İş axtaranlar sizdən nə istəyir?

Sovet Safguluzada
ABB Innovation
Published in
4 min readMar 12, 2023

Salam dostlar,

İlk olaraq sizə “Junior” olaraq iş axtarmağın və sertifikasiyaya hazırlaşmağın yollarından bəhs edəcəyəm. Əvvəlcə onu qeyd edim ki, təkcə sertifikat almaqla “Product Owner” ola bilməyəcəksiniz. Bu, sadəcə “Product Owner” olmaq yolunda yox, digər sahələrdə də belədir. Yəni heç bir peşəyə sadəcə sertifikat sahibi olaraq yiyələnə bilməzsiniz.

Bütün bunları nəzərə alaraq sizə verəcəyim ilk məsləhət ondan ibarətdir ki, təcrübəsinə sahib olmadığınız sahənin sertifikatını almaq üçün tələsməyin. Çünki hansısa mövzuları və ya sualları əzbərləyərək əldə etdiyiniz sertifikatın sizə faydası olmayacaq.

Əgər həqiqətən verilmiş materialları düzgün araşdıra və anlaya biləcək qədər təcrübəyə sahibsinizsə, o zaman sertifikat almağınızda fayda var.

Bir çox insan bildirir ki, sertifikat almadan işə qəbul olmaq mümkün deyil. Bu da bir növ yanlış yanaşmadır. Səbəbi isə odur ki, nəinki “Product Owner”, istənilən sahədə sertifikata sahib olmaq sizi kifayət qədər fərqləndirən amil olmayacaq.

Bəs bu halda nə etməliyik?

1.Özünüzü sahə üzrə inkişaf etdirin — Məsələn, “Business Analyst” (Biznes Analitiki) olaraq işə başlamaq istəyirsinizsə, görəcəyiniz ilk iş “Basic BA” serifikatlarına hazırlaşmaq olmamalıdır. Siz “BA nə iş görür?” sualına internetdə araşdırmalar edərək, vakansiyalarına tələblərini nəzərdən keçirərək, sahə üzrə mütəxəssislərlə danışaraq cavab tapmalısınız. Daha sonra bu işin sizə maraqlı olub-olmaması ilə bağlı qərar verməlisiniz. Əgər maraqlıdırsa, o zaman özünüzü BA olaraq yetişdirməyə çalışmalısınız. BA-nın gündəlik gördüyü işləri, istifadə etdiyi “tool”ları və s. analiz edərək özünüzü inkişaf etdirməlisiniz. Sizi əmin edirəm ki, heç bir müsahibədə sertifikatla bağlı sual almayacaqsınız. Hər zaman görə biləcəyiniz işlərdən və biliklərinizdən danışmalı olacaqsınız.

2.Doğru əlaqələr qurun — Tutaq ki, BA olaraq hərhansı şirkətdə vakansiya var və bu, sizə maraqlıdır. Vakansiyaya sahib olmaq üçün edəcəyiniz ilk iş həmin şirkətdəki insanlarla əlaqə yaratmaq olsun. Bunu “Linkedİn” vasitəsilə, daha sonra isə seminarlara, görüşlərə qatılaraq əlaqələr quraraq və bacarıqlarınızı o insanlara göstərərək edin. Bununla güclü əlaqələr yarada bilərsiniz. Qeyd edim ki, bu əlaqələr indiki dövrdə sizə iş tapmağınızda kömək olacaq ən əsas amillərdən biri hətta birincisidir.

3.Müsahibəyə dəvət aldıqda düzgün hazırlaşın — Hazırlıq prosesini iki hissəli düşünün.

a. Özünüz barədə məlumatları təqdim etdiyiniz hissə: Bunlar şirkətdən və vəzifədən asılı olmayaraq dəyişməz qalır.

b. Müsahibəsinə getdiyiniz işin tələblərinə uyğun bilik və təcrübələrinizin nümayişi: Bu isə vakansiyaya uyğun olmalıdır. Məsələn, siz BA olaraq müsahibəyə dəvət almısınızsa, ancaq bu sahə üzrə təcrübələrinizə dürüst şəkildə bölüşməlisiniz. Misal üçün BA sahəsi üzrə müsahibədə “Reception” və ya hərhansı əlaqəsiz sahə üzrə təcrübələrinizdən bəhs etməməyiniz həm zamanın səmərəli istifadəsinə, həm də özünüzü düzgün formada ifadə etməyinizə kömək olacaq.

4.Dürüst olun — Yuxarıda da qeyd etdiyim ki, müsahibələrdə və CV-də (Curriculum Vitae — Tərcümeyi-hal) hər zaman dürüst olmalısınız. Çünki bu sizin həm xarakterinizin göstəricisidir, həm də özünüz barədə fikir formalaşdıracaq kritik amillərdən biridir. Yəni hərhansı biliyə sahib olmadığınız təqdirdə sahibmiş kimi göstərməyiniz görəcəyiniz dəyərə həmçinin şəxsi brendinizə böyük ləkədir.

5.Gözləntilərinizdə real olun — Məsələn, siz təcrübəçi olaraq başlayırsınızsa, müsahibə zamanı adekvat olmayan əməkhaqqı tələb etməyiniz sizin işi kifayət qədər istəmədiyinizin göstəricisidir. Əgər bu sizin ilk təcrübənizdirsə, uyğun maaşda razılaşıb daha sonra potensialınız artdıqca müvafiq məvacib tələb etməyiniz məqsədəuyğun olar. Bir sözlə, işi görmədən satmağa çalışırsınızsa, istədiyiniz alıcını tapmağınız mümkün deyil. Keyfiyyətli iş görüb, ona uyğun gözlənti formalaşdırın.

6.Davamlılığınızı qoruyun — Bu, uğurlu olmaq istədiyiniz hər mövzuda keçərlidir. Qeyd etdiklərimi özünüzə uyğun formada tətbiq etdikdən sonra ilk müraciət etdiyiniz şirkətdən iş təklifi alacağınızı düşünməyin. Hətta 10 dəfə rədd cavabı alsanız da, öz yolunuzdan dönməməlisiniz. Əmin olun ki, sonda gözlədiyinizdən də dəfələrlə yaxşı fürsət qarşınıza çıxacaq.

İndi isə hamının səbrsizliklə gözlədiyi sertifikat məsələlərinə keçək. İlk olaraq onu qeyd edim ki, gördüyünüz istənilən işdə “Ask Google” (“Google”dan soruş) məntiqi ilə irəliləməyiniz faydalı olar. Bu sizin həm araşdırma, həm də analiz qabiliyyətinizin inkişafına xidmət edəcək.

“Ask Google” — hərhansı mövzunu əvvəlcə “Google”da axtarın, digərlərinin təcrübələrini oxuyun.

“Google”da kifayət qədər axtarış etmisinizsə, aşağıda yazılanları yoxlayaraq hazırlaşa bilərsiniz. Nümunə PSPO 1 və PSM 1 üzərindən baxaq:

1. Hazırlaşdığınız sertifikasiyaya uyğun kitab, bələdçi materialı tam oxuyub anlayın. Nümunə: PSPO 1 və PSM 1 üçün “Scrum guide”ı bir neçə dəfə oxuyub anlamaq.

2. Paralel olaraq oxuduqlarınızı bu mövzuya marağı olan insanlarla çoxlu müzakirə edin. Nümunə: “Guide”da çıxan suallarınızı bu sahədə işləyən və sertifikatı olan insanlarla müzakirə edin.

3. Daha sonra internetdəə praktika üçün yerləşdirilən müvafiq testlər işləyin. Testləri internetdə “Lapshin” sınaq testləri və “PSPO 1/PSM 1 practise test” yazaraq tapa bilərsiniz.

4. Testləri işləyərkən yaranan sualları analiz edib, qeydlər götürün. Onları mövzuya marağı olan insanlarla müzakirə edib, təcrübələrini öyrənin.

5.Bunu tam hazır olana qədər təkrar edin. Daha sonra imtahana girin. Nümunə: Müxtəlif mənbələrdə fərqli forma eyni məzmunda testlər işləyin. Bunun üçüb internetdə kifayət qədər material var.

Tam hazır olmaq dedikdə nəzərdə tutduğum sınaq testlərində minimum 90+ nəticə göstərməyinizdir. Ancaq unutmayın ki, testləri əzbərləyərək yox, anlayaraq, hansı variantın niyə səhv və ya düz olduğunu başa düşərək 90+ bal yığmağınız lazımdır.

Ümid edirəm ki, məqalə sizin üçün faydalı oldu. Hərhansı sualınızı yaxud məqalə haqqında irad və təkliflərinizi mənimlə bölüşməyinizi rica edirəm. Hazırlamağımı istədiyiniz mövzuları mənə bildirə bilərsiniz.

--

--

Sovet Safguluzada
ABB Innovation

Experienced product owner and business analyst with a strong IT background and over 2 years of experience in product development and Agile.