Etibar Huseynli
Data dünyanı dəyişir
3 min readNov 30, 2019

--

Süni Zəka dövrünün astanasındayıq.

İlk kompyuter yarananda elə əsas hədəf “Süni Zəka” idi.
“Süni Zəka” fantastik elmi əsər yazarları üçün də ən maraqlı mövzu idi.

“Süni Zəka” dövrünə yaxınlaşdığımızı başa düşürük mü?
Dərin elmi hesablamalar hər keçən gün bizi Süni Zəka dövrünə bir addım daha yaxınlaşdırır. İnsan beyninin sirlərinin kompyuter elmi ilə birləşdirilməsi həyatımızın hər sahəsinə təsir edəcək. Biznes, səhiyyə və hətta şəxsi həyatımızda “Süni Zəka” böyük təsir gücünə malikdir.

Məqsəd kompyuterin insan beyninin işləmə mexanizmini başa düşüb düşüncələri simulyasiya etməsidir. Kompyuterlər insan dilini başa düşəcək və əşyaları və insanları dəqiq tanıyaraq bəzi işləri öz öhdəsinə götürəcək.

IBM Watson sistemi buna gözəl nümunədir. Sistem məlumatları öyrənir və qərarlar qəbul edir. Qəbul edilmiş daha çox məlumat, daha çox bilik və daha çox dəqiqliklə nəticələnir. Praktiki olaraq bu texnologiya hüquq, səhiyyə, təhsil, maliyyə və biznes kimi böyük həcmli məlumat emal edən istənilən sahədə problemləri həll etmək üçün istifadə edilə bilər.

Bu texnologiya artıq turizm sənayesində istifadə edilir. Hilton otellər şəbəkəsi bu yaxınlarda otel, atraksion və restoranlar barəsində müştərilərin suallarını cavablandıra bilən ilk robot Connie-ni fəaliyyətə buraxıblar.

Artıq kompyuterlər insan kimi düşünə bilir və bu insanların bilik və bacarıqlarını hədsiz artırmaq gücünə malikdir. Elmi fantastik filmlərdəki qəhrəmanların kompyuterdə müxtəlif təhlillər və proqnozlar ilə növbəti hansı addımı atmaq lazım olduğunu bildikləri kimi artıq real həyatda da kompyuterlər insan bilik və bacarıqlarını yeni və fərqli üsullar ilə artırır.

Maşın öyrənməsi və Dərin Öyrənmə texnologiyaları əsasında insan beyninin işləmə mexanizmini cihazlara öyrətməklə böyük imkanlar əldə edə bilərik. Bu, kompyuterlərin öz alqoritmlərini insan köməyi olmadan inkişaf etdirə bilməsi deməkdir.

Bəs bu necə baş verə bilər?

Sadə nümunə ilə bunu izah edim.

Kompyuterə pişik və kitab şəkli təqdim edərək hansının kitab və hansının pişik olduğunu müəyyən etməyini istəsək kompyuter öz bazasındakı digər şəkillərdəki pişik və kitab şəkillərinə əsasən müqayisə apararaq düzgün nəticə əldə edə bilər. İndiki maşın öyrənmə alqoritmləri bunu qabaqcadan proqramlaşdırmasanız da icra edə bilir. Eyni prinsip big data texnologiyası əsasında daha mürəkkəb tapşırıqlara da şamil edilə bilər.

Google-a məxsus səs tanıma alqoritmləri buna çox yaxşı nümunədir. Çox böyük səs datalarının öyrənilməsinə baxmayaraq texnologiya hələki hər sözü düzgün ayırd etmək iqtidarında deyil. Lakin hər keçən gün data artır və texnologiya öyrənməyə davam edərək daha da inkişaf edir. Maşın və Dərin Öyrənməsi alqoritmləri audio və yazıları, hətta şəkilləri və videoları öyrənir və hər keçən gün daha uğurlu nəticələr əldə olunur.

Bu kompyuterlərlə insanların ünsiyyət qurmasına imkan yaradır. Bu istiqamətdə 100 faiz dəqiq uğur əldə edilməyib. Lakin Google-a məxsus özünü idarə edən avtomobili ixtira etmək artıq mümkün olub. Eyni texnologiya ilə Facebook insanları üzdən tanıyır və avtomatik olaraq təq etməyi təklif edir.

Bütün bunları nəzərə alaraq Süni Zəka dövrünün astanasında olduğumuzu deyə bilərik mi?

Yəqin ki hələ yox. Ən azından elmi fantastik filmlərdəki nəticələrə tam çatmamışıq. .

Çox elm adamı kompyuterlərin insan beyni kimi düşünə bilməyəcəyini düşünür. Məsələyə yanaşmanızdan asılı olmayaraq kompyuterlərin görmək, anlamaq, danışmaq və digər bacarıqları inanılmaz sürətlə inkişaf edir. Mövcud datanın artmağa davam etməsi kompyuterlərin bacarılqarını hər keçən gün daha da artırır.

Texnologiya artıq o qədər inkişaf edib ki, insanların emosiyalarını tanıyır və uyğun cavablar verir.

“Affective Computing” adlanan texnologiya insanların üz ifadələrini, duruş və jestlərini, səs tonunu və hətta tuşa toxunuşlarındakı ritm və gücü təhlil edərək insanın emosional vəziyyətini təyin edə bilir.

Bu texnologiyanın gücünü təsəvvür edin.

Kompyuteriniz yorulduğunuzda və ya əsəbiləşdiyinizdə bunu başa düşür və fasilə verməyi təklif edir və ya sizə kömək etməyə çalışır.

Və ya siz demədən ağıllı eviniz həzin musiqi səsləndirir. Bütün bunlar sizə uzaq gəlirsə bilin ki belə deyil.

Disney, BBC və Coca Cola kimi şirkətlər artıq bu istiqamətdə ixtisaslaşan “Affectiva” şirkəti ilə əməkdaşlıq edərək reklam izləyicilərinin məzmuna reaksiyalarını test edə bilir.

Eyni şirkət bir Yapon avtomobil şirkəti ilə yuxulu və ya narahat sürücünü müəyyən edə bilən və pis hadisə zamanı ən yaxın təcili yardıma məlumat verə bilən avtomobil daxili texnologiya üzərində çalışır.

İşin həyəcanlı tərəfi burasındadır ki, biz hələ bu prosesləri və texnologiyaları tədqiq etməyə hələ yeni başlamışıq. Çox yox, 10 il sonra Düşüncə və Emosiya hesablamaları ən əsas texnologiyalar hesab olunacaq.

--

--