Haruki Murakaminin “Paris Review” qəzetinə verdiyi müsahibə /1

Tərcümə : Musa Əffəndi

turan

--

Sual:

Mən sizin yeni hekayələr toplusu kitabınızı – “Zəlzələdən sonra”-nı təzəlikcə oxudum və bir maraqlı məqamı kəşf etdim; burada siz realistik hekayələrdən çox sərbəstliklə vəhdət yaratmısınız - “Norveç Meşəsi” romanındakı üslub kimi, belə desək, digərləri isə daha çox “Mexanik Quşun Gündəliyi” və ya “Qaynadılmış Möcüzələr Ölkəsi və Dünyanın Sonu”-ndakı kimidir. Siz bu iki forma arasındakı fundamental fərqləri görürsünüzmü?

Murakami:

Mənim tərzim, məncə, “Qaynadılmış Möcüzələr Ölkəsi”-ndəkinə çox yaxındır. Mən realizmi xoşlamıram. Mən daha sürreal üsluba üstünlük verirəm. Amma “Norveç Meşəsi”-ndə özümü məcbur elədim ki, yüz faizlik realist bir roman yazım. Mənə bu təcrübə lazım idi.

Sual:

Necə fikirləşirsiniz, bu kitab sizin üçün üslub üzərində məşq idi, yoxsa sizin xüsusi hekayələriniz var idi ki, düşünürdüz, bunları ən yaxşı realist üslubda ifadə edə biləcəksiniz?

Murakami:

Mən sadəcə sürreal romanlar yazsaydım, kult yazıçı ola bilərdim. Amma mən bu qaydaları qırmaq istədim, mən sübut etmək istədim ki, realist kitablar da yaza bilirəm. Bu səbəbdən bu kitabı yazdım. Kitab Yaponiyada best-seller oldu və mən bu nəticəni gözləyirdim.

Sual:

Yəni, bu stratejik seçim idi.

Murakami:

Elədir. Norveç meşəsi çox asan oxunur və asan başa düşülür. Çox adam bu kitabı xoşladı. Bu da onların mənim başqa işlərimlə də maraqlanmasına gətirib çıxardı; bunun çox köməyi oldu.

Sual:

Deməli, yapon oxucuları da amerikan oxucuları kimidir? Onlar sadə hekayələr istəyirlər.

Murakami:

Mənim sonuncu kitabım – Sahildə Kafka – 300.000 ədəd satıldı, bilirsiniz, burda iki cildə çıxmışdı. Bu kitab çox satılanda təəccübləndim, bu adi şey deyildi. Hekayəsi çox mürəkkəb idi və ardıcıllığı izləmək çox çətindir. Amma mənim üslubumu, mənim nəsrimi oxumaq çox rahatdır. Burda həm yumor var, həm dramatikdir və həm də sürətlə oxunur. Bu iki faktor arasında bir növ sehrli balans var; yəqin ki, bu da mənim uğurumun başqa səbəblərindəndir. Hələ də, bu ağılasığmazdır. Mən hər 3 ya 4 ildən bir roman yazıram və insanlar bunun üçün gözləyirlər. Mən bir dəfə Con İrvinqlə söhbətləşmişdim, o mənə dedi ki, yaxşı kitab oxumaq asılılıq yaradır. Onlar bir dəfə aludə oldularsa, deməli həmişə gözləyəcəklər.

Sual:

Siz öz oxucularınızı aludəçiyə çevirmək istəyirsiz.

Murakami:

Bu Con İrvinqin dediyidir.

Sual:

Bu iki faktor – düz xəttli, asan izlənilə bilən narrativ səs və tez-tez təəccübləndirən sujet kombinasiyası – şüurlu seçimdir?

Murakami:

Yox, deyil. Mən yazmağa başlayanda mənim heç bir planım olmur. Sadəcə gözləyirəm ki, hekayə gələcək. Mən hekayənin növünü və ya nə cür cərəyan edəcəyini seçmirəm. Mən sadəcə gözləyirəm. “Norveç meşəsi” bir az fərqlidir, çünki mən realist üslubda yazmaq qərarına gəlmişdim. Amma, əsasən, mən əvvəlcədən seçmirəm.

Sual:

Amma siz hansı növdə danışılacağını əvvəlcədən müəyyən edirsiniz də - yəni bu quru yumorla, asan oxunan narrasiyanı? Siz bunu müəyyən edirsiz ya necə?

Murakami:

Mənim təsvirlərim olur və mən bu hissələri bir-birilə əlaqələndirirəm. Bu sujet xəttidir. Sonra mən sujet xəttini oxucuya izah edirəm. Siz bir şeyi izah edəndə mütləq çox anlayışlı olmalısınız. Əgər siz fikirləşsəniz ki – burda hər şey qaydasındadır, mən bunu onsuz da bilirəm – bu artıq lovğalıqdır. Asan sözlər və yaxşı metaforalar – yaxşı alleqoriyadır. Budur mənim elədiyim. Mən çox diqqətlə və aydın şəkildə izah verirəm.

Sual:

Bu sizə təbii gəlir?

Murakami:

Mən dərrakəli deyiləm. Mən lovğa deyiləm. Mən sadəcə kitablarımı oxuyan insanları xoşlayıram. Mən əvvəl caz klub işlətmişəm, mən kokteyllər və sendviçlər hazırlayırdım. Heç yazıçı olmaq istəmirdim – bu sadəcə baş verdi. Bilirsiz, bu cənnətdən göndərilən bir növ hədiyyə kimidir. Mən fikirləşirəm ki, buna boyun əyməliyəm.

Sual:

Neçə yaşından yazmağa başladınız? Bu sizin üçün təəccüblü oldu?

Murakami:

29 yaşımdan. Oh, əlbəttə, bu mənim üçün gözlənilməz oldu. Amma mən dərhal uyğunlaşdım.

Sual:

Dərhal? Yazıçılığın ilk günündən özünüzü rahat hiss etdiniz?

Murakami:

Mən gecə yarısı mətbəx masasında yazmağa başladım. İlk kitabımı yekunlaşdırmaq 10 ayımı aldı; mən onu nəşriyyata göndərdim və bir növ mükafatlandırıldım, bu yuxu kimi idi – bunun baş verdiyini görmək məni təəccübləndirdi. Amma bir müddət sonra mən fikirləşdim ki, yaxşı, bu baş verdi – mən yazıçıyam. Niyə də yox? Bu qədər sadə.

Davamı var…

http://www.theparisreview.org/interviews/2/the-art-of-fiction-no-182-haruki-murakami#.UUqWXEpWpFc.twitter

--

--