Startap üçün pulu hardan tapmalı?

Təşəbbüskarların öz startapları üçün müxtəlif növ vəsait cəlb etmə yolları var. Yatırım cəlb etmə prosesi həm kredit, həm pay satışı, həm də digər vasitələr ilə həyata keçirilə bilər. Lakin, şirkət üçün hansı növ pulun cəlb edilməsi daha doğrudur sualına gəldikdə, burada doğru cavab demək olar ki, yoxdur. Hər bir iş adamı öz biznesi üçün vəsaiti hansı yol ilə cəlb etməli olduğuna özü qərar verməlidir. Doğru qərarı qəbul edə bilməniz üçün bir neçə sual yardımçınız ola bilər:

  • Ehtiyyaclarınız qısa, yoxsa uzun müddətlidirlər?
  • Kredit borcunu və yaxud yatırımı hansı müddətə geri qaytara biləcəksiniz?
  • Lazım olan pul əməliyyat xərcləri, yoxsa aktiv olacaq vəsaitlər üçün xərclənəcək?
  • Pul tam olaraq bəri-başdan, yoxsa müəyyən müddət aralığında hissələrlə lazımdır?
  • İşiniz alınmasa riski tək başına qarşılamaq, yoxsa investorlar ilə bölüşmək istəyirsiniz?

Bu sualları cavablandırsanıs, sizə lazım ola ən uyğun maliyyə cəlb etmə yolunu tapa bilərsiniz. Bu mövzuda, sizə təşəbbüskarların maliyyə əldə edə biləcəkləri yolları göstərib, onların məfi və müsbət tərəfləri haqqında bəhs edəcəyəm.

Borc almaq: Startap biznes üçün borc adətən banklar, kredit təşkilatları, fiziki şəxslərdən borc, kredit kartları, yaxud dostlar və ailədən əldə etmək olar.

  • Bank kreditləri, müəyyən edilmiş vaxt çərçivəsində və faiz dərəcəsi ilə birlikdə mütləq geri ödəmək şərtilə müqaviləli borca verilən puldur. Bank krediti götürdükdə bilməlisiniz ki, işiniz alınsa da, alınmasa da borca götürülən pulu geri qaytarmaq üçün məsuliyyətlisiniz. Həmçinin bu cür kreditlər girov və yaxud zamin təminatı əsasında verilir.
  • Mikrokreditlər bank kreditlərinə oxşasalar da, daha aşağı məbləğ və faizlərlə verilir.
  • Kredit təşkilatları banklardan kredit əldə etmək mümkün olmadıqda, əlavə bir alternativdir. Bu halda da demək olar ki, qaydalar eynidir lakin kredit təşkilatları müəyyən bir sahə üzrə ixtisaslaşırlar, buna görə də borc almaq istəyirsinizsə həmin qaydalara uyğun olub olmadığınızı əvvəlcədən bilməlisiniz.
  • Kredit kartlarından uzunmüddətli maliyyələşmə üçün istifadə etməyi tövsiyyə etməsək də qısa müddətli perspektivdə pul tələbatını qarşılamaq olar. Nəzərinizdən qaçırtmamalısınız ki, kredit kartları üzrə borcları hər ayın sonu bağlamalısınız. Yoxsa növbəti ayın hər gününə görə faiz hesablanacaq. Bu o deməkdir ki, kredit kartına görə borcu zamanında qayatarsanız pul itirməyəcəksiniz. Buradan belə bir nəticəyə gəlmək olar ki, kredit kartları ilə düzgün rəftar edildiyində qısa müddətli perspektivdə asan əldə edilən pul ola bilər. Lakin, diqqətsiz yanaşılarsa əlavə çox bahalı problemə çevrilə bilər.
  • Nəhayət, ailə və dostlar da kiçik biznesin maliyyələşdirilməsində öz dəstəklərini verə bilərlər. Adətən bu şəxslər sizin kredit tarixçəniz ilə maraqlanmır və qeyri-adi borc şərtləri də tətbiq etmirlər. Buna baxmayaraq, ailə və dostlardan götürəcəyiniz borca, bank borcu kimi ciddi yanaşmağınız lazımdır.

Yatırımın cəlb edilməsi. Şirkətinizə böyük maliyyə vəsaitinin cəlb edilməsini istəyirsinizsə o zaman mələk yatırımcılar, vençur fondları və yenə də pullu dostların yardımından istifadə edə bilərsiniz. Bu yolla siz şirkətin müəyyən payı qarşılığında işiniz üçün tələb olunan məbləği cəlb edə bilərsiniz. Belə bir yatırım nəticəsində riskin böyük hissəsi investorun öhdəsinə düşür və iş alınmadığı təqdirdə siz investora/lara heç bir şey qaytarmırsınız. Lakin, yatırım özünü doğrultduğunda investorlar bankın qazana biləcəyindən qat-qat artıq məbləği qazana bilirlər. Bundan əlavə investorlar borcverənlər ilə müqayisədə daha çox riskə getdiklərindən, şirkətin idarəedilməsində məsləhətçi kimi yaxından iştirak etmək istəyirlər. Bu halın həm müsbət, həm də mənfi cəhəti ola bilər. Bir çox təşəbbüskar təcrübəli iş adamları ilə işləmək və dəstək almaqdan zövq alırlar. Ancaq, investor maraqlı sizin maraqlar ilə üst-üstə düşməyə bilər, buna görə də yatırım əldə etdikdə, şirkətin nəzarətini çox əldən vermək olmaz.

İnvestora veriləcək şirkət payı və qarşılığında cəlb ediləcək vəsaitin həcmi, işin hansı səviyyədə olmasından, növündən və şirkətin böyümə potensialından asılıdır.

  • Ailə və dostlardan borc alına bildiyi kimi, şirkət payı qarşılığında da yatırım əldə etmək mümkündür. Əsas fərq ondadır ki, borcu istənilən halda qaytarmalı olsanız da, pay qarşılığında yalnız şirkət gəlir əldə etidyində, pay həcmində pulu partnyorlarınız ilə paylaşmalısınız.
  • Mələk yatırımcılarda da, vəziyyət oxşardır, lakin bu növ yatırımcılar yaxınlardan, etdikləri yatırım həcminin böyüklüyü və əlaqələri ilə şirkətinizə daha çox xeyir verə bilərlər. Mələk yatırımcılar adətən öz maraqlarında olan sahələrə yatırım edir və əksər hallarda yatırım həcmi 1 milyon dollardan aşağı olur.
  • Vençur maliyyə şirkətləri professional investisiya qurumlarıdırlar. Onlar böyüməkdə olan bizneslərə yatırım edir və yatırdıqları vəsaitin geri qayıtmamaq riski ilə razılaşırlar. Çünki, vəsait özünü doğrultsa onlar qat-qat çox qazana biləcəklər. Vençur şirkətləri yatırdıqları vəsait qarşılığında şirkətdən daha çox pay və idarətetmədə daha çox imkanlar əldə etmək istəyirlər.

Digər maliyyə metodları. Yuxarıdakılara əlavə olaraq kroufandinq və qrantlar kimi digər maliyyə cəlb etmə yolları da var.

Sosial media və internetin açdığı müxtəlif imkanlar sayəsində, təşəbbüskarlar öz tanışları və oxşar düşüncəli insanların köməyi ilə kroufandinq (crowdfunding — yardımlı yatırım) saytlarından öz layihələri üçün pul cəlb edə bilirlər. Kroufandinq-in borc və yatırımlardan əsas fərqi ondan ibarətdir ki, burada şirkət təqdim edəcəyi məhsul və ya xidmətə görə əvvəlcədən pul alır ki, topladığı pulu biznesin yaradılmasına xərcləsin. Adətən təşəbbüskarlar kickstarter.com kimi kroufandiq saytlarda öz şirkəti, gördükləri iş və cəlb ediləcək məbləğin nəyə xərclənəcəyi barədə məlumat yerləşdirərək, pul toplamağa baş vururlar. Saytdan asılı olaraq, vəsaitlər ianə və yaxud borc şəklində verilə bilər. Kroufandiq hər kəs üçün deyil. Adətən bu yolla maraqlı hekayəsi və uğurlu ola biləcək layihələr rahatlıqla pul toplaya bilirlər. Yaddan çıxartmamaq lazımdır ki, bu zaman pul toplama aksiyası barədə reklama da böyük vəsait xərcləmək lazım gəlir.

Digər bir vasitə kimi isə qrantları göstərmək olar. Lakin, qrantlar çox zaman gəlirli şirkətlər üçün olmur və ümumiyyətlə bu strategiya üzərində maliyyənin həll olunması məsləhətli deyil. Çünki qrant verən qurumlar əvvəldən pul vəsaitlərinin xərclənməsində limitlər tətbiq edir ki, bu da heç də hər zaman layihəyə müsbət təsir etmir.

İqtisadi vəziyyət və yaşdan asılı olmayaraq bu günlərdə yaxşı biznes sahibisinizsə, lazım olan məbləği cəlb edə bilərsiniz. Yuxarıda verilmiş metodlardan hansı birini seçməyi üstün tutmağınızdan asılı olmayaraq, professional biznes plan hazırlayaraq, təcrübəli maliyyə məsləhətçisi ilə danışmağınız lazımdır.