HTML | Markdown

Nail Mammadov
Human Computer Interaction LAB
5 min readJan 13, 2021

Məzmun

  1. Makrdown nədir?
  2. Başlıqlar
  3. Paraqraflar
  4. Qalın yazı
  5. Kursiv yazı
  6. Siyahılar
  7. Linklər
  8. Şəkillər
  9. Horizontal xətt
  10. İstinad yazı
  11. Cədvəllər
  12. Nəticə
  13. Faydalı mənbələr

Markdown Nədir?

Markdown faylları HTML kodlarının istifadəsi olmadan bu dildə gözoxşayan məzmunların tərtibi üçün developerlərin istifadə etdiyi ən səmərəli bir yoldur. Onlar əsasən documentasiya formasında GİT README fayllarının içində istifadə olunur, amma eyni zamanda “dev” kimi blog platformalarında da məşhurlaşmışdır. Markdown faylları “.md” fayl sonluğu ilə bitir və fayl yaratmaq üçün xüsusi sintaksisdən istifadə edir. CMS (Content Management System) — in əksəriyyəti Markdown istifadə edir və beləliklə, onun istifadəsi sadə mətn fayllarının yazılması və yaradılması qədər asandır.Markdown istifadə edərək HTML dilində yazdığımız bir çox kodlardan canımızı qurtarıb daha asan yolla içəriklər hazırlaya bilərik. Misal olaraq: Başlıqlar, siyahılar, cədvəllər, linklər və s.

Başlıqlar

Başlıq yaratmaq üçün, hər sözün və yaxud ifadənin başlanğıcına (#) işarəsi qoymaq və bir boşluq buraxıb yazımızı yazmaq lazımdır. (#) işarələrinin sayı hər dəfə artdıqca, başlıqların ölçüsü bir vahid kiçilir. (#) işarələrinin sayı 1 ilə 6 arasında dəyişir və maksimum 6 ədəddir (######). Məsələn 3-cü səviyyə başlıq yaratmaq istəyiriksə (<h3>), üç ədəd (#) işarəsindən istifadə olunmalıdır.

Paraqraflar

Paraqraf yaratmaq üçün Markdown tərəfdə hər hansı bir xüsusi qayda verilməmişdir. Sadəcə word və html-də yazdığımız adi yazılar kimi düşünə bilərsiniz.

Qalın (Bold) Yazı

Qalın yazı (<b>) yaratmaq üçün yazının əvvəlinə və sonuna iki ədəd ulduz (**) işarəsi qoymağınız kifayətdir və yaxud iki ulduz əvəzinə bunun alternativ versiyası olan hər iki tərəfdən iki ədəd altdan xətt (__) işarəsi istifadə oluna bilər.

Kursiv (İtalic) Yazı

Qalın yazı ilə eyni şəkildə Kursiv (İtalic) yazının da yaradılma strukturunda istifadə olunan işarələr ulduz (*) və alternativi üçün istifadə olunan altdan xətt (_) işarələridir. Sadəcə buradakı fərq ondan ibarətdir ki, qalın yazının yaradılması üçün hər tərəfdə 2 ədəd ulduz və 2 ədəd altdan xətt işarəsindən istifadə olunurdusa, kursiv (italic) yazıda bu işarələr hər tərəfdən bir ədəd olacaq. Yəni əvvələ 1 ulduz və sona bir ulduz. Eyni ilə altdan xətt işarəsinə də dediklərimiz aiddir.

Siyahılar (Lists)

Siyahıların yaradılma strukturunda müxtəlif yollar mövcuddur. HTML dilində də bildiyimiz kimi siyahılar 2 cür olur. Bunlar nömrələnmiş (<ol>) və nömrələnməmiş (<ul>) siyahılardır.

İlk öncə nömrələnmiş siyahıların yaradılma strukturana nəzər salaq. Nömrələnmiş siyahıları yaratmaq üçün, siyahı elementinin əvvəlində nömrəni qeyd etdikdən sonra (Məsələn: 2) nöqtə işarəsinə klikləmək və bir boşluq buraxmaq lazımdır. Bundan sonra siyahı elementi üçün təyin etdiyimiz yazını yazıb “Enter” düyməsinə klikləyirik. Artıq burada görəcəyik ki, növbəti siyahı elementinin nömrəsini ardıcıl olaraq Markdown bizim üçün yaradacaq. Bu ardıcıllıqla “Enter” düyməsinə klikləyərək hər dəfə növbəti siyahı elementinin nömrəsini əldə edəcəyik. Bəs əgər istifadəçi siyahı ilə əməliyyatını bitirmişsə və siyahıdan çıxmaq istərsə nə etməlidir? Bunun üçün son siyahı yazımızı yazdıqdan sonra “Enter” düyməsinə klikləyəcəyik və bizə yenidən növbəti siyahı nömrəsi veriləcək. Bu dəfə heç bir yazı yazmadan yenidən “Enter” düyməsinə klikləyirik və artıq biz siyahıdan çıxmış oluruq (İki dəfə “Enter” düyməsinə klikləyirik).

Nömrələnməmiş (<ul>) siyahılarda da eynilə nömrələnmiş siyahılardakı kimi məntiq irəli sürülür. Sadəcə burada bu dəfə nömrə və nöqtə işarəsi deyil, tire(-) işarəsini və boşluq (Space) düymələrini bir dəfə klikləməklə istədiyimiz nəticəni əldə edirik. Siyahı ilə əməliyyatı bitirdikdən sonra, siyahıdan çıxmaq üçün nömrələnmiş siyahılardakı kimi 2 dəfə ardıcıl olaraq “Enter düyməsinə” klikləyirik.

Linklər

Markdown ilə linkləri (<a>) yaratmaq çox sadədir. Bunun üçün iki işarə cütündən istifadə olunur. Bunlar [ ] — işarəsi və kiçik mötərizə () — işarələridir. [ ] — işarəsi daxilinə linkimizin istifadəçiyə görsənəcək yazı hissəsini, kiçik mötərizə daxilinə isə linkin yolunu daxil edəcəyik. Bundan sonra artıq linkimiz hazırdır.

nümunə.com

Şəkillər

Şəkillərin yaradılma sintaksisi də linklərin yaradılma sintaksisi ilə demək olar ki, eynidir.Yəni linklərdə istifadə olunan [ ] və ( ) işarələri burada da istifadə olunacaq. Sadəcə aradakı fərq ondan ibarətdir ki, bu dəfə [ ] — işarəsi əvvəlinə bir ədəd nida (!) işarəsi daxil edəcəyik. Burada isə [ ] — işarəsi daxilinə yazılan yazı, şəkil hər hansı problemdən dolayı ekranda görsənməzsə, istifadə olunan alt atributunun dəyəridir. ( ) — işarəsi daxilinə isə şəkilimizin “url” ünvanını daxil edəcəyik.

Horizontal Xətt

Horizontal xətt (<hr>) çəkmək üçün Markdown da bizim üçün bir neçə üsul mövcuddur. Bunun üçün üç və yaxud daha çox ulduz (***), üç tire ( — -) və yaxud üç altdan xətt (___) istifadə oluna bilər.

İstinad yazıları (Blockquotes)

Adından da göründüyü kimi istinad formasında yazıların yazılması üçün istifadə olunur. Yəni burda fərqli bir yazı yazmırıq, sadəcə olaraq yazılarımız sadə paraqraf tərzlərindən bir qədər daha görkəmli forma alır. İstinad yazılarını yazmaq üçün paraqraf yazılarımızın önündə bir ədəd böyükdür işarəsi (>) tanımlayırıq. Artıq bununla yazımız istinad yazı formasını alacaq. Əgər növbəti sətirdə də paraqrafın istinad yazı formasında davam etməsini istəyiriksə yenidən böyükdür işarəsini (>) tanımlamağımız lazımdır.

Cədvəllər

Markdownvasitəsilə yaradılacaq daha bir struktur cədvəl (table) strukturudur. HTML-də cədvəlləri yaratmaq üçün daha çox vaxt sərf edirdiksə, Markdown da bu daha sadədir. Bunun üçün sadəcə sütünları ayırmaq üçün düz slaş( | ) və üç ədəd tire ( — ) işarəsindən istifadə olunur. Tire işarələrini adətən cədvəlin başlıq kolonlarını tanımladıqdan sonra 2-ci sətirdə veririk ki, özündən yuxarıdakı sətirin başlıq sətiri olduğunu və digər sətirlərdən fərqlənməsini göstərək.

Nəticə

Ümid edirəm ki, Markdown haqqında sadə formatda ərsiyyəyə gətirdiyimiz məqalə siz oxucuların köməyinə çatacaq və sadə də olsa Markdown-un nə anlama gəldiyini başa düşəcəksiniz.

Məmmədzadə Qədir

BUTA.İO komandasının yazarı : Məmmədzadə Qədir

--

--