Varikosel yayğın, kişilərin 44 faizində sonsuzluq yaradacaq xəstəlikdir.

“Doktor, qorxulu bir şey yoxdur ki?!”
Gündəlik praktikamızdan suallar.

İnsan orqanizmində hər şeyin öz mənası, öz fəlsəfəsi vardır. Bəzilərimiz, orqanizmi, ümumiyyətlə canlıların quruluşunu ideallaşdırırlar. Onlar, hər orqan, hər funksiyanın yerində, qüsursuz, bir növ ideal olduğunu iddia edirlər.

Gözəl niyyətdir. Lakin həqiqətə uyğun deyil. Əslində, ideal məfhumunun özü mübahisəlidir, amma gəlin işə dərindən baxaq.

Yeniyetmə yaşını keçmiş oğlanların əksəriyyəti xayalıqda damarların genişlənməsi, yəni varikosel xəstəliyi haqqında eşidiblər. Xayalıqda, əsasən sol tərəfdə dəri altında genişlənmiş damarlardan ibarət kələf görünür. Bu hadisə prinsip olaraq ayaqlarda görməyə alışdığımız ayaq venalarının varikoz genişlənməsi halı ilə eynidir.

Varikosel xəstəliyində xayalığın görünüşü.
Mənbə Netter images

Varikosel ən çox sol, nadir hallarda isə həm də sağ tərəfdə olur. Altda yatan səbəb dəqiq bilinmir. Lakin sol xayanın venasının əsas damara (aşağı boş venaya) deyil ölçüsü və keçiricilik qabiliyyəti daha kiçik olan böyrək venasına açıldığı üçün sol xata venasında bir növ “tıxac” yarandığı düşünülür. Həqiqətən də, birçox klinik çalışma bu faktı dəstəkləyir.

Varikosel həddi buluğ yaşına girərkən, yəni 13–18 yaşları arasında başlayır. Doğrudur, 7–8 yaşında oğlan uşaqlarında da varikosel görünür. Bu hadisə qorxulu deyil. Yəni, nə qədər erkən yaranarsa, o qədər pisdir fikri doğru deyil. Ayrıca, fərdin nə etməsindən asılı olmayaraq, əgər bir oğlanda varikosel yaranacaqsa, o zaman vaxtı gələndə varikosel meydana çıxacaq.

Sağ xaya venası aşağı boş venaya, sol xaya venası isə daha kiçik ölçülü sol böyrək venasına açılır.
Mənbə http://kidneycure.net/intertility.html

Yaxşı, bunun qorxulacaq nə yanı var?

Belə bir statistika var.

Yüz nəfər sağlam qadın ilə ailə qurmuş 100 nəfər sağlam kişidən 15-ində partnyor hamilə qala bilməyəcək.

Yüz nəfər sağlam qadın ilə ailə qurmuş 100 nəfər varikoseli olan kişidən isə 44-ündə partnyor hamilə qala bilməyəcək.

Buradan varikosel ilə sonsuzluq arasında əlaqə olduğu mənası çıxır.

Rəqəmlər bir az qorxuducu görünür. Yaxşı ki, müasir tibb varikosellə başa çıxmağı yaxşı öyrənib. Təkcə əməliyyat deyil, insanların nə qədər risk altında olduğunu hesablamaq, vaxtında tədbir almaq imkanları vardır.

Bunlar haqqında isə gələcək yazılarımızda.

Dr. Vasif İsmayıl