Viralın gücü.

Rufat MAMMADLI
M. Azerbaijan
Published in
3 min readDec 3, 2016

Əvvəllər bu “Be like Bill” axımı ilk dəfə reddit-də hansısa bir istifadəçi tərəfindən yarandığını düşünmüşdüm, lakin bunun dəqiq haradan və necə yarandığı məlum olmasına baxmayaraq Attn saytında qeyd edilir ki, “Videogamememes” isimli facebook səhifəsindən ilk dəfə bu konsept çıxıb. Daha sonra isə facebookda bunun üçün xüsusi bir səhifə “Be like Bill” açılıb. Buraya qədər hər şey normaldır. Lakin mənim bu məqaləni yazmağımda məqsədim “Be like Bill”-i sizlərə tanıtmaq deyil. Mənim hekayəm bir az fərqlidir.

Bu konsept ilə tanış olduqdan sonra bunun bizə aid olan versiyasını yaratmağın maraqlı ola biləcəyini düşündüm. Sonra isə “Bill”-in əvəzinə bizdə məşhur olan adları fikirləşməyə başladım. İlk ağlıma gələn isə “Əhməd” oldu. “Əhməd haradadır?” filmindən bildiyimiz bu adın konseptə çox uyğun olacağını düşündüm. Çünki Əhməd adını eşidəndə “Əhməd haradadır?” filmi və onun yumoristikiliyi yada düşür. Səhifənin adını qərarlaşdırdıqdan sonra artıq “Əhməd kimi ol” səhifəsini açıb “Be like Bill”dən tərcümələr etməyə başladım. 4–5-ci paylaşımdan sonra isə artıq səhifə böyüməyə və tanınmağa başlamışdı. Bu səhifədən sonra isə xanımlar üçün nəzərdə tutulan “Lalə kimi ol” versiyasını açdım.

Əhməd haqqında yerli və xarici saytlarda yazılanlar.

Yanvarın 16-dan 17-nə (2016) keçən gecə evdə hamı yatarkən klavişi səssiz-səssiz istifadə etməyə çalışaraq kiçik bir səhifə açıb yayımladım. Səhər oyandıqda “facebook”umda “notification” bölməsində heç vaxt görmədiyim sayda bildirişlər gəlməyə başladı. 1-2 gün içində səhifənin bu qədər böyüməsi məni hələ də təəcübləndirir.

Səhifənin facebook statistikası.
Paylaşımların insanlara çatmasını göstərən qrafik.

Səhifəni bir gündə məşhur edən paylaşım (Bu materialı birbaşa “Be like Bill”dən tərcümə etmişdim.).

Yanvarın 17-si (2016) paylaşmış olduğum və populyarlığı artıran paylaşım.

Yuxarıda gördüyünüz, səhifənin buralara qədər gəlib çıxmasına səbəb olan paylaşımdır. Məhz bu şəkil o qədər paylaşıldı ki, səhifənin bəyəni sayısının artmasına səbəb oldu. Bəlkə də gündə yüzdən çox “like” gəlirdi. Artıq “notification” almaqdan “dəli olmuşdum” deyə bilərəm. Hər dəfə telefonu açdıqda yuxarıdan bir neçə məlumat gəlirdi ki, kimsə şərh edib, kimsə bəyənib, kimsə də paylaşıb. Instagram hesabında da həmçinin.

“Əhməd kimi ol” trendindən istifadə edənlər peyda olmağa başladı.

Bildiyiniz kimi şirkətlər həmişə reklamlarını trendə uyğun hazırlayıb potensial müştərilərinə təqdim edirlər. “Əhməd kimi ol” da trendləşəndə artıq Nar Mobile, Hyundai, Ailə TV, Fins.az, Milli.az, INNAB, Uber, 189 Taxi, O səs Azərbaycan, Madeyra, Video.az, Unibank, Pasha Siğorta və Renessans Palace kimi öz sahəsində tanınmış brendlər bundan istifadə etməyə başladı.

Buradakı şirkət və qurumlardan bir ikisini çıxmaq şərti ilə heç birinin “Əhməd kimi ol” konseptini istifadə etdiyindən xəbərim yox idi. Dostlarım sayəsində xəbərim oldu. Əlavə olaraq artıq Azərbaycanda #ehmedkimiol “hash tag”idə məşhur olmuşdur.

Nəticə olaraq isə;

Azərbaycanın keçmişində “Molla Nəsrəddin” kimi jurnallar da Azərbaycan insanını yumorla tənqid edir və ya satira atəşinə tuturdu. Bəzən deyirlər ki, nə əvvəlki tənqidlərin faydası olub, nə də bundan sonra olacaq. Düzü, bəzən mən də bu fikirlərin təsirinə düşürəm. Ancaq ümumən optimistəm, proses ləng getsə də, hər şeyin tədricən yaxşılaşacağına inanıram. Hər halda 100 il əvvəlki mənzərə ilə indikinin arasında böyük fərq var. Deməli 100 il bundan sonra daha çox müsbət dəyişikliklər ola bilər.

Bu mənim üçün xoş idi çünki artıq həyatımda maraqlı bir iş görmüşəm kimi özümü hiss edirəm. Ölkənin trendini dəyişdirmək maraqlı bir təcrübə oldu mənim üçün. Doğrusu bu trenddən sonra sayını bilmədiyim qədər fərqli adlarda “clone” səhifələr peyda oldu lakin mən öz haqqımı tələb edə bilmərəm. Çünki, bu konsept “Be like Bill” səhifəsinə aiddir və hamı bunu istədiyi kimi istifadə edə və dostları ilə paylaşa bilər. “Əhməd kimi ol” həyatımda ən maraqlı xatirə kimi yadda qalacaq.

Sona qədər oxuduğunuz üçün minnətdaram. :)
Mənim ilə əlaqə yaratmaq istəsəniz: rufatmdl@gmail.com
(Medium Azərbaycanda yazılarınızı yazmaq və yayımlamaq istəyirsinizsə bu e-poçt'a müraciət edə bilərsiniz.)

--

--