STEFAN ZWEİG

Stefan Zweig - “Ay işıqlı küçə”

tərcümə: Turan Yusifova

turan
19 min readNov 28, 2013

--

Tufanın ləngitdiyi paroxod yalnız gecə yarı kiçik fransız limanında lövbər atdı; Almaniyaya gedən gecə qatarı artıq yola düşmüşdü. Beləliklə, yad əyalətdə əlavə gün keçirmək lazım gələcəkdi, axşamsa hansısa əyləncə salonlarındakı qadın orkestrinin qəmgin musiqisi ya da tamamilə təsadüfi yoldaşlarla darıxdırıcı söhbətdən başqa heç bir əyləncə vəd etmirdi. Mehmanxananın kiçik restoranın mavi-boz tüstülü havası mənə dözülməz göründü, həmdə ki, dodaqlarımda hələ də dənizin təmiz nəfəsinin duzlu soyuqluğu qalmaqdaydı. Mən bəxtə-bəxt geniş işıqlı küçə boyuca mülki qvardiyanın ifa etdiyi meydana və oradan daha uzağa — tələsmədən gəzişənlərin axınına tərəf getdim. Əvvəlcə, əyalət yerinə uyğun geyinib-keçinmiş izdiham boyu laqeydsizlik dalğasında iradəsiz yırğalanmaq mənə xoş idi. Amma yenə də, tezliklə yad insanların bu yaxınlığı, onların qırıq gülüşü, üzərimdən qaçırılan və ya istehzalı təbəssümlə dayanan gözlər, məni gizlicə irəli itələmiş toxunuşlar, minlərlə mənbədən axan işıq və fasiləsiz addımların səsi mənə dözülməz gəldi. Dəniz səyahətini fasiləsiz hərəkət müşayiət edirdi və qanımda hələ də sərgərdan gəzişmənin şirin sərxoşluğu dövr edirdi; hələ də ayağımın altında yırğalanma və dalğa hiss olunur, torpaq nəfəs alaraq azca qalxır və küçə necəsə səmaya doğru gedirdi. Birdən başım hərləndi və səs-küydən gizlənməkçün mən adına baxmadığım döngəyə, oradansa başqa dalana buruldum, ahəngsiz səs-küy tədricən azalmağa başlayırdı və sonra şaxələnmiş labirint boyu məqsədsiz dolaşmağa başladım, düz aralıqlar, kiçik qaranlıq küçələr məni əsas meydandan uzaqlaşdırırdı. Mərkəzi küçələrin böyük qövs fənərləri burada yanmırdı və mən nəhayət, kasıb işıqlandırma sayəsində ulduzları və qara buludlu səmanı yenidən gördüm.

by: John Atkinson Grimshaw

Görünür, mən indi liman yaxınlığında, matros kvartalında idim — bu balığın kəskin qoxusundan hiss edilirdi — şirintəhər çürük qoxu, hətta ləpədöyənlərlə sahilə atılmış yosunlar da bu qoxunu özündə saxlayır, bu səbəbdən hələlik güclü tufan onları öz nəfəsiylə üfürməyincə həmin yerlərə xas kiflənmə dalanlara hopub qalırdı. İçimdə yarıqaranlıq və gözlənilməz yalqızlıq vardı, mən digər küçəni gözdən keçirmək üçün addımları yavaşıtdım — və onlardan heç biri qonşuluqdakı küçəyə bənzəmirdi; bəziləri sülhsevər, başqaları üsyankar idi, amma hər şey qaranlığa bürünmüş və səslərin, musiqinin küt səs-küyüylə dolmuşdu. Qaranlıq tağların altından elə müəmmalı axın vardı ki, onun gizli mənbəyini tapmaq demək olar mümkünsüz idi, çünki bütün evlər kilidlənmişdi və yalnız qırmızı və ya sarı qığılcımla göz vururdu.

Mən yad şəhərlərdə belə küçələri sevirəm — yad və təhlükəli dənizlərdə keçirilən yalnız gecələrdən sonra uzun yorucu xəyallarını həyata keçirmək üçün buraya bir gecəlik gələcək bütün dənizçi nəfslərin gizli yığını, bütün bu ehtirasların çirkli bazarı. Onlar haradasa böyük şəhərin aşağı hissəsində, bu dar döngələrdə gizlənməlidir, çünki buralar o haqda sırtıqcasına və təngə gətirərək danışır ki, yüzlərlə maska pəncərəli işıqlı evlər və tərbiyyəli sakinlər tərəfindən gizlədilir. Burada, sıx zallarda musiqi cəlb edici bir tərzdə səslənir, kinematoqraflar qışqıran elanlarıyla eşidilməmiş əzəməti söz verir, qapıların altına sığınan dördüzlü fənərlər açıq aydın və gülər üzlə göz vurur, yarı açıq qapıların arasından zərli bər-bəzəyin altında çılpaq bədənlər sayrışır. Meyxanalardan sərxoş səslər və dalaşan oyunçuların qışqırıqları eşidilir. Matroslar bir-biri ilə qarşılaşanda gülümsəyir, onların gözləri intizardan yanır, çünki burada hər şey var: şərab və qadınlar, mənzərə və şövq, ən alçaq və ən yüksək macəralar. Amma bütün bunlar ürəksizcəsinə yenə də riyakarlıqla salınmış pəncərə qapıları arxasında satqıncasına açıq-aydın gizlənir. Hər şey baxışlardan gizlədilmişdi, bu görünən qapalılıq — sirr və mümkünlüyün ikiqat cazibəsi sayəsində insanı həyəcanlandırırdı. Bu küçələr Hamburqdakıların oxşarı idi və onlar Kolomboda, Havanada da belədir, böyük şəhərlərin təmtəraqlı prospektləri bir-birinin bənzəri olduğu kimi, çünki yuxarılar və aşağıların həyatı hər yerdə eyni simadadır. Xaotik-hissiyyatlı dünyanın son əcaib qalıqları, harada ki, instinktlər hələ də kobud hərəkət edir və qarşısıalınmazdır, qaba heyvanlarla qaynaşan qaranlıq ehtiraslar cəngəllikləri — elə bu rədd edilmiş küçələrdir, öz gözə görünənləriylə həyəcanlandırıb, gizlədikləriylə cəzb edir. Onlar haqqında xəyal etmək olar. Qəfldən əsarətinə düşdüyüm küçə də belə idi. Mən bəxtə-bəxt qılınclarını kələ-kötür şose boyu cingildədən iki kirasirin dalınca getdim. Hansısa kiçik restoranların birindən bir neçə qadın onları səslədi; kirasirlər gülüb, kobud zarafatlarla cavab verdilər, sonra onlardan biri pəncərəni döydü və ardınca haradasa söyüş eşidildi, daha sonra getdilər; gülüş getdikcə daha küt səsləndi və nəhayət, tamamilə dayandı. Küçə yenə səssiz oldu, bir neçə pəncərə ayın sönük işığında arabir tutqun parıldayırdı. Dayandım və mənə valehedici görünən bu sakitliyi sinəmə çəkdim, çünki mənim gözümə, bu sakitliyin arxasında gizli, çirkli və təhlükəli nəsə görünürdü. Mən aydın hiss edirdim ki, bu yalançı sakitlikdir və bu küçənin dumanlı tinində bizim dünyanın çürüntüsündən xəfifcə alışan nəsə var. Amma mən dururdum, tərpənmir və boşluğu dinləyirdim. Mən artıq nə şəhəri, nə küçəni, nə onun adını, nə də öz adımı hiss edirdim; yalnız dərk edirdim ki, burada yadam, bilinməzlikərdə həll olmuşam, nə hədəfim var, nə işim, nə də bu qaranlıq həyatla əlaqəm, ancaq mən hələ də onu eyni bütövlüklə- damarlarımda axan qan kimi hiss edirəm. Yalnız bir hiss mənə hakim kəsilirdi: burada mənimlə əlaqəli heçnə baş vermir və bununla belə hər şey mənə aiddir — dərin və hər sirli təmasında varlığımı qidalandıran saf su kimi daxilinin iradəsindən asılı olmayaraq əldə edilən əsl həyəcanın məmnuniyyət hissi. Nəyinsə baş verəcəyini yaxud nəsənin səni boşluqdakı bu çılğın sayıqlıqdan çıxaracağını gözləyirmiş kimi boş küçəsinin ortasında dayanıb qulaq asırdım və birdən, qulağıma alman mahnısı çatdı, o zəif səslənirdi, divarlara görə deyil, o haradansa çox uzaqdan gəlirdi; qadın səsi “Sərbəst atıcıdan” [1] melodyasını ifa edirdi. “Valehedici, bakir çələng”, çox pis ifa edirdi, amma yenə də o alman melodiyası idi — burada, dünyanın yad dalanında o necəsə xüsusilə doğmalaşırdı. Mahnı haradansa eşidilirdi, amma mənim üçün o salamlaşma kimi səslənirdi, uzun ayrılıqdan sonra vətənin salamlaşması. Özüm özümdən soruşdum : kim burada mənim dilimdə danışır, bu yad dalanda, kimin sinəsində dirilmiş xatirələr bu sadə nəğməni püskürdü? Mən qaranlıqda, bağlı pəncərələrdə satqıncasına yanan işıqlar və bəzən də cəzbedici əl sayrışan mürgüləyən evlər boyunca səsə doğru getdim. Bəzi yerlərdə çılğın yazılar, parlaq elanlar asılmış, pusquda duran kiçik yunan restoranı viski, pivə vəd edir, əslindəsə hər yer bağlanmışdı, əlçatmaz idi və eyni zamanda yoldan keçənləri səsləyirdi. Bəzən uzaqda addımlar eşidilirdi, amma melodiya fasiləsiz səslənir, nəqarət daha ucadan eşidilir və səs yaxınlaşırdı; nəhayət, budur mənə lazım olan evə çatmışdım. Azacıq tərəddüddən sonra, ağ pərdəylə kip örtülmüş çöl qapıya yaxınlaşdım. Amma bu anda qaranlıqlarda nəsə tərpəndi, hansısa bir fiqur aynaya sıxılıb orada gizləndi, qorxu içində vurnuxdu və mən fənərin qırmızı işığında dəhşətdən solmuş simanı gördüm; kişi çaşqınlıqla mənə baxdı, üzr istəyirmiş kimi nəsə mızıldandı və küçənin yarımqaranlığında yox oldu. O mənə qəribə göründü. Onun arxasınca baxdım. Sürüşüb gedən siluet hələ də sönük görünürdü. İçəridən əvvəlki kimi ucadan ifa eşidilir, daha da riqqətə gəlirdi. Mən qapını açdım və tez içəri girdim. Mahnı qırıldı, elə bil bıçaqla kəsildi və mən qorxaraq qarşımda boşluq hiss etdim — düşmən sükutu kimi, sanki mən nəyisə parça-parça etmişdim. Baxışlarım tədricən , demək olar ki boş olan otağın vəziyyətinə alışdı. O bufet rəfindən və masadan ibarət idi. Şübhəsiz, bütün bunlar növbə ilə digər otaqlara keçid idi, təyinatı üzrə aşağı salınmış işıq lampaları və azca aralanmış qapının arxasından görünən hazır çarpayının mənasını anlamaq asan olmalıdı. Piştaxtanın qarşısında ona dirsəklənib dayanan, yorğun görünüşlü bəzənmiş qadın, piştaxtanın arxasında isə kök sahibə və bir də kifayət qədər xoşagələn qız vardı. Mənim salamlaşmam sanki quyuya atılan daş oldu və yalnız müəyyən fasilədən sonra süst cavab eşidildi. Bu sükut ürəyimcə olmadı və mən həvəslə geri çevrilib gedərdim, amma bununçün bəhanə tapmadım və itaətlə masa arxasına keçdim. Piştaxtada arxasındakı qadın öz vəzifəsini xatırlayaraq məndən nə sifariş edəcəyimi soruşdu və dərhəl onun tələffüzündəki vurğudan nə istəyəcəyimi tapdım. Pivə sifariş verdim. O getdi və pivəni gətirdi. Onun yerişindəki laqeyidlik, güclə parlayan və sönən şamı xatırladan ifadəsiz gözlərindəki laqeydlikdən çox idi. Bü cür məkanların adəti üzrə o tamamilə mexaniki olaraq mənim stəkanımım yanına daha birini özü üçün qoydu. Baxışlarımız toqquşanda isə o təmbəlcəsinə baxışlarını yayındırdı: mən maneəsiz ona baxa bildim. Onun düzgün cizgili üzü əslində hələ də gözəl idi, amma sanki mənəvi yorğunluqdan heykəl kimi kobudlaşdı və dondu; onda hər şey boş idi; göz qapaqları şişmiş, saçları dağılmış, solğun yanaqları ənliklə boyanmış, ağız ətrafına geniş qırışlar enmişdi. Donu da səliqəsiz geyinilmişdi, tütün tüstüsündən və pivədən səsi xırıldayırdı. Hər şey, qarşımdakı insanın ölümcül yorğun olması və heçnə hiss etmədən adəti üzrə yaşamasından danışırdı. Məni dəhşət bürüdü və sükutu pozmaq xatirinə ona ixtiyari sual verdim. O dodaqlarını güclə tərpədərək mənə baxmadan laqeyd və mənasız cavab verdi. Mən özümü artıq hiss edirdim. Sahibə əsnəyir, digər qızsa küncə otururdu, sanki onu çağıracağımı gözləyirdi. Çıxıb getməyə şad olardım, ancaq yerimdən tərpənə bilmirdim və bərk keflənmiş matros kimi qanmazcasına bürkülü otaqda qandallanaraq oturmuşdum, — burada hökm sürən laqeydlik qorxulu və anlaşılmaz idi. Və birdən yanımda oturan qadının kəskin qəhqəhəsini eşidib səksəndim. Həmin anda lampa sayrışdı: kürəyimin arxasındakı qapının aralanmasını küləkdən anladım.

llustration :Kravchenko A. I.

- Yenə gəldin ? — o almanca istehzalı və acıqla qışqırdı. — Ey xəsis, sən yenə evin ətrafında veyillənirsən? Yaxşı gəl içəri, sənə heçnə etmərəm.

Mən əvvəlcə sərt şəkildə ona tərəf döndüm, bu sözlər elə bərkdən qışqırılmışdı ki, sanki alovun içərisindən çıxırdı, sonra isə giriş qapısına döndüm. Və o açılmağa vaxt tapmamış, mən yırğalanan fiquru , onun fağır baxışını tanıdım, blokda dururdu, sanki qapılara yapışmışdı. O dilənçi kimi cəsarətsiz idi, şlyapasını əlində saxlayır və qadının ağır-ağır tərpənən bədənini titrədən gülüşdən, piştaxta arxasından deyilən kəskin sözlərdən əsirdi.

— Burada otur — qorxa-qorxa içəri addımlayanda qadın yazığa əmr etdi. — Görürsən, mənim qonağım var. O bunu almanca qışqırdı. Sahibə və qız bərkdən güldülər, hərçənd heç nə anlaya bilmədim, amma görünür ziyarətçi tanış idi.

— Ona şampan ver, Fransuaza! Bir az bahalı şüşəni gətir! — o gülüşlə qışqırdı və ona yenə müraciət etdi: — Əgər sənin üçün bahadırsa, küçədə qal, bədbəxt xəsis. Yoxsa sən müftə istəyirdin?! mən bilirəm, sən hər şeyə pulsuz sahib olmaq istəyirsən.

Ziyarətçinin uzun qaməti bu qəddar gülüşdən büzüşdü, kürəyi əyildi, o üzünü çevirirdi, sanki gizlənmək istəyirdi, və butulkaya girişən əli elə şiddətlə əsirdi ki, şərab masaya töküldü. O gözlərini qadına doğru yuxarı qaldırmağa çalışırdı, amma onları yerdən qopara bilmirdi və onun gözləri yerə döşənmiş çini boyunca məqsədsiz dolaşırdı. Yalnız indi lampa işığında mən bu üzgün sifəti ayırd etdim, solğun, əzgin üz, iri sümüklü kəlləsində seyrək saçları, iradəsiz və dəqiqliklə çatlamış biləklərdə — heçlik, yad olmayan hansısa qəzəbə qarşı gücsüzlük vardı. Onda hər şey əyilmiş, laxladılmış və əzilmişdi, həmçinin qəfldən sıçrayıb və dərhal qorxu içində uzaqlaşan, acıqlı işıltıyla parlayan baxışlar da.

— Ona fikir verməyin — qadın fransızca mənə dedi və dirsəyimdən yapışdı, görünür güclə özünə tərəf çevirmək istəyirdi. — onunla köhnə haqq hesabım var, dünənki məsələ deyil. Və dişləmək istəyirmiş kimi dişlərini qıcayıb yenə ona qışqırdı — Qulaq as, qulaq as, köhnə hiyləgər! Nə demək istədiyimi bilmək istəyirsən ? Deyirəm ki, sənin yanına gəlməkdənsə özümü dənizə ataram.

Sahibə və qız qanmazcasına irişib yenidən gülüşdülər; görünür, bu onlar üçün adi əyləncə idi, sadəcə gündəlik əyləncə. Amma Fransuazanın onun yanına necə əyləşdiyini və ona iltifatla girişməyə başladığını görəndə məni dəhşət bürüdü; o nəvazişlərdən dəhşət içində səksənir, onları rədd etməyəsə cəsarət etmirdi; onun təhqir olunmuş və yaltaqcasına dolaşan baxışları hər dəfə üzərimdə dayananda məni dəhşət bürüyürdü. Və yanımda əyləşən, qəfldən oyanan qadın məni dəhşətə gətirdi, o elə qəzəbliydi ki, hətta əlləri əsirdi. Mən getmək istəyirdim və masanın üstünə pul atdım, amma qadın onları götürmədi.

— Əgər o sənə mane olursa, mən onu it kimi bayıra qovaram. O dinləməlidir. Mənimlə daha bir stəkan iç. Bura gəl.

O gözlənilməz ehtiraslı çırpıntıyla mənə sıxıldı, əlbəttə bu süni ifi, yalnız onu incitmək məqsədiylə edilmişdi. Qadın gözünün ucuyla ona tərəf baxanda onun sanki qızmar dəmirə toxunurmuş kimi diksinməsi mənə iyrənc göründü. Mən qadına əhəmiyyət verməyərək yalnız onu müşahidə edir və orada, onun daxilində nəsə qəzəb, əzab, istək və paxıllığın artırdığını görürdüm, qadın ona tərəf azacıq çevriləndə isə o birdən tamamilə büzüşdü. Qadın amansız oyundan həzz alaraq daha çox mənə sıxılırdı, mən onun necə titrədiyini hiss edirdim və ucuz kirşanla rənglənmiş qoxulu üzündən, süst bədəninin qoxusundan tüklərim ürpənirdi. Ondan aralanmaq üçün, siqaret çıxartdım və mən kibriti gözlərimlə axtarmağa macal tapmamış, qadın artıq ona hökmlə qışqırdı:— Alışqan ver!

Mən ondan daha çox qorxdum, xidmət tələb etməyin bu qədər iyrənc tərzi və o anidən kibrit axtarışı üçün ciblərindən yapışdı; qadının qamçı kimi tələsdirilmiş sözlərinin təsiri altında o artıq səndələyən yerişiylə mənə yaxışlaşdı, sanki masaya yaxınlaşsa əlini yandırmaqdan qorxurmuş kimi alışqanı cəld masanın üstünə qoydu. Bir anlıq baxışlarımız kəsişdi: onun gözlərindən sonsuz xəcalət və qəzəbli sərtlik oxunurdu. Qadının onu nə qədər alçaltdığını hiss etdim və onunla birgə utandım.

Sizə çox minnətdaram, — almanca dedim (qadın diksindi) — ancaq əbəs yerə təşvişə düşdülər. Əlimi ona uzatdım. Xeyli tərəddüdən sonra onun nəm, arıq barmaqlarını hiss etdim və birdən əlim — titrək, minnətdarlıqla sıxıldı. Baxışlarımız toqquşanda biranlıq onun gözləri parıldadı, sonra enmiş göz qapaqları altında yenidən gizləndi. Qadına inad mən ona bizimlə oturmağı xahiş etmək istəyirdim və əlim artıq dəvət jesti üçün qalxmışdı ki, qadın ona tələsik qışqırdı:— öz küncünə get və bizə mane olma!

Bu anda qəfldən qadının xırıltılı, zəhərli səsi, bu çirkin işgəncələr məndə nifrət oyatdı. Bu hisə verilmiş mağara, bu murdar fahişə, bu kəmağıl kişi, bu tüstü, ucuz ətir və pivədən mənə nə? Özümə gəldim. Pulu verdim, ayağa qalxdım və qadın məni tutub saxlamağa çalışanda isə ciddi cəhdlə onun qucağından canımı qurtardım. İnsanın bu cür alçalmasında iştirak etmək məni iyrəndirirdi və qətiyyətli müqavimətim nəvazişlərdən xoşalanmadığımı ona aydın göstərdi. Bu zaman onda qəzəb partladı, o ağzını açdısa da söyməyə cəsarət etmədi və birdən həqiqi nifrətlə ona tərəf çevrildi. O bədxahlığı hiss edərək tələsik və sanki qadının hədələyici görünüşündən qamçılanmış kimi titrəyən barmaqlarıyla pul kisəsini cibindən çıxartdı. O indi açıq aşkar qadınla tək qalmaqdan qorxurdu və pul kisəsinin düyününü aça bilmirdi — bu kəndlilərin, xırda camaatın istifadə etdiyi muncuqla naxışlanmış toxunma pul kisəsi idi. Asanlıqla görmək olardı ki, pulu tez xərcləməyə öyrəşib, ancaq cibindən ovucla pul çıxarıb stola atan matroslar kimi deyil; görünür o haqq hesabı bilir, pulla vidalaşmazdan əvvəl onu əlində saxlamağı sevirdi.

- Necə o öz sevimli pulları üçün əsir! İşlər pisdi hə!? Hələ dayan! Qadın ona sataşdı və bir addım yaxınlaşdı. O geriyə atıldı, qadın isə, qorxduğunu görüb çiyinləriylə onu sıxışdırdı və təsvir olunmaz nifrətli baxışlarla dedi: Tüpürüm sənin pullarına, səndən heçnə götürməyəcəm. Bilirəm, sən şanlı qəpik-quruşunu da hesablayırsan, əlavə heç yarımqəpiyindən də keçməzsən. Ancaq gözlənilmədən qadın onun sinəsinə ilişdirib dedi, — kimsə güzdanını oğurlamamış onu sinənə tik.

Doğurdan da, ürək xəstələri təlaşla ürəklərini qəfldən necə tuturlarsa o da solğun və titrək barmaqlarıyla sinəsindəki gizli yeri qeyri-ixtiyari yoxlayaraq sakitləşdi və əlini endirdi. — Xəsis, — deyib, qadın tüpürdü. Amma burada məzlumun üzü qızardı, o vüsətlə pul kisəsini Fransuazaya atdı, — əvvəlcə qorxudan qışqırdı, amma sonra şaqqanaq çəkib güldü, — və qadının yanından ötüb qapıya cumdu, sanki yanğından xilas olmağa çalışırdı.

Sahibə bir anlığa qəddar qəzəblə alışaraq belini dikəltdi. Bu bir anlığa baş verdi, sonra göz qapaqları yenə həvəssiz çökdü, yorğunun çiyinləri əvvəlki yorğun belini yenidən bükdü. Qadın qarşımda sərxoş kimi, tiryəkdən oyanan insanın tutqun xəcalət hissiylə dayanmışdı. — o küçədə öz pulları üçün göz yaşı axıdaraq inləyəcək, hələ üstəlik xeyirxah polisə də gedəcək. Sabah yenidən peyda olacaq. Ancaq mən buna şahid ola bilməyəcəm. Tək buna deyil, heç birinə.

Qadın piştaxtaya yaxınlaşdı, ora bir neçə sikkə atdı və yaylım atəşi sürətiylə araq qədəhini başına çəkdi. Onun gözlərində yenə qəddar atəş alovlandı, amma bu atəş əzabın və abırın göz yaşları arasında tutqunlaşmışdı. Ona qarşı mərhəmət hissim nifrətimə üstün gəldi. Xudahafiz! Dedim. Yalnız ev sahibəsi cavab verdi. Qadın geri baxmadı və yalnız boğuq səslə və istehza ilə güldü.

Mən küçəyə çıxanda artıq gecə idi, səma bürkülü qaranlıqla örtülmüşdü, çox-çox uzaqdakı ay işığında mən səmimi, amma hər halda ruhlandıran havanı acgözlüklə içimə çəkdim; qorxu və nifrət insan taleyinin müxtəlifliyi qarşısında böyük heyrətlə əridi, hər pəncərənin arxasında hökmən kiminsə taleyinin gizlənməsi, hər qapı arxasında bir faciənin olmasını yenidən hiss etməyim gözümü yaşardacaq dərəcədə məni sevindirdi; həyat hər yerdə var və hərtərəflidir, o hətta ən çirkli guşədə də qaynaşır, parıldayan peyin böcəkləri kimi.

Şahidi olduğum bütün iyrəclik undulurdu, əsəbi gərginlik yerini şirin əzginliyə verir və yaşadıqlarımı xoş röyaya çevirməyə təhrik edirdi. Mən qeyri-ixtiyari ətrafa göz gəzdirdim bu dolaşıq döngələrdən evə gedən yolu tapmağa çalırdım. Amma görünür kimsə səssizcə mənə yaxınlaşdığından qarşımdakı kölgə getdikcə böyüyürdü.

— Bağışlayın, — mən dərhal bu fağır səsi tanıdım, — siz deyəsən, azmısız. İcazə verərsizmi sizə yolu göstərim? Siz harada qalmağı arzu edirs…

Mən qaldığım mehmanxananın adını dedim.

— Mən sizi ötürərəm…. və dərhal alçalmış səs tonuyla əlavə etdi — əgər icazə verirsizsə.

Məni yenə dəhşət bürüdü. Bu, xəlvəti yaxınlaşan səssiz eyni zamanda inadkar addımlar qaranlıq limanda keçmiş xatirələri yavaş yavaş qovub, onu hansısa qəribə həyəcanla əvəz edirdi. Gözlərini görməsəm də oradakı fağır ifadəni sezir, dodaqlarını didməsinə fikir verirdim; bilirdim ki, mənimlə danışmaq istəyir, ancaq buna təhrik etmir və bu istəyi gizlətmirdi də, hər şeyi bilmək arzusu fiziki bağlılıqla uzlaşırdı beləki, təklif etdiyim tiryəki itaətkarlıqla götürdü. O bir neçə dəfə öskürdü, mən onda boğularaq danışmaq cəhdlərini sezdim, ancaq qadından mənə sirli şəkildə ötürülmüş hansısa rəhmsizlik duyğusuna görə, abır və ürək çırpıntısı arasında mübarizə aparmasını görsəm də ona kömək etmədim, hər şeyi başımızın üstündən qara bulud kimi əskik olmayan sükutun öhdəsinə buraxdım. Və addımlarımız dağınıq səslənirdi, onunkular sürünürdü eynən qocalarınkı kimi, mənimkisə — qəsdən guruldayan və enerjili, bu çirkli dünyadan getməyə cəhd edənin addım səslərinə bənzəyirdi. Aramızda yaranmış gərginliyi daha da güclü hiss edirdim: sonacan dartılmış simin bu sükutu dəhşətli, eşidilməz qışqırıq idi; amma budur, nəhayət, o sükutu pozdu — çarəsiz utancaqlıqla!— və danışdı:

— Siz orada idiniz… siz… cənab… çox qəribə səhnənin şahidi… Bağışlayın… bağışlayın ki, mən o məsələyə qayıdıram, amma o sizə çox qəribə görünməli idi… amma mən — çox gülməli… Bu qadın… görürsünüzmü o…

Onun yenə dili dolaşdı. Sanki nəisə topayla onun boğazında ilişib qalmışdı. Sonra səs tonu pıçıltıya çevriləcək qədər düşdü, və o tələsik əlavə etdi:— Bu qadın… o mənim arvadımdır.

Mən, ehtimal ki, təəccübdən səksəndim, çünki o bəraət qazanmaq istəyirmiş kimi tələsik əlavə etdi — Yəni… o mənim arvadım idi… beş il öncə… Hessendə, Almaniya, mənə əslən oradanam. Cənab, mən istəməzdim ki, siz onun haqqında pis fikirləşəsiniz… Ola bilər, mənim günahımdır, belədir ki var… O həmişə belə olmayıb… Mən… mən ona əzab verirdim. Mən onu özümlə götürdüm, hərçənd o çox kasıb idi, hətta paltarı belə yox idi, heç nəyi, tamamilə… amma mən zənginəm, daha doğrusu mötəbər… zəngin yox… və ya, hər halda, o vaxt mən pullu idim və bilirsinizmi, cənab, ola bilər, həqiqət budur ki, — o haqlıdır — qənaətciləm… amma buna görə mən özünü lənətləyirəm. Mənim atam da qənaətcil idi, anam da, hamı… Və hər yarımqəpik mənə böyük zəhmət bahasına başa gəlirdi… amma o yüngülxasiyyət idi, gözəl şeyləri sevirdi… və eyni zamanda kasıb idi, və bu səbəbdən onu daim danlayırdım… Bu cür hərəkət etmək lazım deyildi, mən indi bunu anlayıram, cənab, çünki o qürurludur, çox qürurlu… Siz düşünməyin ki, o özünü indi təqdim etdiyi kimidir… Bu yalandır, və o bununla yalnız özünə əzab verir… həm də mənə əzab vermək üçün … çünki… çünki o utanır… Ola bilər, o həqiqətən pis qadın olub, amma mən… mən buna inanmıram… çünki, cənab, o yaxşı, çox yaxşı insan idi.

O həyəcanın öhdəsindən gələrək gözlərini sildi və dayandı. Hiss etdirmədən ona nəzər saldım və birdən o mənə gülməli görünməməyə başladı, hətta Almaniyada yalnız ən aşağı təbəqənin istifadə etdiyi bu qəribə, yaltaq — “cənab” müraciəti, daha məni əsəbləşdirmirdi. Hər sözün ondan nə qədər güc tələb etdiyi üzündən oxunurdu, ağır addımlarla səndirləyə-səndirləyə yoluna davam edəndə gözlərini daş döşəməyə dikmişdi, elə bil zəif ay işığında sıxılmış qırtlağından sıçrayan əzabı döşmədən oxuyurdu.

Bəli, cənab — nəfəsini dərindən dərib, tamamilə fərqli, ürəyinin gizli dərinliklərindən çıxmış səslə davam etdi — o, yaxşı insan idi, xeyirxah idi, mənə qarşı çox minnətdar idi, ona görə ki, mən onu yoxsulluqdan qurtarmışdım… və mən bilirdim ki, o minnətdardır… amma… mən bunu eşitmək istəyirdim.. yenidən və yenidən… minnətdarlıq sözlərini eşitmək mənə xoş idi, cənab, ondan yaxşı insan olduğumu eşitmək təsəvvür edilməyəcək qədər sevincli idi, əslindəsə belə olmadığımı bilirdim. Bu sözləri fasiləsiz eşitməkçün bütün varımı verərdim. Amma o çox qürurlu idi, ondan minnətdarlıq sözlərini tələb etdiyimi hiss edəndən sonra bu sözləri təkrarlamaq istəmirdi. Buna görə…yalnız buna görə, cənab, mən onu həmişə xahiş etməyə məcbur edirdim… heç vaxt bunu könüllü etmirdi.. Hansısa paltara, lentə görə ağız açması mənə xoş idi.. Üç il ona əzab verdim və bu daha da şiddətlənirdi… Bax mən bunları edirdim cənab, çünki onu sevirdim.. Onun qürurlu olması xoşuma gəlirdi və hələ də öz ağılsızlığmdan bu qüruru sındırmaq istəyirdim… o nəisə xahiş edəndə acıqlanırdım… Amma cənab, bu qeyri-səmimilik idi… onu alçatmaqçün yaranan hər bir imkan mənə həzz verirdi, çünki onu nə qədər sevdiyimi mən özüm də bilmirdim.

O yenə susdu. Yeriyərkən bərk yırğalanırdı. Görünür, mənim varlığımı da tamamilə unutmuşdu. Yuxudaymış kimi şüursuz danışırdı və səsi getdikcə ucalırdı.

- Bu… bunu mən yalnız o zaman anladım ki… o başıbəlalı gün… onun anası üçün istədiyi məbləği verməkdən imtina etdim, çox az məbləğ idi… əslində mən pulları hazırlamışdım, amma yenə də istəyirdim ki, o gəlsin… yenə xahiş etsin……. hə, nə deyirdim ?… bəli, evə qayıdandasa hər şeyi anladım, o artıq evdə yox idi, yalnız masada bu qeydi qoymuşdu “Öz lənətlənmiş pullarınla qal, mənə səndən daha heçnə lazım deyil.” … elə bu yazılmışdı, başqa heçnə… Cənab, mən üç gün və üç gecə nə etdiyimi bilmirdim. Meşəni, çayı axtarmağı əmr etdim, bununçün polisə əlavə pul veririrdim… bütün qonşulara baş çəkdim, amma onlar yalnız gülürdülər və ələ salırdılar… Heç bir iz tapa bilmədim, heç bir… Nəhayət, qonşu kənddə mənə dedilər ki, onu görən olub… qatarda, hansısa bir əsgərlə… o Berlinə getmişdi… Və həmin gün mən də ora getdim… öz işimi atdım… çoxlu pul itirdim… rəhbərlik, mənim işçilərim hər şeyimi oğurladılar… Amma, sizə and içirəm, cənab,mənim vecimə də deyildi… Bu insan burulğanında onu axtarmazdan əvvəl mən Berlində bir həftə yaşadım, onu tapdım — O yenə susdu və çətinliklə nəfəs alırdı.

— Cənab, sizə and içirəm… onu tənbeh edən heç bir söz demədim… mən ağlayırdım… dizi üstə çökdüm… ona pul təklif edirdim… təklif edirdim ki, vəziyyətə qoy bütünlüklə özü nəzarət etsin, çünki onda mən artıq bilirdim… bilirdim ki, onsuz yaşaya bilmirəm… Onun saçının hər telini sevirəm… onun ağızı, onun bədəni, hər şeyi, hər şeyi… və axı bu mənəm, artıq bir dəfə onu özümdən uzaqlaşdırmışdım… Mən gözlənilmədən içəri girəndə onun bənizi ağardı… sahibəsini — vasitəçini, iyrənc, alçaq qadını ələ aldım … O təbaşir kimi solğun idi… Məni dinlədi. Cənab, mənə elə gəlir o… bəli, o məni görüb demək olar ki, sevindi… Amma mən pul haqqında danışan zaman… əslində mən yalnız göstərmək istəyirdim ki, daha onlar mənimçün əhəmiyyətli deyil… o tüpürdü… amma sonra… getmək istəmədiyimi görüb öz məşuqunu çağırdı, onlar məni ələ salırdılar… Amma mən, cənab, onsuz da hər gün ora gedirdim. O evin kirəçiləri mənə hər şeyi danışırdılar, bu alçağın onu atdığını eşitdim, onun ehtiyac içində olduğunu bilib mən yenə onun yanına getdim… bir daha cənab, amma o mənə hücum etdi və masaya gizlicə qoyduğum pulu cırdı, mən yenə də ora getdim, lakin artıq orda deyildi… Onu yenidən tapmaq üçün nələr etmirdim! Tam bir il, sizə and içirəm, mən yaşamırdım, mən yalnız onu güdürdüm, harda olduğunu bilmədiyim müddətdə agentləri işə götürdüm, nəhayət ki, onun çox uzaqda, Argentinada olduğunu öyrəndim… bir… bir pis evdə…— O boğularaq susdu. Son sözləri deyərkən xırıldadı. Sonra yenə çətinliklə davam etdi.

— Əvvəl mən çox qorxmuşdum… amma sonra düşündümki, mənə görə, yalnız mənim günahımdan o bu hala düşüb… Və mən bilirdim o kasıbçılıqla nə qədər əzab çəkməyə məcburdur… çünki o qürurludur, hər şeydən əvvəl qürurlu… Mən vəkilimin yanına getdim, o konsulluğa yazdı və pulu göndərdi… kim tərəfindən göndərildiyini qeyd etmədən… təki o qayıtsın. Mənə teleqrafla xəbər verdilər ki, istəyimə nail olmuşam… hansı paraxodla gələcəyini bilirdim… və Amsterdamda onu gözləyirdim… Üç gün ərzində gəldi, mən səbirsizlikdən tükənirdim… Nəhayət, o gəldi… tüstünün üfüqdə görünməsi xöşbəxtlik idi, mən düşünürdüm ki, gözləməyə gücüm çatmayacaq… belə, yavaş-yavaş sahilə yan aldı və sonra sərnişinlər taxta körpülərlə enməyə başladılar və nəhayət, o, o… Onu dərhal tanımadım… O başqa cür idi… boyanmışdı… və indi də belədir… siz onu artıq gördünüz. Məni görəndəsə bənizi bütün ağardı… iki matros onu tutdu, əks halda suya düşəcəkdi. Sahilə təzəcə addım atanda mən ona yaxınlaşdım. Mən heç nə danışmırdım, boğazım tutulmuşdu… Həmçinin o da susurdu və mənə baxmırdı… Fəhlə yüklərlə irəlidə addımlayırdı, biz də gedirdik və gedirdik… Birdən o dayandı və dedi… “cənab,” — bu sözü necə dedisə mənə əzabverici ağrı kimi təsir etdi, kədərli səsləndi… “Sən hələ də razısan ki, mən sənin arvadın olum? Həm də indi?..” Mən onun əlindən tutdum… O səksəndi, heç nə demədi. Amma mən hiss edirdim ki, indi yenidən hər şey yaxşıdır… Cənab, mən necə xoşbəxt idim! Mən onun ətrafında uşaq kimi rəqs edirdim, biz otağa girəndəsə, mən onun ayaqlarına düşdüm… Mənasız sözlər deyirdim, belə olmalıydı… çünki o göz yaşlarının arasından gülümsəyirdi və məni əzizləyirdi… çox ürəksizcəsinə, əlbəttə ki… amma, cənab, bu mənim üçün həzz idi… ürəyim əriyirdi… Mən yuxarı-aşağı nərdivan boyu qaçıb mehmanxananın yanındakı restorandan nahar sifariş etdim… bizim toy naharımız… ona geyinməyə kömək etdim və biz aşağı düşdük, yeyirdik, içirdik, şənlənirdik… O uşaq kimi şən idi, səmimi, xeyirxah və bizim evimiz haqda danışırdı… indi biz orada necə yenidən yaşamağa başlayacağıq… amma bu zaman…— Birdən onun səsi kəsildi və o əl hərəkəti etdi , sanki kimisə məhv etmək istəyirdi.— Orada bir ofisiant vardı… iyrənc, alçaq insan… o düşündü ki, mən sərxoşam, çünki mən ağılsızlıq edirdim və rəqs edirdim… o isə mənə baxıb oturduğu stulda gülüməkdən yıxılırdı… axı mən yalnız xoşbəxt idim, sadəcə xoşbəxt! Və budur, mən hesabı ödəyəndə, o iyirmi frank az qaytardı… Mən ona qışqırdım və pulun qalığını tələb etdim… Ofisiant utandı və masaya qızıl qəpik qoydu. Və bu anda… arvadım bərkdən şaqqanaq çəkib gülməyə başladı… Mən ona baxırdım, amma bu üz başqa üz idi… o birdən istehzalı və qəddar olmuşdu… “sən necə də vasvasısan… hətta bizim toy günümüzdə!” — o beləcə soyuq və kəskin dedi…təəssüflə… Mən qorxdum, öz xırdaçılığımı lənətlənyirdim… yenə şadlanmağa çalışdım… Amma onun şənliyi itmişdi… ölmüşdü … O ayrı otaq tələb etdi… onun üçün nələr etməzdim… gecə yatağa tək uzandım və bütün gecə fikirləşdim ki, səhər ona nə hədiyyə edə bilərəm… xəsis olmadığımı ona sübut etməkçün çoxlu bəxşiş almaq istəyirdim… görsün ki, ondan ötrü heç nəyə heyfim gəlmir. Və səhər tezdən gedib ona qolbaq aldım, mən qayıdandasa otaq boş idi… tamamilə boş, ötən dəfəki kimi. Və mən bilirdim ki, masada qeyd olmalıdır… Masaya tərəf qaçdım, Allaha dua edirdim ki, bu belə olmasın… amma… amma qeyd yenə də masanın üstündə idi… Və mən oxudum… O duruxdu. Mən bilmədən dayanıb ona baxdım. Başını aşağı saldı. Sonra xırıldayaraq pıçıldadı:— qeydi oxudum… “Məni rahat burax. Səndən iyrənirəm…”

Biz artıq limana çatmışdıq və birdən yaxınlaşan ləpədöyənin səs-küylü nəfəsi sakitliyi pozdu. Gəmilər nəhəng qara heyvanların parlayan gözləri kimi orada dumuşdu, bəziləri yaxında, digərləri uzaqda; haradansa mahnı eşidilirdi. Nəyisə ayırd etmək olmurdu, amma yenə də bərk yuxu və dəniz kənarındakı şəhərin həyəcanlı xəyalları hiss olunurdu. Yanımda yoldaşımın kölgəsini gördüm, kölgə, fənərlərin zəif işığında ayağımın altında gah uzanaraq, gah sıxılaraq dartılırdı. Məndə ona nə təsəlli, nə də sual verməkçün söz vardı , sükutsa məndən əl çəkmir, öz ağırlığıyla təzyiq göstərirdi. Birdən o mənim əlimdən tutdu.

— Amma mən buradan onsuz getməyəcəm… Onu axtarmaq aylar tələb etdi… O məni parçalayır, amma mən əl çəkməyəcəm… Sizə yalvarıram, cənab, onunla danışın… O mənim olmalıdır, bunu ona deyin… o məni dinləmir… Mən daha belə yaşaya bilmirəm… Daha kişilərin ona yaxınlaşmasını görmək istəmirəm… onun evinin qarşısında sərxoş kişilərin çıxmasını gözləmək… Bütün küçə artıq məni tanıyır… mənə gülürlər, çünki mən dayanıram və gözləyirəm… bu məni dəli edir, amma yenə də mən hər axşam bura gəlirəm… Cənab, sizə yalvarıram… onunla danışın… Mən sizi tanımıram, amma bunu tanrı yolunda edin… onunla danışın.

Mən əlimi dartmağa çalışaraq qeyri-ixtiyari hərəkət etdim. Qorxdum. Onun istirabından uzaqlaşdığımı hiss edəndə, o qəfldən küçənin ortasında dizi üstə yerə çökdü və ayaqlarımdan yapışdı.

— Sizi and verirəm cənab… Siz onunla danışmalısız… Bunu etməlisiz… yoxsa… yoxsa bədbəxtlik baş verəcək… Mən bütün pulumu onu axtardığım müddətdə xərclədim, onu burda qoyub gedə bilmərəm … sağ qoyub gedə bilmərəm… Mən özümə bıçaq aldım… Cənab, məndə bıçaq var… Mən onu burada qoymayacam… sağ qoymayacam… Mən buna dözmərəm… Onunla danışın, cənab.

O hiddətlə qarşımda qıc olurdu. Küçənin sonunda iki polis göründü. Mən güclə onu qalxmağa məcbur etdim. Bir dəqiqəlik mənə baxdı, sonra tamamilə yad səslə quru və işgüzar bir tərzdə dedi:

— Bu küçədən sola dönün. Sizin mehmanxananız ordadır. — O yenə gözlərini mənə zillədi, göz bəbəkləri hansısa dəhşətli ağ boşluqda ərimişdi. Sonra o yox oldu.

Mən yalnız yorğunluq hiss edirdim, bihuşluq, anlaşılmaz qaranlıq… sanki, mən gedə-gedə yatırdım. Fikirimi toplamaq və hər şeyi fikirləşmək istəyirdim, amma hər dəfə yorğunluğun qara dalğası qalxır və məni özüylə aparırdı. Mən mehmanxanaya çatdım, çarpayıya yıxıldım və yatdım, heyvan kimi, qanmazcasına.

Səhər mən heç bilmirdim ki, bu hadisə gerçək idi ya yox. Və yuxu bu məsələni aydınlaşdırmaq cəhdlərimə müqavimət göstərirdi. Mən gec oyandım, yad şəhərdəki əcnəbi kimi və qədim mozaikasıyla məşhur olan kilsəyə baxmağa yollandım. Amma mənim gözlərim gördüklərini qəbul etmirdi, yaddaşımda bütünlüklə ötən gecənin aydın mənzərəsi dururdu və mən qəti şəkildə o döngəyə buruldum, həmin evə. Amma bu özünəməxsus küçələr yalnız gecələr yaşayır, gündüzlər oradakı boz soyuq maskaları yalnız bu yerlərə agah olanlar tanıya bilər. Mən o döngəni tapmadım. Yorğun və dilxor idim, mehmanxanaya qayıtdım.

Mənim qatarım axşam saat doqquzda yola düşürdü. Təəssüf ki, mən şəhəri tərk edirdim. Yükdaşıyan çiyinlərinə mənim yükümü yüklədi, irəlidə addımlayaraq onu vağzala aparırdı. Və birdən dördyol ayrıcında sanki nəsə məni sancdı, qəfldən dayandım: o evə aparan köndələn küçəni tanıdım və yükdaşıyana gözləməyini əmr etdim, əvvəlcə anlamadı, amma dərhal ərklə sırtıqcasına gülümsədi və hadisə yerinə baxmağa getdi. Qaranlıq idi, bir gün əvvəl olduğu kimi ayın tutqun işığında evin şüşələnmiş qapısı arabir parıldayırdı. Mən daha yaxına getmək istəyirdim, amma birdən nəsə zülmətdə tərpəndi. Mən ürkərək onu tanıdım, dünənki adam idi; o kəndarda oturmuşdu və nişanələrlə məni yanına çağırırdı. Mən hansısa hadisəylə üz-üzə gəlmək istəmirdim, həm də qatarı ötürəcəyimdən qorxdum, ona görə çevrildim və tez uzağlaşmağa başladım.

Dördyol ayrıcına çatıb, döngəni burulmazdan əvvəl, mən çevrilib yenə ora baxdım. Və kəndarda oturmuş insanın cəld dikəlib, qapıya atıldığını, onu açdığını gördüm; əlində parıldayan nəsə sıxmışdı: mən uzaqdan ayırd edə bilmirdim ki, ay işığında satqıncasına parıldayan qızıl idi yoxsa bıçağın ülgücü…

--

--