Sağlam həyatın ən önəmli tələblərindən biri sağlam qidadır. Bu çox aydın bir faktdır və hər birimiz həyat tərzimizdən asılı olmayaraq mütəmadi olaraq bunu hiss edirik.
Əsas hissəsi sağlıqlı qidalardan ibarət yeməkləri yedikdə özümüzü yaxşı və şux hiss edir, rasionumuzu “fast food” kimi sağlam olmayan qidalarla doldurduqda istər hiss edək, istərsə də yox, orqanizmimiz müəyyən qədər əziyyət çəkir.
Ümumiyyətlə bu günə kimi bu haqqda düşünməmiş ola bilərsiniz, amma gündəlik olaraq orqanizmimizi qidalandırdığımız kimi beynimizi də qidalandırırıq. Fiziki qida da dolayı olaraq beynimizi qidalandırsa da, bu orqanımızın əsas qidası informasiyadır, və “çoooox” təsüf hissi ilə qeyd etmək istərdim ki, çox az insan bunu başa düşür və beynini düzgün qidalandırır.
Artıq 10 ildən çoxdur ki, aktiv texnologiya istifadəçisiyəm. Yadıma gəlir, 7-ci sinifdə ilk kompüterimi aldığım gündən inanılmaz sürətlə informasiya qəbuluna başladım. İlk olaraq uşaqsayağı oyunlar, əyləncələr, daha sonra isə ciddi məqalələr, professional ehtiyaclar istiqamətində araşdırmalar və gecəli-gündüzlü kompüter qarşısında keçən vaxt… O gündən başlayaraq “kontrolsuz“ şəkildə dayanmadan beynimi nəhəng informasiya axını ilə qidalandırmağa başladım. Mütəmadi olaraq bu informasiyaların çoxluğu depressiv vəziyyətlərə gətirib çıxarırdı. Bəzən qəbul etdiyim informasiyalar bir-biri ilə ziddiyyət kəsb edir və məni durmadan düşünməyə vadar edirdi, bəzən də son zamanlar sadəcə olaraq özümə bir istiqamət seçərək ancaq bu istiqamətdəki məlumatı qəbul edirdim. Amma dediyim kimi, bu "bəzən" baş verirdi. Əsasən xaotik şəkildə qiqabaytlarla informasiyanı beynimə daxil edirdim. Başlanğıcda bunu çox hiss etmirdim, çünki sosial şəbəkələr bugünkü qədər geniş istifadə edilmirdi. Özün axtarmadan informasiya tapılması indiki qədər asan deyildi. Lakin sosial şəbəkələrin böyüməsi və "internet"i əlinə alması, dost və tanış əhatəsinin burada cəmlənməsi və nəticədə onların bu sosial şəbəkələri kütləvi informasiya axınına (musiqilər, xəbərlər, statuslar, fotolar və s.) çevirməsi hər birimizin gün ərzində qəbul etdiyi əqli qidanın porsiyasını artırdı.

Səhər yuxudan duran kimi yatağınızın altındakı boşqaba əlini atdın və dünəndən qalmış tortu tezbazar acgözcəsinə tıxmağa başladın. Durub əl-üzünü yudun və çay hazır olana qədər yemək masanın üstündə nə yemək varsa hamısından biraz yedin. Çayını içərək də müəyyən qədər atışdırdın və "artıq işə getmək vaxtıdır" deyib evdən çıxdın. Yol boyu daha yüngül yeməklər yedin. İşə çatdın, iş masanın arxasında əyləşdin. Növbəti 8 saatı "işinlə əlaqədar olan yeməklərlə" qidalandın. Məsuliyyətsiz işçisənsə hətta iş gününün bir-neçə saatını müdürün görmədən çantanda gətirdiyin tortdan da qaşıqladın. 8 saat ərzində uzağı 1 saat fasilə verdin. İşdən çıxdın, evə gedən yolda yenə yüngülvari atışdırdın. Evə girdin, evdəkilərlə salamlaşdın, yenə tort yeməyə başladın. Birdən birə ürəyin sıxıldı və dedin nəsə daha dadlı və yoxlamadığım birşey yeyim. Uzun axtarışdan sonra nə yeyəcəyinə qərar verdin — gecənin xüsusi bifşteksi! Yanında da aradabir sevimli tortundan qaşıqlaya-qaşıqlaya yatağında rahat uzandın və başladın nəhəng bifşteksi "məhv etməyə". Heç gözləmədiyin anda dəhşət yorulduğunu başa düşdün, boşqabları atdın yatağın altına və böyük çətinliklərlə yuxuya getdin…
Bunu oxuyan zaman "belə qidalanan şəxs görəsən neçə ton olar?" deyə düşünə bilərsən, amma mövzunu dərk etmisənsə və nə demək istədiyimi başa düşmüsənsə məncə tam sakit dayanaraq yazını oxumağa davam edirsən… Deməli belə… Gəl indi də bunu analoqiyasız, beynimizi bu şəkildə necə qidalandırdığımıza baxaq:
Səhər yuxudan duran kimi yatağınızın altındakı telefonuna əlini atdın və dünəndən qalmış “facebook” statusları ilə tezbazar, acgözcəsinə tanış olmağa başladın. Durub əl-üzünüzü yudun və çay hazır olana qədər “facebook”, “twitter”,” vkontakt”, “youtube” ümumiyyətlə nə varsa hamısını bircə-bircə yoxladın. Çayını içərək də müəyyən qədər xəbərləri oxudun və “artıq işə getmək vaxtıdır” deyib evdən çıxdın. Yol boyu musiqiyə qulaq asdın. İşə çatdın, masanın arxasında əyləşdin. Növbəti 8 saatı işlərinlə əlaqədar sənədlərlə tanış oldun və onlar üzərində işlədin. Məsuliyyətsiz işçisənsə hətta iş gününün bir neçə saatını müdürün görmədən sosial şəbəkələrdə avaralandın. 8 saat ərzində uzağı 1 saat fasilə verdin. İşdən çıxdın, evə gedən yolda yenə musiqi dinlədin. Evə girdin, evdəkilərlə salamlaşdın, yenə sosial şəbəkələrdə "fırlanmağa" başladın. Birdən-birə ürəyin sıxıldı və nəsə maraqlı birşey etmək istədin. Uzun axtarışdan sonra nə yeyəcəyinə qərar verdin — çoxdandır baxmaq istədiyin o film! Yatağında rahat uzandın, başladın 2 saat yarım davam edəcək filmi izləməyə. Arada bir yanındakı telefonundan “facebook”da kimin sənin “selfie”ni “like” elədiyini yoxladın və “comment”lərə cavab verdin. Heç gözləmədiyin anda dəhşət yorulduğunu hiss etdin, telefonunu və “notebook”unu atdın yatağın altına və böyük çətinliklərlə yuxuya getdin…
Sənin üçün bu çox adi bir haldır, elə deyil? Çox pis… Narahat olma, səni günahlandırmıram. Mən özüm də demək olar bu rejimlə yaşayıram. Amma xoşbəxtlikdən mən bunu çox gec olmadan dərk etdim. Aylarla davam edən depressiv vəziyyət, gərginlik, fikir dağılması və bir mövzuda fokuslana bilməmək mənə çox qərib gəlməyə başladı. Uzun axtarışlardan sonra bütün bunların sırf beynimi həddən artıq yüklədiyimdən irəli gəldiyini anladım və informasiya pəhrizinə girməyi qərar verdim. Bu pəhriz də məhz adi qida pəhrizi ilə eyni prinsipdə işləyir: beyinə verilən zərərləri azaltmaq və bir müddət sonra onları tamamilə aradan qaldırmaq üçün informasiya qəbulunu strukturlaşdıraraq onu daha sağlıqlı hala gətirmək.
Mənim kimi, sənin də “information overload”dan əziyyət çəkdiyini düşünürəm və bununla mübarizə aparmaq üçün atdığım addımları səninlə paylaşıram:
Addım 1: İnformasiya qəbulu prosesimi tam aydın başa düşməyim üçün özümə 3 gün vaxt verdim. Bu 3 gün ərzində əldə etdiyim bütün məlumatları və onların mənbələrinə diqqət yetirərək gündəlik məlumat porsunun nə qədərinin lazımi olub-olmadığını dəyərləndirdim.
Nəticə: Gün ərzində qəbul etdiyim informasiyanın 80%-i mənə həqiqətən lazım olmayan, əksinə, fikrimi əsas inkişaf istiqamətimdən yaymağa səbəb olan mənbələrin məlumatlarıdır.
Addım 2: Lazımsız məlumat qəbulunu azaltmaq.
- Sosial şəbəkə istifadəmi “limit”lədim: “Facebook”da əksər dost və səhifələri unfollow etdim, “Instagram”ı sildim (heç vaxt bu sosial şəbəkədə bir məna görməmişəm), “Twitter”də izlədiyim şəxslərə bir daha nəzər yetirərək onları minimuma endirdim.
- Məqalə və xəbərlər:
- “Medium”. Əsasən mənə maraqlı olan bloqçuların, sahibkar və İT professionalların özlərinin paylaşdığı məlumatlar.
- “Techcrunch”. Əsas texnologiya xəbərlərini izləmək üçün(məqalələr və gündəlik/həftəlik “recap” videolar)
- Gündəlik rasionumdan xəbər saytlarını tamamilə çıxardım. Yazılan xəbərlərin 99%-nin neqativ kontent olması və gündəlik inkişafa kömək etməməsi çox təəssüfləndirici haldır. Dostlarımın mənə əsas xəbərləri onsuzda deyəcəklərini düşünərək ən böyük lazımsız informasiya mənbələrinə əlvida dedim. - Video kontent:
- “Youtube” abunəliklərimi yeniləyərək maraqlarıma uyğun çox az kanal saxladım. “Youtube”da keçirdiyim vaxtı qısaltdım və yalnız bu kanalları izləməyə başladım.
- “Facebook”da video izləməyi də minimallaşdırdım. Bu sosial şəbəkənin video özəlliyi ard-arda, yeni-yeni videoları avtomatik şəkildə insana göstərdiyindən fikir yayınması və vaxtın səmərəsis keçirilməsi istiqamətində çox təhlükəli alətdir.
- Ən böyük qeyri-təbii vizual informasiya axınını filmlər təqdim edir. Amma hər birimiz film izləməyi çox sevirik. Bəs burada nə etməli? Şəxsən mən özümə həftəlik film limiti qoydum: Həftəlik izləyəcəyim filmlərin sayı 3–ü keçməməlidir və xüsusi yorğun olduğum günlərdə film izləməməyi özümə söz verdim. Beləcə onsuz da yorğun beyini daha da yükləməməyin daha müdrik qərar olacağını düşünürəm.
Addım 3: Özümə yeni informasiya mənbələri və alətləri seçdim.
- Ən yararlı informasiya mənbəyinin kitablar olacağını düşündüm və bir müddətdən sonra bundan əmin oldum. Bir həftəyə 3 kitab oxuyub bitirdikdən və əldə etdiyim məlumatların nə qədər önəmli olduğunu gördükdən sonra bunun son zamanlarda gəldiyim ən yaxşı qərarlardan biri olduğunu başa düşdüm.
- Sosial şəbəkələr, izlədiyim şəxslər və hətta oxuduğum mənbələrdəki məqalələri daha sonra oxumağım üçün bir zamanlar aktiv şəkildə istifadə etdiyim “Pocket” tətbiqinə geri qayıtdım. Beləcə təsadüfən qarşıma çıxan yararlı məqlələrlə fikrimi yayındırmaqdansa, həmin məqalələri “Pocket”ə əlavə edir və boş vaxtlarımda oxuyuram.
- Maraqlı məlumatları, oxuduğum kitablardan hissələri və hətta “Pocket”də oxuyub çox bəyəndiyim məqalələri saxlamaq üçün “Evernote”da xüsusi bir qeyd kitabçası yaratdım. Düzü bu mənim artıq 3 ildir etdiyim birşeydir, sadəcə olaraq bu aralar daha da intensiv olaraq bunu etməyə başladım. Qeyd etdiyim qeyd kitabçasında artıq 200-dən çox məqalə yığılmışdır və istədiyim vaxt onlara geri dönməmi gözləyirlər :)
- Real ünsiyyət. Əsas informasiya mənbələrimdən birinin dostlarım və ətrafımda olan şəxslərin ola biləcəyini bəlkə də çox gec anladım. Müxtəlif şəxslərlə gündəlik söhbətdən nə qədər yararlı məlumat ala biləcəyimi başa düşən gündən real ünsiyyətə daha çox önəm verməyə başladım.
Düzünü desəm, burada qeyd etdiklərim proessin yalnız başlanğıcıdır. İrəliləyən günlərdə bu qərarımın mənə gətirdiyi üstünlüklər haqda saatlarla danışmaq və günlərlə yazmaq olar. Amma istərdim maraqlanan şəxslər özləri öz informasiya pəhrizlərinə başlayaraq effekti və dəyişimi hiss etsinlər.
Ümid edirəm hər birimiz yalnız yararlı və "sağlıqlı" informasiya qəbulunun önəmini getdikcə daha çox başa düşəcəyik.