TED kimi danış

Gulsum Mammadova
PASHA Bank
Published in
5 min readJul 4, 2021

Bir çox insandan auditoriya qarşısında nitq söyləməyi xahiş etdikdə qorxu və həyəcan hissi keçirir. Onlardan fikirlərini soruşduqda bunları deyirlər:

  • Təqdimat etməkdən qorxuram
  • Özümü gərgin hiss edirəm, mən pis natiqəm
  • Heç kim məni dinləmək istəməz. Təqdimatım çox darıxdırıcıdır

Yuxarıda sadaladıqlarımı özünə aid edirsənsə o zaman bu hisslərdən qurtulmaq üçün tövsiyə edəcəyim kitabla tanış olaq: **Carmine Gallonun “TED kimi danış”**

Bu kitab sizə inamlı və təsirli nitqə sahib olmağın və keyfiyyətli təqdimat bacarığına yiyələnməyin yollarını göstərir.

Yazar 500-dən çox TED təqdimatını araşdırmış, dünyanın bəzi öncül nevroloqları, psixoloqları və ünsiyyət ekspertləri ilə görüşərək, onların ortaq xüsusiyyətlərini öyrənib ictimaiyyət qarşısında çıxış etməyin 9 sirrini paylaşır. TED məruzəçilərindən vəkil Brayan Stivenson, musiqiçi Bono, Mİcrosoft şirkətinin qurucusu Bill Qeyts, yazar Jill Bolte Taylor kimi şəxslərin çıxışlarından nümunələr gətirib, onların təqdimatlarını təhlil edir, düzgün taktikaları öyrədir. Düşünürəm ki, natiq olmaq istəyən və ya qeyri-adi, yaddaşlarda qalacaq çıxışlar etmək fikrində olan hər bir şəxs müəllifin dəyərli məsləhətlərindən yararlanmalıdır.

Kitab üç hissəyə bölünərək, ilhamverici təqdimatın üç hissəsini açıqlayır:

  • Emosionaldır — Ürəyə toxunur. İnsanlarda təqdimata qarşı həvəs oyatmaq, onların duyğularına toxunmaq üçün hekayələrdən istifadə etməyimizi tövsiyyə edir.
  • Yenidir — Yeni bir şey öyrədir. İnsanların hər zaman diqqətini cəlb etməyin ən effektiv yolu olduğunu vurğulayır.
  • Yaddaqalandır — Mövzunu heç vaxt unudulmayacaq tərzdə təqdim edir. Əsas olan sizin danışdığınız təqədimatı heç kim xatırlamırsa bunun əhəmiyyətsiz olmasıdır. Elə təqdimat olmalıdır ki, bunu izləyicilər hər zaman xatırlasınlar.

🤔 Təqdimatları necə hazırlamalıyıq?

Müəllifin də qeyd etdiyi kimi ilk olaraq bunu nəzərə alın ki, heç kim əllərində PowerPoint idarəedicisi ilə dünyaya gəlməyib. İnsanlar təqdimatları üzərində çoxlu məşq etmədən, rahat şəkildə danışmaq kimi anadangəlmə qabiliyyətlərə sahib deyillər. Gerçək bir təqdimat saatlarla əmək tələb edir.

Təqdimatınızı böyük sevgi və ehtiras ilə hazırlayın. Əgər danışdığınız mövzuya hakim deyilsizsə, ona böyük ehtiras ilə yanaşmasanız, onda digərlərinə də təsir edə bilməyəcəksiniz.

İnsanların qəlblərinə və beyinlərinə sirayət edən hekayələr söyləyin. Çünki hekayələr insan beyninə fikir və emosiyalar yerləşdirir, yadda qalır. Hekayələrinizdə qəhrəmanlar yaradın, mənfi müsbət obrazlar olsun. Ən vacib qəhrəman sizin məhsulunuz, ideyanızdır.

Hekayələr haqqında ən yaxşı nümunə Brayan Stivensona şəxsiyyətin gücünü öyrətmiş nənəsi haqqında olan hekayədir. Bu təqdimatı izləmək istəsəniz aşağıda əlavə etdiyim video təqdimata baxa bilərsiniz.

Brayan Stivenson TED 2012-də çıxış edərkən.

Söhbət edin. Dayanmadan məşq etmək, hekayənizi bir dostunuzla söhbət edirmiş kimi rahat bir şəkildə danışacağınız vəziyyətə gətirmək dinləyicinin etimadını qazandıracaq. Bununla yanaşı bədən dili, jestləriniz də təqdimatınızı tamamlamalıdır. Əgər söhbət etmək üzərində məşq etməsəniz hekayənizə konsentrasiya olmayacaq, dinləyici ilə emosional əlaqə əvəzinə başqa şey haqqında düşünəcəksiniz.

İnsanlara yeni bir şey öyrədin. Çox insan təqdimatlarının yeni olmamasından, darıxdırıcı olmasından, bunun haqqında daha öncə eşidilməsindən şikayət edirlər. Ola bilər ki, tamaşaçı bunu daha öncə eşidib, amma onlar sizin nə bildiyinizi bilmirlər. Sizin vasitənizlə bildikləri informasiyanı əllərinin altında olmayan versiyada görə bilərlər. Onların bilmədiyi bircə məlumatı versəniz diqqətlərini cəlb etmiş olarsınız. İnsan beyni yeniliyi sevir.

Dinləyiciləri təəccübləndirəcək anlar yaradın. Təqdimatınızda şokedici, təsirli an yaratsanız tamaşaçınızın verdiyiniz mesajı uzun müddət yadda saxlamasına səbəb olarsınız. Emosional yüklü hadisə xatirələrimizdə özünə daha yaxşı yer edir və daha dəqiq şəkildə xatırlanır.

Apple icraediciləri statistikadan heyrətamiz anlar yaratmaq baxımından dahi idilər. Həmin şirkətin marketinq üzrə vitse-prezidenti Fil Şiller iPad Minini təqdim edərkən statistikanın yadda qalan olmayacağını bilirdi və yeni üsul seçərək iPad-in qalınlığını göstərmək üçün karandaş və kağız dəstəsindən istifadə etdi ki, daha aydın və xatırlanan olsun. Bu təqdimatı dinləyənlər planşetin dəqiq xarakteristikasını bilməsələr də, hamısı karandaşı və bir dəstə kağızı xatırlayırdı. Siz də verdiyiniz mesaja daha kreativ bir əlavə edərək Şiller kimi emosional yüklü hadisə yaratmış olarsınız.

Fil Şiller iPad Minini 2012-ci ildə təqdim edərkən.

Rahat olun. Özünüzü çox sıxmayın, beyin yumoru sevir. Tamaşaçıya gülüş doğuracaq nəsə verin. Ancaq bu yumoru düzgün seçməlisiniz. Yerində edilməyən zarafat sizin nüfuzunuzu yerlə bir edə bilər. Yumor fərdlərarası ünsiyyət formasıdı. Və məharətlə istifadə olunan yumor, düşmənçiliyi azaldır, tənqidin yönünü dəyişir, gərginliyi azaldır, əhvalı yüksəldir.

Güldürə bilmirsinizsə başqalarının, gülməli birinin sitatlardan istifadə edə bilərsiniz. Bir çox hallarda tanıdığınız birindən gətirdiyiniz sitatlar əyləncəli və maraqlı ola bilər.

18 dəqiqə qaydasına əməl edin. Bu tamaşaçınızı inandırmaq üçün ideal zaman dilimidir. Nə çox uzundur, nə də çox qısa. Dinləyicini uzun, darıxdırıcı və bol məlumatlarla yormaq olmaz. Çünki dinləmək daha çətin olduğundan, yeni məlumatı həzm edib yadda saxlamağa çalışmaq zehni yükü artırır. Əgər uzun təqdimat etsəniz hər 10 dəqiqəyə kiçik fasilələr daxil edin. Çalışın təqdimatınızı 18 dəqiqəyə sığdıracaq qədər sadələşdirin.

“Əgər sadə bir şəkildə izah edə bilmirsinizsə, onda kifayət qədər yaxşı başa düşməmisiniz.” — Albert Eynşteyn

Slaydlarda mətn yerinə vizuallardan istifadə edin. Bu halda məlumat daha yaxşı yadda qalacaq. Əgər bir məlumatı eşidirsinizsə 3 gün sonra 10%, əgər məlumata şəkil əlavə edirsinizsə o zaman 65% yadda qalar.

Özünüz olun. Tamaşaçınızı anlayaraq onlarla ünsiyyət qurub, səmimi və dürüst olun. Əgər bunun əksini etsəniz tamaşaçınızın sizə inamını itirəcəksiniz.

💡 Müəllifin digər tövsiyələri.

  • İnsanların önündə təqdimatınızı məşq edin. Dostlarınızdan və həmkarlarınızdan təqdimatınızı izləmələrini və açıq, dürüst rəy bildirmələrini xahiş edin. Konsentrasiyanı itirməyən, büzüşməyən, dili topuq vurmayan biri olmağa çalışın. Bir sözlə, həmişə əminlik havasında olun. Liderlər kimi danışın, yeriyin, görünün. Hətta özünüzdən əmin olmasanız belə, əmin kimi davranın, onda uğur qazanma şansınız böyük ölçüdə artacaq.
  • Danışıq tempinizə, səs tonunuzun yumşaqlıq və ucalığına, yüksək və alçaq vurğulara, sözləri vurğulmaq üçün qısa pauzalara diqqət yetirin. Nitqinizin sürətinə fikir verin. “ııı” və “ahh” kimi səsli boşluq doldurucuları, burnunuzu qaşımaq və yaxud saçınızı əlinizlə geriyə atmaq, göz kontaktının az olması hallarına diqqət yetirib, nitqinizdə bunların olmasına icazə verməyin.
  • Jestlər çox əhəmiyyətlidir və bunlardan istifadə etməkdən çəkinməyin. Sadəcə jestləriniz təbii olmalıdır, yerində istifadə edilməlidir. Şablon jestlərdən uzaq durun və kimisə təqlid etməyin.
  • İstənilən təqdimatdan öncə özünüzə verəcəyiniz sual insanların bu təqdimatdan hansı nəticəni çıxaracağıdır. Çıxışınız o qədər aydın və yaddaqalan olmalıdır ki, sizi dinləyən hər hansı iki şəxs öz aralarında sizin çıxışınızla bağlı müzakirə apara bilməlidir.
  • Təqdimat başlıqları önəmlidir. İlk addım tamaşaçının bilməsini istədiyim şey nədir sualıdır. Twitter başlıqları kimi olsa daha çox yadda qalacaq. Və mövzunun qavranılmasını asanlaşdıracaq. Məhsulunuzu 140 işarə ilə izah edə bilmirsinizsə, bunu edə bilənə qədər çalışın. Nəzərə alın ki, bu marketinq üçün də əhəmiyyətlidir.

Kitabdan həmçinin Stiv Cobsun 10 000 saat qaydası, düzgün təqdimat tərtibatı, maraqlı TED çıxışları haqqında ətraflı məlumat əldə edəcəksiniz.

Ümid edirəm kitabı oxuduqdan sonra auditoriyanı ələ alacaq, yaddaqalan təqdimat edə biləcəksiniz. Hər birinizə uğurlar! 🙂

--

--