Data nə üçün vizuallaşdırılır?

Ulkar Aghayeva
ABB Data Portal
Published in
3 min readJun 24, 2024

Öncəki məqalədə biz insaytların çıxarılması zamanı vizualizasiyadan istifadə haqqında məlumat vermişdik. Hazırda isə ümumi olaraq məlumatların — datanın vizuallaşdırılması haqqında danışacağıq.

Məlumat vizuallaşdırması onlardan vizual təsvirlər yaratmaq üçün istifadə olunan texnikadır. Bu, insanların mürəkkəb məlumatları tez və effektiv şəkildə başa düşməsini, təhlil etməsini asanlaşdırır. Məlumat vizuallaşdırmaları böyük miqdarda məlumatları asan başa düşülən və təhlil edilən vizual formatlara çevirdiyi üçün çox vacibdir. ABB-də məlumatların vizuallaşdırılması prosesinin vacibliyini aşağıdakı amillər müəyyən edir:

Data əsaslı sürətli qərarvermədə datanın vizuallaşdırılması ən effektiv üsuldur. Belə ki, məlumatları qrafik və ya rəsmlər şəklində təqdim etməklə, məlumat vizuallaşdırmaları, qərarvericilərə analitikanın vizual şəkildə təqdim edilməsini görməyə imkan verir. Bu da çətin anlayışları qavramağa və ya yeni nümunələri müəyyən etməyə kömək göstərir. Eyni zamanda, datanın vizuallaşdırılması, qərarvermə proseslərini sürətləndirə bilər. Çünki mətn əsaslı məlumatlarda gözardı edilə biləcək trendlər və dəyişikliklər vizuallaşdırıldığı zaman dərhal tanına bilər.

Məlumat vizuallaşdırması trendlərin və əlaqələrin müəyyənləşdirilməsi və izlənilməsinə, eyni zamanda, anomaliyaları da görməyə imkan yaradir. Strategiya qurmaq və ya gələcək trendləri proqnozlaşdırmaq üçün effektiv vizuallar, məlumatın hissələri arasındakı münasibətlərin vurğulanması üçün vacibdir.

Məlumat vizuallaşdırma alətləri və texnologiyaları dinamik, interaktiv vizuallar yaratmağa imkan verir ki, istifadəçilər özləri məlumatları araşdıra bilsinlər. Bu interaktivlik sayəsində istifadəçilər məlumatları daha dərin təhlil edə və data əsaslı qərarlar təqdim edə bilərlər.

Ümumilikdə, məlumatların vizuallaşdırılması yalnız gözəl diaqram və qrafiklər hazırlamaqdan ibarət deyil; bu, daha effektiv məlumatlara əsaslanan qərarların qəbul edilməsinə və kommunikasiyaya imkan verən biznes intellektinin əsas aspekti kimi bankımızda geniş istifadə olunur.

Data vizuallaşdırmada diqqət etməli olduğumuz bəzi əsas elementlərə nəzər yetirək:

Vizualların effektiv və mənalı olmasını təmin etmək üçün nəzərə alınması lazım olan bəzi əsas və təməl elementlər var. Bu elementlərə diqqət etmək, vizullaşdırmanın qərarvermə aləti kimi çox güclü alətə çevrilməsinə imkan yaradır. Əsas elementləri aşağıdakı kimi qruplaşdıra bilərik:

· Aydınlıq və dəqiqlik

· Uyğun diaqram növünün seçilməsi

· İntuitiv dizayn və tərtibat

· Uyğunluq (rəng, stil, şrift və simvolların vizual daxilində uyğunluğu)

· Rənglərin effektiv istifadəsi

· İnteraktivliyin təmin edilməsi

· Ümumi səkildə vizualın bir “hekayə danışması”

· Məlumatların düzgünlüyü

ABB-də biz yuxarıda qeyd olunan elementlərə diqqət edərək öz vizuallarımızı yaradırıq. Əsasən biz, Bankın korporativ rənglərinə sadiq qalaraq, vizuallaşdırılan datadan asılı olaraq, müvafiq rəng palitrasından istifadə edirik.

Məsələn, bənzər xarakterli bölünmələri vizuallaşdırarkən oxşar rəng çalarlarından, informasiyanın bir-birinə əks olduğunu vurğulayarkən isə, onları ifadə edən rənglərin də bir-birindən kəskin fərqlənməsinə diqqət edirik:

Lakin bununla yanaşı, vizuala ümumi baxış zamanı, uyğun diaqram növlərinin seçimi prinsipinin qorunması ilə öz daxilində vəhdət təşkil edən uyğunluğu izləməsinə diqqət edirik.

Nəticə olaraq, datanın vizuallaşdırması — biznes qərarlarının daha tez və effektiv verilməsində, məlumatların asan başa düşülməsində və mürəkkəb məlumatların təhlil edilməsində mühüm rol oynayır. ABB-də biz bu prinsiplərə əməl etməklə, daha güclü və məlumatlara əsaslanan qərarların qəbulunu təmin edirik.

Düzgün alətlərin və texnikaların seçilməsi isə bu prosesin əsasını təşkil edir və məlumatın tam potensialını ortaya çıxarmağa imkan verir. Növbəti məqaləmizdə bu mövzuda daha geniş məlumat olacaq.

Qeyd : Daşbordda istifadə olunan məlumatlar nümunə xarakterlidir.

--

--