Eqosentrizm

Eqonu, ki latınca öz deməkdir, özü mərkəzə qoymaqdır. Mərkəzdə mənəm, qalan hamı qıraqlardadır. İnsanlığın məncə əsas sorunlarından biridir, mənim də nifrət etdiyim fenomendir.

Bir qrup insanın yığışdığını sanın. Ortada bir-iki kişi (insan) var ki, durmadan özlərindən ayıtırlar (danışırlar). Uşaqları, nəvələri, işləri, öyrənimləri (təhsilləri), keçmişləri, gələcəkləri. Onlardır ən işgüzarlar, ən varlılar, ən könlü açıqlar, ən ağıllılar. Onlardır ən biliklilər. Hər şeyi bilirlər, bilməsələr belə yaradıcı düşüncələri var.

Bu təkcə onlara özgü olay deyil. Gerçəkdə tüm kişilərin içində belə duyğular var. Çoxlu adamlarla çəkilmiş şəklə baxanda birinci özümüzü axtarırıq. Dərdlərin, sızıların, ağrıların, yüklərin, sorunların ən böyüyü bizdədir. Sevginin, mərhəmətin, ürəyi-açıqlığın da ən böyük örnəyi bizik. İnciyəndə sanırıq ki biz incimişik deyə bütün dünya inciməlidir. Sevinəndə sanırıq ki biz sevinirik deyə hamı sevinməlidir.

Keçmişdə bəzi insanlar özlərini ən gərəkli sanırdılar. Tanrılığa qaldırırdılar özlərini. Sonra biraz kiçildi o, yalavaç (peyğambər) sandılar. Yer üzündəki milyonlarla kişidən yalınızca biri tanrıyla üzbəüz görüşür, ondan söz alır, ona yalvarır, yalvarışına yanıt alır. Qalanlar qıraq bucaqda gərəksiz gəzən kişilərdirlər. Ya da, bir sıra topluluqlar ellərini (dövlətlərini) dünyanın göbəyinə qoyur. Sonra bilinir ki, elə deyil. Dünyanı günəş sisteminin ortasına qoyur. O da elə çıxmır. Günəş sistemini qalaktikanın ortasına qoyur. O da düz çıxmır. Qalaktikasını uzayın ortasına qoyur. Ən ortada, ən göbəkdə, diqqət mərkəzində, hamının gördüyü yerdə, simmetriya nöqtəsinin üstündə o olmalıdır.

Xeyiri yoxdur. Elə insanlar var ki onalmırlar (düzəlmirlər).

Show your support

Clapping shows how much you appreciated Nestor Makhno’s story.