Müasir məlumat arxitekturasının qurulması

Elnur Sadiqov
ABB Data Portal
Published in
3 min readOct 26, 2023

Texnologiyanın sürətli inkişafı ilə bərabər təşkilatlar əsaslandırılmış qərarlar qəbul etmək, rəqabətə davamlı olmaq və cari proseslərini təkmilləşdirmək üçün data əsaslı qərarları üstünlük tuturlar. Buna əsasən məlumatlardan daha faydalı istifadə edə bilmək üçün müasir məlumat arxitekturasının yaradılması vacibdir. Məqalədə ABB-dəki təcrübələrimizi də nəzərə alaraq istər sıfırdan, istərsə də mövcud məlumat arxitekturasının yenidən qurulması üçün biznes ehtiyaclarını nəzərə alaraq hansı addımlarla irəliləməli olduğumuzdan bəhs edəcəyik.

Müasir verilənlər arxitekturasının qurulması üçün addımlar:

Data strategiyanızı müəyyən edin

Cari və ya planlanlaşdırılan biznes-texnologiya ilə bağlı strateji hədəfləri və onların əsas məqsədlərini aydınlaşdırmaq üçün təşkilatınızın daxilində maraqlı tərəfləri müəyyənləşdirin. Onlarla birgə biznes məqsədlərinizi dəstəkləmək üçün hansı məlumatları toplamaq, saxlamaq, emal etmək və təhlil etmək lazım olduğunu təyin edin.

Cari data arxitekturasını dəyərləndirin

Əgər data sahəsində tətbiq edilmiş texnologiyanız yoxdursa, bu halda sadəcə mümkün ola biləcək məlumat mənbələrinin və onların saxlanıldığı məlumat bazalarının inventarını formalaşdırın. Təşkilatda daha əvvəldən tətbiq edilən texnologiyalar varsa, o zaman aşağıdakı bəndlər üzrə ətraflı analiz və dəyərləndirmə etməlisiniz.

· Cari infrastruktur analizi

· Məlumat mənbələri və növləri

· Məlumatın saxlanma həlləri

· İnteqrasiyalar

· Emal texnologiyaları

· Hesabatlıq alətləri

· Analitik modelləşdirmədə istifadə edilən texnologiyalar

· Montiorinq alətləri

Əlavə olaraq məlumatların əlçatanlığına, inteqrasiyasına və tətbiq edilməsinə mane ola biləcək bütün problemləri müəyyənləşdirin.

İnfrastruktur ehtiyaclarını üzə çıxarın

Arxitekturada yer alacaq hər bir komponentin istifadə edəcəyi infrastruktur ehtiyacını müvafiq komandalar ilə birgə müəyyənləşdirin. Bu prosesdə komponentlərin virtual və ya fiziki maşında yaxud konteyner orkestrator platformasında (Kubernetes və.s) çalışacağı sualına dəqiq cavab tapılmalıdır.

Məlumat saxlama həllini seçin

Məlumatların saxlanılması ilə bağlı qərar verə bilmək üçün əvvəlki bəndlərdə qeyd edilən dəyərləndirmənin nəticəsinə əsasən təşkilatda hansı növ məlumatların saxlanıldığını müəyyən etmək lazımdır. Həmçinin, həmin məlumatların hazırki və ehtimal edilən böyümə həcmi nəzərə alınmalıdır. Buna uyğun olaraq əlaqəli verilənlər bazası və yaxud məlumat gölündən istifadə ilə bağlı seçim edilə bilər. Yəni, sözügedən məlumat saxlama həlləri arasında istifadə öncəliyi olmaya bilər, biz tərcübəmizdə paralel olaraq hər iki növdən istifadə edirik.

Məlumat inteqrasiyası və transformasiyası alətlərini müəyyən edin

Məlumatları qərarverməyə hazırlamaq üçün məlumat mənbələrindən vahid bir məlumat bazasına inteqrasiyaya və emala ehtiyac var. İnteqrasiyasının növlərindən (-1 gün,real vaxt rejimli) asılı olaraq bu prosesləri icra edə bilmək üçün istifadə ediləcək texnologiyaları xüsusiyyətlərinə görə dəyərləndirin. Emal prosesi məlumatların həcmi artdıqca daha çox zaman alır. Buna görə bu prosesi daha sürətli icra edəcək texnologiyaları da dəyərləndirərkən hər iki funksionallığı əhatə edə bilməsini nəzərə alın.

Məlumat virtualizasiyası alətlərini seçin

Məlumatların saxlanılması həllərindən bəhs edərkən müxtəlif növ həllərin tətbiq edilə biləcəyini qeyd etmişdik.Bundan başqa təşkilatlarda olan sistemlərin özlərinin də müxtəlif növ məlumat bazaları ola bilər.Bu məlumat bazalarına eyni anda müraciət edərək hər hansısa məlumatların əlçatan ola bilməsi üçün virtualizasiya alətlərindən istifadə edin.

Hesabatlıq və vizuallaşdırma alətlərini seçin

Bu sahədə bilinən çoxlu alətlər olsa da, praktikada onlar daha çox standart hesabatların və vizualların hazırlanmasında tətbiq edilir. Lakin qərar qəbul etmədə istifadəçilərə dərin texniki biliklərə sahib olmadan, rahatlıqla hesabatları və ya vizualları hazırlayaraq sürətli qərar qəbul edə biləcəkləri xüsusi alətlər lazımdır. Biz də bankımızda “Self Service Reporting” üçün bu növ alətləri tətbiq edirik. Bu alətlərin mövcud məlumat bazaları ilə inteqrasiyası, performansı və istifadəsinin asan olması önəmlidir. Qeyd edilənləri nəzərə alaraq alət seçimini edin.

Analitik modelləri avtomatlaşdırın

Analitik modellərin tam istifadəsi və effektiv olması üçün aşağıdakı mərhələləri və həmin mərhələləri icra edən alətləri müəyyən edin. Bu alətlərin bir-biri ilə inteqrasiyası arxitekturada öz əksini tapmalıdır.

· Modellərin qeydiyyatı;

· Eksperimentlərin saxlanılması;

· Avtomatik nəticələrin əldə edilməsi;

· Avtomatik öyrənmə;

· Monitorinq edilməsi;

· Qazandırdığı dəyərin ölçülməsi

Məlumat idarəetməsini həyata keçirin

Məlumatların qaydalara və standartlara uyğun şəkildə idarə olunmasını təmin etmək üçün məlumatların keyfiyyətinə nəzarət alətlərini və metadata məlumatlarını əks etdirəcək alətləri tətbiq edin. Bu alətləri məlumatların saxlanması, inteqrasiyası, transformasiyası və qərar vermə alətləri ilə inteqrasiya edin.

Monitorinq alətlərini seçin

Məlumat arxitekturasının önəmli komponentlərindən biri də monitorinq alətləridir. Arxitekturanı formalaşdıracaq çoxlu komponentlərin olacağını nəzərə alsaq, hər bir komponentin davamlılığını və performansını izləmək üçün monitorinq və xəbərdarlıq sistemlərini tətbiq edin.

Təhlükəsizlik və uyğunluq

Məlumatlardan istifadədə təhlükəsizlik qaydalarını nəzarətdə saxlamaq üçün şifrələmə, giriş nəzarəti və məlumatların maskalanması daxil olmaqla güclü təhlükəsizlik tədbirlərini həyata keçirin. Bunun üçün də komponentləri özündə ehtiva edən texnologiyaları arxitekturada yer alacaq digər alətlərlə inteqrasiya edin.

Nəticə

Müasir məlumat arxitekturası məlumatların çevik və faydalı şəkildə idarə olunması, saxlanması, işlənməsi və təhlili üçün lazım olan komponentləri özündə birləşdirən vahid yanaşmadır. Aydın məlumat strategiyasını müəyyən etmək,məlumatların idarə edilməsi və təhlükəsizliyini prioritetləşdirmək sizə nəinki cari ehtiyaclarınıza, həm də modern standartlara cavab verən məlumat arxitekturası yaratmaqda güclü təkan verəcək. Nəzərə alın ki, sürətlə inkişaf edən texnologiya aləmində daim irəlidə qalmaq üçün məlumat arxitekturası davamlı təkmilləşdirmə tələb edəcək.

--

--