Süni İntellektin Yol Xəritəsinin Hazırlanması

Bakhtiyar Valijanov
ABB Data Portal
Published in
5 min readDec 22, 2023

Süni İntellekt (AI) mürəkkəb problemləri həll etməyə və biznes üçün dəyər yaratmağa kömək edə biləcək güclü vasitədir. Lakin, hər problem AI üçün uyğun deyil və ya hər bir AI həlli mümkün və ya biznes üçün dəyərli deyil. Buna görə də, AI həll problemin müəyyən edilməsindən, həllin tətbiqinə qədər (end to end) uğurla idarə edə bilmək üçün sizə yol xəritəsi lazımdır. Süni İntellekt yol xəritəsi layihənizin əhatə dairəsini, məqsədlərini və addımlarını müəyyən edən strateji plandır. Yol xəritəsi AI həllinizi biznes məqsədlərinizlə uyğunlaşdırmağa, mümkünlüyünü və təsirini qiymətləndirməyə və ən perspektivli istifadə hallarını prioritetləşdirməyə kömək edir. AI həlləri bəzən gözlənilən nəticəni vermir və ya biznesə gözlənilən dəyəri qata bilmir, bunun səbəblərindən biri də layihənin yol xəritəsinin doğru olmamasıdır. Bu yazıda sizə Süni İntellekt üçün Yol Xəritəsi yaratmağın üç əsas mərhələsini izah edəcək və bununla yanaşı nümunələr təqdim edəcəyəm.

Mərhələ 1: Problemi və Ehtiyacı Müəyyən edin

AI həlli üçün yol xəritəsi yaratmağın ilk mərhələsi AI ilə həll etmək istədiyiniz problemi və onu həll etmək üçün tələb olunan ehtiyacları müəyyən etməkdir. Bu mərhələ problem domenində təcrübəli şəxs və ya komanda olan domen sahibi ilə əməkdaşlığı əhatə edir. Domen sahibi biznes problemini müəyyənləşdirməyə (AI problemi deyil), biznes kontekstini başa düşməyə və Aİ həllinizin uğurunu ölçən əsas performans göstəricilərini (KPI) müəyyən etməyə kömək edə bilər.

Bu mərhələdə domen sahibinə verə biləcəyiniz suallar bunlardır:

  • Həll etmək istədiyiniz biznes problem nədir?.
  • Bu problem sizin biznesiniz üçün niyə vacibdir?
  • Hazırda bu problemi necə həll edirsiniz və mövcud həllinizin məhdudiyyətləri və ya çətinlikləri hansılardır?
  • Mövcud həllinizi qiymətləndirmək üçün istifadə etdiyiniz KPI-lər hansılardır və AI ilə nail olmaq istədiyiniz hədəf dəyərlər və ya meyarlar hansılardır?
  • Problemlə əlaqəli hansı məlumatlarınız var və ya toplaya bilərsiniz?

Burada hər bir sual AI həll üçün çox vacibdir və cavablara uyğun olaraq siz problemin həqiqətən AI həllə ehtiyac olub olmadığına, ehtiyac varsa problemi hansı yanaşma ilə həll edəcəyinizə qərar verə bilərsiniz.

Mərhələ 2: Təsiri və Mümkünlüyü Qiymətləndirin

AI həlli üçün yol xəritəsi yaratmağın ikinci mərhələsi AI həllinizin təsirini (Impact) və mümkünlüyünü (Feasibility) ölçməkdir. Bu mərhələ sizdə olan və ya toplaya biləcəyiniz datanı təhlil etməyi və AI həllinizin potensial faydalarını və xərclərini ölçməyi əhatə edir. AI həllinizin təsiri və mümkünlüyü bir neçə amildən asılıdır, məsələn:

Məlumatların mövcudluğu və keyfiyyəti: AI modelinizi hazırlamaq və sınaqdan keçirmək üçün kifayət qədər datanız varmı? Data etibarlı, uyğun və problem sahəsini təmsil edirmi? Datanı toplamaq, saxlamaq və emal etmək nə qədər asandır və ya çətindir?

Problemin mürəkkəbliyi: Problem nə qədər dəqiq müəyyən edilmişdir? Əldə etmək istədiyiniz nəticə və ya davranış nə dərəcədə proqnozlaşdırıla bilər? Problemi həll etmək üçün nə qədər sahə biliyi və ya insan intuisiyası tələb olunur?

Texniki və hüquqi tələblər: AI modelinizi qurmaq və istifadə etmək (deploy) üçün sizə lazım olan avandanlıq və proqram təminatı resursları hansılardır? Probleminiz üçün AI-dən istifadə etməyin etik və hüquqi nəticələri nələrdir? AI həllinizin məxfiliyini, təhlükəsizliyini və ədalətliliyini necə təmin edirsiniz?

Biznes dəyəri və risk: AI həlliniz gəlir, xərc və ya müştəri məmnuniyyəti baxımından biznesiniz üçün nə qədər dəyər yarada bilər? AI həlliniz reputasiya və müştəri etibarı baxımından biznesiniz üçün nə qədər risk yarada bilər?

Bu suallara verdiyiniz cavablar ilə modelin təsirini və mümkünlüyünü ölçürsünüz. 3-cü mərhələdə isə bu sualların cavabına uyğun olaraq, təsir və mümkünlük matrisi yaradaraq qərar verəcəyik.

Mərhələ 3: Prioritetləşdirin və qərar verin

Yol xəritəsinin yaratmağın son mərhələsi, AI həlləriniz içindən onların təsiri və mümkünlüyünə görə müqayisə etməyi və sıralamağı həmçinin biznes məqsədlərinizə və resurslarınıza uyğun olanların seçilməsini əhatə edir. AI həllərinin prioritetləşdirilməsi və onlara qərar vermənin ümumi yolu, hər bir istifadə halının təsirini və mümkünlüyünü iki oxda göstərən və onları dörd kvadrata bölən matris və ya diaqramdan istifadə etməkdir:

1. Yüksək təsir — yüksək mümkünlük: Bu kateqoriya, AI həllinizin sizin biznesiniz üçün böyük fayda gətirəcəyi və asanlıqla reallaşdıra biləcəyi məqamları əhatə edir. Bu kimi AI həlləri, sizin biznesinizin effektivliyini, keyfiyyətini, müştəri məmnuniyyətini və rəqabətli üstünlüyünü artırmaq üçün ən yaxşı seçimdir. Bu kimi AI həlləri mümkün qədər çox tapmağa və üstünlük verməyə çalışmalısınız. Məsələn, onlayn ticarət sahəsində, müştəri davranışlarını analiz edərək onlara fərdiləşdirilmiş təkliflər vermək, yüksək təsir — yüksək mümkünlük kateqoriyasına daxil olan bir həlldir.

2. Zəif təsir — yüksək mümkünlük: Bu kateqoriya, AI həllinizin sizin biznesiniz üçün az fayda gətirəcəyi, lakin asanlıqla reallaşdırıla biləcəyi məqamları əhatə edir. Bu kimi AI həlləri, 1-ci kateqoriyadakı həllərdən sonra nəzərdən keçirmək daha məqsədə uyğundur. Biznesə təsiri az olsa da, daha faydalı layihələrin yaranmasında böyük əhəmiyyətə malikdir. Məsələn, bank sahəsində, müştəri xidmətləri üçün səs tanınması ilə müştərilərin səsli komandalarına cavab vermək, bu kateqoriyaya daxil olan həlldir amma səs tanınması üzrə qazanılan təcrübə gələcəkdə ola biləcək daha faydalı layihələr üçün bir baza rolu alacaqdır.

3. Yüksək təsir — zəif mümkünlük: Bu kateqoriya, AI həllinizin sizin biznesiniz üçün böyük fayda gətirəcəyi, amma çətinliklə reallaşdırıla biləcəyi məqamları əhatə edir. Sizi rəqiblərinizdən çox irəliyə götürə biləcək həllərdir. Reallaşdırılma ehtimalını artırmaq üçün lazım olan resursları, məlumatları və texnologiyaları təyin etməlisiniz. Bu kateqoriyaya aid AI həlli üçün, tibb sahəsində, xəstələrin diaqnozunun qoyulması və müalicəsini görüntü tanınması ilə avtomatlaşdırmağı nümunə gətirə bilərik.

4. Zəif təsir — zəif mümkünlük: Bu kateqoriya, AI həllinizin sizin biznesiniz üçün az fayda gətirəcəyi və çətinliklə reallaşdırıla biləcəyi məqamları əhatə edir. Bu kimi həllər, sizin biznesinizin üçün daha az faydalı ola bilər, lakin onların daha mümkün və ya təsirli olub olmadığını yoxlamaq üçün bu həllərə vaxtaşırı yenidən nəzər yetirmək lazımdır. Digər kateqoriya aid olan həllər olduğu halda bu həllərə çox vaxt və resurs sərf etməyə dəyməz.

Nəticə

AI həlli üçün yol xəritəsinin yaradılması layihənizin uğurunu və dəyərini təmin etmək üçün mühüm addımdır. Yol xəritəsi problemi müəyyənləşdirməyə, təsir və mümkünlüyünü qiymətləndirməyə, və AI həlliniz üçün ən yaxşı istifadə hallarına üstünlük verməyə kömək edir. Bu yazıda biz AI yol xəritəsinin yaradılmasının üç əsas mərhələsini müzakirə etdik: problem və ehtiyacların müəyyən edilməsi, təsirin və mümkünlüyün qiymətləndirilməsi, prioritetlərin müəyyən edilməsi və qərar qəbul edilməsi. Bu addımları yerinə yetirməklə siz AI həllinizi biznes məqsədlərinizə uyğunlaşdıra, mürəkkəb problemləri həll etmək üçün AI-nin gücündən istifadə edə və biznesiniz üçün dəyər yarada bilərsiniz.

İstinadlar:

Andrew Ng — How to Build Your Career in AI

C3.AI — Best Practices in Developing an Enterprise AI Roadmap

Tobias Zwingmann — How to Create a Compelling AI Use Case Roadmap

--

--