Müşahidə üstadı” adlandırılan Gey Taliz 91 yaşlı jurnalist və yazıçıdır. Çağdaş ədəbi jurnalistika janrının ilk yazıçılarından olmaqla yanaşı, 1960–1970-ci illərdə Amerikada yaranan “New Journalism” janrının yaradıcılarındandır.

Qeyd: Hər 90+ yaşlı ağ “cis” kişi kimi, o da qadın düşmənçiliyi, ekstremist mizogeniyası ilə bilinir. Konfranslarda verdiyi açıqlamalar, şərhlər ən yaxşı halda dəhşətlidir. Lakin təəssüflər olsun ki, “kişilərin dünyasında” kişilərdən başqa kiməsə referans vermək çətin olur.

Gay Talese © Robyn Twomey

İlk eşitdiyim andan ağlımda gəzişən bu frazanı bloqumda həkk etmək və sizinlə də bölüşmək istəyirəm, çünki jurnalist vizyonuna, doğrudan, yaxşı mənada təsir edən fraza olduğuna inanıram.

Barbara Laundsberrinin 2007-ci ildə “Creative Nonfiction” adlı jurnalda paylaşdığı “Gay Talese and the Fine Art of Hanging Out” adlı məqalə də elə məhz bundan bəhs edir.

“O, özünü luzerlərin və diqqətdən kənar qalmışların salnaməçisi kimi görür, — Barbara qeyd edir, — hər kəsin “böyük hekayəni” izlədiyinə görə məhəl qoymadığı, kənarda qalmış hekayələrə meyl edir. Medison Skver Qardendə digər müxbirlər döyüş haqqında yazarkən Taliz raund arasında zəngi vuran adam haqqında yazırdı”. (səh. 123)

Müşahidəyə əsaslanan jurnalistika

Taliz birinci şəxs tərəfindən müşahidənin gücünə inanır. Yalnız müsahibələrə və araşdırmalara güvənmək əvəzinə, özünü obrazlarının mühitinə qərq edir. Ətrafda vaxt keçirməklə, o, ənənəvi müsahibə üsulları ilə əldə edilməyən anlara şahid olur, açıqlamalar alır. Barbara bu haqda qeyd edir: “İdeal olaraq o, dramatik bir anın baş verməsi üçün subyektləri ilə kifayət qədər uzun müddət vaxt keçirməyə çalışır. Bu, onun yazılarına bədii, yaxud drama gərginliyi və quruluşu əlavə edir”.

Güvən yaratmaq

İnsanlarla təbii mühitdə vaxt keçirmək Talizə subyektləri ilə arasında güclü inam yaratmağa imkan verirdi. Jurnalistlərin yalnız sual verməklə qalmayıb həm də müsahiblərinin cavablarına əsasən onlarla müəyyən bağ qura bilməsi müsahiblərlə dürüst və açıq söhbət etməyə kömək edir. Buna görə də güvən yaratmağa çalışarkən müsahiblərin cavablarını anlamağa cəhd etmək özü də yaxşı iş ortaya çıxarmağın önəmli hissəsidir.

Gey Talizin ciddi müzakirələrə səbəb olan “Thy Neighbor’s Wife” adlı əsəri bu punktda maraqlı nümunədir. Qonşularının evlilik həyatı haqqında hər cürə detallar haqqında yazan Geyə müsahibləri, əvvəlcə, razılıq versələr də, daha sonra bu fikirdən daşınırlar. Çünki müəllif adlarını, soyadlarını eynilə saxlamaq istəyir. O istəyir ki, oxuyan insanlar obrazların real insan olduqlarını, ad, soyadlarını, detallarını bilsinlər. Taliz bu kitab haqda belə deyirdi: “Ya mən kitabı yazmaqdan imtina etməli, ya bu ailəni tamamilə kitabdan çıxarmalı, ya da üzərində dayandığım bu prinsipdən əl çəkməliydim. Lakin elə oldu ki, mən ailəni öz həqiqətlərini paylaşmağa razı saldım”.

Stori tellinq bir sənət kimi

Taliz üçün jurnalistika təkcə məlumat ötürməkdən ibarət deyil, hekayə nəql etməkdir. Vaxt keçirmək sənəti də məhz ən yaxşı hekayələrin dərin anlayışdan yarandığına olan inancının sübutudur. Gey Taliz bu haqda bunları deyir: “Hər şeylə maraqlanan insan olmaqla başqalarının işinə burun soxmaq arasında fərq var. Maraqlanmaq subyekt kimi baxdığın insanların həyatlarını öyrənməkdən başqa həm də onları önəmsəməkdir. Onların xarakteristikasını və davranışlarını öyrənmək, o olmağın nə demək olduğunu hiss etməkdir. Onları müxtəlif bucaqlardan görməlisiniz. Ona görə də mən birölçülü deyiləm və insanları qarşıdan — özlərini ən yaxşı göstərmək istədikləri yerdən görmürəm. Onları fırladıram (məcazi mənada), ya da özümü fırlanıram ki, onları müxtəlif rakurslardan görə bilim”.

Barbara Laundsberri yazısını 1999-cu ildə Talizdən aldığı postkard ilə bitirir:

“Hörmətli Barbara,
Pekində “vaxt keçirirəm”. Rose Bowl-da Çin üçün Dünya Kubokunu itirməsinə səbəb olan penalti zərbəsini qaçıran çinli futbolçuya çatmağa çalışırıq. Düşünürəm ki, bundan yaxşı hekayə çıxar”.

--

--

Pəri Abbaslı
Pəri Abbaslı

Written by Pəri Abbaslı

jurnalist | jurnalistika & incəsənət bloqqeri | rəqəmsal kurator

No responses yet