“Elmi söhbət” felyetonu

Leyla Karimova
ÖzünÖyrən
Published in
2 min readApr 26, 2019
Mənbə: https://az.wikipedia.org/wiki/Molla_N%C9%99sr%C9%99ddin_(jurnal)#/media/File:Molla_Nasreddin_13.jpg

Dəli: Axund, Nuh peyğəmbər tufan zamanında gəmisinə kimləri qəbul elədi?

Axund: Yalnız iman gətirənləri.

Dəli: Demək, asilərin hamısı həlak oldu?

Axund: Bəli, tək bir məxluq da qalmadı.

Dəli: Çox əcəb, şəkk yox ki, asilərin başçısı olan və Həzrət Adəmi aldadan şeytani-məlun da tələf oldu.

Axund: Təəssüf ki, şeytani-məlun bicliklə yaxasını qurtardı.

Dəli: Ay axund, qadanı alım, nə deyirsən? Allahın divanı, peyğəmbərin gəmisi Ordubad meydanı deyil ki, biclik keçsin? Heç elə şey ola bilməz!

Axund: Gərək olmuyaydı, amma görünür qədər elə imiş ki, olubdur.

Dəli: Dərdin mənə, axund, o cür biclikdə də qədər olarmı?

Axund: Olanda olar, bizim nə həddimiz, elə şeyləri axtaraq.

Dəli: Aman, bir de görək, şeytan nə cür bicliklə yaxasını qurtardı?

Axund: Şeytana biclik əskikmi? Eşşək gəmiyə girəndə o da quyruğuna yapışıb gizlicə daxil oldu və tufandan canını qurtardı.

Dəli: Vay, zalım oğlu, kaş Nuh peyğəmbər görüb suya buraxaydı və canımızı o məlundan qurtaraydı. Axund, bu gözəl elmlər hansı kitabda yazılıb? İttifat edib öyrədiniz ki, biz də oxuyub alim olaq.

Axund:Köhnə kitabların, hətta bir para təfsirlərin hamısında, xüsusən Gəncəli Şeyz Hacı Həsən Mollazadə cənablarının “Zübdətüt-təvarix” adındakı ibrətli tarix kitabında.

Dəli: Sağ ol, axund, çox baş ağrısı verdim, bağışla. Bircə sual da edib, bu dəfəlik sözümü qurtaracağam.

Axund: Borcumuz hidayətdir, nə şəkkin varsa soruş, heç sıxılma!

Dəli: Allah ömürlər versin! Axund, tufan yalnız Nuh qövmünümü həlak etdi, yoxsa cəmi yer üzündə məxluqatı?

Axund: Şəkk yox, yer üzündəki cəmi məxluqatı həlak etdi, ancaq gəmidəkilər xilas oldu.

Dəli: Vallah, bu dəli ağlıma bu böyük sözləri heç sığışdıra bilmirəm. Axı nədən ötrü adil olan allah bir Nuh qövmünün təqsiri üçün cəmi dünya üzündəki qövmləri və məxluqatı həlak etsin? Nuhun məmləkətindən uzaqdakı milyonlarca məxluqatın günahı nə idi?

Axund: Kafir olursan, allahın hikmətindən sual etmək olmaz.

Dəli: Dəxi məni bağışla, xudahafiz!

Lağlağı (Cəlil Məmmədquluzadə)

Molla Nəsrəddin, 15 fevral, 1909-cu il, No7.

--

--