“Нелюбов тут, Нелюбов не тут”

Kamal Ismayilli
M. Azerbaijan
Published in
3 min readJan 31, 2021

“Soyuq müharibə” gətirdiyi bütün neqativliklərlə bərabər bəzi istisna sahələrə müsbət təsirini də göstərməkdə idi. Xüsusi ilə SSRİ hərbi sahədə “soyuq rəqibindən” geridə qalırdı və bu faktor silah, roket sənayesinə diqqəti cəmləyirdi. Hava texnikalarının inkişafı tək hərbi sahəyə yox, elmə də öz tövhəsini verirdi. İlk insanı Yer orbitinə daşıyan “Vostok” proqramının uğuru bu baxımdan heç bir halda təsadüf sayılmamalıdır. “Vostok” tək ilk insanı Yer orbitinə çıxarmadı. İlk iyirmi dörd saatlıq orbit uçuşu, ilk iki heyət üzvlü uçuş, iki kosmik gəminin eyni anda orbitdə yer aldığı ilk proqram və ən təbii ki, Yer orbitinə ilk qadını daşıyan proqram kimi də tarixdə yerini aldı.

Medallionun göstərilən uğurlu tərəfi ilə yanaşı bir neçə onilliklər ərzində açığa çıxacaq qaranlıq məqamlar da çox idi. Ümumilikdə Sovetlərin “ Vostok proqramı” - 1961-1972-ci illər ərzində ən azı səkkiz kosmonavt məlum və hələ də məlum olmayan müxtəlif səbəblərdən dünyasını dəyişmişdir.

“Vostok” proqramı nəticəsində seçilmiş yeddi kosmonavtdan biri olan və üç və ya dördüncü uçuşda iştirak edəcək Qriqori Nelyubov intizamsız davranışlarına görə 1963-cü ildə proqramdan kənarlaşdırılır. O və digər iki kosmonavt yoldaşı gecə vaxtı icazəsiz alkoqol qəbul etdiyinə görə “Ulduz” şəhərciyindən kənarlaşdırılır. Bir qədər pivə içdikdən sonra qatar stansiyasında həbs olunan Nelyubova üzr istəyərək proqrama davam etmək təklif edilsə də Nelyubov bu təklifi qəbul etmir. Kosmonavt nəinki proqramdan kənarlaşdırılır, onun adının və görüntüsünün yer aldığı bütün mənbələr saxtalaşdırılır.

“Soçi altılığı” deyə bilinən bu məşhur foto 1970-ci illərdə ictimaiyyətə təqdim olunur.

“Soçi altılığı”- proqram üçün seçilmiş kosmonavtlar, Sovet kosmonavtikasının atası sayılan Sergey Korolevlə birlikdə.

Lakin sonradan nəşr olunan fotolardan birində yanlış versiya istifadə edilir və bu “yox etmə” meydana çıxır.

“Soçi yeddiliyi” Nelyubovla birlikdə.

Fotoya müdaxilə o dönəm soyuq müharibədə olan ölkəni ABŞ qarşısında gülünc vəziyyətə qoyur və ABŞ saxtalaşdırmanın Qaqarinin uçuşunda da olduğunu iddia etməyə başlayır.

Qaqarinin uçuşunda da saxtalaşdırılmış bir çox məqam var idi. Bunlardan ən böyüyü enişin kapsulla yox paraşutla edilmiş olması idi. Beynəlxalq kosmik uçuşların qlobal olaraq təsdiqlənməsi FAI (Beynəlxalq Aeronatlar Federasiyası) tərəfindən həyata keçirilir və əsas şərtlərdən biri kimi kosmonavtların yerə öz kosmik gəmi/kapsullarında eniş etməsi göstərilir. Sovet rəsmiləri Qaqarinin kapsulda eniş etdiyini rəsmi olaraq açıqlamışdı və FAI-yə də sənədlər bu formada təsdiqlənmişdi. Hətta Qaqarin belə öz mətbuat konfransında bunu təsdiqləmişdi və bu yalan yalnız 1971-ci ildə meydana çıxmışdı. FAI isə bu uçuşun sertifikatını daha sonradan ləğv etməmişdi.

Proqramdan uzaqlaşdırıldıqdan sonra ölkənin uzaq şərqində qırıcı pilotu olaraq fəaliyyətinə davam edən Nelyubov alkoqol aludəçiliyi və depresiyaya tab gətirməyərək İppolitovka stansiyası yaxınlığında özünü qatarın önünə ataraq intihar edir. Və ya ən azından bunun belə olduğu rəsmiləşdirilir. Fotolardan, yazılı sənədlərdən silinməsi daha sonradan da onun ölümü ilə bağlı müxtəlif spekulyasiyaları gücləndirir.

--

--

Kamal Ismayilli
M. Azerbaijan

raised in Azerbaijan, living in Germany. Curious about space and its exploration.