Obyektiv — Subyektiv mövzular, iddialar, fikirlər…

Nestor Makhno
2 min readApr 17, 2017

--

Objektiv iddialar (ya da ki, obyektiv fikirlər)

Obyektiv iddianın özəlliyi budur ki, iddianın doğruluğu ya da yanlışlığı insanların bu iddianı doğru ya da yanlış qəbul etməsindən ASILI DEYİL. “Marsda yaşam var” iddiası obyektiv iddiadır, çünki Marsda yaşamın olub olmaması insanların nə düşündüklərindən asılı deyil. Əgər Marsda yaşam varsa insanlar bunu qəbul etsələr də var, qəbul etməsələr də var. Ya da tərsinə, Marsda yaşam yoxdursa, insanlar var desələr də yoxdur, yoxdur desələr də yoxdur. İnsanların nə düşündükləri iddianın doğruluğunu ya da yanlışlığını dəyişdirmir. “Tanrı var” iddiası da obyektiv iddiadır, çünki varsa, insanlar nə düşünsələr də var, yoxdursa, insanlar nə cür düşünsələr də yoxdur.

Obyektiv iddia ya doğru olur, ya da yanlış. Mənim doğruluğu yanlışlığı bilməyim gərəkmir. Önəmli olan onun doğruluğu yanlışlığı deyil, önəmli olan həmən iddianın insanların fikirlərindən müstəqil olmasıdır. “Eyfel qülləsinin hündürlüyü 100 metrdir” obyektiv iddiadır, baxmayaraq ki yanlışdır. Neçə metr olduğunu bilməyə bilərəm, sadəcə soruşmalıyam ki, onun neçə metr olması insanların nə düşündüyündən asılıdırmı? Yox. Deməli obyektiv iddiadır. “Eyfel qülləsinin hündürlüyü 300 metrdir” həm obyektiv, həm də doğru iddiadır. Yenə, əsas olan iddianın doğruluğu / yanlışlığı deyil, insanların fikirlərindən asılı olmamasıdır.

Subyektiv iddialar (subyektiv fikirlər də deyə bilərəm)

İkinci növ iddialar subyektiv iddialardırlar. Bu, obyektivin tərsidir. Yəni, iddianın doğruluğu insanların fikirlərindən asılıdır. İnsanlar ona doğru desələr doğru olur, yanlış desələr yanlış olur. “Filankəs yaxşı adamdır” subyektivdir, çünki kiminsə yaxşı, pis adam olması insanların düşüncəsindən asılıdır. Əgər çoxu onun yaxşı olduğunu düşünürsə, deməli yaxşıdır, pis olduğunu düşünürsə, deməli pisdir. Bəziləri yaxşı deyir, bəziləri demirsə ‘hər kəsin fikrinə hörmət eləmək lazımdır’ deyib, mövzunu bağlayırıq, çox dərinə getmirik. Tərif kimi desəm, subyektiv iddia odur ki, o iddianın doğruluğu ya da yanlışlığı insanların onu doğru ya da yanlış qəbul etməsindən ASILIDIR. Subyektiv iddialar, ya da subyektiv fikirlər daha çox zövqlə, müqayisə ilə bağlı mövzularda çıxır. “Paltar əyninə qutu kimi oturur”, “Basketbol futboldan maraqlıdır”, “Ən yaxşı müdafiə hücumdur”, “Şəmi ilə Şöşü gülməlidirlər” və s.

El arasında səhv-düz işlədilən ‘məsələlərə obyektiv yanaşmalıyıq’, ‘bu sizin subyektiv fikrinizdir’ kimi şablon cümlələri qırağa qoysaq, obyektiv və subyektivin əsas işlənmə şəkli yuxarıdakı kimidir. Keçmişdə elmi və elmi olmayan şeyləri də belə ayırırdılar. Əgər bir mövzu insanların fikrindən asılı deyildisə, ona obyektiv deyib, onunla məşğul olurdular. İnsanların fikrindən asılı olanda ya ona qarışmırdılar, ya da onu fəlsəfənin ixtiyarına buraxırdılar. İndi nəyin elmi olmağı, nəyin elmi olmamağı daha fərqli yollarla bilinir, ancaq bu obyektiv subyektiv şeyi işləri xeyli rahatladır.

--

--

Nestor Makhno

Aqnostik | Obyektiv mövzular | Linguistic Purism | Tarix | Azərbaycan