İsa Şahmarlı — Kuir Tale

Vahid Ali
Vahid Ali
Jan 21 · 5 min read

Yəqin ki, tale sözünün mənasını çoxunuz bilirsiz — əvvəlcədən müəyyən olunmuş və qaçılmaz olan hadisələr külliyatı kimi də başa düşmək olar. Qeyri-adi talelər haqqında, düzü, nə isə yazmaq bir fikrim yoxdur. Məqsədim sadəcə kuir[1] olmağın miskin bir tale vəd etdiyi ehtimalı haqqında yazmaqdır. Kuir tale bir kuir ölümünün necə izah olunmasını və bu ölümün necə qaçılmaz olduğunu ifadə edir. Kuir ölümləri cəmiyyətimizdə adətən kuirlik ilə əlaqələndirilir, çünki onlar kuir tale yaşayırlar.

Kuir kuirliyi bütün varlığı ilə qəbul edib, onu təhqir kimi qəbul etməkdir, kuir kuriliyin həm özü, həm də digərləri üçün necə bir utanc olduğunu qəbul etməkdir. Kuir, digərləri səndən utanarkən sənin özündən utanmamağındır, kuir, olmamaq istədiyin şeylərdən özünə həyat qurmaqdır.

İnsanlar tərəfindən tanınan və açıq bir kuir öləndə, məsələn İsa Şahmarlı kimi, onun ölümü kuir tale ilə [2] əlaqələndirilir. Onun şəkilləri, videoları, həyatlarını təsvir etdiyi sözlər və ifadələr, insanların ona qarşı işlətdikləri ifadələr və təhqirlər, seks həyatı və digər kuir ölümü ilə bağlı olacaq nəsnələr kuir talenin materialları ola bilər, bu materiallar kuir bədənlərə yapışdırılır.

Kuir tale xoşbəxtliyi necə və harada tapmaqdır, başqa yerdə daha yaxşı və pozitiv bir həyat qurmaq istəyidir; eynilə İsa Şahmarlının intiharı kimi.[3] Həmin o başqa yer səxavət dolu olacaq bir yerdir, “tanrının hər kəsi yaratdığı kimi sevdiyi” bir yerdir, [4] “xoşbəxt olmağa” gedəcəyin bir yerdir, çünki ‘bu dünya kuirə görə deyil’. [5]

Kuirfobiya kuir həyatı alınanda gözdən itməyə başlayır; bir kuir uğurlu olarsa, xoşbəxt görsənərsə, istədiyi kuir həyatı yaşayarsa.[6] Lakin o, yəni kuirfobiya həmişə üzdə olur, sanki kiçik bir qığılcımı gözləyir partlamaq üçün. Kuir həyatı alınmayanda quirfobiya qısa bir zamanda özünü biruzə verir; travmalar zamanı, ya da kimsə öləndə, ya da kuirlər həbs olunanda və s. Kuirfobioya nəyinsə işləmədiyinin bir izahatı kimi peyda olur.

Bu yazıdan əvvəl başqa bir mövzu haqqında yazmağı planlayırdım. Kuir xoşbəxtliyi haqqında cızma-qara edirdim. Qloballaşmış kapitalist cəmiyyətlərdə xoşbəxtlik təkcə müəyyən obyektlərlə əlaqə deyil, eyni zamanda, digər insanlara sevginin ifadəsi ilə söz verdiyimiz bir nəsnədir. Hər birimizin çox tez-tez eşitdiyi bir ifadə var: “Ancaq övladımın xoşbəxt olmağını istəyirəm”. [7] Bu cümləni ifadə etməklə valideynlər nə demək istəyirlər? Hətta olur ki, bəzən valideynlər “Mən sənə filan şeyi et, beşman şeyi etmə demirəm, sadəcə səni xoşbəxt edəcək şeyi et deyirəm” söyləyərək övlada azadlıq verirmiş kimi səslənən cümlə də işlədirlər.

İsanın anası onu rədd etmişdi, qohumları da qəbul etmirdi. İsa dəfn olunan gün heç vaxt yadımdan çıxmaz, qohumlar gələnlərə əvvəlcə mane oldular, jurnalist və yoldaşlarına hücum çəkdilər. Bütün bunlara baxmayaraq, iştirak edə bildik. Kuir bir talenin sonunu hamımız izlədik, qəbrin üzərində LGBT bayrağı var idi. Ziyarət edənlərin, demək olar ki, hamısı İsa ilə eyni taleni bölüşürdü.

Həyatda bədbinlik sosial investisiya kimi bir şeydir; müəyyən bir şəkildə yaşamaq, kuir şəkildə yaşamaq öz bədbəxtliyinin səbəbkarı olmaqdır. Sara Əhməd “bədbəxt kuirlər” haqqında işində bu fenomeni geniş müzakirə edib.[8] Onun sözlərinə görə, kuir övlad bir çox valideyn üçün bədbəxt bir obyektdir. Çünki gələcəyi yoxdur, yaşadığı mühit və cəmiyyət onun xoşbəxtliyini qəbul etməyəcək. Cəmiyyətin özünün xoşbəxtlik meyarları vardır. Bu meyarlar isə heteroseksual ailə ilə çərçivələnib. Yəni övladın xoşbəxtliyini valideyn ancaq onun heteroseksual ailə qurmasında, ailənin (qanın) davam etməsində görür. Əksər valideynlər övladlarının açılmalarını (kamin aut) övladın kuir olmasına görə bədbəxtlik deyil, övladın bədbəxt olacağına görə bədbəxtlik kimi görür. Ailə içi sosial mübarizə bədbəxtlik səbəblərini də əhatə edir. Valideyn övladının kuir olduğuna görə bədbəxt olacağını düşündüyü üçün bədbəxtdir. Övlad valideyninin onun kuir oldumasına görə bədbəxtliyinə görə bədbəxtdir.

Əlbəttə, bədbəxt olmayan kuir hekayələr də var, onlar barədə də danışmaq lazımdır. Di gəl ki, bu xoşbəxt nümunələr kuir mübarizəsini kənarda qoyur, insanlara və cəmiyyətə tamamilə başqa reallıq çatdırır. Kuirlərin bədbəxtlik səbəblərini tamamilə müzakirədən çıxarır.

Biz bu dünyada bədbəxt qalmalıyıq. İtirdiyimiz döyüşçülərimiz üçün kədərlənməliyik. Kuir kədər yaşamalıyıq itirdiyimiz kuirlər üçün, sevdiklərimiz üçün, yoldaşlarımız üçün. Döyüşlərə gedəndə onların adları hər zaman ağlımızda olmalıdır, onları unutmamalıyıq. Onların yoxluğuna üzülməyimiz onları bizimlə saxlayır; kədəri, üzüntünü və bədbəxtliyi — mübarizədə, döyüşdə və həyatda. Bütün bunlar bizi qəzəbləndirir. Çəkdiyimiz əziyyətlər bizi qəzəbləndirir, bizi birləşdirir.

İtkilərimizə kuir itki kimi üzülürük. Cəmiyyətimizdə kuir itki elə bir itkidir ki, üzülməyə dəyən və üzülməyə dəyməyən itki ikilisinin üzülməyə dəyməyən tərəfində yer alıb. Cudit Butler siyasi addımların həyatların nə zaman və necə üzülməyə dəyən və üzülməyə dəyməyən kimi ayrılması barədə geniş izahatlat verib.[9] Kuir itki ictimai itki deyil, kuir aktivizmin ən böyük hissəsi də məhz o üzülməyə dəyməyənlərə görə üzülmək barədədir.

Bizim məqsədimiz üzülməyə dəyən olmaq olmamalıdır. Başqa sözlə desəm, məqsədimiz xoşbəxt olmaq və ictimai itki olmaq olmamalıdır. Əks halda, daha az kuir olacağıq, kuirliyimizi itirəcəyik, İsa ola bilməyəcik.

Əlbəttə, biz nikbin hekayələr də bölüşürük, uğurlarımızı, sevincimizi və xoşbəxtliyimiz. Sadəcə, bu cür hekayələr homonormativliyin bir hissəsidir. Bizə nifrət edən ictimaiyyətin bizi necə normal görə biləcəyi çərçivələrə sığmaqdır homonormativlik; yaxşı işdə işləmək, bir neçə dil bilməz, varlı olmaq və s.

Biz bu xoşbəxtliyə uymamalıyıq, çərçivələrə sığmamalıyıq, nifrət dolu cəmiyyətin istədiyini normanı qəbul etməməliyik, İsanı öldürən insanların gözündə varlı, ağıllı, yaxşı işdə işləyən kuirlər olmamalıyıq. Mübarizəmiz bədbəxtlik üzərində qurulmalıdır. Bədbəxtliyimiz bizi normalardan kənarda, daha ədalətli, daha bərabər cəmiyyət qurmaq üçün mübarizədə saxlamalıdır.

22 yanvar 2014-cü ildə kuir aktivist İsa Şahmarlı nifrət cinayətinin qurbanı olmuşdu. O, ölümündə hər kəsi günahlandırmışdı. Yaşadığı dünya rənglərini daşıyacaq qədər güclü deyil. Xoşbəxt olmaq üçün intihar etmişdi.

[1] — kuir sözünü Azərbaycan dilində üzdəniraq kimi də işlətmək mümkündür.

[2] — bəzən kuir ölüm kuir tərəfindən də kuir tale ilə əlaqələndirilir. İsa Şahmarlı intihar etməzdən əvvəl xoşbəxt olmaq üçün intihar etdiyini Feysbukda qeyd etmişdi.

[3]— intihar ona görə qeyd edilib ki, media və yoldaşları arasında intihar xəbəri kimi yayılmışdır. Təbii ki, bütün inancımla İsanın intiharının, əslində, nifrət cinayəti olduğunu deyə bilərəm. Onun yazdığı son sözlər bu cinayətin yaşadığımız nifrət dolu cəmiyyət tərəfindən törədildiyinin bariz nümunəsidir.

[4] — şüar İsa tərəfindən AZAD LGBT Kollektivinin kampaniyalarından birində istifadə olunmuşdur.

[5] — qeyd olunan ifadələr İsanın vida paylaşımından götürülüb.

[6] — bu, əsasən, Qərbin qloballaşan gey anlayışını özündə ehtiva edir, yəni Azərbaycanda bunu ‘yaxşı yerdə işləmək, pul qazanmaq və bir neçə dil bilmək’ kimi ifadə etmək olar. Başqa sözlə desəm, ağlaşdırılmış (Qərbin ideyalarını tamamilə və ya qismən qəbul etmiş) və iyerarxiyanın başında dayanan varlı gey kişi fiquru insanlar tərəfindən qəbul edilir.

[7] — mövzu barədə yazanda həyatımızın bütün sahələrində; səhiyyə, hərbi, təhsil, seksuallıq, evlilik, sosial xidmətlər və s. sahələrdə ekstraordinar dominant sosial qrup olan psixoloqların düşüncələri çox maraqlı idi. Qarşıma Psixotest vebsaytı çıxmışdı.

[8] — Əhməd, Sara. Xoşbəxtlik Vədi (The Promise of Happiness).

[9] — Butler, Cudit. Müharibə çərçivələri: Həyat nə vaxt üzülməyə dəyiləndir? (Frames of War: When is Life Grievable?)

Welcome to a place where words matter. On Medium, smart voices and original ideas take center stage - with no ads in sight. Watch
Follow all the topics you care about, and we’ll deliver the best stories for you to your homepage and inbox. Explore
Get unlimited access to the best stories on Medium — and support writers while you’re at it. Just $5/month. Upgrade