İkinci əl avtomobillər sürətlə bahalaşır -SON VƏZİYYƏT

“Avtomobil alverçiləri Forex treyderi kimi qazanmaq istəyir”

Aprel ayında Azərbaycanda ikinci əl avtomobillər xeyli bahalaşıb. Avtomobil ekspertlərinin sözlərinə görə, Azərbaycanda avtomobil bazarında yay aylarında tələbatın kəskin azalması qiymətlərin aşağı düşməsinə səbəb olur. Bunu nəzərə alan avtomobil alverçiləri qiymətləri son bir ayda 30%-ə qədər bahalaşdırıblar.

Yayın pulunu yazda çıxarmaq istəyirlər

Əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov fins.az-a bildirib ki, Azərbaycan avtomobil bazarı əvvəlcədən təyin edilə bilən bazardır. Ona görə də bazardakı vəziyyəti bir neçə ay öncə müəyyən etmək olar. Ekspertin sözlərinə görə, Azərbaycanda yay aylarında bütün sahələrdə üzrə demək olar ki, bazar dayanır. Varlı insanlar istirahət üçün xaricə üz tutur, nisbətən orta və kasıb təbəqə isə bölgələrə üz tutur. Belə olan halda bütün sahələrdə satışlar demək azalır.

“Bu eynilə avtomobil bazarına da aiddir. Avtomobil alverçiləri də yay aylarında satışlarda yenidən durğunluq olacağını əvvəlcədən bildikləri üçün qazancı indidən çıxarmağa çalışırlar. Bunun nəticəsində isə son bir ayda ikinci əl avtomobillərin qiymətlərində kəskin bahalaşma müşahidə edilir”.

5 500 manatlıq maşın 9 200 manata satılır

Aprel ayının ilk 3 həftəsində ikinci əl avtomobil bazarında qiymətlər 20%, son bir həftədə isə 10% artım olub. Xüsusilə də qiymət artımı Azərbaycan bazarında işlək avtomobillərdə, köhnə “Mercedes”, “Opel” və “KİA”, “Hyundai” modellərində müşahidə edilir.

Məsələn, 1998–2000-ci illərə aid “Mercedes E Class” mart ayında 6 500 manata satılırdısa, indi 9 000 manata kimi bahalaşıb:

“Ötən həftə 5 500 manata təklif edilən köhnə “Mercedes C Class”ı müştəri bazara qayıdıb almaq istəyib, eyni maşını ona 9 200 manata təklif ediblər”.

Eyni fərq köhnə “Opel”lərin də qiymətlərində müşahidə edilir. Məsələn, 1998–1999-cu illərə aid “Opel Vectra” bir həftə əvvəl 2 500 manata satılırdısa, indi bazarda bu modelin qiyməti 4 500 manata yüksəlib.

“KİA”lar da bahalaşdı

“KİA” və “Hyundai” modellərində isə hətta artım dollarla müşahidə edilir. 2011–2014-cü illərə aid “Kia Sportage” və “Hyundai ix35” modelləri 10–12 min dollardan 15 min dollara kimi bahalaşıb.

V.Hüseynov bildirib ki, avtomobil bazarında qiymətlər, əsasən, dolların kursuna uyğun olaraq müəyyən edilir. Maraqlısı budur ki, hazırda dolların məzənnəsi 1.6800–1.6900 manat olsa da, avtomobillərin qiyməti hətta ötən ilin sentyabr ayında dollarla bağlı ajiotaj yarandığı (dolların 1.9500 manata qədər yüksəldiyi dövr) dövrdəki avtomobillərin satış qiymətlərindən də xeyli yüksəkdir.

Maşın alverçisi, yoxsa treyder?

Ekspert bildirir ki, avtomobil alverçiləri avtomobilin satışı ilə yanaşı, Forex treyderi kimi valyuta fərqindən də qazanmağa çalışırlar.

Məsələn, dolların məzənnəsi 1.9500 manat olan dövrdə qiyməti 19 500 manat olan avtomobilin dəyəri 10 min dollara bərabər idi. İndi isə eyni məbləğ 11 500 dollara bərabərdir. Avtomobil alverçiləri isə eyni avtomobilin qiymətini dollarla göstərirlər və maşını 11 500 dollara deyil, 12 min dollardan baha satmaq istəyirlər.

Ekspert bildirib ki, avtomobillərin bahalaşması tələbatla bağlı deyil. Bazara çıxarılan 5 maşından cəmi 1-i satılır. Bununla belə, alverçilər 5 maşında əldə edə biləcəkləri gəliri 1 maşında qazanmaq istəyirlər. Bu da bazarda qiymətlərin gözlənilmədən artmasına gətirib çıxarıb.

A single golf clap? Or a long standing ovation?

By clapping more or less, you can signal to us which stories really stand out.