Aleksandra imperator rus-müsəlman qız məktəbi

Leyla Karimova
ÖzünÖyrən
Published in
4 min readMar 11, 2019
Mənbə: https://az.wikipedia.org/wiki/Aleksandra_imperator_rus-m%C3%BCs%C9%99lman_q%C4%B1z_m%C9%99kt%C9%99bi

Hələ 1872-ci ildə Moskva İmperator Universitetinin məzunu, Bakı Ali məktəbinin müəllimi Həsən bəy Məlikov (Zərdabi) müsəlman uşaqların müasir təhsil alması üçün yardım edəcək müsəlman xeyriyyə cəmiyyətinin qurulması üçün Rusiya qubernatoruna məktub yazır. 1874-cü ildə o, xahişinə razılıq alsa da, onun təşəbbüsü müsəlmanlar arasında dəstəklənmir. 1885-ci ildə yenidən cəhd edilsə də, yenə qarşılıqsız qalır. 20 il sonra, Hacı Zeynəlabdin Tağıyevin köməyi ilə müsəlman xeyriyyə cəmiyyəti 1905-ci ildə yaradılmışdır.

1896-cı ilin əvvəllərində Həsən bəy Bakı qubernatoruna müsəlman qızlar üçün rus-müsəlman məktəbinin açılması üçün müraciət edir. Onun xahişi razılıqla qarşılansa da, o, bu məktəb üçün vəsait tapa bilmir. Həsən bəy məktubunda bildirirdi ki, məktəbin müəllimləri Tiflisdəki Müqəddəs Nina məktəbinin məzunları olacaqdır. Onun xanımı bu məktəbin məzunu olmuş, Nalçik şəhərində yaşayan Balkar türklərindən olan Hənifə xanım Abayeva idi. Hənifə xanım sonralar qızlar məktəbində müəllim və direktor vəzifəsində çalışmışdır.

1896-cı ilin aprel ayında isə Bakı neftxudalarından Hacı Zeynalabdin Tağıyev qubernatora müsəlman qızlar üçün rus-müsəlman məktəbinin açılması üçün müraciət edir. O, məktubunda məktəbin açılması üçün xərclərin təminatını öz üzərinə götürür. Məktəb binasının yerinin təyin edilməsi, tikilməsinə 4 il vaxt sərf edilir.

Məktəbin yerində Cümə məscidinin tikilişi nəzərdə tutulurmuş, amma onun tikilməsi baş tutmadığı üçün 1896-cı ilin sonlarında həmin ərazidə məktəbin tikilməsinə icazə verilir. Binanın tikilməsini Hacı Bakının baş memarı İosif Qoslavskiyə tapşırır. Binanın quruluşu at nalı şəklində olub, tikilişində isə Ərəb Şərq üslubundan istifadə edilib. Qoslavski həm də Bakı qubernatorluğu (Bakı şəhər İcra Hakimiyyətinin binası) binasının memarı idi.

Belə bir məktəbin olmasından narahat olan ruhanilər, Tağıyevə və onu dəstəkləyən insanlara etiraz edir, hətta təhdid edirdilər. Bu səbəbdən də Tağıyev axund Mir Məhəmməd Kərim Ağa Bakuviyə (Mircəfərov) müraciət edir. O, Quran və sünnədən gətirdiyi dəlillərlə İslamın qızların təhsil almasına qarşı olmadığını bildirir. Kərim Ağa elmə yiyələnməyin vacib olduğuna diqqət çəkərək ona etiraz edənlərə qız övladlarını məktəbə verməyi tövsiyə edir. Onun sözlərindən hiddətlənən qaragüruhçular həmin gecə məktəb ideyasına tərəfdar olan axundun evini neft tökərək yandırmağa cəhd edirlər. Ancaq Kərim ağa mollaların qəzəbindən qorxmayaraq iki qızını da həmin məktəbə təhsil almağa göndərmişdi. Sonralar o, qız məktəbinin himayədarlar şurasına üzv seçilmişdir. Kərim Ağa özü də təqaüd verməklə istedadlı gənclərin təhsil almasına yardım etmişdir.

Tağıyev dövrün qaragüruhçularının sözünü kəsmək üçün o zamanlar nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müsəlmanlar üçün müqəddəs yerlərə — Məkkəyə, Mədinəyə, Kərbalaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı möhtəbər, rəsmi din xadimlərindən müsəlman qızların da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilmələrini imza və möhürlə təsdiq edən rəsmi sənədlər alsın.

Hacının gördüyü tədbirlər səmərə vermirdi. Ona görə də o, məcbur olub məsciddə ruhanilər qarşısında çıxış edərək qadın müəllim və həkimlərə ehtiyac duyulduğunu bildirir: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, külfətlə rəftarı xoş olar. İngilistana, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Sırağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava dərman elədi, qızı ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi?”

Nəhayət, 1901-ci ildə Nikolayevski (1920–1991 Kommunist, 1991-ci ildən isə İstiqlaliyyət) küçəsində, İsmailliyə sarayının yanında məktəbin açılışı baş tutur. Açılışda məktəbin açılmasını dəstəkləyən Əlimərdanbəy Topçubaşov da iştirak edərək, açılış nitqi söyləyir.

Məktəbdə 50 nəfərin təhsil alması nəzərdə tutulsa da, elə ilk il 58 nəfər ərizə verir. Bunların 20 nəfəri Tağıyevin ianəsi hesabına təhsil alırdı. Məktəbdə təhsil rus dilində idi. Bununla yanaşı qızlara din dərsi, Azərbaycan dili dərsi də keçirilirdi. Bundan əlavə qızlara evdarlıq, tikiş və əl işləri də öyrədilirdi. Məktəbə qəbul 7 yaşdan idi və 4 illik təhsil nəzərdə tutulmuşdu. Qızlar elə məktəbin pansiyonunda qalırdı. Onların xüsusi avropa sayağı məktəbli geyim formaları vardı.

Bir neçə ildən sonra Hacı məktəbin statusunu Qızlar seminariyasına dəyişdirməyə nail olur və məktəbdə təhsil 6 illik olaraq dəyişdirilir.

1919-cu ildə isə məktəb artıq Ümumi müəllimlər seminariyasına çevrildi. Bu dövrdə artıq valideynlər heç nədən çəkinmədən qızlarını təhsil almağa göndərə bilirdilər.

Məktəbin Şəfiqə Əfəndizadə (maarifçi, yazıçı, publisist), Səkinə Axundzadə (ilk qadın müəllimlərdən, ilk qadın dramaturq), Liza Muxtarova (Bakıda “Qadın Xeyriyyə cəmiyyətini” yaradan), Nazlı Tahirova (Naxçıvanda qızlar məktəbini yaradan) kimi bir çox tanınmış məzunları olmuşdur.

Məktəbin Hənifə xanım Məlikova, Adilə xanım Şaxtaxtinskaya, Mina xanım Aslanova, Nabat xanım Nərimanova kimi müəllimləri olmuşdur. Bundan əlavə məktəbin öz məzunlarından Şəfiqə Əfəndizadə, Səkinə Axundova sonralar məktəbdə müəllim kimi fəaliyyət göstərirlər.

Mənbə: https://az.wikipedia.org/wiki/Aleksandra_imperator_rus-m%C3%BCs%C9%99lman_q%C4%B1z_m%C9%99kt%C9%99bi

Məktəbin binasında 1918–1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamenti yerləşib. Hal-hazırda isə həmin bina Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun binası kimi istifadə edilir.

--

--