“Nyusrumlarda gender” mühazirəsi — Jad Melki

Pəri Abbaslı
3 min readOct 21, 2022

--

Nathan Hackett

Livan Amerikan Universitetinin dosenti, bir çox akademik məqalə və araşdırmaların müəllifi Jad Melki 18 oktyabr 2022-ci il tarixində Danimarka Media və Jurnalistika Məktəbində qonaq mühazirəçi kimi bakalavr tələbələrinə “Gender in the newsroom” mövzusunda mühazirə dedi. Mundus Journalism tələbələri kimi bizim də mühazirədə oturmaq şansımız var idi və bunu mütləq dəyərləndirmək istədim.

Melki Livanda jurnalistika təhsili və praktikasında kişi-qadın nisbətinin araşdırıldığı məqaləsi haqqında danışdı və qadın jurnalistlərin kişilərə nisbətdə nə qədər diskriminasiyaya məruz qaldığı, ailə həyatı quran qadın jurnalistlər üçün karyeralarında yüksəlməyin nə qədər çətinləşdiyi haqqında araşdırmaları bölüşdü.

Məsələn universitetlərdə jurnalistika üzrə təhsil alanların 75%-i qadın və 25%-i kişi olduğu halda, nyusrumlara — yəni işləməyə və praktikaya gələndə qadın və kişi işçi nisbətində ciddi dəyişikliklər müşahidə olunur. Belə ki, universitetdən sonrakı dövrlərdə xəbər sektorunda işləyənlərin 33%-nin qadın, 67%-nin kişi olduğu aşkar edilib.

Eyni zamanda buna jurnalistika sahəsində lider pozisiyalarda olan insanların gender nisbəti də daxildir: 22% qadın, 78% kişi.

Gender bərabərliyi ilə bağlı data və statistikalarda gender nisbətinin pozulduğu kəskin şəkildə görünməsin deyə bəzi sektor hegemonları həyat yoldaşlarını, yaxud qızlarını şirkətlərinin səhmdarı kimi göstərirlər. Lakin səhmə sahib olan qadınlar çox vaxt lazım olan iclaslara, görüşlərə qoşula, səhmi haqqında qərar qəbul edə bilmir.

250-ə yaxın livanlı jurnalist qadından götürülən sorğuya əsasən, qadınların 68%-nin supervayzeri kişidir. 250 nəfərdən 33% nəfəri ən az 1 nəfərin müdiri olduğunu bildirərkən, 5 nəfərdən çox insana nəzarət edən qadın jurnalistlər 15%, 25-dən çox işçiyə nəzarət edən qadınlar isə 3%-dir.

Bunun səbəbi, əsasən, kişilərin qadınları stereotipləşdirmələridir. Jad Melki və kolleqalarının məqalələrinin ümumi nəticəsi budur ki, kişilər qadınların lider kimi daha az effektiv olduğunu, kişilərin qadınlardan daha avroritar ola bildiyini, lider vəzifələrə gedən yolda qadın və kişilərin bərabər imkanlara sahib olduğunu düşünür.

Gündəlik gender təcrübələri

250 respondentin iştirak etdiyi sorğuya əsasən, 38% qadın sırf qadın olduğu üçün aşağıdakılardan ən az birini təcrübə edib:

  • Hansısa mövzunu işıqlandırmağına icazə verilməyib;
  • Başqa mövzunu işıqlandırmaq üçün təyinat verilib;
  • Junior işçi ondan tapşırıq, yaxud təlimat almaqdan imtina edib;
  • İş yoldaşı onun fikrini, yaxud tələbini iqnor edib;
  • İşdə daha yüksək vəzifə tələbi rədd edilib;
  • İş yoldaşı onunla işləməkdən imtina edib.

Respondentlərin cavabına əsasən, hər 3 livanlı qadın jurnalistdən 2-si ən az 1 növ seksual qısnamaya məruz qalıb.

10 livanlı qadın jurnalistdən 1-i seksual qısnamaya məruz qaldığı üçün işdən çıxıb.

Eyni zamanda qadınların 75%-i bildirib ki, işlədikləri şirkətdə seksual qısnama ilə bağlı hansısa qanun, yaxud siyasət yoxdur.

Bir sözlə, ən qısa yolla qadın jurnalist olmaq:

3 qadın jurnalistdən 2-si ən azından 1 dəfə hansısa növ seksual qısnamaya məruz qalırsa,

10 qadından 1-i bu hadisə səbəbilə işini tərk edirsə,

4 jurnalistika tələbəsindən 3-ü qadın olduğu halda, 3 jurnalistdən cəmi 1-i qadındırsa,

Kobud bir hesabla 10 jurnalistika məzunundan 10-u qadın olur, onlardan cəmi 3-ü sektorda işləməyə başlayır, 2-si seksual qısnamaya məruz qalır, 1-i işdən çıxır, sonda yalnız 1 nəfər işə davam edir.

Araşdırma, əlbəttə, bundan daha çoxunu əhatə edirdi, amma hamısını bura yazmağım mümkün deyil.

Belə ixtisar edim: dünyanın hər yerində jurnalistika sahəsi də daxil olmaqla qadınlar işlədikləri qədər maaş almır, yüksək vəzifələrə təyin olunması süni şəkildə çətinləşdirilir, yaxud mümkünsüzləşdirilir, gender diskriminasiyasının necə və nə cürə icra edildiyi haqqında tək bir fikri olmayan seksist redaktor və direktorlar özləri kimi jurnalistlər yetişdirir və sahib olduqları, requlə edə biləcəkləri media platformalarını qadınları aşağılamaq, feministləri təhqir etmək, hətta qadınlarda qadınlara qarşı nifrət aşılamaq üçün istifadə edir.

Bu, reallıqdır və bu reallığı jurnalistika sahəsinə addımı atan, yaxud bakalavr təhsilinə başlayan hər bir qadın hansısa bir cürə yaşayır və təcrübə edir (bəzilərinin bu diskriminasiyadan xəbəri belə olmur).

Azərbaycanda hansısa gündəm mövzusuna çox mizoginist perspektivdən yanaşaraq qadınları aşağılayaraq köşə yazısı yazan yüzlərlə kolumnist görmüşəm, onların nifrət saçan materiallarını oxumuşam.

Kuirlərin və qadınların diskriminasiyasının icraedici orqanlarda qadınların və kuirlərin iştirakının olmamasına, təmsilçiliyinin mümkünsüzləşdirilməsinə dəlalət etmək olar. Və onlarla digər faktor bu gün cəmiyyətdə gizli-gizli qadınları aşağı çəkən mizogeniyanın əsas səbəbidir.

Azərbaycanda “Qadın jurnalist olmaq” mövzusuna toxunan heç bir yazı, araşdırma, məqalə yoxdur və bu, böyük gerilikdən xəbər verir. Birdən elə bilərsiniz ki, Azərbaycanda hər şey əladır, mən sizə 21 yaşlı jurnalistika məzunu kimi deyirəm ki, deyil.

Küçələrə çıxıb aksiyalar edən feministləri təhqir etmək əvəzinə insanların özlərini sorğulayıb savadlanmağa başlaması önəmlidir və labüddür. Əgər 1 qadın belə haqsızlığa məruz qaldığını bildirirsə, bu səsə qulaq verməliyik. Və bu səsə necə qulaq verəcəyimiz haqqında savadlanmalıyıq.

Qadın jurnalistlər mövzusunda daha əvvəl Suzanne Franksın “Women and Journalism” kitabından müəyyən hissələri tərcümə etmişdim.

--

--

Pəri Abbaslı
Pəri Abbaslı

Written by Pəri Abbaslı

jurnalist | jurnalistika & incəsənət bloqqeri | rəqəmsal kurator

Responses (1)