OSI modeli və TCP/IP protokollar cəmi

Shakir Garayev
3 min readDec 7, 2022

--

OSI modeli nədir?

Şəbəkələrin ilk yarandığı vaxtlarda hər şirkət sadəcə özünün istehsal etdiyi cihazların bir-biri ilə xəbərləşə bildiyi struktur yaratmışdı. Məsələn, IBM şirkətinin 1974-cü ildə buraxdığı SNA (Systems Network Architecture— Sistem şəbəkə arxitekturası) adlı modelinə görə sadəcə IBM markalı cihazlar bu şəbəkəyə qoşul bilirdi. Digər şirkətlər də özlərinin şəbəkə modellərini yaratdılar. Bu qarışıqlığın qarşısını almaq və standart model yaratmaq üçün ISO (International Organization for Standardization — Beynəlxalq Standartlaşdırma Təşkilatı) tərəfindən 7 təbəqədən (layer) ibarət OSI (Open Systems Interconnection — Qarşılıqlı əlaqəli açıq sistem) modeli yaradıldı. Bu model şəkildə göründüyü kimi 7 təbəqədən ibarətdir və hər bir təbəqə müstəqil işləyir və fərqli vəzifəni yerinə yetirir.

OSI modelinin təbəqələri

Tətbiqetmə təbəqəsi — istifadəçiyə (user) interface təqdim edən təbəqədir. İstifadəçi ilə tətbiq arasında yerləşir. HTTP, FTP, SMTP, TFTP, DNS protokolları kimi bir neçə protokol bu təbəqədə işləyir.

Təqdimetmə təbəqəsi — datanın (verilənlər) müəyyən formata salındığı təbəqədir. Bir şəkil faylının .jpeg formatına keçirilməsi buna nümunədir.

Sessiya təbəqəsi — datanı göndərən və qəbul edən iki kompüterdəki proqram arasındakı əlaqənin qurulması, istifadə edilməsi və başa çatdırılması prosesləri bu təbəqədə baş tutur.

Daşıma təbəqəsi — datanın hissələrə ayrılması, sıralanması və qəbul edən kompüterdə yenidən birləşdirilməsi prosesləri bu təbəqədə baş tutur.

Şəbəkə təbəqəsi — datanın müvafiq şəbəkəyə yönləndirilməsi və dataya məntiqi ünvan təyin edilməsi bu təbəqədə baş tutur.

Data bağlantısı təbəqəsi — datanı bitlərə çevirərək alt təbəqəyə göndərilməsi bu təbəqədə baş tutur. Bu təbəqədə yuxarı təbəqələrdən gələn dataya resurs və hədəf MAC ünvanı məlumatı əlavə edilir.

Fiziki təbəqə — datanın elektrik siqnalı kimi mis kabel üzərindən, işıq siqnalı olaraq fiber optik kabel üzərindən, radio frekans siqnalı olaraq kabelsiz şəkildə yönləndirildiyi təbəqədir.

TCP/IP protokollar cəmi nədir?

OSI standart model kimi meydana gəlsə də, internetin əsasını təşkil edən protokollar cəmi olması və tarixinin daha qədim olması səbəbi ilə 1990-cı illərdə TCP/IP protokol cəmi öndə olmuşdur.

TCP/IP protokol cəmi şəkildə də göründüyü kimi 4 təbəqədən ibarətdir və hər bir təbəqənin vəzifəsi OSI modelindəkilər ilə oxşardır.

TCP/IP protokol cəminin təbəqələri

Aşağıdakı şəkildə OSI modeli və TCP/IP protokol cəmi müqayisə edilmişdir. OSI-dakı Tətbiqetmə, Təqdimetmə və Sessiya təbəqələri TCP/IP-də vahid bir Tətbiqetmə təbəqəsi kimi mövcuddur. Həmçinin OSI-dakı Data bağlantısı və Fiziki təbəqələri TCP/IP-də Şəbəkə girişi kimi adlandırılmışdır.

OSI və TCP/IP modellərinin müqayisəsi

--

--