Dizayn (er) inkişafın aparıcı qüvvəsidir

Malik Mammadov
PASHA Bank
Published in
5 min readJun 24, 2021

Dizayn dedikdə ilk ağlınıza gələn nədir? Poster, veb sayt, vizitka və s. Bir dəfə dizayner olduğumu bilən biri məndən “oboyu (divar kağızı) neçədən vurursan” soruşmuşdu. Bu fikirlərin yaranmasının səbəbi dizaynerin və dizaynın bu dünyaya nələr verdiyini bilməməkdən irəli gəlir. Detallara getsək, həqiqətən də, dizaynerlər poster, vizuallar, saytlar və mobil əlavələr ilə məşğul olurlar, amma bunların altında bir böyük məqsəd durur: tapılmış problemin həlli.

Bu məqalədə daha çox “UX” (User Experience), Product design (Məhsul dizaynı) və müşahidə haqqında yazılmışdır. Çünki bu mövzuda şəxsi təcrübəm böyükdür və indiki post-pandemik dövrdə biznesə dəstək göstərməyin gözəl təşəbbüs olduğunu düşünürəm. Bu fikiri əsas götürərək məqaləmə başlayıram.

Gözümün qabağındadır, amma görmürəm…

Yəqin ki, hər gün işə gedəndə və qayıdanda yaşadığınız binanın/evin yanındakı balaca “məhəllə marketini” görürsüz, amma fikir vermirsiniz. Nə qədər də böyük mağazalarda alış-veriş etsək də, sürətli həll üçün bəzən ora da mürəciət edirik. O balaca mağazaların sahibləri kiçik biznes seqmentinə aiddirlər və özlərinin müştəriləri var. Amma onlar heç düşünüblərmi ki, bizneslərini genişləndirib, gəlirliyi artıra bilərlər?

Klassik məhəllə marketi

Bu sualı özümə də verdim. Özümə verdiyim ikinci sual isə: təcrübəmə arxalanaraq məhəllədəki mağazaya necə kömək edə bilərəm?

Məlumatın toplanması mərhələsi

Həyatda bizə tanış olmayan hal baş verdikdə və ya bilmədiyiniz bir şey olanda müşahidə etməyə başlayarıq. Elə mən də birinci mərhələyə müşahidə ilə başladım. Mağazanın yanında rahat və kölgəli yerdə əyləşib, smartfonda “Note” tətbiqini açıb, məlumatları yazmağa başladım. Öncədən bu proses üçün sualları hazırlamışdım:

  1. Müştərilər (personlar) kimlərdir?
  2. Müştərilərin mağazaya daxil olma sayının pik həddə çatdığı zaman hansıdır?
  3. Vaxta görə onların məhsul seçimi dəyişirmi?
  4. Havaya görə məhsul seçimində fərq varmı? (yay olduğuna görə çətinlik yarana bilərdi)
  5. Ortalama qəbz nə qədər olur? (əslində bu sualı növbəti mərhələdə mağaza sahibinə verəcəyəm)
  6. Yaxınlıqda olan rəqib mağazaların üstünlüyü və zəif nöqtələri hansılardır?

Özümə hədəf kimi 1 həftə müşahidə periodu təyin etdim və həftənin müxtəlif günlərində və müxtəlif vaxtlarında izləməni həyata keçirdim.

Nəticədə nələri öyrəndim:

  1. Müştərilərin təqribi 65%-i kişilər, 35%-i qadınlar idi
  2. Kişilərdə yaş kateqoriyası: 45% 25–40, 25% 18–25, 20% 40–60+, 10% 15–25
  3. Qadılarda yaş kateqoriyası: 60% 35–55, 30% 55+, 10% isə 35 yaşdan cavan
  4. Kişilərin böyük kütləsinin mağazaya daxil olma vaxtları : 8:00–10:00 və 18:30–21:00
  5. Qadınların böyük kütləsinin mağazaya daxil olma vaxtları : 9:00–11:00 və 14:00–16:30
  6. İsti havalarda kişilərin ən çox aldığı məhsullar: sərinləşdirici qazlı içkilər, sərinləşdirici alkoqollu içkilər, ayran.
  7. İsti havalarda qadınların ən çox aldığı məhsullar: sərinləşdirici qazlı içkilər, dondurma
  8. Alış-veriş səbəti zaman ilə də sıx bağlı idi. Axşam vaxtı bu sıraya çörək, tütün məhsulları (tütün səhərlər də çox yaxşı satılırdı), şirniyyat daxil olurdu.

Məlumatın paylaşılma mərhələsi

Əldə etdiyim məlumatı mağaza sahibi ilə necəsə paylaşmalı idim. Niyə “necəsə”? Çünki bu məlumat insana qəribə gələ bilərdi, soruşa bilərdi ki, vaxtımı niyə buna sərf etmişəm və məqsədim nədir? (sizlərə bu sualı yumşaq formada çatdırdım 😏*)*

Bütün sual-sorğu variantlarına hazırlaşıb, işim haqqında kiçik intro verərək mağaza sahibinə bir həftəlik müşahidəm barədə danışdım və topladığım məlumatı göstərdim. Mağaza sahibi Rövşən (bundan sonra onu Rövşən adlandıraq) mənə bunları dedi:

Mən bilmirdim ki, dizayner belə işlərlə məşğul olur. Bu mağazanın üstündə “Market” yazısını dizayner hazırlayıb, elə bilirdim, səndə o işlə məşğulsan

Rövşənə dizayn, dizayner və dizayn düşüncə haqqında məlumat verdikdən sonra təklif etdim ki, əldə etdiyim məlumatları tətbiq edək. Bir az tərəddüd etsə də, razılaşdı və biz 3-cü mərhələyə keçdik.

Məlumatların tətbiq etmək mərhələsi

Mağaza sahibi ilk 3 gün köhnə və yeni yanaşmanı müqayisə etmək üçün məlumatları topladı. Məhsul saat neçədə alınıb, alıcının cinsi, yanında digər hansı məhsulu əldə edib. Sonra isə Rövşən səhər saatları üçün tütün stendini önə çəkdi. Ona təklif etdim ki, ən məşhur markaları insanın gözü önündə olacaq qədər hündürlüydə yerləşdirsin, ikinci dərəcəli olanları aşağı və yuxarı sırada saxlasın. Soyuducuda da dəyişikliklər baş verdi: 50–70 qəpiklik sular (kiçik ölçülü) önə yığıldı, böyük lt sular isə arxa plana (kiçik həcmli su almaq istəyən müştəri, onu dərhal götürüb içmək istəyir). Energetik içkilərin soyuducusu da mağazanın digər tərəfindən girişə gətirildi.

Dondurmaları da həmçinin iki soyuducuya böldük, daha çox tanınanları birində, ikinci dərəcəliləri isə digərində yerləşdirdik. Məşhur markalı dondurmaları çöldə saxlamaq qərarına gəldik.

Çörək gündəlik təlabatımızda vacib yer tutur. Biz çörək seçimi edərkən ən təzəsini və istisini axtarırıq. Bu səbəbdən, Rövşənə təklif etdim ki, çörək paylayan şirkətlə danışıb, çatdırılmanı müştərilərin gəlişinin ən pik saatından 30 dəqiqə öncəyə təyin etsin (cari vəziyyətdə çatdırılma saat 9:00-da və 16:00-da baş verirdi)

Bu işləri görə-görə mağaza sahibi güclü motivasiya aldı, işə inamı artdı və artıq o özü də bir növ məhsul dizaynerinə çevrildi. Mən bunu onun təklifi nəticəsində başa düşdüm: günorta uşaqlar valideyinləri ilə birgə məktəbdən qayıdırlar və mağazaya daxil olurlar. Bəlkə, uşaqlar üçün şirniyyatları daha aşağı hündürlükdə yerləşdirək? Hətta şarlar ilə də ətrafını da bəzəyə bilərik.

Cavabım müsbət oldu. Dedim ki, bu bir hipotezdir, gəl yoxlayaq. Rövşən də iki qat həvəslə işinə başladı. (sonradan mən özüm də övladım ilə mağazaya daxil olduqda Rövşənin qurduğu tələyə düşdüm 😉*)*

Tətbiq etdiklərimizi yoxlama mərhələsi

Bu mərhələdə mənim sıx iştirakım mümkün deyildi, çünki əsas işimi və yoxlanışı eyni vaxtda etmək çətin olardı. Bu işi sırf mağaza sahibinə ötürdüm, təlimatları verdim və məhsul dizaynının nümayəndəsi oldu. 3 gündən sonra mağazaya ilk dəfədir ki, gəlirdim. Rövşən çox həyacanlı və xoşbəxt görünürdü. Xahiş etdi ki, çölə çıxaq, müşahidəmi başladığım yerdə oturaq. Oturandan sonra əlini uzadıb əlimi sıxdı və dedi ki, indi nəticələri isə rəqəmlərlə bölüşəcəyəm:

Yadigər özümdə saxlamışam (1-ci gün üçün hesablamalar)

Bu rəqəmlərə baxanda fəxr hissi keçirtdim. Çox detallara getmədim, sadəcə soruşdum ki : dizaynerin hansı işlə məşğul olduğunu başa sala bildim?

Nəticədə, təcrübəmi genişləndirdim, mağaza sahibi əlavə gəlir əldə etdi və anladı ki, biznes təkcə məhsulu rəflərə doldurmaq ilə bitmir. Ola bilsin gələcəkdə Rövşən ilə yenidən kooperasiyaya girib, mağazanın fəaliyyətində dəyişiklik etdik.

Siz də öz ideyanızın (biznesinizin) Rövşəni ola bilərsiniz 😉

--

--