Bakının polşalı memarı İosif Qoslavski

Leyla Karimova
ÖzünÖyrən
Published in
3 min readMar 24, 2019
Mənbə: https://az.wikipedia.org/wiki/%C4%B0osif_Qoslavski

İosif Qoslavski 1865-ci ildə Varşavada (Polşa) anadan olmuşdur. Yaradıcıllıqları Bakı ilə bağlı olan Edel.İ.V, Kandinov A.S. mülki mühəndislər kimi o da, imperator I Nikolayın adını daşıyan Peterburq Mülki Mühəndis İnstitunun yetirməsi idi. 1890-cı ildə təhsilini bitirən Qoslavski 1891-ci ildə Bakıya

Mənbə: https://en.wikipedia.org/wiki/Alexander_Nevsky_Cathedral,_Baku

R.R.Marfeldin layihələndirdiyi Aleksandr Nevski pravoslav kilsəsinin (Qızıllı kilsə) tikilişi üçün Bakıya ezam edilir. Bu kilsə İçərişəhər qala divarlarının yaxınlığında, köhnə müsəlman qəbirsanlığının yerində tikilmişdi. III Aleksandr özü bu kilsənin təməlatma mərasimində iştirak etmişdir. Kilsənin tikilişi müəyyən səbəblərdən yubanır və tikinti işləri təxminən on il çəkir. 1937-ci ildə isə kilsənin sökülməsinə qərar verilir. Hal-hazırda onun yerində Bülbül adına məktəb, 189 və 190 nömrəli məktəblərin binaları tikilmişdir.

Qoslavski ilk günlər Bakının təbii şəraitini və yerli tikinti materiallarını öyrənənədək çətinlik çəksə də, tezliklə öz bacarığını göstərir. Şəhər Duması onu tezliklə Bakı şəhər memarı vəzifəsinə təyin edir. Həmin dövrdə neft sənayesinin inkişafı Bakının küçələrinə də təsir edirdi. Küçələrdə gedən tikinti işlərinin sayı artmaqda idi. Buna baxmayaraq Qoslavski şəhər memarı vəzifəsində çalışdığı zaman belə, Bakının küçələrinin bəzəyən Qoslavski imzalı binaların sayı artmaqda idi.

O, 1893-cü ildə şəhərin mərkəz küçələrində 3 ədəd ikimərtəbəli yaşayış binası, Tağıyevin sarayının və Mərdəkandakı bağının layihəsinə imza atır. 1894-cü ildə isə 2 ədəd üçmərtəbəli yaşayış binası ilə yanaşı Tağıyevin bağçılıq məktəbini təhvil verir. 1895-ci ildə 5 layihə, 1896–1899-cu illərdə isə 10 layihəyə imza atmışdır. Bu səbəbdən də onu mətbuatda “Qafqazlı Rastrelli” (Karlo Bartolomeo Rastrelli, italiyalı heykəltəraş və memar) adlandırırdılar. Qoslavskinin layihələri arasında Tağıyevin tikdirdiyi qızlar məktəbinin binası (Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu), Bakı şəhər Dumasının binası (Bakı şəhər İcra Hakimiyyətinin binası), Zığ qəsəbəsindəki Tağıyevin toxuculuq fabriki, Qara şəhərdə zavod, Bakı texniki peşə məktəbinin binası da var idi.

Bakı milyonçusu, neftxudası və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev İosif Qoslavskinin istedadının heyranı idi və bu səbəbdən ona tez-tez müraciət edirdi. Ona görə də Qoslavskinin imzası olan binaların arasında Tağıyevə məxsus binaların sayı daha çoxdur.

Mənbə: https://az.wikipedia.org/wiki/Milli_Az%C9%99rbaycan_Tarixi_Muzeyi

1892-ci ildə Qoslavski Tağıyevin sarayının tikintisinə başlayır və üzərində təxminən on işləyir. Bu bina Qoslavskinin fəaliyyəti illərində aldığı ilk sifariş idi. O, bu layihəsində şərq elementlərindən də məharətlə istifadə edir. Binanın tikintisi 1902-ci ildə başa çatır. Bina 1921-ci ildən indiyə kimi Milli Azərbaycan Tarix muzeyi kimi fəaliyyət göstərir.

İ.Qoslavski, digər bakılı memarlar kimi yonulmamış daşla hörmədən müxtəlif variantlarda geniş istifadə edirdi. Bu materialdan fasad divarlarının qabarıq hörgüsü ciddi və möhtəşəm forma yaratmağa imkan yaradırdı. O, qotika, barokko, klassisizm memarlıq üslublarından istifadə edirdi.

Qoslavskinin memarı olduğu binalar arasında 1902-ci ildə sifariş edilmiş, Qoqol küçəsində yerləşən Bakının varlı və zadəgan sakini Teymurbəy Aşurbəyovun yaşayış binası da var.

1898-ci ildə təməli atılmış Bakı texniki peşə məktəbinin binası (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) 1900-ci ildə bitir. Qoslavski binanın layihəsində Rusiya imperiyasının təhsil müəssisələrinə xas olan ənənələri əks etdirir. Uzununa olan istiqamətdə geniş tənəffüs otaqları, ikinci mərtəbədə müəllimlər üçün böyük otaq, sonra isə tələbələr üçün auditoriyalar yerləşir. Laboratoriyalar isə əsas korpusa perpendikulyar olaraq yerləşdirilmişdir. Qoslavski bu layihəsində məktəbin gələcəkdə ali təhsil müəssisəsi olacağını nəzərə almışdır.

Şəhər Duması üçün binanın tikintisi zamanı artıq Qoslavskinin vəziyyəti yaxşı deyildi. Binanın tikilməsi üçün memara təxminən üç və ya dörd il tələb olunurdu. O isə 1902-ci ildə vərəm xəstəliyinə tutulur, amma xəstəliyinin ciddiyyətini qəbul etmir. 1904-cü ildə memar Bakıda vəfat edir. 1902–1904-cü illərdə yaşadığı Mirzə İbrahimov küçəsində yerləşən binanın üzərində onun üçün xatirə lövhəsi asılmışdır. Qoslavskinin ölümündən sonra Şəhər Duması binası layihəsinə rəhbərlik ilk öncə Skureviçə, daha sonra isə Ploşkoya verilir. Binada hal-hazırda Bakı şəhər İcra Hakimiyyəti fəaliyyət göstərir.

Mənbə: https://az.wikipedia.org/wiki/Bak%C4%B1_%C5%9E%C9%99h%C9%99r_%C4%B0cra_Hakimiyy%C9%99ti

--

--