İngilis dili öyrənməyin üstünlükləri

Heydar Rzayev
ÖzünÖyrən
Published in
2 min readFeb 27, 2019

Ətrafa nəzər yetirsək dünyanın hər bir ölkəsində ingilis dilinə qarşı böyük maraq var. Eyni zamanda ingilis dilinin beynəlxalq dil olması hər birimizə məlumdur. Bir anlığa ətrafımızda olan insanlara nəzər yetirsək bu dili öyrənən onlarla insanı görə bilərik. İngilis dili ilə yanaşı digər beynəlxalq dillərin də adlarını çəkmək olar. Məsələn, ərəb, ispan, fransız, çin və s. Bəs nə üçün məhz ingilis dilinə daha çox maraq var və bu dili öyrənməyin hansı üstünlükləri var?

Ən çox danışılan dil

Statistikaya görə dünyada ən çox danışılan dil ingilis dilidir. Rəqəmlərə əsasən deyə bilərik ki, dünyada hər 5 insandan 1-i ingiliscə danışır. 50-dən çox ölkədə ingilis dili ya rəsmi ya da əsas danışılan dillərdən biridir. Beləliklə, ingilis dilini bilmək dünyanın istənilən ölkəsində ünsiyyət qurmağı asanlaşdırır.

İmkanların dili

İngilis dili elmin, incəsənətin, diplomatiyanın, turizmin və bir çox başqa sahələrin dilidir. Ona görə də bu dili bilmək sizin üçün yeni təhsil və iş imkanları yaradacaq. İnternetdə olan məlumatın təqribən 54%-i ingilis dilidədir. Yerdə qalan 46% isə qalan bütün digər dillərin birlikdə payına düşür. Bu informasiya külliyatının həyatınızda nə qədər əhəmiyyətli dəyişikliklərə təkan verəcəyini təsəvvür etmək çətin deyil.

Əyləncənin dili

Media sənayesinin dili ingilis dilidir. Yeni çıxan filmlərin böyük əksəriyyəti ilk olaraq ingilis dilində tamaşaya qoyulur. Əgər bu dili öyrənsəniz sevdiyiniz xarici filmləri, televiziya proqramlarını, kitabları, mahnıları başa düşmək üçün tərcüməyə ehtiyac duymayacaqsınız.

Öyrənmək üçün çoxlu resurs

İngilis dilini öyrənmək bəlkə də bir o qədər asan olmasa da, onu öyrənmək üçün resurslar əldə etmək elə də çətin deyil. Çünki, illərdir böyük kütlə tərəfindən göstərilən maraq dilin öyrənilməsi üçün çoxlu metodikaların, vəsaitlərin (kitablar, video dərsliklər, saytlar, mobil tətbiqlər və s.) yaradılmasına səbəb olub. İnternetdə onlayn olaraq öyrənmək üçün xeyli sayda materiallar mövcuddur.

Yeni dil öyrənmək zehnin inkişafı üçün xeyirlidir

Alimlər sübut ediblər ki, yeni dil öyrənməyin insan beyninə faydası var. Araşdırmalar göstərir ki, yaşından asılı olmayaraq öyrənmə insan beyninə müsbət təsir edir: yaddaşı gücləndirir, diqqətin müddətini artırır, yaş artımı ilə bağlı yaranan idrak problemlərinin riskini azaldır və s.

Gördüyünüz kimi bu dilə olan tələb və maraq heç də əsassız deyilmiş. İngilis dili müxtəlif dövrlərdə, müxtəlif cəmiyyətlərdə aktual olduğuna və böyük kütlə tərəfindən istifadə olunduğuna görə çox zəngin bir dilə çevrilmişdir. O, nəinki sizə özünüzü daha yaxşı ifadə etmək imkanı verəcək, hətta sizə yeni mədəniyyətlərə pəncərə, imkanlara isə qapı açacaq. Əlaqələrinizi genişləndirəcək, dünya görüşünüzün inkişaf etməsinə səbəb olacaq.

--

--