“X”, “Y”, “Z” nəsli arasındakı fərqlər

Bəzən müxtəlif yaşlarda olan insanlar bir-birini anlamaqda çətinlik çəkdiyinə şahid oluruq. Bunun səbəblərindən biri də nəsillər[1] arasındakı fərqlərdir. “Nəsillər nəzəriyyəsi” son yüzillikdə ortaya atılıb və nəzəriyyəyə görə hər nəsil arasında 20–25 il fərq var. “Nəsillər nəzəriyyə”si qruplaşdırılarkən insanların yaşadığı dövrdəki psixoloji, sosial, iqtisadi vəziyyətləri, yaşayış tərzləri, istehlak xüsusiyyətləri nəzərə alınmışdır. Nəzəriyyəyə görə nəsillərin təsnifatı belədir:
Səssiz nəsil (The silent generation) 1925–1945-ci illərdə dünyaya gələnlər. Bunlara “müharibə nəsli” də deyirlər.
Çoxuşaqlı nəsil (Baby boomers) 1945–1965-ci illərdə dünyaya gələnlər.
“X” nəsli (Generation X/baby busters) 1965–1980-cı illərdə dünyaya gələnlər.
“Y” nəsli (Generation Y) 1980–2000-ci illərdə dünyaya gələnlər.
“Z” nəsli (Generation Z) 2000–2010-cu illərdə dünyaya gələnlər.
“Alfa” nəsli (Generation alpha) 2010-cu ildən sonra dünyaya gələnlər.
Bəzi mənbələrdə “Z” nəslinin 2003-cü ildən başladığı da bildirilir.
Nəsillər arasındakı fərqlər
Çoxuşaqlı nəsil (1945–1965). Bu nəsil mənsublarının gənclik illəri 1960-cı illərdəki mədəni dəyişikliklərə təsadüf edir. Bu nəslin dünyaya töhfəsi gender bərabərliyi, irqi ayrıseçkiliyə qarşı mübarizə və ətrafa qarşı həssaslıqdır. Kollektiv iş və iclaslara əhəmiyyət vermək bu nəslin əsas xüsusiyyətlərindən biridir. Bu nəslin təmsilçiləri işləməyi çox sevirlər. Onlara görə, işə can yandırmaq işlədiyin saat qədərdir. Yəni nə qədər çox işləmisənsə, işə bir o qədər çox can yandırırsan. Ünsiyyətə, vəzifə bölgüsünə və fərdiyyətçiliyə önəm verirlər.
“X” nəsli (1965–1980). Bu nəsil özünü cəmiyyətə müxalif sayan, tənqidi siyasi mövqeyi, özünəxas geyimi olan nəsildir. Onlar bir mövqeyə sahib olaraq, pul qazanaraq və sosiallaşaraq özlərini sübut etməyə çalışırlar. İş həyatında sadiq, qənaətkardırlar. Uzun müddət eyni işdə işləməyi sevirlər. Texnologiya dövrünə düşdükləri üçün məcbur qalaraq texnologiyadan istifadə edirlər. İctimai məsuliyyətləri və işdəki motivasiyaları güclüdür. Qayda-qanunlara tabe olmağı sevirlər. Qadınların iş həyatına başlaması və uşaq istəyinin azalması da bu nəslə aiddir. Azadlıqlarına düşkündürlər. Əvvəlki nəsil kimi vəfalı deyillər. İş həyatında idarə olunmaqdan çox qabiliyyətlərindən istifadə edərək hədəfə çatmaq istəyirlər. Daha az qayda-qanunu olan işlərdə işləməyi sevirlər. Öz məqsədlərinə çatmaq üçün işləyirlər. Fərdi uğurları daha çoxdur. Səbirsizdirlər. İş və şəxsi həyata hörmətlə yanaşır, digər insanlardan da eyni hörməti gözləyirlər.
“Y” nəsli (1980–2000) Bu nəslə “internet nəsli” də deyirlər. Bu nəslin təmsilçiləri istədiklərinə nail olacaqlarını düşünürlər. Onlar valideynlərindən fərqli olaraq texnologiyaya daha yaxşı bələddirlər. Valideynləri və müəllimlərindən kömək gördüklərinə görə, həyata və karyeraya aid qərarlarında onların məsləhətlərinə ehtiyac hiss edirlər. Əvvəlki nəsillərə görə daha məlumatlıdırlar. Onların motivasiya üsulları digərlərindən fərqlidir. Qazandıqları gəlirdən çox, ictimai yardımlar, müddətsiz iş rejimi kimi özlərini rahatladan səbəblərə yönəlirlər. Onlar üçün gördükləri işin təqdir edilməsi əhəmiyyətlidir. İş vasitəsilə özlərini göstərmək, bir neçə işi eyni vaxtda görmək, hər şeyi anlamağa çalışmaq, tez qərar vermək istəyirlər. İş və özəl həyat arasında tarazlıq, məsuliyyət, hörmət, həmişə öyrənmək, əyləncə, istədiyini tez əldə etmək və s. bunların hamısını iş həyatında axtarırlar. Tənqidi sevmirlər. Bəzilərinin tez-tez iş dəyişdirməkdən xoşları gəlir.
“Z” nəsli (2000-) Bu nəslə “i Gen” “instant online” (həmişə xətdə) də deyilir. “Nəsillər nəzəriyyəsi”nin müəllifləri Uilyam Ştraus və Nil Houv bu nəsli fərdiyyətçiliyə əhəmiyyət verən və yalnız yaşayan nəsil adlandırır. Bu nəsil digər nəsillərdən çox fərqlənir. Hələ iş həyatına başlamadıqları üçün onlar haqqında nə isə demək çətindir. Onlarda sədaqət hissinin zəif olacağı, hər şeydən tez bezəcəkləri, standart işləri görmək istəməyəcəkləri təxmin edilir. Yaradıcılıq qabiliyyətlərinin yüksək olacağı, sosial aktivliklərinin daha güclü olacağı deyilir. Bunlar sadəcə təxminlərdir.
“Alfa” nəsli (2010-) Hələlik bu nəsil haqqında informasiya yoxdur.
Tahir Kamiloğlu
Ailə və münasibətlər kouçu
[1] Eyni vaxtda (dövrdə) yaşayan və bir-birinə yaxın adamlar nəsil adlanır.
