Öyrənməyi öyrənmək…

Heydar Rzayev
ÖzünÖyrən
Published in
7 min readApr 22, 2020

Bu məqalədə sizə öyrənməyi öyrənmək haqqında danışacam. İndidən etirazlarınızı eşidirəm.

Siz: Bir dəqiqə dayan e! Öyrənməyi də öyrənmək olar?
Mən: Niyə də yox?
Siz: Bu lap toyuq-yumurta paradoksuna döndü. Əgər öyrənməyi bilmiriksə, onda onu necə öyrənə bilərik?
Mən: Məsələ burasındadır ki, biz öyrənməyi bilirik. Ancaq indiyə kimi ona dəyişməyən bir proses kimi baxmışıq. Halbuki, öyrənmək təkmilləşdirə biləcəyimiz bir bacarıqdır.

Görmək, eşitmək, danışmaq bizə sadə gələ bilər. Ancaq son illərdə aparılan araşdırmalar göstərdi ki, bu proseslər heç də asan başa gəlmir. Kompüter proqramları (süni intellekt) və robotlar sadalanan prosesləri yerinə yetirə bilmir. Bunun ən maraqlı tərəfi odur ki, bu qədər kompleks prosesləri yerinə yetirmək üçün heç bir şüurlu səy göstərmirik. Bəs bu bacarıqları inkişaf etdirmək olar? Müasir dövrdə, təbii ki, elmə əsaslanaraq bu proseslərin necə baş verdiyini şüurlu şəkildə anladıqdan sonra müxtəlif üsullarla bunu etmək mümkündür.

Mənbə: https://www.brainscape.com/blog/2016/08/better-learning-focused-vs-diffuse-thinking/

Yuxarıda yazdıqlarım öyrənməyə də şamil olunur. Əgər siz öyrənməyə bacarıq kimi baxsanız, onu təkmilləşdirməyin də mümkün olduğunu anlayacaqsınız. İndi isə gəlin, öyrənməyi öyrənək!

Təfəkkür

Təfəkkür sözü fikir sözünün fleksiyası nəticəsində alınıb və düşünmə prosesini ifadə edir. Onun 2 rejimi var:

  1. Fokuslanmış təfəkkür
  2. Dağınıq təfəkkür

Diqqətimizi bir yerə toplayıb nəsə öyrənmək, başa düşmək istədikdə yaxud hansısa problemi həll edəndə fokuslanmış rejim aktiv olur. Bu rejim daha çox əvvəldən tanış olduğumuz mövzularla və ya bunlarla yaxından əlaqəli yeni mövzularla bağlı düşünərkən aktivləşir.

Məsələn:

  • İki ədədi cəmləmək (tanış olduğumuz mövzu)
  • Şeir üçün qafiyə tapmaq (tanış olduğumuz mövzu)
  • On ədədi cəmləmək (tanış olduğumuz mövzu ilə yaxından əlaqəli mövzu)

Diqqətimizin səpələnmiş olduğu hallarda isə dağınıq rejim aktivləşir. Təfəkkürün bu forması daha çox yeni şeylər öyrəndikdə özünü göstərir. Dağınıq rejim beynin az işlədiyi, “istirahət elədiyi” zamanlarda avtomatik işə düşür. Gəzərkən, idman edərkən, mürgüləyərkən, duş qəbul edərkən bu cür düşünürük.

İzah: Beynimizi fənərə bənzətsək, fokuslanmış təfəkkür vahid gur işıq şüası, dağınıq təfəkkür isə çoxlu seyrək işıq şüaları olardı. (Mənbə: https://towardsdatascience.com/the-ultimate-skill-learning-how-to-learn-9e2fabdc7f1e)

Beləliklə, fokuslanmış təfəkkür bizə artıq tanış olan informasiyanın emalında effektiv olsa da yeni şeylər öyrənərkən o qədər də kömək etmir. Dağınıq rejim isə beyinə imkan yaradır ki, o enerjini fərqli anlayışları özündə saxlayan bloklara paylasın və onların arasında əlaqə yarada bilsin. Dağınıq rejimin çatışmayan cəhəti odur ki, diqqətli olaraq bir mövzu üzərində köklənməyə imkan yaratmır. Deməli, biz bu iki düşünmə rejimi arasında keçid edərək daha səmərəli öyrənə və öyrəndiklərimizi tətbiq edə bilərik. Həmçinin diqqətli olaraq bir mövzu üzərində düşünərkən ilişdikdə fasilə verməliyik ki, diqqətimiz o mövzudan dağılsın. Bu da fokuslanmış təfəkkürdən dağınıq təfəkkürə keçidin bir nümunəsidir.

Akademik həyatımda və karyeramda dəfələrlə bu metodikanın çox məhsuldar olduğunu sınaqdan keçirmişəm. Hansısa bir problemi həll edərkən ilişdikdən sonra qısa bir fasilə verib fərqli bir mühitə (həyətə, balkona və s.) üz tutmuşam. Elə fasilədə problemin həllini tapmışam. Öyrənmək haqqında öyrəndikdən sonra başa düşdüm ki, problemin həllini fərqli üsulla tapmağımı məhz dağınıq təfəkkürümə borcluyam. Çünki, fokuslanmış təfəkkürüm məni dar bir informasiya blokuna kilidlədiyindən diqqətlə düşünərkən bu fərqli yanaşmalar heç ağlıma da gəlmirdi. Dağınıq rejim isə beynimə imkan verib ki, daha geniş informasiya bloku mənim üçün əl çatan olsun.

Təxirə salma

Nəyisə yaxşıca qavramaq üçün sizə çoxlu vaxt lazım olacaq çünki yaxşı öyrənilmiş informasiya çox şaxəli və möhkəm neyron şəbəkəsi deməkdir. Bunu necə edəcəyimizi isə artıq bilirik: Fokuslanmış rejimdə öyrənmək və daha sonra fasilə verib dağınıq təfəkkür vasitəsilə öyrəndiklərimizi daha da möhkəmləndirmək və onu başqa informasiya blokları ilə əlaqələndirmək lazımdır.

İndi bəziləriniz deyir ki: “Axı mən hər şey kimi öyrənməyi də təxirə salıram və ancaq son anlarda öyrənməyə başlayıram.” Mən buna yaxşı bələdəm, universitet illərində elə imtahanlar olub ki, bir neçə gün əvvəldən hazırlaşmağı planlaşdırdığım halda təxirə sala-sala bir neçə saat əvvəl hazırlaşmağa başlamışam. Bu problemi həll etmək üçün çox effektiv bir üsul mövcuddur.

Mənbə: https://www.supinfo.com/articles/single/8301-improve-productivity-the-pomodoro-technique

Pomodoro (italyanca pomidor) texnikasının təlimatları aşağıdakı kimidir:

  1. Yerinə yetirmək istədiyiniz işi seçin.
  2. Bütün diqqət yayındıran vasitələri (telefon, TV və s) müvəqqəti söndürün.
  3. Vaxtölçəni 25 dəqiqəyə qurun.
  4. Vaxtölçən sizi xəbərdar edənə qədər bütün diqqətinizlə o işin üzərində çalışın.
  5. 5 dəqiqəlik fasilə verin.

Siz pomodoro sessiyalarını dəfələrlə təkrarlaya bilərsiniz, ancaq bir məqam var ki, tək ədədlə göstərilən sessiyalardan sonra 5 dəqiqə, cüt ədədlə göstərilən sessiyalardan sonra 10–15 dəqiqə fasilə versəniz daha yaxşı olar.

Məsələn: I sessiyadan sonra 5, II sessiyadan sonra 10–15, III sessiyadan sonra 5, IV sessiyadan sonra isə 10–15 dəqiqə fasilə verin. Fasilələrdə özünüzü mükafatlandırmaq yadınızdan çıxmasın.

Yaddaş

Gəlin bir az yaddaş haqqında da danışaq, axı o öyrənməyin ən vacib hissələrindən biridir. Yaddaşın əsasən 2 növü var:

  1. Qısa müddətli (cəld) yaddaş
  2. Uzun müddətli (yavaş) yaddaş

Biz bir şeyi öyrənəndə beynimiz onu əvvəl qısa müddətli yaddaşa yazır. Qısa müddətli yaddaş dərhal informasiyanı mənimsədiyi üçün cəld yaddaş kimi də təsnif oluna bilər. Lakin, bu yaddaşa informasiya tez yazıldığı kimi tez də pozulur. Üstəlik, bu yaddaş növü çoxlu informasiya saxlamağa qadir deyil. Bütün bunları nəzərə alaraq qısa müddətli yaddaşı lövhəyə bənzətmək olar.

Mənbə: https://commons.wikimedia.org/wiki/File:._Possibly_an_arithmatic_problem_on_blackboard_in_schoolroom._%22BAH_1917%22_-_NARA_-_297408.jpg

Uzun müddətli yaddaş isə informasiyanı qısa müddətli yaddaşdan qəbul edir. Biz mövzunu təkrarladıqda, yaxud biliklərimizi yoxladıqda istifadə olunan informasiyaları uzun müddətli yaddaşda möhkəmləndiririk. Müsbət cəhəti isə odur ki, bura yazılan informasiya çox gec yaddan çıxır. Bu baxımdan uzun müddətli yaddaşı böyük bir anbara bənzətmək olar.

Mənbə: https://www.peakpx.com/439942/storage-warehouse-interior

Qeyd etdiyim kimi, uzun müddətli yaddaşa yazılan informasiya orada uzun müddət qalır. Ancaq bu həmişəlik demək deyil. Əgər siz bu informasiyanı çox istifadə edirsinizsə bu istisna hal kimi sayıla bilər, digər hallarda isə təkrarlamaq lazımdır. Təkrarlamaq üçün isə ən effektiv üsul seyrək təkrarlamadır. Gəlin bir nümunə ilə izah edək. Tutaq ki, siz vurma cədvəlini öyrənmək və həmişəlik yadda saxlamaq istəyirsiniz. Bazar ertəsi oxuyursunuz və məşq edirsiniz. Elə həmin gün bunu bir neçə dəfə məşq edib səhv elədikdə yenidən oxuyursunuz. Çərşənbə axşamı da bir neçə dəfə məşq edib oxuyursunuz. Çərşənbəni ötürürsünüz, cümə axşamı məşq edib oxuyursunuz. Cümə və şənbəni ötürüb eyni şeyləri bazar günü təkrarlayırsınız və s. Təkrarlama sessiyaları tədricən seyrəkləşdiyinə görə bu üsul seyrək təkrarlama adlanır.

Bütün öyrənmə və təkrarlama sessiyalarını qısa bir müddətdə (məs. 1 gün) etmək doğru yanaşma deyil. Bu idman zalına gedib 16 saat məşq edib məşqlərin sonunda böyük əzələ çıxaracağınıza ümid etmək kimi bir şeydir. Bir çox idmanla məşğul olan adam bilir ki, qısa müddətdə çoxlu məşq etmək nəinki məhsuldar deyil, həm də ziyandır. Bu qaydalar öyrənməyə də aiddir.

Bacarıq illuziyası

Biz bütün günü materialı öyrənib günün sonunda elə hesab edə bilərik ki, artıq materiala aid hər şeyi bilirik. Ancaq sonrakı gün imtahanda heç bir suala cavab verə bilməyib özümüzə belə deyəcik: “Mən axı hazırlaşmışdım, materialı bilirdim. Öyrəndiklərim necə də yadımdan çıxdı. Heyif əziyyətimdən!”

Əslində imtahan bizə sübut elədi ki, biz materialı öyrənməmişik sadəcə bildiyimizə dair illuziya yaratmışıq. Bacardığımıza inanıb əslində isə bacarmadığımız şeylərə bacarıq illuziyası deyilir.

Kitab oxuyarkən çoxumuz əsas hissələrin altından xətt çəkməyin effektiv olduğunu düşünürük. Diqqət eləmisinizsə, bunu elədikcə kiçik bir məmnuniyyət hissi bizi bürüyür, çünki elə düşünürük ki, o informasiyanı beynimizə yazdıq. Əslində isə belə olmadığına görə illuziya yaratmış oluruq.

Stefen Havkinq: Biliyin ən böyük düşməni cahillik deyil, bilik illuziyasıdır. (Mənbə: https://audreyoh.weebly.com/topic-c----illusions-of-competence.html)

Bəs necə əmin ola bilərik ki, öyrənmək istədiyimiz şeyi həqiqətən öyrənirik? Bunun öhdəsindən gəlmək üçün ən effektiv üsul özümüzü sınamaqdır. Məsələn, bir informasiya çoxluğunu (abzas, səhifə, anlayış) oxuduqdan sonra kitabı bağlayıb onu özümüzə təkrar eləmək ən effektiv üsullardan biridir. Yaxud qarşımızdakı xəyali tələbəmizə öyrəndiyimiz haqqında dərs keçmək də bu yaxşı metod sayılır.

Bir çox hallarda bu həmin informasiya çoxluğunu təkrarlamaqdan daha effektivdir. Başqa bir üsul isə məşq etmək və ya başqa cür ifadə eləsək oxuduqlarımızı sınaqdan keçirməkdir. Sınaq kimi məsələ həll etmək, testlərə cavab vermək və ya sual-cavab eləmək olar. Özümüzü müxtəlif üsullarla, dəfələrlə yoxlasaq onda həm biliklərimizi möhkəmləndirə həm də bacarıq illuziyası yaratmadığımıza əmin ola bilərik.

Yuxu və idman

Çoxumuz bilirik ki, yuxu insan həyatının çox vacib elementidir, orqanizmimizin bir çox özünübərpa mexanizmləri ancaq yuxuda olarkən işə düşür. Bəs yuxunun öyrənmə prosesi üçün rolu nədir?

Oyaq olarkən beynimizdə bəzi kimyəvi reaksiyaların nəticəsində zəhərli kimyəvi tullantılar alınır. Bu tullantılar bir çox hallarda Alzeymer kimi xəstəliklərin əsas səbəbi kimi göstərilir. Yuxuda isə beyin hüceyrələri kiçilir və onların arasındakı məsamələr böyüyür. Nəticədə serebrospinal maye böyüyən məsamələrdə qalmış zəhəri asanlıqla təmizləyir.

Yuxu beyinə özünü təmizləmədən başqa digər mexanizmləri də yerinə yetirmək üçün münbit şərait yaradır. Biz yatarkən beyin fikir və anlayışları daha səliqəli hala salır, lazımsız informasiyanı silir, lazımlı hissələri isə daha da möhkəmləndirir. Həmçinin öyrənərkən çətinlik çəkdiyimiz hissələri də “məşq edir”. Beynimiz bunu mövcud olan neyron şəbəkələrinin möhkəmləndirilməsi və genişləndirilməsi ilə edir.

Məktəblərdə fiziki tərbiyə fənnin tədris olunması təsadüfi deyil, bütün ekspertlər idmanın beyin üçün çox xeyirli olduğunu qəbul edir. Belə ki, idman yaddaşımızın güclənməsinəöyrənmə qabiliyyətimizin çoxalmasına səbəb olur.

Qeyd etdik ki, effektiv öyrənmək üçün təfəkkürün 2 rejimi arasında keçid etmək lazım gəlir. Şübhəsiz ki, dağınıq təfəkkürə keçmək üçün idman ən xeyirli vasitələrdən biridir.

Xülasə

Mən öyrənməyi Barbara Oukli-dən öyrənmişəm. Onun Oukland Universitetində TEDx konfransında çıxışını bura əlavə edirəm. İngliscə bilməyən dostlarımız üçün deyim ki, bu videoda türkcə subtitr mövcuddur.

Əgər kimsə öyrənməyi daha dərindən öyrənmək istəsə Barbara Ouklinin Coursera platformasındakı pulsuz kursunu ona şiddətlə tövsiyə edirəm. Üstəlik, bir xeyirxah həmyerlimiz bütün subtitrları Azərbaycan dilinə tərcümə edib. Kursun linkini aşağıda əlavə edirəm.

Bu məqalədə oxuculara çatdırmaq istədiyim informasiya öyrəndiklərimin bir qismidir. Davamı olacaq. Növbəti məqalələrdə görüşənədək…

--

--