“Poekhali!”- bir sözlə kosmik eranı başladan sovet kəndlisi

Kamal Ismayilli
M. Azerbaijan
Published in
10 min readJan 31, 2021

1961-ci il. 12 Aprel, 09:07. Bu əlamətdar hadisəni bir çoxları kosmonavtika tarixində gəldiyimiz günün başlanğıc nöqtəsi, əks-sədası bir daha heç bir hadisə ilə yaddaşlardan silinməyəcək an olaraq xatırlayır. İştirakçısı olduğu kosmik missiyanın Yer orbitinə daxil olduğu tarixi nəinki SSRİ və ona vaxtilə daxil olan ölkələrin, hətda Soyuq düşmən Amerikanın belə qeyd etdiyi 27 yaşlı Yuri Gagarin Vostok- uçuşu ilə tək İttifaq yox, bütün Dünya uşaqlarına kosmonavt olmaq ilhamını aşıladı.

İkinci Dünya Müharibəsi bitdikdən sonra SSRİ və Amerika arasında siyasi-ideoloji fərqliliklərdən yaranan Soyuq müharibə kosmonavtika, roket elmi, peyklərin istehsalı kimi sahələrə zərurətdən inkişaf mühiti hazırladı. Ölkələr kəşfiyyatlarını inkişaf etdirməyə səfərbər oldu və texniki inkişaf əsas hədəf kimi ortaya atıldı. 1950-ci illərdə ilkin nəticələr görünməyə başladı. SSRİ, 58 santimetrlik cilalanmış metal kürə və ona bərkidilmiş dörd antennanı — bir sözlə “Sputnik-1"-i Yer orbitinə göndərdi. “Sputnik-1” insan tərəfindən istehsal olunub kosmosa çıxan ilk obyektdir. 92 günlük orbit səyahətinin ilk üç həftəsində göndərdiyi radio siqnalları Yerdəki həvəskar radio operatorları tərəfindən belə qəbul edilirdi. Sovetləri yarışda irəliyə atan Sputnik Amerikanı NASA-nın yaradılması ilə nəticələnən və mediada “Sputnik Crisis” olaraq hallanan böhrana gətirib çıxardı. Böhranın inkişafına səbəb kimi əsas iki faktor göstərilir.

mənbə: history.com

1. İlk olmağı bacarmaq

İlk olmaq yaxşı olmaqdan daha önəmlidir. İndiki halda keyfiyət olaraq da SSRİ-yə yaxınlaşmaq mümkün deyildi . Bu uğur o vaxta qədər icra edilən kəşfiyyat təhlükəsizliyinə və daxili təhlükəsizliyə ciddi təhdid idi.

2. Semyorka R7 roketləri

Sputnik Yer orbitinə Sergey Korolev tərəfindən dizayn olunan R7 Semyorka raketi ilə göndərilmişdi. R7 Semyorka kontinentlərarası mənzili olan ilk ballistik raketdir. Sovetlərin məhz bu raketi istifadə etməsi öz soyuq düşməni üçün bir növ göz dağı, nüvə silahlarını sərhəd tanınmadan Yerin istənilən nöqtəsinə göndərilə biləcəyinin bir mesajı idi. Və mesaj qəbul olunmuşdu.

“The New York Times” qəzetinin 5 Oktyabr, 1957-ci buraxılışından bir hissə

Sputnikin ilk görüntüləri mediaya yalnız altı gündən sonra verilmişdir. Ümumiyyətlə onun mövcudluğu haqqında xəbər isə peyk artıq Amerika üzərindən radio qəbuledicilərinə tutulmadan iki dəfə keçdikdən sonra dünya ictimaiyyətinə çatdırılmışdır.

İctimaiyyətdə narahatlığı görən 34-cü ABŞ prezidenti Dwight Eisenhower çıxışlarının birində “Sputnik-1”-i hərbi təhdid və ya dünya güc balansında fərq yaradacaq faktor kimi yox, sadəcə olaraq elmi uğur kimi gördüyünü bəyan etmişdir. Lakin bu artıq hamıya məlumdur ki, hal-hazırda fəaliyyətini davam etdirən NASA, məhz Eisonhowerin sərəncamı ilə İyul 1958-də yaradıldı. Amerikanlar kosmosa göndərdikləri ilk obyekt olan Explorer-1-i Floridadan yola saldığı gün, Laikanın cansız bədəni Sputnik-2-nin içərisində dünyanı dövr etməyə davam edirdi.

İlk rəsmi mənbələr Laikanın “Sputnik-2”-nin içərisində yeddi gün ərzində yaşadığı, daha sonra oksigen azlığından öldüyünü bildirirdi. Lakin 1993-cü ildə bunun belə olmadığı həkim və kosmos itləri məşqçisi Oleq Qazenko tərəfindən açıqlanmışdı. Oleqin sözlərinə görə artıq dördüncü orbitdə kosmik obyektin kabinindəki istilik 90 dərəcəyə çatmışdı və Laikanın qaçacaq heç bir yeri yox idi.

Laika

Yer orbitinə idarə olunan və ya olunmayan obyektləri göndərmək hər iki ölkə üçün də artıq çatılan bir hədəf idi. Lakin hələ də heç birinin kosmonavtı və ya astronavtı yox idi. Vostok və Mercury proyektləri ilə məşğul olan ölkələr, rəqiblərindən öncə ilk insanı orbitə göndərmək üçün vaxtla yarışır, test uçuşları həyata keçirirdilər.

kosmonavt kosmosda işləmə icazəsini Rusiya kosmik agentliklərindən alan şəxslərə verilən addır. Astronavtların yeganə fərqi isə bu icazəni dünya tərəfindən tanınan digər agentliklərdən təmin etmiş olmalarıdır (NASA, JAXA, ESA və.s).

1959-cu ilin Yanvarında “Vostok” proqramı rəsmi olaraq başladı və pilot seçimləri ilə bağlı kriteriyalar müəyyənləşdirildi. Hərbi hava qüvvələrinin pilotu olmalı, təcili çıxış oturacaqlarından istifadə edə bilən və yüksək qravitasiyaya davam gətirə biləcək 25-30 yaşlı, çəkisi 72 kiloqramdan və boyu 1.75 santimetrdən artıq olmayan kişilər ilkin qrup üçün seçiləcəkdi. Sentyabrda başlayan müsahibələr nəticəsində sadəcə 200 nəfər ilk mərhələni keçdi. Fiziki testlərin ardından ilin sonunda kandidatların sayı 10 dəfə azalaraq 20-yə endi. NASA da yerində saymırdı təbii ki, və Merkuri proqramı çərçivəsində seçilən kandidatlarla işlər gedirdi. NASA-nın əksinə SSRİ uçuş təcrübəsi istəmirdi. Buna səbəb Vostok-un tam şəkildə avtomatlaşdırılmış uçuş keçirəcəyi idi. 1960-cı ildə tərkibində leytenant Qaqarinin də olduğu 20 nəfərlik qrup Звёздный şəhərinə yerləşdi.

Звёздный şəhəri bugün də Rusiyadan kosmosa göndərilən kosmonavt və astronavtlar üçün bütün test, təlim, həyat infrastrukturunun qurulduğu ərazidir. Uçuşa hazırlaşan mütəxəssislər, burda bir sıra təlimlərə qatılır, tibbi yoxlamalardan keçir və uçuş simulyatorları vasitəsilə müxtəlif ssenarilərlə bağlı praktika aparır.

Hərşey gözlənildiyi kimi getmirdi. Şəhərciyə 20 potensial kosmonavt yerləşsə də, simulyatorların azlığı səbəbi ilə təlimlər ləngiyirdi və bu Amerikanı yarışda irəliyə ata biləcək faktor idi. Nəticədə komitə yalnız 6 kandidatı saxlamaq qərarına gəldi. “Vanguard Six” adı ilə məşhur bu qrupda Qaqarinlə yanaşı, Titov, Nelyubov, Nikolayev, Popoviç və Bykovskiy yer alırdı.

Sergey Korolev və son qrupa seçilən kosmonavtlar

1961-in Yanvarında, proqramın başlamasından iki il ötdükdən sonra sonuncu imtahan keçirildi və Qaqarin göndəriləcək ilk kosmonavt olaraq seçildi. Bu xəbər rəsmi olaraq uçuşdan dörd gün öncə, Aprelin 8-də açıqlandı. Kosmonavt Təlim Mərkəzinin direktoru Kamanin notlarında qeyd edir: “Titov və ya Qaqarin arasında qərarsızam. Titovu seçməməyim üçün məni saxlayan yeganə faktor ikinci uçuşun daha uzun olmasıdır.” Kamaninin qeyd etdiyi ikinci uçuş olan Vostok-2-nin əksinə Qaqarinin qatıldığı ilk uçuş sadəcə bir Yer orbiti üçün hesablanmışdı. Kamaninin rəyində açıq formada görünür ki, Titov tarixə öz adını yazdırmaq yolunda öz “üstünlüyü”-nün qurbanı olub.

1934-cü ildə Kluşino kəndində doğulan Qaqarinin gələcəyi 1951-ci ildə Sarayev sənaye texnikumuna daxil olduqdan sonra təyyarələr, uçuş simulyatorları və nəhayət kosmik gəmilərlə bağlanır. 1955-ci ildə əsgərliyə yollanır və 1957-ci ildə göndərildiyi hərbi aviasiya məktəbini bitirir. Vostok seçimlərinin keçirildiyi xəbərini alan Qaqarin 9 dekabr 1959-da ərizə ilə seçimlərdə iştirak üçün müraciət edir və bu ərizə onu SSRİ-nin ən məşhur simalarından birinə çevirir. Testlərdən uğurla keçdikdən və adı elan olunduqdan sonra səhnədə tək qalmışdı və bu onda hiss etdirməməyə çalışsa da stres yaradırdı. Onu müayinə edən həkimlərdən biri 2011- ci il Aprelində “Rossiya Segodnya” kanalına müsahibəsində bunları deyirdi: “Qaqarin həmişəkindən daha solğun görünürdü. Qaynayıb qarışmırdı və sakit idi. Bu tanıdığımız Qaqarin deyildi. O başı ilə və ya qısa “bəli” ilə cavablandırırdı suallarımızı. Onu qucaqlayıb “Yuri, hərşey yaxşı olacaq” dedim. O da başını tərpədərək məni təsdiqlədi”.

Vostok-1 uçuşu ilə bağlı yaddaqalan faktlar.

  1. Vostok-1 uçuşu üçün hərhansı müşahidə gəmisi təsis edilməmişdi. Kosmik gəminin ötürdüyü kommunikasiyalar sadəcə Sovet ərazisindən müşahidə ediləcəkdi. Bu da Yerin digər hissəsinə keçdikdə əlaqənin tam kəsiləcəyi demək idi.
  2. Kosmik gəminin ehtiyat sürət azaldıcı roketi yox idi. Buna səbəb kimi çəki artıqlığı göstərilirdi.
  3. Kosmik gəmidə Qaqarinə 10 günlük təchizat və qida verilmişdi.
  4. Gherman Lebedev tərəfindən Qaqarinin kaskasına CCCP yazısı fırça vasitəsilə yazılmışdı. Təxminən bir il öncə Sovet ərazisində amerikan cəsus təyyarəsi endirilmişdi və bu hazırlıq Qaqarin endikdə insanların onu cəsus olaraq görüb ona zərər yetirə biləcəyi ehtimalından qaynaqlanmışdı.
  5. Həkimlər və texniklər insanın kosmosda çəkisizliyə necə psixoloji reaksiya verəcəyini bilmədiyindən, uçuş tam avtomatik olaraq icra olunurdu. Lakin hərhansı bir təcili vəziyyətdə Qaqarinin sistemi istifadə edə bilməsi üçün lazım olan şifrə bir zərfdə kabinə yerləşdirilmişdi (1-2-5). Deyilənə görə uçuşa qədər Kamanin və digərləri kodu artıq Qaqarinə demişdi. Uçuş müddətində Qaqarin avtomatik idarə etməni deaktivləşdirməmişdir.

Uçuşdan öncəki gün Titov və Qaqarin Baykonurda qalxış ediləcək platformaya gəlir və ilk insanı kosmosa daşıyacaq “Vostok-K” roketinin son yoxlanışları ilə tanış olur. Həmin günün uçuşa qədərki xronologiyası isə aşağıdakı kimidir.

10:00 — Titov və Qaqarinə son uçuş planı təqdim edilir. Uçuş Moskva vaxtı ilə saat 09:07-yə planlaşdırılır. Məhz bu uçuş anı seçildiyi təqdirdə Afrika üzərində enişə başlayacaq kapsul Günəş işığını ideal formada alacaq və beləliklə sensorlarından maksimum istifadə edilərək enişin müvəffəqiyyətlə baş tutması təmin ediləcəkdi.

18:00 — Son psixoloji testlər aparılır və doktor hər iki kosmonavtın uçuşa uyğunluğunu təsdiqləyir. Titov və Qaqarin günün digər hissəsini musiqiyə qulaq asaraq, bilyard oynayaraq və bir-birləri ilə öz uşaqlıqlarından bəhs edərək keçirirlər.

21:50 — Hər iki kosmonvata yuxu dərmanı təklif edilir və onlar bundan imtina edir. Gecə ərzində bədənləri sensorlarla müşahidə edilir və səhər həkim rəyi hər ikisi üçün yenidən pozitiv çıxır.

Rəsmi məlumatların əksinə, Qaqarinin bioqrafiyasını yazan Doran və Bizony həmin gecə nə Titov nə də Qaqarinin yatmadığını bildirir. Sergey Korolev da uçuşun həyəcanı ilə yata bilmir.

12 Aprel, Moskva vaxtı ilə saat 05:30-da Titov və Qaqarin yuxudan oyanıb, səhər yeməklərini bitirdikdən sonra uçuş heyətinin köməyi ilə skafandrlarını geyinir və Baykonura doğru yola düşür. 07:10-da Qaqarin Vostok kapsuluna daxil olur. Uçuşa qədərki iki saat ərzində Qaqarin Korolev və digərləri ilə söhbətləşir, mərkəzdən Poyekhali! 6 radio vasitəsilə musiqi istəyir. Bir çox mənbələrə görə kapsula göndərilən mahnı “Ландыши” olur.

Moskva vaxtı ilə 09:07-də Korolevin təsdiqi ilə “Vostok-K” roketi Baykonur kosmodromunun 1/5-ci platformasından (sonradan “Qaqarinin başlanğıcı” adlandırılacaq) yola çıxaraq Sovet ərazisi boyu öz yüksəlməsini edir. Qaqarinin Yer səthindən ayrılmadan işlətdiyi son söz “Poekhali!” tək Sovet kosmonavtikasına təkan verməklə qalmır, gələcəkdə kosmik yarışda iştirak edəcək digər ölkələrə də bunun çatıla bilən hədəf olduğunu sübut edir.

108 dəqiqə davam edən uçuş zamanı bəzi gözlənilməz əlaqə kəsintiləri yaşansa da kapsulda bütün dəyərlər nominal görünür. Soyuq Müharibəni nəzərə alaraq kosmik gəminin trayektoriyası Amerika hava sahəsinə daxil olmayacaq tərzdə dizayn edilir. Kosmik gəmi təxmini olaraq Anqola üzərində olduğu zaman eniş prosesinə start verilir. Uçuş zamanı xəta verən yeganə şey, atmosferə daxil olmalı olan və Qaqarinin də içində olduğu kapsulun avadanlıq modulundan vaxtında ayrıla bilməməsi idi. Bu nasazlıq nəticəsində kapsul və modul birlikdə atmosferə girişə başlayır və yalnız Misir üzərində bir-birindən ayrıla bilir. Kapsul sürətlə öz oxu ətrafında fırlanmağa başlayır, lakin, Qaqarin mərkəzə “Hərşey yaxşıdır” (VN4) kodunu göndərir. Qaqarin öz hesabatında dönmənin çox olmasına baxmayaraq “səs çıxarmaq” istəmədiyini bilmirmişdi. Hesablamalara görə Qaqarin atmosferə giriş əsnasında 8G gücündə ağırlığa tab gətirmişdir. Öz hesabatında isə bunu 10G olaraq qeyd edib.

Mərkəzi Komitə hər nə qədər uçuş xəbərini Qaqarin geri dönməzdən öncə vermək istəmirdisə belə, Korolev bu məlumatın daha tez verilməsini təkid edirdi. Korolevin narahat olduğu məqamlar var idi.

  1. Əgər kapsul başqa ölkə ərazisinə eniş etsə idi və ya başqa ölkə ərazisində qəza baş versəydi, məlumatın öncədən paylaşılması xilasetmə prosesinin sürətləndirəcəkdi.
  2. Xüsusilə atmosferə girişdən sonra hər hansı bir ölkənin radarına düşə biləcək kapsul hərbi obyekt olaraq görülə bilər, və ya uğurlu enişdən sonra Qaqarin agent olaraq dəyərləndirilib öldürülə bilərdi.

Kapsul Yer səthindən 7 kilometr məsafədə olduqda Qaqarin özünü kapsula bağlayan oturacağı ayırır və sərbəst düşməyə başlayır. Kapsulun paraşutu 2.5 kilometr qalmış, Qaqarininki isə oturacaqla ayrıldığı vaxt açılır və təxminən 10 dəqiqə sonra Saratov oblastında Engels kəndi yaxınlığında kartof tarlasına eniş edir. O əsnada tarlada işləyən fermer və balaca qız onlara yaxınlaşan narıncı rəngli, kaskalı adamı görüb qorxuya düşür və geriyə doğru qaçmağa başlayır. Qaqarin hesabatında qeyd edir: “Onlar mən artıq paraşutda olanda qorxu ilə qaçmağa başlamışdılar. Eniş etdikdən sonra onlara qışqırıb “qorxmayın, mən də sizin kimi Sovet vətəndaşıyam və kosmosdan gəlmişəm. Telefon tapıb Moskva ilə əlaqəyə keçməliyəm” dedim”. Yuri Qaqarinin kosmosda ilk insan olması ictimaiyyətə o orbitdə olarkən çatdırıldı. Məşhur diktor Yuri Levitan xəbəri belə çatdırdı:

TASS media agentliyinin Qaqarinin uçuşu haqqında vermiş olduğu ictimai anons
1. Y.Qaqarinin Saratov yaxınlığına eniş etdikdən bir neçə dəqiqə sonra mayor Qasıevin rəhbərlik etdiyi roket batalyonu ilə görüntüsü və eniş etdiyi nöqtənin müəyyənləşdirilməsi

Uğurlu enişdən sonra SSRİ-nin hər nöqtəsində bayram abu-havası var idi. Bəzi mənbələr bu anşlaqı qələbə günü üçün keçirilən paraddan daha görkəmli olaraq qeyd edir. Qaqarin ölkənin ən ali mükafatı olan SSRİ Milli Qəhrəmanı adını alır. SSRİ tərəfindən verilən bu mükafatla yanaşı Qaqarin bir çox xarici ölkənin və universitetin medalları ilə də təltif olunur. Aprel ayının 12-si Kosmonavtika Günü kimi qeyd edilməyə başlayır. Sıra isə Qaqarinin bu uçuşunu rəsmiləşdirməyə gəlmişdi. Beynəlxalq kosmik uçuşların qlobal olaraq təsdiqlənməsi FAI (Beynəlxalq Aeronatlar Federasiyası) tərəfindən həyata keçirilir və əsas şərtlərdən biri kimi kosmonavtların yerə öz kosmik gəmi(kapsullarında) eniş etməsi göstərilir. Lakin Qaqarin yerə enişi paraşutla icra etmişdi. Belə olan halda “Sovet maşınını” işə salmağın vaxtı idi. Sovet rəsmiləri Qaqarinin kapsulda eniş etdiyini rəsmi olaraq açıqlamışdı və FAI-yə də sənədlər bu formada təsdiqlənmişdi. Hətda Qaqarin belə öz mətbuat konfransında bunu təsdiqləmişdi və bu yalan yalnız 1971-ci ildə meydana çıxmışdı. FAI isə bu uçuşun sertifikatını daha sonradan ləğv etməmişdi. Sovetlərin ictimaiyyətə verdiyi yeganə səhv məlumat bu deyildi. Qaqarinin yekun eniş nöqtəsi də təxminən 250 kilometr təhrif edilmişdi.

“Vostok-1”-in ardından Qaqarin xarizmatik gülüşü, onu sevənlərlə yaxından maraqlandığı üçün həm SSRİ-də həm də digər ölkələrdə ictimai fiqur olaraq çox məşhurlaşdı. Uçuşdan 3 gün sonra keçirilən mətbuat konfransında təxminən 1000 jurnalist iştirak etmişdi.

Звёздный-ya geri döndükdən sonra yenidən istifadə edilə bilən kosmik gəmilər, raketlərlə bağlı proyektlərdə yer alır, yuxarı təbəqələrdə vəzifə tutmağa başlayırdı. Polkovnik rütbəsi verildikdən sonra komitə ona bir daha heç bir uçuşa əvəzləyici və ya əsas kosmonavt olaraq qatılmasını qoydu. Qaqarin kosmik erada ölkəni təmsil edən böyük fiqur idi və onu hərhansı bir iş xətası ilə itirmək istəmirdilər. Poyekhali! 9 Komitədə də irəliləyən Qaqarin Millətlər Birliyinə deputat olaraq seçilmişdi. Təəsüf ki, şəxsi həyatı professional uğurlarının əksinə istənilən yönə getmirdi. Kamanin müsahibələrinin birində onun hər gün alkoqol qəbul etdiyini, əyləndiyini və uçuş keyfiyyətlərinin azaldığını bildirmişdi. Bütün bu problemlərə baxmayaraq o 1963 cü ildə yenidən hərbi pilot olaraq sertifikat əldə etdi və Soyuz missiyaları üçün əvəzedici heyətdə yer aldı. 1968-ci ildə aerokosmik mühəndisliyi haqqında tezisini müdafə edib Jukovski Hava Qüvvələri Akademiyasından məzun oldu. Təxminən 1 ay sonra uçuş təlimləri zamanı Qaqarin və Vladimir Seryoginin idarə etdiyi MIG15 təyyarəsi Kırzak qəsəbəsi yaxınlığında qəzaya uğradı və hər iki pilot həyatını itir. Qəza ilə bağlı bəzi teoriyalar ortaya atılsa belə, bu teoriyalar araşdırmalar nəticəsində təsdiqini tapmadı və bu dosye bir daha araşdırma üçün açılmadı. Beləliklə 34 ildə 60-65 il yaşayan ortalama insan həyatından daha çox həyəcanı, daha çox təcrübəni, daha çox sevgini, daha çox əyləncəni yaşayan Starman həyata gözlərini yumdu.

--

--

Kamal Ismayilli
M. Azerbaijan

raised in Azerbaijan, living in Germany. Curious about space and its exploration.