Son 2 ildir ki, Azərbaycanda Startup, sırf bir söz olaraq çox populyarlaşıb. “Sırf söz olaraq” dedikdə yanlış anlaşılmasın, kinayə ilə demirəm. Hər şeyi bir kənara qoysaq, biznes, iqtisadiyyat və texnologiya sahəsində olan gənclər istər internetdə, sosial şəbəkələrdə, istər ətrafındakı təşkilat və yarışmalarda startup sözünü getdikcə daha çox eşitməyə başlayıblar. Aktiv gənclər artıq biznes və yeni texnologiyalar sahəsində daha çox maariflənir və nəticədə öz bizneslərini qurmağın xəyalı ilə “startup həyat tərzi” ilə tanış olurlar.
Mən özüm də 2 ildən artıqdır ki, startup/sahibkarlıq fəlsəfəsi ilə yaşayıram. Özümün startupımın olmasına baxmayaraq Azərbaycan startup cəmiyyətində fəaliyyətim çox da aktiv deyil. Qısa məlumat verim:
2012-ci ilin yayında SAAS (Software as a Service) əsaslı məhsul ideyası olan Intellectual Gardener adlı startupımla fəaliyyətə başladım. Həmin ilin dekabr ayında Azercell və Amerikanın CRDF Global təşkilatının keçirdiyi Elm və Texnologiya Sahibkarlıq Proqramında (STEP) birinci olaraq Amerika Dövlət Departamentindən layihəmin reallaşdırılması üçün qrant əldə etdim. Və beləcə mənim startup dünyasına olan səyahətim başladı. 2013-cü ildə Amerikanın Virginia ştatında, Fairfax şəhərində startupım şirkətləşdi. Startupımın fəaliyyətində Azərbaycan ilk addımlar üçün əsas istiqamət olsa da, əsas məqsəd dünya bazarına çıxaraq məhsulumu Amerika və Meksika kimi ölkələrdə ilkin biznesə başlamaq idi. Bütün bu proseslərdə yetərincə yararlı məlumatlar, skillər və təcrübə əldə etdim və etməyə də davam edirəm.
Azərbaycan Startup Cərəyanı (?). Azərbaycanda “Startup cərəyanı”-nın aktivləşməsini ilk olaraq 2012-ci ilin sonlarından müşahidə etməyə başladım. Mənim də iştirakçısı olduğum STEP yarışmasında 70-dən çox gəncin öz ideyası ilə gələcək biznesini qurmaq istəklərini gördüm. Düzdür, əksər ideyaların dünyanı dəyişəcək potensialı olmasa da, nəticə etibarı ilə hər bir gəncin artıq yeni növ biznes düşüncəsinə keçiş mərhələsində olmaları məni çox sevindirdi. Gənclər universiteti bitirib hər-hansı bir şirkətdə çalışmaqdan başqa, öz işlərini qurub öz arzularını reallaşdırmaq istəyirdilər. Bu yolda nə qədər fail olursa olsun, son nəticədə bu ekosistemdə olan hər bir gənc ən azından böyük bir təcrübə əldə etmiş oldu.
Ekosistem demişkən… Yazımın adından və description-undan da göründüyü kimi, Azərbaycan Startup Ekosistemi haqqında bir qədər brainstorming etmək istəyirəm. 2012-ci ildən aktiv şəkildə vüsət almış bu cərəyan həqiqətən mi göründüyü sağlam şəkildə inkişaf edir? Yoxsa əksər məsələlər həqiqətdə göründüyü kimi deyil? Biraz bu haqda söhbət edək.
Həqiqəti görmək üçün məsələyə iki istiqamətdən yanaşma — sahibkarlıq infrastrukturu və gənclərdəki sahibkarlıq potensialı.
Sahibkarlıq infrastrukturu
Terminin nə dərəcədə düzgün ifadə edildiyini deyə bilmərəm, amma sahibkarlıq infrastrukturu dedikdə sahibkarların fəaliyyətinə dəstək olan, onları challange edən amilləri nəzərdə tuturam. Məsələn, dövlətin sahibkarlıqla bağlı qanunvericiliyi, ölkədə fəaliyyət göstərən venture capital fondlar, investorlar, biznes inkubatorlar və s.
Dövlətin sahibkarlıqla bağlı qanunvericiliyi. İlk olaraq Sahibkarlıq fəaliyyəti haqqında dövlət qanunu ilə tanış olmaq lazımdır. Bundan əlavə, istənilən şəxsin biznesini həyata keçirməsi üçün hüquqi şəxsi dövlət səviyyəsində qeydiyyatdan keçirməsi çətin birşey deyil. Hətta elektron imzası olan şəxslər bir neçə saat içində öz şirkətini qeydiyyatdan keçirə bilər. Vergi və s. məsələlər isə heç də sanıldığı qədər qəliz deyil. Mənim bəyənmədiyim yeganə şey hüquqi şəxsin statistikası ilə bağlıdır. Normal işləyən elektron xidmət olmadığına görə hər rübdə statistika idarəsinə gedərək məlumat verməli olursuz. Bunun nə dərəcədə vacib olduğuna əmin deyiləm, lakin bildiyim qədəri ilə məlumat verilməsi məsləhət görülür. Digər mövzularda gənc sahibkarların fəaliyyətinə problem yarada biləcək heç bir maneə ortaya çıxmır.
Bu məsələnin rəsmi və bir az da “bürokratik” tərəfi. Digər tərəfdən, son 1 ildə dövlətin gənc sahibkarlara, proyektlərə və innovativ düşüncəyə olan münasibəti ekstrimal şəkildə dəyişib. Gənclər fondu müxtəlif layihələrə qrantlar təqdim edir, yarışmalar keçirir, dövlətin təşəbbüsü ilə Yüksək Texnologiyalar Parkı tikilir və bununla da dövlət ğöz növbəsində bu ekosistemin yaranmasına və genişlənməsinə öz tövhəsini verir.
Özəl sektorda da bu məsələyə olan maraq getdikcə artmaqdadır. Azercell şirkəti 2009-cu ildə, hələ startuplar və sahibkarlıq bu dərəcədə aktual olmadığı bir dövrdə “Barama İnnovasiya Mərkəzi” adlı layihəsini başlamışdı. Bu layihə çərçivəsində gənc sahibkarlara dəstək vermək, onlara ideyalarını reallaşdırmaq yolunda şirkətin dəstəyi verilməyə başladı. Hal-hazırda da Barama İnnovasiya Mərkəzi öz fəaliyyətini davam etdirir və gənclərə dəstək verməklə onlara real sahibkarlıq fəaliyyətlərində real nəticələrə çatmasına dəstək göstərir.
Təhsil müəssisələrində məsələlər biraz ləng cərəyan edir. Ümumiyyətlə dünya üzrə biznes inkubatorların statistikasına nəzər yetirsəz görərsiz ki, çoxluğu universitet daxilində yaradılmış və tələbələrin innovativ ideyalarına dəstək verən qurumlardır. Ölkəmizdə bu istiqamətdə tək Qafqaz Universitetinin Texnoparkı mövcuddur. Dövlət universitetlərindən bəzilərində də bu tipli qurumların yaradılması fikirlərinin dolaşdığını bilirəm. Ümid edirəm tezliklə universitetlər də bu istiqamətdə Azərbaycan startup ekosisteminə öz tövhələrini verəcəklər. Hər şey bir qırağa, yenilikçi ideyalar və innovasiya əsasən gənclərin, tələbələrin işidir ☺
Startup ekosistemə böyük təsir göstərən amillərdən biri də VC (Venture Capital) fondlardır. Çox təəssüf ki, bu mövzu heç də ürək açan deyil. Azərbaycanda sırf startuplar və sahibkarlara rəsmi dəstək olan yalnız bir fond var — İnfiPro. Ümid edirəm qısa zamanda bir neçə VC fondlar yaranacaq və daha çox startup maliyyə dəstəyi ala biləcək.
Gənclərdəki sahibkarlıq potensialı. Yazımdan və toxunduğum amillərdən də bəlli olduğu kimi “sahibkarlıq” dediyim zaman sırf İT və proqram təminatı istiqamətində olan sahibkarlığı nəzərdə tuturam. Etiraf edirəm ki, İT sahəsindəki sahibkarlıq potensialı, startup fəlsəfəsi “moonshot” edəcək qədər güclü deyil. Bunun müxtəlif səbəbi var və onları müzakirə etmək üçün ayrı bir post yazılmalıdır. Amma problemin özəyi olaraq texnologiya sahəsində biznesin yetərincə inkişaf etməməsi və bu sahədə aktiv fəaliyyət göstərən gənclərin, xüsusilə də universitet tələbələrinin sayının azlığını göstərmək olar(daha detallı analizi gələcək yazılarımda paylaşmağı planlaşdırıram). Əlbəttə hər şey inkişafa doğru getdiyi kimi bu vəziyyət də müsbətə doğru dəyişir. Hal-hazırda sırf sahibkarlıq fəaliyyəti göstərən (və ya göstərmək istəyən) gənclər istənilən halda bir neçə ildən sonra, artıq bazar buna hazır olduğu vaxt yetərli təcrübəyə malik, artıq “bu işin içində bişmiş” şəxslər olacaqlar. İndiki halda uğursuzluğa düçar olan, lakin təslim olmayan gənclər bəlkə də gələcəyin milyonerləri və milyarderlərinə çevriləcəklər.
Yazdıqlarımı ümumiləşdirərək deyə bilərəm ki. Azərbaycan startup ekosistemi heç də mif deyil. Amma o, ona reallıq deyiləcək qədər də inkişaf etməyib. Bəlkə də reallıqcıq demək olar ☺ Zamanın nə göstərəcəyini əlbəttə bilmək olmaz, amma onu arzuolunan istiqamətə yönəltmək, bu istiqamətə yönəlməsi üçün təkan vermək bizim əlimizdədir. İnanıram ki, 2014-cü il bu reallıqCIQ-ın reallığa keçməsində çox əhəmiyyətli və uğurlu il olacaq.
P.S. Yazımı nə qədər qısa tutmağa çalışsam da mümkün olmadı. Bu mövzunu yazı seriyası olaraq planlaşdırıram. Növbəti yazılarımda danışılan mövzuları daha detallı əhatə edəcəm.
Email me when Medium Azerbaijan publishes stories
