"Alqoritm" kimdir?

Heydar Rzayev
ÖzünÖyrən
Published in
3 min readJun 27, 2019

Son 100 ildə elmdə çox böyük irəliləyişlər olmuşdur. Nisbilik nəzəriyyəsindən quantum mexanikasına, elektronikadan kompüterlərə, coğrafiyadan kosmonavtikaya qədər. Lakin bu tərəqqi elmin riyaziləşdirilməsi və cəbr olmadan mümkün olmazdı. Cəbr sözü IX əsrdə əl-Xarəzmi tərəfindən yazılmış əlyazmanın adındakı əl-cəbr sözündən gəlir. Bu kitab İslamın qızıl dövründə (VIII — XIV əsrlər) yazılmış bir çox vacib kitabdan biridir. Məhz adı çəkilən dövrdə müsəlman alimlər riyazi prinsipləri elmin digər sahələrinə tətbiq etməyə başlamışdılar. Bəs əl-Xarəzmi kimdir və müasir dövrdə onun nə kimi töhfələri var?

Haqqında

Məhəmməd ibn Musa əl-Xarəzmi Abbasilər dövləti dönəmində məşhur riyaziyyatçı, coğrafiyaşünas və astronom olmuşdur. 820-ci ildən etibarən o Bağdadda yerləşən Hikmətlər Evində astronom və kitabxana rəhbəri kimi fəaliyyət göstərmişdir.

Beyt əl-Hikmət (Mənbə: Wikipedia)

Əl-Xarəzminin "Hind rəqəmləri ilə hesablama" adlı kitabı, XII əsrdə, qərb dünyasına 10-luq say sistemini tanıtdı. Onun ərəb dilində "Cəbr haqqında müxtəsər kitab" işi xətti və kvadratik tənliklərin ilk sistematik həllini ortaya qoydu. Buna görə də o, cəbrin atalarından biri hesab edilir.

Cəbr kitabından bir səhifə (Mənbə: Wikipedia)

Onun həyatı haqqında çox az dəqiq məlumat mövcuddur. Məlumdur ki, o Xarəzmdə (indiki Özbəkistan) 780-ci ildə fars ailəsində doğulub. Əl-Xarəzmi üçün Hikmətlər Evində fəaliyyəti və ən əsası 813–833 illər ən məhsuldar dövr hesab edilir.

Onun riyaziyyat, astronomiya, coğrafiya və xəritəşünaslığa verdiyi töhfələr cəbr və triqonometriyada inqilabi kəşflərə təkan verdi. Xətti və kvadratik tənliklərin həllinə yanaşması cəbrin yaranmasına səbəb oldu. Hətta cəbr sözü onun kitabının ərəbcə adından götürülmüşdür. Onun hind rəqəmləri haqqında kitabı latın dilinə Alqoritmi de numero Indorum kimi tərcümə edilmişdir. Diqqət etdinizsə, Əl-Xarəzminin adı latınca Alqoritmi kimi göstərilmişdir və alqoritm termininin yaranmasına səbəb olmuşdur.

İşlərində fars və babil astronomiyasına, hind rəqəmlərinə və yunan riyaziyyatçılarına istinad etmişdir. XII əsrdə yazıları latın dilinə tərcümə olunub Avropaya yayıldıqca qərb riyaziyyatının tərəqqisində böyük rol oynamışdır.

Müasir dövr

Aviasiya, heç şübhəsiz ki, bizim sivilizasiyanın ən böyük tərəqqilərindən biri hesab olunur. Bəs aviasiyanın kvadratik tənliklər üzərində qurulduğunu bilirdinizmi? Məsələn, təyyarənin nə qədər yük qaldıra biləcəyi və nə qədər sürətlə getməli olduğunu bilmək üçün kvadratik düsturlardan istifadə olunur. Ümumiyyətlə, kvadratik tənliklər fizika, mühəndislik, statistika və demək olar ki, digər bütün riyaziyyat köklü elm sahələrində vacibdir. Kvadratik tənliklərin ilk sistematik həllini isə, yuxarıda da qeyd etdiyim kimi, əl-Xarəzmi öz cəbr kitabında yazmışdır.

Onluq say sistemi müasir dünyada de-fakto standartdır. İqtisadiyyatdan tibbə, texnologiyadan memarlığa və digər bir çox sahədə istifadə olunan bu sistem insanın instiktiv sayma metodologiyasına yaxınlığına və rahatlığına görə ən ideal sistemdir. Bu sistemin qərbdə və bilavasitə dünyada qızıl standarta çevrilməsi də bir başa əl-Xarəzmin adı ilə bağlıdır.

Heç Mario oyununu oynamısınız? Mario maneələri necə aşdığına diqqət yetirmisinizmi? O düz xətt boyunca deyil, parabolik xətt boyunca tullanır. Bu xəttin tənliyi triqonometriyanın köməyilə hesablanır. Kompüter oyunlarında bu sahə geniş istifadə olunur.

Marionun tullanma trayektoriyası (Mənbə: ParadigmMath)

Kriminalistlər obyektin trayektoriyasının (maşının qəza zamanı cızdığı xətti, güllənin atılma bucağını və s.) tapılmasında triqonometriyadan istifadə edir.

Güllənin hərəkət trayektoriyası (Mənbə: Encyclopedia Britannica)

Dəniz bioloqları isə suyun müxtəlif qatlarında günəş işığının sıxlığını və beləcə ordakı mühitin fotosintez üçün nə qədər yararlı olduğunu triqonometriya ilə təyin edir. Sadaladıqlarım triqonometriyanın tətbiq sahələrindən sadəcə bir neçəsidir. Triqonometriyanın adı çəkiləndə isə əl-Xarəzm yada düşür. O, Zic əl-Sindhind kitabında sinus, kosinus funksiyaları üçün daha dəqiq qiymətlər cədvəlini hazırlamış, tangentlər üçün isə ilk dəfə qiymətlər cədvəlini hesablamışdır.

İslamın qızıl dövrlərində elmə böyük tərəqqi bəxş edən alimlər yaşayıb yaratmışdır. Əl-Xarəzmi bunlardan sadəcə biridir. Fikrimcə, biz — müasir dünyanın vətəndaşları belə dahi şəxsiyyətlərdən bizə qalan varidatın dəyərini bilməli, onu artırıb gələcək nəsillərə ötürməliyik. Bunun üçün də daim biliklərimizi itiləyib inkişaf etməliyik…

--

--