Maliyyə azadlığı
Pul ilə olan münasibətimiz
Pul xoşbəxtlik deyil, amma xoşbəxtliyin açarıdır. Pula olan baxışımızı dəyişməliyik. Pul əl çirki deyil. Sevgi,mərdlik, dürüstlük kimi müccərəd və mənəvi dəyərlər vacibdir. Biz adətən pulu bunlarla müqayisə edib deyirik ki, pul əhəmiyyətsizdir. Əslində isə pulu yemək, hava, su kimi sadə amma yaşamaq üçün vacib olan komponentlər siyahısına qoymalıyıq. Hərçənd onlara da lazımı qədər diqqət etmirik amma mövzumuz o deyil. Pulun əsas fərqi ondadır ki, pula qarşı çox həssasıq və pul ilə emosional əlaqə qururuq. Pulun az olmağı da çox olmağı da bizə təsir edir, bizi emosional olaraq, xarakter olaraq dəyişə bilir.
Puldan danışmaq, pul haqqında düşünmək ayıb deyil. Pul haqqında danışan, pula dəyər verən insanlar adətən gözümüzdə mənəvi olaraq aşağı düşür. Bu baxışı dəyişmək lazımdır, çünki pul ilə olan münasbətimizi düzəltməsək, onu idarə etməyi, qazanmağı öyrənməsək bəzi şeylər heç vaxt düzəlməyəcək. Ömrümüzün çoxunu pul qazanmaq üçün keçiririksə pul haqqında nəsə öyrənmək lazımdır. Pul qazanmaq istəyirsənsə sosial normları bir kənara qoymaq lazımdır. Mənəvi dəyərlər adətən kütləvi olaraq bizim işimizə yarayır, cəmiyyəti qaydada saxlayır. İnsan eyni zamanda individual varlıqdır, hətta sosialdan daha çox. Cəmiyyət səndən varlı olmağı gözləmir, amma dürüst olmağı, oğurluq etməməyi və s. gözləyir. Hətta varlı adamlara qarşı bir nifrət var sanki cəmiyyətdə.
Bu fikirlərdən yola çıxaraq qərar verdim ki, pul haqqında biraz məlumat qazanım. Bir neçə məqalədən, pul haqqında yazılan populyar kitablardan, biraz tvitter(bəli tvitter, məhşur bir tvit var onun haqqında 110 səhifəlik bir kitab var) və digər resurslardan yüngülvari araşdırma etdim və qeydlər götürdüm. Bu qeydlərin bəziləri mənə tam aydın deyil və ya ola bilər səhv başa düşmüşəm. Bu yazı daha çox pulun mahiyəti, pul olaraq azadlığımız niyə olmalıdır, və bəzi sadə pul yığmaq üsulları haqqındadır. Növbəti addımda investisiya, biznes sahibi olmaq, startuplar, kriptovalyuta, səhm sənədləri, birja və s. mövzularında öyrənib bu yazının ardı olaraq paylaşmağı düşünürəm (əlbəttə ki, həvəsim ölməsə və başıma ildırım düşməsə). İstifadə etdiyim resursları, kitabların adlarını sonda qeyd etmişəm.
Maliyyə azadığı nədir?
Mənəvi dəyərlərdən söz düşmüşkən, məncə azadlıq bu dəyərlər arasında ən vaciblərdəndir, pul bizə azadlıq gətirə bilər. Deməli pul həm də mənəvi olaraq dəyərli ola bilər.
Bugün işdən çıxsan, neçə gün/ay/il heç bir gəlir mənbəyin olmadan yaşaya bilərsən? Maliyyə azadlığı olan insan, heç bir yerdən asılı olmadan öz ehtiyaclarını ödəyə bilən insandır. Söhbət zəngin olmaqdan, milyonlar sahibi olmaqdan getmir, sadəcə öz ehtiyaclarını ödəyə biləcəyin azadlıq. Bu birinci mərhələdir. İkinci mərhələ azadlıq isə xəyallarını gerçəkləşdirmək üçün lazım olan pula sahib olmaqdır. Məsələn: səyahətə çıxmaq, xəyalındakı maşını almaq və s.
Adətən hamımız eyni şeydən şikayətlənirik: 9–6 işi çox sıxıcıdır, kapitalizmin köləsi olmuşuq, mən işləyirəm amma başqası qazanır, sistemin içində sıxılıb qalmışıq və s. Bunlar reallıqdır və adətən yaşadığımız həyatdan narazılığa gətirib çıxarır. Digər tərəfdən bu problemləri həll etmək üçün heçnə etmirik, ümidsizlik, çarəsizlik bizi əhatə edib. Burda qeyd etdiyim təhlil və təkliflər hamı üçün keçərli deyil!
“Varlı ata kasıb ata” haqqında bəzi düşüncələrim
Kitab ümumilikdə çox faydalı kitabdır, amma kitabda daim təhsilə qarşı bir antipatiya var. Kasıb ata Phd dərəcəsi olan bir elm işçisidir və həmişə əzab əziyyət çəkərək yaşayır, varlı ata isə heç universitet oxumayıb amma milyonları var. Ola bilər ki, 90-ci illərə qədər bu belə idi, təhsili olmayan amma bəzi bacarığı olan insanlar çox tez pul qazana bilirdi. Artıq hər şey dəyişib və ya əvvəldən elə idi, təhsilli olub varlı olmaq ehtimalı təhsilsiz olub varlanmaq ehtimalından çoxdur. Hal hazırda dünyanın ən zəngin insanlarına göz gəzdirsək, demək olar ki, hamısı harvard və digər məhşur universitet məzunlarıdır. İnternetdə belə bir statistika tapdım amma bilmirəm düzdür ya yox. Təhsil səviyyəsi artdıqca insanların gəlirləri də artır. Bu ortalamadır, təhsilli olub kasıb olan, və ya təhsiliz olub varlı olan insanlar da var. Adətən təhsilin yaxşı olduğu ölkələrin iqtisadiyatı da yaxşı olur. Qısacası, təhsil həmişə vacibdir!
Daha detallı bu məqalədən oxuya bilərsiz: poor-countries-catching-rich-education-not-income
Götürdüyüm qeydlər özüm üçün də qarışıq olduğu üçün tam olaraq ardıcıl formaya sala bilmədim, bunun əvəzinə bəzi başlıqlar olaraq qruplaşdırmağa çalışdım. Qruplaşdıra bilmədiyim bir cümləlik qeydləri ən sonda siyahı halında yazmışam.
Pul təhsili
Hamımız bilirik ki, maaş ilə varlı olmaq olmaz. Bəs necə varlı olmaq olar? Bunu öyrənmək lazımdır. Məktəbdə bizə necə pul qazanmaq olar öyrətmirlər. Ona görə də bunu özümüz etməliyik. Boş vaxtımızda internetdən və ya kitablardan, kurslardan pul və idarə olunması haqqında öyrənə bilərik. Vergi sistemi necə işləyir, necə pul yığmaq olar, investisiya nədir, birjalar necə işləyir və s. Vaxt özü ən böyük sərmayədir, onu düzgün istifadə etmək lazımdır. Öyrənməyə sərf olunan vaxt da bir növ yatırımdır, hansı ki, gələcəkdə bizim işimizə yarayacaq.
Pul yığmaq
Aylıq gəliri olan adam üçün azadlığa gedən ilk addım pul yığmaqdır. Hər şeydən əvvəl olduğun vəziyyəti başa düş. Məsələn hər ay gəlirindən 100 manat kənara qoyaraq başlamaq olar. Mən yığıdımız pulu azadlıq\vaxt olara hesablamağı təklif edirəm. Məsələn: fərz edək ki, mənim saatlıq maaşım 5 manatdır. Kənara qoyduğum 100 manat mənə 20 saatlıq işləməmə azadlığı gətirir. Rəqəmlər şərtidir, kənara qoyduğun 1 manat belə heçnə qoymamaqdan daha yaxşıdır. Bunu hər ay davam etdirmək vacib nöqtədir. Yığdığımız pulu dollar,avro kimi nisbətən sabit pul vahdinə çevirib saxlamaq da pis fikir deyil. Yığdığımız pulu qruplaşdıra bilərik.
Təhlükəsizlik fondu: bu fonda qoyduğumuz pullar gözlənilməz hadisələr üçündür. İşdən çıxmaq, xəstələnmək, qəza və s.
İnkişaf fondu: bu fonda qoyduğumuz pullar bizə pul qazandıran, yatırımlar, aldığımız səhmlərdir. Burdakı pul ilə risk etmək olar, artıb azala bilər.
Xəyal fondu: İnkişaf fondundan qazanmağa başlayanda o pullar bu fonda yığılır. Bura topladığımız pullar artıq xəyallarımızı həyata keçirmək üçün olandır.
Azadlıq fondu: Azad olmaq üçün nə qədər pula ehtiyacın var? (bu mənim versiyamdır) Məsələn: öz şəxsi biznesini qurmaq üçün sənə 5 il vaxt və biraz pul lazımdır. Bir ömürlük pul yığmaqdansa 5 il lazım olacaq pulu topla, daha sonra maaşlı işi buraxıb, öz biznesinə fokuslan.
Xərclərini idarə et (Pulumuz hara gedir?)
Nəyə pul xərcləyirsənsə bunu həmişə analiz et. Hətta bir dəftərə aylıq nəyə pul xərcləmisən yaz. Adətən deyirlər ki, maaşın 50% aylıq xərclərə (ev, komunal və s.) 30% yemək +əyləncəyə, geridə qalan 20% isə saving olaraq qalmalıdı.(bunu yazan amerikalı olduğu üçün bizi nəzərə almayıb :) gəlin biz o saving hissəni 10% edək).
Xərclərini təhlil etmək bizə bəzi lazımsız xərcləri görməyə imkan verəcək. Beləcə lazımsız xərcləri azalda bilərik. Çünki adlığın hər şey gələckdəki vaxtından gedir. 5 manata aldığın lazımsız bir şey səndən o pulu qazanmaq üçün işlədiyin 1 saatı alır, üstəlik o pulu saving etmədiyin üçün gələcəkdəki azadlığından 1 saat da azalır (iki qat ziyan). Gizli xərclər var, hansı ki, diqqət etmirsən amma uzun müddət hesablayanda çox pul edir.
Xərcləri idarə etmək üçün bəzi sadə təkliflər:
Qızıl qayda: Kədərli , içkili və ac olanda heç vaxt bazarlığa getmə
- Maşın çox vacib deyilsə alma, çünki maşın başdan ayağa xərcdi.
- Bazarlıq etməyi, qiymət salmağı öyrən.
- Adblocker sizi çoxlu reklamdan xilas edəcək.
- İkinci əl məhsullar almaqdan çəkinmə.
- Əyləncəyə çox pul xərcləmək çox əylənmək mənasına gəlmir.
- Yemək bişirməyi öyrən, çünki yemək pulumuzun getdiyi ən önəmli şeylərdən biridir.
Tətil
Bütün il işləmişəm heç olmasa 5–10 gün gedim yaxşı istirahət edim yanaşması ilə bahalı, xərcli tətillər etmək heç məntiqli deyil. İl boyu çətinlik çəkirsən, əziyyət çəkirsən və qısa bir həftəlik tətildə yığdığın pulun çox hissəsini xərcləyirsən, daha sonra yenidən qayıdıb eyni şeyi təkrarlayırsan. Kampinq haqqında öyrən (əyləncəli və sərfəli tətil).
Kakeibo üsulu (Yaponvari)
Yaponların hər şeydə olduğu kimi, bu mövzuda da xüsusi üsulları var, amma elə də fantastik bir şey deyil. Qısaca deyir ki, növbəti ayda xərcləyəcəyin pulu indidən planla, həftəlik büdcə limiti qoy və o limiti aşma. Əvvəlcədən nə qədər xərcləyəcəyini bilmək daha çox pul yığmağa kömək edəcək və əlavə xərcləri azaldacaq. İmpuls satınlamaları da nəzarətdə saxlamaq lazımdır. Buna görə də bazarlığa getməzdən əvvəl alacağımız şeylərin siyahısını hazırlayıb, siyahıdan kənara çıxmamağa diqqət etməliyik.
Impulse satınalma: İstehlakçı davranışında, əvvəlcədən planda olmayan amma həmin an görüb,qərar verib, satınalma halı.
Pensiya
Pul yığmağa nə qədər tez başlasan, o qədər tez pensiyaya çıxa biləcəksən. Pensiyaya çıxmaq üçün mütləq qocalmağı gözləmək lazım deyil. Yaşamaq üçün kifayət qədər pulun varsa elə indi də pensiyaya çıxa bilərsən. Pensiyaya(qocalıqda) çıxmaq bizi işləməkdən xilas etməyəcək. Hətta getdikcə artan krizisi nəzərə alsaq, pensiya fondundan gözümüzü çəkməliyik. Pensiya fondu necə işləyir öyrən, və görəcəksən ki,ona heç güvən yoxdur. Pensiyaya çıxdıqdan sonra yaşayacağın yeri indidən təyin et və o yerdə ev, torpaq qiymətləri ilə maraqlan.
Hədəf, plan və xəyallar
Toplamaq istədiyin miqdarı təyin et. Çox pulum olsun demək ümumi bir hədəfdir və net deyil. Bu ilin sonuna 20 min manat pul yığmaq istəyirəm isə dəqiq bir hədəfdir. Sosial mediadakı satılan xəyallara aldanma.
Xəyalını potensialına görə uzat — daha kiçik amma real xəyallar qurmaq ayıb deyil
Bəs bu hədəfi necə qoyaq? Nümunə (rəqəmlər şərtidir): mənim aylıq ehtiyacım olan pul 700 manat olsa. 10 illik azadlığım bərabərdir: 700 * 12 * 10 = 84000. Heç bir iş görməsəm və biraz da bədxərclik etməsəm 84 min manat pul ilə 10 il heç kim üçün işləmədən yaşaya bilərəm. Əlbəttə bu çox kobud bir hesablamadır, nəzərə almadığımız bir çox hal var. Yenə də bizə azad yaşamaq üçün milyonlar lazım deyil. Hədəf təyin edərkən realist olmaq lazımdır. Balaca addımlar at amma uzun müddətli planlar qur. Maaşdan kənara qoyduğun pul ilə aralıq dənizində yaxta sahibi olmaq hədəfi qoymaq olmaz. Yaxtaya biznes sahibi olaraq, investor olaraq çatmaq olar.
Mürəkkəb faiz
Fərz edək ki, bank sənə əmanət qoyduğun pul üçün illik 5% pul verir.
Əmanət olaraq qoyduğun 100 manat növbəti il 105 manat olur. Birinci il 5 manat qazanmış oldun. İkinci il 105 manatın 5% artacaq, yəni 5 manat 25 qəpik. Məsələn 50000 manat pulu banka qoysan,3 il sonra o pul 60800 olacaq (ən aşağıda Kapital bankın saytında olan kalkulyatorun linkini qoymuşam). Sadəcə bu mürəkkəb faizi hesablayaraq, aylıq minimal xərclərini əmanət puldan çıxararaq da azadlığa çıxa bilərsən. Bankda 150 min manat pulun olsa, bank aylıq sənə 843 manat pul verəcək.
Xəyalındakı işi tapmaq
Yeri gəlmişkən bu mövzuya da toxunaq. Statistikaya əsasən insanların 85%-i hazırkı işindən razı deyil. Mən səbəb olaraq sosial medianı görürəm. İnsanlar hər an xoşbəxt olduqlarını göstərən postlar paylaşırlar. Bizim komanda əjdahadır, bizim şirkətdə hamı ailə kimidir, bizim işdə hamı xoşbəxtdir imici yaratmağa çalışırlar. Biz də düşünürük ki, hamı öz iş yerində, öz komandası ilə xoşbəxtdir, bircə mənəm sevmədiyim işdə çalışan.
Mənə elə gəlir ki, biz yenə nəyisə səhv salırıq. Pulu mənəvi dəyərlərlə müqayisə etdiyimiz kimi, işi sevgi hissi ilə əlaqələndirməyə çalışırıq.
İş: pul qarşılığında əməyimizi satdığımız bir şeydir. Yəni iş alverdir, pul üzərinə qurulumuş bir münasibətdir. Qarşılıqlı mənfəət güdən iki tərəfin müqavilə ilə bir birinə bağlayan aktdır. Və biz bunu bilə bilə sevdiyimiz işi tapmağa, işlədiyimiz yerdə xoşbəxtlik tapmağa çalışırıq. :) Sevdiyin işi tapsan ömür boyu işləməyəcəksən söhbətinə inanmıram. Ömrümüzün yarısından çoxunu pul əsaslı bir münasibətdə keçirdiyimiz üçün belə emosional bağ qurmuş ola bilərik. Biraz qarışıq məsələdir, amma siz yenə də iş yerinizdən maaşdan əlavə xoşbəxtlik gözləməyin.
Telegramda izlə: https://t.me/virtual_agac
Digər qeydlər
- Sən pul üçün yox pul sənin üçün işləsin!
- Sənə pul qazandıracaq bacarıqların haqqında düşün
- Vergi sistemini başa düş. Robin hud niyə pisdir? Dövlət özünü robin hud kimi aparır? Şirkətlər xərcləyib daha sonra vergi ödəyir, sən isə vergi ödəyib daha sonra xərcləyirsən. Şirkət batarsa pulun hamısını geri qaytarmır.
- Risk almağı öyrən amma ağıllı risklər. Risk alarkən hər şeyi hesablamaq lazımdır
- Passiv gəlir haqqında öyrən.
- Disiplinli olmaq lazımdı, tez-tez fikir dəyişdirmək, həvəslərə qapılmaq olmaz.
- Pulunun sənin üçün işləməyini istəyirsənsə səhm (stock) almalısan, bu zaman biznes sahibi də olursan
- Çox işləmək ilə ağıllı işləmək arasına fərq var. Sən hansını edirsən?
- Özün üçün işlə, başqaları üçün yox. Təkcə pul üçün işləmə həm də öyrən.
- Pulu bankda saxlamaq yoxsa riskli investisiya stock almaq?
- Bu tələyə düşmə: çox qazanıramsa çox da xərcləyim, daha yaxşısını almayacamsa niyə işləyirəm?
- Kredit skorunu yuxarı saxlamağa çalış
- Əlinə biraz pul gələndə CEO kimi yaşamağa çalışma! (burda müəllif özünün və bir çox insanın etdiyi səhvdən danışırdı)
- Bir sahədə dərinləşməklə yanaşı müxtəlif sahələrdə də biliyni artır. Xüsusilə biznesdə.
- Pul haqqında danışmırsansa heç vaxt inkişaf olmayacaq!
- 72 qaydasını öyrən
- Pulu idarə etmə ilə bağlı çoxlu üsul var, amma ən yaxşı yol tətbiq etdiyin üsuldur.
- Kənara pul qoyursansa zaman sənin üçün işləyir.
- Minimalizmi pul yığmaq məqsədinə uyğunlaşdırmaq olar.
Növbəti yazı üçün açar sözlər:
Risk və idarə olunması, passiv gəlir, birja, səhm, kriptovalyuta, depozit, kredit skorinqi, Xalis cari dəyər(NPV), investisiya, şəxsi biznes.
Resurslar:
- Rich Dad, Poor Dad — Robert T. Kiyosaki
- Financial Freedom — Grant Sabatier
- MONEY: Master the Game — Tony Robbins
- The Financial Diet — Chelsea Fagan and Lauren Ver Hage
- The One-Page Financial — Plan Carl Richards
- https://www.kapitalbank.az/deposits/kapital
- https://staffsquared.com/blog/why-85-of-people-hate-their-jobs/