Molla Nəsrəddin

Leyla Karimova
ÖzünÖyrən
Published in
4 min readApr 2, 2019
Mənbə: https://az.wikipedia.org/wiki/Molla_N%C9%99sr%C9%99ddin_(jurnal)

21 fevral 1906-cı ildə Cəlil Məmmədquluzadə Tiflis qubernatoruna ərizə yazaraq “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnal çıxarılması üçün icazə istəyir. Jurnalın çıxarılması üçün 4 martda Cəlil Məmmədquluzadəyə şəhadətnamə verilir. Şəhadətnamədə jurnalın proqramı 1. Məqalələr , 2. Tənqidlər, 3. Felyetonlar, 4. Məzhəki şeirlə, 5. Məzəli teleqramlar, 6. Satirik hekayələr, 7. Lətifələr, 8. Poçt qutusu, 9. Məzhəki elanlar, 10. Xüsusi elanlar, 11. Karikaturalar və illüstrasiyalardan kimi verilmişdi.

1906-cı ilin 7 aprel tarixində jurnalın ilk sayı 1000 tirajla işıq üzü gördü. C.Məmmədquluzadə ilk sayda “Molla Nəsrəddin” imzası ilə “Tiflis 7 aprel” sərlövhəli məqaləsi, “Bilməli xəbərlər”, “Atalar sözü” və digər yazılar, 4 müxtəlif karikatura və elan dərc olunmuşdu.

İlk məqaləsində “Molla Nəsrəddin” üzünü doğma xalqına çevirib söyləyirdi: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər.

Ey mənim müsəlman qardaşlarım. Zəmanə ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qala bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib “lənət şeytana” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxın camalınıza”.

Jurnalın ikinci nömrəsi 2000 tirajla buraxılır. Amma jurnalın şəkillərinin qırmızı rəngdə olması Bakı polis idarəsini təşvişə salır, bolşevizmin mahiyyətinin qırmızı rəngdə təcəssüm olunmasını əsas gətirib ikinci sayını bütövlükdə müsadirə edir. Hətta Üzeyir Hacıbəyov “İrşad” qəzetində “Ordan-burdan” məqaləsində bu haqda yazırdı: “… İndi zavallı “Molla Nəsrəddin” dustaqdır. Həbsxanada oturub, öz-özünə fikir edir: əcəba, ərbabi-hökumət “bu qırmızı şeylərdən” nə üçün belə ürkür?

“Molla Nəsrəddin”in Amerika-İngiltərə imperialistlərindən, rus çarizmindən, İran və Türkiyə despotlarından tutmuş, adi tüfeyliyə qədər “Molla Nəsrəddin”in hədəfi olmuşdur. Jurnal sonuncu nömrəsinədək din və mövhumata qarşı ardıcıl mübarizə aparmışdır. Bu səbəbdəndir ki, din xadimləri, ruhanilər jurnalı böyük qəzəb hissi ilə qarşılayır və səlahiyyətlərindən istifadə edərək təzyiq və təhdidlərə keçirdilər. Əbdürrəhim bəy Haqverdiyev (yazıçı, dramaturq, pedaqoq) bu barədə öz xatirələrində yazır: “Mollalar jurnalı yazanları və oxuyanları təkfir edib deyirdilər: bu jurnal gərək bir müsəlmanın evinə girməsin, onu nəinki oxumaq, ələ belə almaq haramdır. Onu maşa ilə götürüb ayaqyoluna atmalıdır…

Jurnalda dərc edilmiş cəsarətli yazıların səbəbindən Tiflis qubernatoru 1907-ci il iyunun 8-də əmr verir ki, jurnal bağlansın. Bu səbəblə müxtəlif bölgələrdən qəzetin çapının bərpası ilə bağlı məktublar gəlirdi, Ömər Faiq Nemanzadənin (ictimai-siyasi xadim, publisist) “İrşad” qəzetində “Molla Nəsrəddin” sərlövhəli yazısı çap edilir. Məqalədə qəzetin çapının əleyhdarları olan ruhanilər sərt tənqid edilir. Bütün bunlardan sonra hökümət xalqın tələbi səbəbilə jurnalın çapının bərpasına icazə verdi.

Qısa fasilədən sonra, 1907-ci il iyulun 25-də jurnalın 23-cü nömrəsi çap edildi. 1908–1909-cu illərdə bir neçə dəfə “Molla Nəsrəddin” jurnalını bağlamağa təşəbbüslər edildi. Jurnalın redaktoru və əməkdaşları haqqında irticaçı qüvvələr tez-tez donoslar yazır, burjua mətbuatında məqalələrlə çıxış edirdilər. Bu səbəbdən də Ömər Faiq Nemanzadə 9 gün həbsdə saxlanılır. 1908-ci ilin fevralında isə Mirzə Cəlilin öldürülməsi haqqında şayiələr yayılır. “İrşad” qəzeti “Molla Nəsrəddini” dəstəkləmək üçün bu şayiələri yayanlara çox tutarlı cavab vermişdi: “Bir-iki nəfər Məmmədquluzadələrin, Nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, “Molla Nəsrəddin”i öldürəcəksiniz?”… Bunu biliniz ki, “Molla Nəsrəddin”i öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz.

Jurnalın 35 və 36-cı sayları arasında təxminən 1 aydan çox fasilə baş verir. 1910-cu ildə Mirzə Cəlilin qardaşı həbs edilir. O, bununla əlaqədar öz kəndlərinə yollanır və redaktorluq vəzifəsini isə müvəqqəti Məmmədəli Sidqiyə ( şair, publisist, tərcüməçi, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, məşhur şair və pedaqoq Məhəmməd Tağı Sidqinin oğlu, Şeypur jurnalının redaktoru) həvalə edir. Mirzə Cəlilin bu barədə Tiflis qubernatoruna yazdığı ərizənin baxılması 1 aydan çox çəkir və jurnal bu müddətdə çap olunmur. 1910-cu ilin iyul-avqust aylarında Məmmədəli Sidqi qeyri-rəsmi, noyabrın 5-dən 1911-ci ilin martın sonunacan isə bu vəzifəni rəsmi olaraq yerinə yetirir.

1911–1912-ci illərdə “Molla Nəsrəddin” yenidən senzor hücumlara məruz qalır. Hətta redaktorlardan kəskin yazılar yazılmayacağı ilə bağlı iltizamlar alınır və bu isə jurnalın müntəzəm nəşr olunmasına çətinliklər yaradır, mənfi təsir edirdi. 1912-ci ilin martından C.Məmmədquluzadə jurnalın nəşrini uzun müddətə dayandırdı və “Molla Nəsrəddin”in bərpası 1913-cü il yanvar ayının 13-dən sonra mümkün oldu.

Cəlil Məmmədquluzadə 1914-cü il noyabr ayının 17-də Tiflis Mətbuat İşləri Komitəsinə göndərdiyi ərizəsində yazırdı: Mənim redaktorluğum altında çıxan “Molla Nəsrəddin” jurnalının nəşrini qeyri-müəyyən vaxta qədər dayandırıram.

Birinci Dünya Müharibəsi səbəbilə çapı dayandırılan “Molla Nəsrəddin” 1917-ci il fevralın 9-dan çapını yenidən bərpa etdi.

1918-ci ilin yanvarında ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq jurnal yenidən nəşrini dayandırdı. Mirzə Cəlil 1918–1920-ci illərdə yoldaşı Həmidə xanım Cavanşirlə birlikdə Qarabağa getdi və bir müddət Kəhrizli kəndində yaşadı. Xalq Cümhuriyyəti quruculuğu prosesində bilavasitə iştirak etməsə də, o, müstəqil dövlətçilik ideyasını dəstəkləyirdi. Mirzə Cəlilin hələ 1917-ci ildə “Azərbaycan”, “Cümhuriyyət” məqalələrində xalq hakimiyyəti və demokratik respublika qurulmasının vacibliyini bildirmişdi.

Mirzə Cəlil öz ailəsi ilə 1920-ci ildə Cənubi Azərbaycana köçür və 1921-ci ilin fevralından “Molla Nəsrəddin” Təbrizdə fəaliyyətini bərpa edir və 8 nömrəsi çap edilir. C.Məmmədquluzadənin icazə ərizəsinə İran hökuməti etiraz edir ki, gərək jurnal farsca çap olunsun. Mirzə Cəlil isə İran hökumətinin bu tələbi qarşısında söyləmişdi: “Təbrizdə ermənilər ermənicə qəzet çıxarırlar. Siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Elə isə icazə verin “Molla Nəsrəddin”i erməni dilində nəşr edim”. Yalnız bu çıxışından sonra ona “Molla Nəsrəddinin” ana dilində çapı üçün icazə verilir.

Davamı olacaq…

Mənbə: https://az.wikipedia.org/wiki/Molla_N%C9%99sr%C9%99ddin_(jurnal)

--

--