NASA-nın “qumarı” — James Webb Kosmik Teleskopu

Kamal Ismayilli
M. Azerbaijan
Published in
3 min readDec 24, 2021

NASA-nın çoxdan gözlənilən kosmos teleskopu “James Webb” (bundan sonra, JWST) 25 Dekabr 2021-ci il tarixində Fransız Qvianasından göndəriləcək. İndiyə qədər təkmilləşdirilmiş ən mükəmməl teleskop olan qurğunu NASA tərəfindən elm adamlarına Milad hədiyyəsi hesab etmək olar. “James Webb” elm gələcəyinin axarını dəyişə biləcək tonlarla kəşf vəd edir. Bənzəri olan Hubble Kosmos Teleskopu kimi, JWST-nin də dərin kosmos kəşfi üçün izlədiyimiz ənənəvi Yer metodlarını “məsafədən” idarə oluna biləcək konseptlərlə dəyişməsində böyük rolu olacaq.

mənbə: ESA

NASA, Avropa Kosmos Agentliyi (bundan sonra, AKS), Kanada Kosmos Agentliyi təxminən otuz ildir istər aparat istərsə də proqram təminatı üzərində işlər aparıb. Bu işlərin məntiqi nəticəsi olaraq bugün teleskop AKS-in ən güclü roketlərindən olan “Ariane 5”-in gövdəsində buraxılış meydançasına yerləşdirilib. NASA-nın bu proqram üçün nəzərdə tutulan büdcəsi, əməliyyat xərcləri daxil təxminən 10 milyard ABŞ dollarıdır.

JWST Yer orbitində fəaliyyət göstərməyəcək və Yerdən təxminən 1.5 milyon kilometr məsafədən yer alan Langrange nöqtəsi və ya L2 olaraq adlandırılan əraziyə yerləşdirilərək Günəşin orbitinə tabe olacaq. Müqayisə üçün, Hubble Kosmik Teleskopu Yer orbitində, səthdən 570 kilometr məsafədədir.

mənbə: NASA

JWST texniki yenilikləri sayəsində işıq dalğaları teleskopun güzgüzünə 13.6 milyard il sonra çatacaq kosmik obyektləri görüntüləməyimizə imkan verəcək. Bizim hesablamalarımıza görə kainatın təxminən 13.8 milyard ildir mövcud olduğunu nəzərə alsaq bu obyektlər “Böyük Partlayış”-dan təxminın 100–250 milyon il sonra mövcud olmuşdur. Lakin, teleskopun yerləşdiriləcəyi ərazi onu unikal edən tək faktor deyil. Teleskopun güzgüsü də Hubble-ın güzgüsündən təxminən 2.5 dəfə böyükdür və bu da, 15, bəzən isə 25–30 dəyərində dəyişən işıq dalğalarını qəbul etməyə imkan verir.

mənbə: James Webb Kosmik Teleskopu (JWST) Youtube Kanal

Köhnə qalaktikaları görmək işin sadəcə bir qismidir. Elm adamları qalaktikaların yarandığı tarixdən günümüzə qədər keçirdikləri dövrü öyrənməyə çalışaraq, yer aldığımız “Süd Yolu” qalaktikasının və digər qonşu qalaktikaların tarixini ortaya çıxaracaq.

Bəs, missiyanın xəta payı nə qədərdir?

JWST-nin buraxılış meydançasına olan səyahəti çox qarışıq və uzun müddətdir gözləniləndir. Bir neçə dəfə gecikmə, büdcə aşımları onun cəmiyyətin və NASA-nın dövlət tərəfindən fondlaşdırıldığını nəzərə alaraq vergi ödəyicilərinin gözündəki imicinə mənfi təsir edib. Potensial uğursuzluq, dövlətdən asılı NASA-nı bir daha kosmos teleskopu təkmillləşdirə bilməyəcək vəziyyətə gətirə bilər. Bütün ehtimallar və ssenarilər test edilsə də, təbii ki, missiyanın uğursuzluğa uğrama ehtimalı var. Uzaqdan idarə olunacaq hazırlıqları da nəzərə alsaq bu ehtimallar artır. Yeddi metr diametrindəki güzgüyə sahib olan teleskopu “qatlamadan” kosmosa daşıyacaq roket sistemi mövcud olmadığından sistem çox kompleksdir və uzaqdan ediləcək hazırlıqların sayı çoxdur.

mənbə: James Webb Kosmik Teleskopu (JWST) Youtube Kanal

JWST-nin icra edəcəyi ilk tapşırıq öz Günəş panellərini açaraq enerji depolamaq olacaq. Daha sonra öz ötürücülərini açaraq Yerə “Salam, Dünya!” deyəcək teleskopun bu tapşırığı da uğurla yerinə yetirdiyi təqdirdə növbəti çətin addımı “Origami” olacaq. Bu mərhələdə teleskop öz güzgülərini açaraq onları qüsursuz şəkildə birləşdirməyə, və beləcə tək böyük güzgü olaraq fəaliyyətə başlamağa çalışacaq. Daha öncə qeyd etdiyimiz kimi, icra olunası tapşırıqların çox olması və kiçik bir səhvin belə missiyanın gələcəyinə ziyan vura bilmə ehtimalı onu NASA üçün əsl “qumar” edir. Amma təbii ki, heç kim uğurun asan nail olunan bir məhfum olduğunu düşünmür.

“Mən bu teleskopun astrofizika üçün yön dəyişdirə biləcək şey olduğunu düşünürəm” deyir Straughn (Proyekt Alimləri rəhbəri). “ Düşünürəm ki, biz kainat haqqında bizi heyrətləndirəcək məlumatları öyrənəcəyik və bu, kosmosa belə böyük teleskop qoyduğumuz zaman təcrübə edə biləcəyimiz ən maraqlı perspektivlərdən biridir”

Ümidvarıq, əldə etdiyi uğurun sübutu kimi, ən gec Yay aylarında teleskopun bizə göndərdiyi möhtəşəm görüntülərdən zövq almağa başlayacağıq.

--

--

Kamal Ismayilli
M. Azerbaijan

raised in Azerbaijan, living in Germany. Curious about space and its exploration.