Şimali Kiprdə taksi biznesi

Rufat MAMMADLI
M. Azerbaijan
Published in
3 min readSep 3, 2017

Bir ildir ki, Şimali Kiprdə yaşayıram. Adanın çox maraqlı və qəribə tarixi var. Lakin adanın tarixi haqqında yox məhz marağıma cəlb olan taksi xidmətləri haqqında yazmaq istəyirəm.

Ş. Kiprdə sükan sağdadır və yollar əksinədir. Bunun səbəbi isə Böyük Britaniyanın qoyub getdiyi izlərdir. Ş. Kiprdə demək olar ki bütün taksilər lüks Mercedes avtomobilləridir. Bunun səbəbini soruşduqda isə sırf bu markalı avtomobillərə vergilərin yox qədər az olduğunu qeyd edirlər.

Adada mobil tətbiq ilə (məs. Uber, Taxify, Bitaksi) taksi çağırma xidməti yoxdur. Bazar boşdur. Gələn turistlər otellərin taksi xidmətlərindən yararlanır. Geriyə qalan qısa müddətli ada sakinləri isə yığdıqları taksi telefon nömrələrindən yararlanırlar (mən də belə edirəm.). Adanın yerlilərinin çoxusunda şəxsi avtomobil var. Nəqliyyat sistemi isə bərbad vəziyyətdədir. Bizim bildiyimiz kiçik kənd avtobusları (dolmuş) bir və ya iki ana xətt üzərindən gedirlər. Bu avtobuslarda kartla ödəniş yoxdur. Yollar isə zədəli haldadır. Buna baxmayaraq ada sakinləri (əsasən yerlilər) varlı təbəqədir. Kasıb təbəqə isə demək olar ki, çox azdır. Böyük mağazadan kiçik marketlərə qədər herə yer USD, EUR, TRY, GBP pul vahidlərini dəstəkləyir. Hər yerdə POS aparatı ilə ödəniş mümkündür. Ev kiraları pound üzərindən hesablanır (bizim tutduğumuz ev, sıfır əşyalar ilə içi doldurulmuş yeni tikilidir. Aylıq ödəniş isə 450 pound təşkil edir. Əlavə olaraq iki deposit ödəmə şərti + bina baxımı üçün 150 TL tələb olunur.). Burada siqaret və spirtli içkilərdən başqa hər şey bahalıdır.

Nəysə, qayıdaq mövzuya. “Entrepreneur” ruhlu olduğumu hiss etidiyim üçün özümə “Əgər bazar boşdursa niyə dəyərləndirməyim?” dedim. Və başladım bazarı araşdırmağa. İlkin olaraq mənə maraqlı gələn niyə Uber kimi şirkətlərin burada xidmət göstərməməsi idi. Bunun ən böyük səbəbi adanın “de facto” olmasıdır deyə düşündüm. Yəni, Türkiyədən başqa heç bir ölkə buranı rəsmi olaraq tanımır. Kipr dünya tərəfindən tək olarak tanınır və sadəcə yunan qisminin yaşadığı ərazi kimi görürlər. Halbuki, ada ikiyə bölünmüş haldadır (yunan və türklər). Bu barədə fərqli bir yazımda detallı yazmaq istəyirəm.

Gələk əsas məsələyə. Bəs yaxşı, əgər qlobal şirkətlər buraya “de facto” olduğu üçün gələ bilmirsə niyə Türkiyə mərkəzli taksi şirkətləri (məs. Bitaksi) rəsmi olaraq tanıdıqları ölkəyə xidmətlərini açmırlar? Çünki, “de facto” olmağına baxmayaraq “Koton”, “LC Waikiki”, “Burger City (Burger King)”, Telsim (Vodafone) və KKTCELL (Turkcell) kimi şirkətlər burada xidmət göstərir.

Qruplaşma

Ağlımdaki bir çox sualların cavablarını məhz elə yerli taksicilərdən öyrənə biləcəyimi düşündüm və buna görə də hər taksi istifadəmdə sürücülər ilə bu mövzunu müzakirə etməyə başladım.

Öyrəndiklərim isə məni təəcübləndirdi.

Səbəb əslində çox bəsit idi. Adada hər şəhərdə çox sayda taksi dayanacaqları var. Hərəsinin öz xüsusi adı və telefon nömrəsi var. Bu taksi dayanacaqları bazarı öz əlləri altında tutur və heç bir yan taksi şirkətlərinə burada xidmət göstərməyə imkan vermirlər. Taksici olmaq üçün vergi verməli, lisenziya almalı və bu taksi dayanacaqların birində işləməlisən. Qeydiyyatsız taksiciləri isə “korsan taksi” deyə adlandırırlar. Uber kimi şirkətləri misal gətirəndə də kiprli sürücülər onlara “korsan taksi” deyə xitab edirdi.

Sürücünün dediyinə görə bir biznesmen Türkiyədən Ş. Kiprə bu biznesi gətirmək istəyib (mobil tətbiq üzərindən taksi çağırma.). Niyə bu biznesmenin uğurlu ola bilməməsini mənə danışanda başa düşdüm ki, “başını əziblər” və qovublar.

Ş. Kiprin xəbər saytlarında çox qarşılaşdığım xəbərlərdən birisi də elə məhz yerli taksicilər arasındaki münaqişələr və turistlərlə olan skandallardır.

“De facto” olmağın nəticələri

Adada bizneslər kriminal qruplaşmalar arasında bölünüb. Hətta bəzi bizneslər məhz xoşuna gəldiyi üçün “illegal” yol ilə ələ keçirən işadamları da var (adları çəkməyəcəm.). Adanın gəliri əsasən kasinolardan və turist axımından gəlir.

Növbəti yazımda ada haqqında bir başqa maraqlı məqamları və tarixi faktları qeyd edəcəm.

Oxuduğunuz üçün təşəkkür edirəm!

--

--

Rufat MAMMADLI
M. Azerbaijan

Founder at Altailab.com, former owner and founder of Onradar (acquired).