Məna axtarışı (1)
Çarəsizlik, məna olmadan əzab çəkməkdir…
Xoşbəxt olmaq bir məsqəd deyil, yəni mən xoşbəxt olmaq istəyirəm deyəndə nəyisə tam ifadə etmirik. Xoşbəxtlik bir nəticədir məqsəd yox, hansısa bir problem həll olanda nəticə olaraq xoşbəxt olursan, yeni nəsə bir şey alanda qısa müddətli xoşbəxt olursan. Deməli fokuslanmalı olduğumuz şey xoşbəxtliyin özü yox başqa bir şeydir, xoşbəxtlik sonra, nəticə olaraq gələcək.
Heçnəyin mənası yoxdur, istənilən bir şeydə biraz dərinə gedəndə görürsən ki, sonda heçnə yoxdur. Həyat özü bir gün ölümlə bitəcək, çürüyüb torpağa qarışacam və mənə aid olan hər şey anidən yox olacaq. Hədəflər, xəyallar, ümidlər hamısı mənsızlığa məhkumdur, etdiklərimin, edəcəklərimin, heçnəyin əhəmiyyəti yoxdur. Özümü nə qədər aldatsam da sonda gəldiyim nəticə bu olur. Heçnəyin xüsusi bir mənasının olmamağı insanı bir heçlik depresiyasına salır, mənasız olduğu üçün heçnəyə tam olaraq bağlana bilmirsən, heçnəyi tam olaraq arzulaya bilmirsən.
Tək məsələ ölüm düşüncəsi də deyil, istənilən mövzunun səbələrini bir-bir sorğuladıqda gəlib axırı heçliyə çıxır. Mövlananın (bəlkə də molla nəsrəddin)o qısa hekayəsində də deyildiyi kimi, ən sonunda gəlib çıxacağın nöqtə heçlikdir. Elə indidən birbaşa heç olaq, daha niyə o qədər əziyyət çəkirik ki? Əlbəttə bunu izah etmək biraz çətindir, hər şey öz mənasını itirəndə, hər şeyə mənasız bir çey kimi baxanda adamın yaşamağa da həvəsi qalmır. Üstəlik bir zamanlar tapdığın həqiqət, yaşamaq üçün səbəb anidən yoxa çıxanda bir boşluğa düşür adam.
Sonu görünməyən bir uçurumdan aşağı düşərkən son anda yapışdığım bir budaq kim idi məna. Hər şeydə məna axtarmaq vərdişi hardan gəlir bilmirəm. Sevgidə, ailədə, işdə, hər yerdə və hər şeydə bir məna var, olmalıdı başqa yolu yoxdur. Bir gün heçnəyin mənasının olmadığını başa düşəndə o budaq qırıldı və mən sonsuz bir boşluqda aşağı doğru düşməyə başladım. Fərqində olmadan heçnəyə ciddi yanaşa bilmirsən, bir də baxırsan ki, uzun bir müddət keçib, həyat davam edib amma sən geriyə dönüb baxanda heçnəyi tam yaşamamısan, heçnəyi tam hiss etməmisən bu depresiyaya görə.
İşin qəribə tərəfi isə budur ki, hər gün, hər saat nəsə öyrənirəm, oxuyuram, lazımsız çoxlu informasiya qəbul edirəm, amma həyatın mənası, və ya həyatımın mənası haqqında heç özümü yormamışam, ciddi formada üstünə düşüb səbəblərini, nəticələrini, edə biləcəklərimi düşünməmişəm. Sanki bir axına düşmüşəm və şüursuz formada axın ilə yaşamışam. Baxmayaraq ki, özümü piss hiss etdiyim halda bunu dəyişmək üçün nəsə etməmişəm. Uzun sözün qısası başlamışam bu mənasızlıqla mübarizə aparmağa, ya həyatın, həyatımın mənasını tapmalıyam, və ya ümumiyyətlə mənasız bir həyatı necə yaşayacağıma qərar verməliyəm. Axına qoşulsam belə bu şüurlu formada olmalıdır, öz istəyimlə qoşulduğum üçün bəlkə də daha yaxşı hiss edəcəm.
Əlbəttə ki, bu mənasızlıq öz-özünə yaranmayıb, xüsusilə oxuduqlarım və izlədiklərim zamanla yavaş-yavaş məndə fərqində olmasam da bunu yaradıb. İndi fikirləşəndə görürəm ki, əslində bəlkə də bütün bunlar o qədər də pessimist deyildi, bəlkə də mən sadəcə neqativ olanı görürdüm və bu sonsuz bir dövr yaratmışdı. Özümü pis hiss etdiyim üçün pessimist fikirlərə, kitablara, filmlərə, musiqilərə yönəlirdim və bu məni daha da pessimist edirdi.
Belə qərar verdim ki, tək başına bir məna tapmamışdan əvvəl, qərar vermədən əvvəl başqalarını analiz edim, dahiləri, filosofları, o böyük insanların nə düşündüyünü indi daha obyektiv formada başa düşməyə çalışım. Məsələn Kafkanı, Kamünü, yarımçıq öyrəndiyim fəlsəfəni, başdan bir də təhlil edim, görəsən həqiqətən onların dediyi bu qədər neqtivdir yoxsa mən səhv başa düşmüşəm. Əlbəttə bütün kitablarını, fəlsəfə tarixini başdan oxumağa çalışsam elə məna tapmamış ölüb gedəcəm :) Nəsə qısa bir şey fikirləşmək lazımdır. Görünən odur ki, biraz uzun çəkəcək, bəzi filosoflar ömürləri boyunca bu sualın arxasınca gediblər mən bir-iki günə tapacağımı düşünmürəm. Digər tərəfdən filosofların hər şəyi düstur halına gətirməyə çalışır sanki, filan şey belədir, və bu hamı üçün keçərlidir deyirlər. Mənim belə ümumbəşəri bir məqsədim yoxdur, təkcə öz mənamı tapsam bəsdir.
İnsanın məna axtarışı adlı kitabla başladım. Müəllif ( psixiatr, psixoloq, nevroloq) Viktor Frankl, özü almanların yəhudilərə əziyyətlər verdiyi kamplarda ( concentration camps) 3 il müddət əsir olub. Çoxlu dramatik hadisələr, işgəncələr görüb və ordakı insanları təhlil edib. Sual belədir: necə olur ki, eyni əzablara, işgəncələrə dözən bəzi insanlar intihar edirlər, həyatdan əl çəkirlər, amma bəzilər isə inadla yaşamağa davam edirlər?
Müəllif ordan sağ çıxdıqdan sonra Loqoterapiya terminini ortaya atır. Loqo məna deməkdir, məna ilə terapiya. O deyir ki, insanı həyatda saxlayn şey mənadır, həyatın mənasını itirən insan gələcəyə dair ümidini də itirir və yaşamaqdan əl çəkir. Almanların işgəncələrinə dözüb inadla yaşamağa çalışan əsirləri həyatda saxlayan şey ümid idi, azadlıq ümidi, ordan sağ çıxıb öz ailələrinə, sevdiklərinə, və ya arzuladıqları başqa şeylərə çatacaqları ümidi idi. Onlar üçün yaşamağın tək mənası ordan çıxanda etmək istədikləri, görmək istədikləri idi.
Psixoloq kimi də yanına gələn, intihar cəhd etmiş insanların hamısının bir ortaq nöqtəsi var, hamısına görə artıq yaşamağın bir mənası qalmayıb. Həyatın mənasını itirmək elə həyatın özünü itirmək kimi bir şeydi.
Bu fikirlə tanış olandan sonra özümdə müşahidə etdiyimin də bu olduğunu gördüm, qısa müddətli başımı qatmağ üçün bir işlə məşğul ola bilirəm, amma başımı qaldırıb gələcəyə baxanda, biraz irəlini düşünəndə mənim üçün həmişə qaranlıq görünür, çünki çatmaq istədiyim bir məna, ümid görə bilmirəm.
Bilmirəm bəlkə də Ümid ilə məna tamam başqa bir şeydi, amma hələlik onun dediklərinə davam edək. Kitab nəşr olunduqdan sonra milyonlarla satılır, hamı müəllifə çoxlu suallar ünvanlayır. Bir intervyusunda deyir ki, görün nə qədər insan məna axtarışındadır ki, sırf kitabın adında məna axtarışı olduğu üçün bu qədər çox satılıb.
Bəs müəllif nə təklif edir? Biz bu mənasızlıqdan necə qurtulaq, mənanı necə tapaq? Xoşuma gələn cəhəti bu oldu ki, müəllif bizə konkret bir həll vermir, hamı üçün ortaq bir məna yoxdur. Yəni elə bir şey yoxdur ki, hamımız onun uğrunda yaşayaq və ya yeri gələndə ölək. Hər kəsin həyatının mənası özünəməxsus, xüsusi və digərlərində fərqli ola bilər. Bunu tapmaq üçün isə 3 fərqli yol təklif edir, və ya tam başa düşməmişəm, analiz etdiklərində 3 fərqli üsul ortaya çıxarıb. Hər birini başa düşdüyüm formada özətləməyə çalışıram:
- Yaradıcılıqla məşğul olmaq, özünü bir işə aid etmək.
Bu daha çox uğurla, yaradıcılıqla bağlıdır. Ola bilər ki, sizin həyatınızın mənası hansısa işdə ən yüksək uğuru qazanmaqdır. Bu rəssamlıq ola bilər, hansısa biznes ola bilər və ya hər hansı bir iş. Dahi rəssamlar, bəstəkarlar, biznesmenlər üçün həyatın mənası, və ya yaşamaq üçün səbəb bu olub. Bu üsul daha çox özünü sübut və uğurla bağlıdır. - Təcrübə etmək, hiss etmək, sevmək.
Bu üsul hisslərlə bağlıdır. Sevdiyiniz bir insan üçün, ailəniz üçün, uşaqlarınız üçün,yaşamaq sizin həyatınızın mənası ola bilər. Fərqli həyəcanları yaşamaq da sizin üçün səbəb ola bilər, hansısa dağa dırmanmaq, uca bir yerdən tullanmaq, kasıblara yardım etmək, xəstələri sağaltmaq, heç hiss etmədiyiniz şeylər hiss etmək, fərqli yerlər gəzmək və s. Hisslərlə, təcrübələrlə bağlı bir məna. - Qaçınılmaz olan əzablara, ağrılara qarşı dözüm, bir duruş.
Açığı bu bəndi tam başa düşmədim, aranızda başa düşən olsa mənə də izah edər. Başa düşdüyüm formada izah etməyə çalışım. Bu sizin hansısa əzaba qarşı duruşunuzla bağlıdır. Ağrılardan məna çıxara bilmək bacarığı. Bəzən çox səfil bir həyat yaşayan insan gözlənilməz ağrılar yaşayanda qeyri adi formada həyatını dəyişə bilir. Bəzən ağrılar bizi biz edir. Bu ağrılar fərqli ola bilər, sevdiyiniz birini itirmək, azadlığınızı itirmək, və ya həyatınızın mənasını itirb, depresiyaya düşmək. Bəlkə də çəkdiyimiz əzablar bizi biz edir, bəlkə də elə ağrılara dözmək, güclü olmaq bizim həyatımızın mənasıdır.
Bunlar Viktor Frankl-dan ilk öyrəndiklərimdir, və mənə mənalı görünür. Bu üsullar haqqında biraz düşünmək lazımdır.
Növbədə Maslov pramidası, Albert Kamü, Nitsşe və başqaları var. Onların yazdıaqlarını, həyatabaxışlarını və ən əsası onlar üçün həyatın mənası nə idi, onu öyrənmək istəyirəm. Görəsən həyat həqiqətən absurddur? Kamü bu absurdluğa qarşı nə təklif edir? Nitsşe nihilizmə qapılıb tez-bazar özünü öldürmək əvəzinə niyə o qədər kitab yazıb? Onlar üçün həyatın mənası nə idi?
ardı: https://medium.com/%40tunaynovruz/m%C9%99na-axtar%C4%B1%C5%9F%C4%B1-2-a5d3ffcb570e
Telegramda da bəzən qısa fikrilərimi bölüşürəm. Qoşulmaq üçün keçid linki: https://t.me/virtual_agac
Müəllifin qısa bir intervyusu: